Milli-mənəvi sərvətimiz
olan muğamın inkişafına mühüm töhfə
Ağdam Muğam Mərkəzində
həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcək,
həm də gənclər muğam sənətinə
cəlb ediləcəklər
Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsidir. Xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu gün muğam sənətinin inkişafı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva saysız işlər görür. Onun muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələr öz nəticəsini göstərir. Muğamımızın sədası beynəlxalq arenalardan eşidilir, tanıdılır. Mehriban xanımın milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan məhz Muğam mərkəzlərinin inşasıdır. Onlardan birinin - Ağdam Muğam Mərkəzinin açılışı srağagün baş tutub.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər. Dövlət başçısı Ağdam rayonunun tarixində çox əlamətdar bir gün olduğunu qeyd edib: "Bu gözəl, möhtəşəm bina onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibatı göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər. Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə Muğam Mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında Muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət, hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir”.
Birinci xanım Mehriban Əliyeva isə
çıxışında muğamın nadir
sənət olduğunu bildirib
və onu Azərbaycanın ən böyük sərvətlərindən biri kimi qiymətləndirib:
"Bu gün biz muğam sənətinin
inkişafı üçün atılan
addımlar haqqında danışdıq. Yəqin ki, siz
xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk
dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı
birgə müzakirə etdik və sonra həyata keçirməyə
başladıq. Mən sizin hər birinizə
dərin minnətdarlığımı bildirmək istəyirəm.
Çünki bütün
bu nailiyyətlər bizim
birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir
komanda kimi
çalışırdıq və hər bir
yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki,
müsabiqələri necə keçirək, növbəti
addım hansı olsun. Bu
gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə,
iştirakınızla mümkün olub. Mən buna görə
sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun".
Mərkəzin açılışında iştirak edən xalq
artistləri, muğam ustaları səfərdən
sonra təəssüratlarını "Kaspi” ilə bölüşdülər.
Bildirdilər ki, Ağdam
tarixən Qarabağda bir
mədəniyyət mərkəzi rolunu
oynayıb. "Xarı bülbül” kimi festivallar məhz orada keçirilib.
Hazırda ərazisinin 80 faizi düşmən
işğalı altında olan Ağdam, vaxtilə
çal-çağırlı mədəniyyət
ocağı olub.
Xalq artisti Arif Babayev bizimlə söhbətində bildirdi ki, Ağdam Muğam Mərkəzinin tikilməsi və istifadəyə verilməsi çox təqdirəlayiq haldır: "Muğam mərkəzlərinin sayının çoxalması sevindiricidir. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə məhz Mehriban xanım yüksəldib. Bu, əvəzolunmaz bir işdir. Ölkəmizdə beynəlxalq muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Muğam sənətini bu qədər inkişaf etdirən, bu zirvəyə qaldıran dövlətimiz var olsun. Biz muğam sahəsində bu dirçəlişi görüb şad oluruq. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq çox böyük işdir, böyük bir tarixdir”.
Xalq artisti Mənsum İbrahimov isə Qarabağın gözəl guşəsində Muğam Mərkəzinin açılmasını Azərbaycan muğamına bir töhfə kimi qiymətləndirdi: "Dövlətimizin muğamımıza diqqət və qayğısını hər zaman hiss etmişik. Bu ənənənin təməlini bizim ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu ənənə bu gün çox layiqincə davam etdirilir. Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl hörmətli Mehriban xanımın tapşırığı ilə bölgələrə gedib seçim turları keçiririk. Qarabağ muğamın məskənidir”.
Xalq artisti
bildirdi ki,
açılışda Mehriban Əliyeva
ilə Azərbaycan muğamının inkişafı və
perspektivləri ilə bağlı söhbət ediblər:
"Mehriban xanım muğam
müsabiqələrinin keçirilməsini vacib
hesab edir. Qeyd etdi ki,
bu, xalqa
lazımdır. Çünki müsabiqə
muğama yeni gənclər
və yeni səslər gətirir. Bu da Azərbaycan
muğamının nəsildən-nəslə keçməsi
və yaşaması üçün
lazımdır. Eyni zamanda,
Mehriban xanım Azərbaycan
muğamının inkişafından da
razı olduğunu bildirdi.
Mehriban xanımla söhbətdən çox gözəl təəssüratlarla
ayrıldıq”.
Xalq artisti Aygün Bayramova muğamı milli sərvətimiz, mənəvi dəyərimiz hesab edir: "Biz muğamı yaşatmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik. Mehriban xanım bizə çox doğma, əziz bir insandır. Çünki muğamımıza, ümumiyyətlə, incəsənətə xidmət edən insanları həmişə dəyərləndirir, həmişə diqqəti bizim üzərimizdə olur. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən "Muğam dünyası”, "Qarabağ xanəndələri” layihələri bizim əməyimizə verilən çox böyük qiymətdir. Biz Mehriban xanımın təşəbbüsü ilə dəfələrlə tədbirlər keçirmişik, konsert proqramlarında bir araya gəlmişik. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas bizimlə söhbətində son illər muğam sənətinin
inkişafını görməməyin mümkünsüz
olduğunu dedi:
"Ölkəmizdə, başqa sahələrə
olduğu kimi, mədəniyyət
sahəsinə, xüsusilə də milli musiqimizin, muğamlarımızın
inkişafına ciddi fikir
verilir. Bu sahədə
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın xidmətləri
əvəzsizdir. Muğam milli-mənəvi
sərvətimizdir. Bu mərkəzin Ağdamda açılmasına sevinmək
lazımdır. Zamanında Ağdamda böyük musiqi
festivalları keçirilirdi. Şəhərin
mərkəzində musiqi məktəbləri
var idi. Muğam məktəbi isə fərdi şəkildə
fəaliyyət göstərirdi. Qarabağda
Ağdam muğam məktəbi
vardı. Məlum hadisələrdən sonra
Ağdamda o şərait
yox oldu. İndi orada "Şur”
ansamblı yenidən fəaliyyət göstərir. Vaxtilə
fəaliyyətini dayandırmışdı. Bu
gün Ağdamda Muğam Mərkəzi açılırsa, bura təkcə konsert vermək
üçün nəzərdə
tutulmayıb. Orada siniflər, tədris
yerləri var və hər cür
şərait yaradılıb. Əslində bu,
bir məktəbdir. Bu
artıq Qarabağda istifadəyə verilən
üçüncü muğam
mərkəzidir. Bu da
dövlətimizin Qarabağ
muğamına olan sevgisindən irəli gəlir”.
Xalq artisti
Nəzakət Teymurova Muğam
Mərkəzinin açılmasının Azərbaycan
muğamına çox böyük
töhfə verəcəyini qeyd etdi: "Mehriban xanım hər
zaman bizim milli musiqimizə dəyər verib.
İstər gənc, istərsə də ustad
sənətkarlarımıza öz
qayğısını əsirgəməyib. O ustad
sənətkarlarımıza xüsusi diqqət
göstərir. Məhz Ağdamda, vətənindən
uzaq düşmüş
insanların əhatəsində belə bir
mərkəzin açılması çox
təqdirəlayiq haldır. Çünki
qaçqınların, məcburi köçkünlərin qəlbi
kövrək olur. Artıq Qarabağda
üçüncü muğam
evi fəaliyyət göstərir. Bu da orada
yaşayan vətənindən uzaq düşmüş həmvətənlərimiz
üçün bir sevincdir. Orada yeni kadrlar yetişdiriləcək,
konsert proqramları təşkil olunacaq. Çalışacağıq ki, biz də orada iştirak edək. Bu mərkəz düşmənlə
üz-üzə yaşayan insanlara yaxşı bir stimuldur, onlara ruh yüksəkliyi verir. Həmin
insanlar hiss edirlər ki, dövlət onların arxasındadır, sahibsiz deyillər. Prezident
və Mehriban xanım Əliyeva öz çıxışlarında
bunları dönə-dönə vurğuladılar. Mehriban xanım bu layihələrə
yeni-yeni başlayanda, muğam ustadlarını ətrafına cəm
edib, hansı problemlərin olduğunu xəbər almışdı. Bu gün o
problemlər öz həllini tapıb”.
Doğrudan
da, indiyədək istifadəyə verilmiş Muğam mərkəzləri
ölkəmizdə muğamın inkişafına mühüm
töhfələr verib. İnanırıq ki, bu mərkəzdə
də yeni-yeni istedadlarımız yetişəcək,
onların səsləri böyük səhnələrdən
eşidiləcək.
Xəyalə Rəis
Kaspi.-2018.-7 noyabr.-S.9.