Arzularının arxasınca gedən sənətçi
Aslanov ilk qazancını
ailəsi üçün
xərcləyib
Muğam sənəti bu gün sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır. Bu inkişafda muğam
ifaçılıq sənətimizi
yaşadanların, gənc nəslə
təbliğ edən pedaqoqların payı az deyil. "Ustad” deyə müraciət etdiyimiz bu sənətkarlar yaşı bilinməyən
muğamlarımızı böyük
sevgi ilə təbliğ edirlər. Bu gün keçmişinə
səyahət edəcəyimiz
sənətkar da məhz o ustadlardandır. Əlinə qaval alanda dünya onun gözündə qəzəl, tələbələri
isə təsnif kimi canlanır
Görüş...
Xalq artisti Teyyub Aslanovla onun çox da uzaqda
qalmayan keçmişinə
səyahət etmək
üçün görüşdük. Sənətkarla
ilk tanışlığımız hələ bir neçə il əvvəl Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində tələblərinə
muğam sənətinin
dərinliklərindən bəhs
edərkən reallaşıb. Dərsinə qonaq olduğumuz
Teyyub müəllim tələbələrini gələcəyin
xanəndələri gözündə
görürdü. Onun sevinclə, ümidlə ən istedadlı tələbələrini ətrafına
cəm edib, onları beynəlxalq festivallara, dövlət televiziyasına çıxardığının
şahidi olmuşam.Deyirdi
ki, bu gün
tələbəyə uşaq
gözündə baxmaq,
onu ruhdan salmaq doğru deyil. Tələbədə özünə inam
və güvən yaratmaq lazımdır.
Neftçilikdən müğənniliyə
Beləliklə, qonağımız Teyyub Aslanovla keçmişə
səyahət edirik. Müsahibimiz 1967-ci ilin 6 fevralında dünyaya gəlib. Bakı şəhərində doğulan
xanəndənin kiçik
yaşlarından musiqiyə
böyük həvəsi
olub. Azyaşlı Teyyubu qohum-tanışların
şad günlərində
mütləq oxutdurardılar. Bu həvəs onu
orta məktəbin birinci sinfindən musiqi məktəbinə (nağara sinfi), daha sonra isə
Bakıxanov qəsəbəsində
yerləşən Mədəniyyət
sarayının "Mahur”
instrumental ansamblına gətirir. 1974-1984–cü illərdə 96 saylı orta məktəbdə təhsil
alır və orta məktəbi yaxşı qiymətlərlə
bitirir, Azərbaycan Neft-Kimya İnstitutuna daxil olur. Ali təhsilini başa
vurduqdan sonra hərbi xidmətə yollanır. Geri döndükdən sonra Nəriman Əliyevdən özəl olaraq muğam dərsləri almağa başlayır.
1984-1989-cu illərdə Azərbaycan
Dövlət Neft-Kimya
İnstitutunun neft-mədən
fakültəsində ali təhsil alan həmsöhbətimiz
1989-1994-cü illərdə isə indiki Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
musiqili teatr aktyorluğu ixtisası üzrə təhsilini davam etdirir.
Xanəndə həmin
illəri belə xatırlayır: "Məktəb
illərimdə çox
nadinc olmuşam. Həyatımın hər anı
mənim üçün
dəyərli və unudulmazdır. Məktəbdə ən çox Azərbaycan dili və Ədəbiyyat fənlərini sevirdim. Məktəbi bitirdikdən
sonra neft-mədən fakültəsinə daxil oldum, əslində isə "avtomatika və telemexanika” fakültəsində oxumağı
daha çox arzulayırdım. 2 il burada təhsil
aldım”.
Xanəndə həyat
hekayəsindən o qədər
maraqla danışır
ki, özümdən biixtiyar sual verirəm - "Bəs neftçi hara, xanəndəlik hara?”. .... Müsahibimiz gülərək "O zaman "Bəxtiyar” filmini çox sevirdim” deyir: "Mən də Bəxtiyar kimi sənətimi dəyişib
ifaçı oldum. Təbii ki, zarafat edirəm. Uşaq yaşlarımdan oxuyurdum. Azərbaycan Televiziyası
ilə ilk çıxışım
isə Bəxtiyardan fərqli olaraq, "Üzüyümün qaşı
firuzədəndir” mahnısı ilə
deyil, Neftçilər
günündə - 20 sentyabrda ifa etdiyim "Neftçi” mahnısı ilə oldu”.
Qarşısına xanəndə olmağı
məqsəd qoyan Teyyub, ailəsindən gizlin 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
musiqili teatr aktyorluğu ixtisasına daxil olur. Həmin
illəri belə xatırlayır: "O zaman
xanəndəlik bu qədər məşhur deyildi. Mən ürəyimin səsinə
qulaq asıb təhsilimi yarımçıq
qoydum. Həyatımda yeni səhifə açmağı hədəfləmişdim. Tələbəlik illərimdə həm
də restoranda işləyirdim. Dərsdən sonra muğam ustadının yanına gedirdim. Axşamlar isə işləyib,
pul qazanırdım”. İncəsənət Universitetinə
daxil olmamışdan öncə fəhlə kimi çalışırdım
və 180 manat maaş alırdım. Neft quyusunda qazmaçı köməkçisi də
işləmişəm”.
İfaçılıqdan ilk maaşını
1984-cü ilin sentyabrında
qazandığını deyən
xanəndə həmin
pulu özünə xərcləməyib: "İlk
maaşımı orta
məktəbin sonuncu sinfində ifaçılıqdan
qazanmışam. O zaman
mənə 20 rubl pul vermişdilər. Həmin pula evə şirniyyat aldım. Ondan sonra
qazandığım pulları
da evə vermişəm”.
Arzunun bir
addımlığında
İncəsənət Universitetində təhsil aldıqdan sonra cəsarəti və çalışqanlığı ona arzusunda olduğu
qapıları açır. 1995-ci ildən "Azərbaycan”
muğam üçlüyü
və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə
(ABŞ, Böyük Britaniya,
Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan,
İran və s.) konsert və festivallarda iştirak edir. Uğurları da bundan sonra başlayır.
Deyir ki,
bir vaxt var idi İncəsənət
Universitetində təhsil
alırdı, indi isə bu doğma
ocaqda təhsil verir: "İnsanın arzuları sonsuzdur. İllər ötdükcə yeni arzular doğur. O
illərdən çox
keçib. Bu gün İncəsənət
Universitetində gənc
xanəndələrin yetişməsində
az-çox bizim də əməyimiz keçir. Xanəndə olmaq arzusu ilə
universitetə sənəd
verən gənclər
muğamı sevirlər”.
Xalq artistimiz söhbət əsnasında öz dövrünün çətinliklərindən
də danışdı. Dedi
ki, sovet dövründə böyüyən
gənclik çox çətinliklər görüb:
"Çətinliklər insanın yetişməsində
böyük rol oynayır. Hər insanın öz
məqsədi olmalıdır
və bu məqsəd uğrunda gecə-gündüz əzmlə,
səbirlə çalışmalıdır. Bizim dövrümüzdə indiki
müasir avadanlıqlar
yox idi. Uşaq vaxtı qavalımı özüm hazırlamışdım. Ustadımın köməkliyi ilə
evdə qavalıma üzlük çəkmişdim. Dəfim olana qədər onu işlətmişəm. İndiki uşaqlara hər bir şərait, imkan yaradılıb. Mənim oxuduğum vaxtda diktofonlar belə yox idi ki,
müəllimlərimin səsini
ona yazıb, evdə dinləyim. Maqnitofonlar var idi, amma
hər adamın da imkanı yox idi almağa. 300 manata 2 kasetli
maqnitofon almışdım. O
da lentlə idi, tez dolurdu. İndi müasir telefonlar, diktofonlar var. Nə qədər istəyirsən
səs yaz, sonra onu sil
və ya özündə saxla. Bizi o çətinliklər yetişdirib”.
Zamanında
dostları ona xanəndəliyi atmağı,
bizneslə məşğul
olmağı tövsiyə
edib: "Musiqiçi
dostlarım var idi ki, mən
universitetdə oxuyanda
bizneslə məşğul
olurdular. Dedilər ki muğamla
deyil, bizneslə məşğul ol, daha çox qazanc əldə edərsən. Mən ürəyimin
səsinə qulaq asdım. Bu gün onlar məni görəndə deyirlər ki, sən öz yolundan dönmədin. Özümü nə biznesdə,
nə də başqa sahədə görmürdüm. Bəlkə də
o əzmkarlığım məni
bu səviyyəyə
qədər gətirib
çıxardı”.
O zaman
İncəsənət Universitetində
təhsil aldığını
və gecəsini gündüzünə qatıb
oxuduğunu, muğamı
öyrəndiyini görən
dostları bəzən
sənətkarı qınayıb
da. Onu musiqinin çətin
bir sahəsi ilə məşğul olmaqdan çəkindirməyə
çalışıblar. "Mən Azərbaycanın
muğam sənətini
beynəlxalq festivallarda
təmsil etməyə
başlayanda onların
düşüncələri dəyişdi. Xarici səfərlərə
gedib, musiqimizi nəinki Azərbaycanda, beynəlxalq arenada təbliğ etdikcə arzularıma addım-addım
yaxınlaşırdım. Vaxtilə mənə əlçatmaz
görünən sənətkarlarla
eyni səhnəni bölüşürdüm”.
Bir zamanlar təhsil aldığı universitetdə
pedaqoji fəaliyyətlə
məşğul olmağın
avantajlarından danışan
müsahibim hazırda
muğam kafedrasının
müdiri vəzifəsində
çalışır. Deyir
ki, tələbələrini
çox gözəl başa düşür:
"Əsas odur ki, tələbədə öyrənməyə həvəs
və maraq olsun. Muğam sənətinin diqqətdən
kənar qalan dövrü mənim gənclik illərimə təsadüf edib. Həmin dövrdə belə, bu sənət nə yaddaşlardan silinib, nə də xalqın sevgisindən məhrum olub. Bu sənət
bizə dədə-babalarımızdan
miras kimi yadigar qalıb. Muğam sənəti bizdən sonra da yaşayacaq. Bizim məqsədimiz odur ki, bu sənəti
gənclərimizə öyrədək
və onlar da yetişməkdə olan gənc nəslə ötürsünlər”.
Xanəndə sonda əlavə etdi ki, "Xalq artisti” fəxri
adı onun yaradıcılığının zirvəsidir. Bu adın məsuliyyəti çox böyükdür. Həm şərəfli, həm də məsuliyyətlidir.
Sözsüz ki, bu gün
Xalq artisti adına layiq görülən xanəndə keçmişi ilə gənclərə
örnəkdir. Onun timsalında şahidi oluruq ki, insan nəyisə
ürəkdən istəyirsə, nə valideynlərin
təkidi, nə çevrəsindəki insanların
münasibəti, nə də yaşadığı dövrün çətinlikləri ona mane ola
bilmir. Bir
sözlə, Teyyub Aslanov
öz sənət yolu
ilə Azərbaycan gəncliyinə nümunəvi bir örnəkdir.
Xəyalə
Rəis
Kaspi 2018.- 9-12
noyabr.- S.12.