Milli təhsil
quruculuğu tarixindən
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə müəllim və pedaqoqların II
qurultayı
Azərbaycan Xalq
Cümhuriyyəti
dövründə (1918-1920-ci illər) Xalq
Maarif Nazirliyinin təşəbbüsü ilə
müəllim və pedaqoqların, təhsil işçilərinin iki
qurultayı keçirilib. İlk qurultay 1918-ci il dekabrın 13-dən 28-dək
olan müddətdə
Bakı şəhərində, 2-ci real məktəbin akt
zalında baş tutub. İlk qurultayın milli təhsil
tariximizdəki əhəmiyyətli rolu haqqında
hazırladığım məqalə " Kaspi” qəzetinin
23 oktyabr 2018-ci il və 24 oktyabr 2018-ci il tarixli saylarında, həmçinin
" Kaspi.az” saytında dərc
edilmişdir.
Müasir
dövrdə yetişməkdə olan nəsil, xalqımızın çoxəsrlik zəngin
tarixini, o cümlədən
onun ayrılmaz tərkib
hissəsi olan Azərbaycan Xalq
Cümhuriyyətinin
tarixini, həmin dövrün məktəb və
pedaqoji fikir tarixini
bilməlidir. Azərbaycan təhsilinin
keçdiyi zəngin tarixi inkişaf yolunda Cümhuriyyət
dövrü xüsusi əhəmiyyət
kəsb edir. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan
Hökuməti və Xalq Maarif Nazirliyi Azərbaycan dilinin
müstəmləkəçilik dövründə
itirilmiş mövqelərinin bərpa edilməsi və onun
dövlət dili elan olunması, məktəb-tədris
işinin milli mənafelərə uyğun yenidən
qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə
dilinə çevrilməsi, ana
dilində tədris proqramlarının və dərsliklərin hazırlanması
sahəsində mühüm tədbirlər həyata
keçirmişdir. Hökumət hərc-mərclik və
anarxiya dövründə, xüsusilə də 1918-ci ilin
mart-may aylarında millətçi erməni-daşnak-bolşevik
silahlı dəstələrinin Azərbaycanın müxtəlif qəzalarında
törətdikləri dəhşətli qırğınlar
zamanı dağıdılmış və əmlakı talan
edilmiş məktəblərin bərpası və yenilərinin
tikilməsi üçün mühüm tədbirlərin həyata
keçirilməsinə çalışmışdır. Bu məsələ müəllim və
pedaqoqların Cümhuriyyət dövründə
çağırılmış II qurultayında da müzakirə
edilərək, müvafiq qərarlar qəbul edilmişdir.
Cümhuriyyət hökumətinin 2 avqust 1919-cu il tarixli sərəncamı
ilə Bakı şəhərində avqustun
20-dən sentyabrın 1-dək müddətdə xalq məktəb müəllimlərinin
qurultayının keçirilməsi qərara alınmışdır. Bu məqsədlə Xalq Maarif Nazirliyinin sərəncamına
35 min 600 rubl məbləğində pul vəsaiti ayrılmışdır. Xalq Maarif
Naziri R.Kaplanov və Xalq Maarif
Nazirliyinin orta məktəblər üzrə şöbəsinin müdiri A.Yusifbəyovanın
imzası ilə orta məktəblərin müdirlərinə
göndərilmiş 23 avqust 1919-cuil tarixli 7226 ¹-li məktubda
qeyd edilirdi: "Respublikanın mədəni, etnoqrafik
xüsusiyyətlərinə və dövrün tələblərinə
uyğun olaraq orta təhsilin təşkili işində
islahatların aparılması vaxtının artıq çoxdan çatdığını nəzərə
alaraq, təklif edirəm ki, həmin məsələni
tabeçiliyinizdə olan məktəblərin
pedaqoji şuralarında müzakirəyə
çıxarasınız və hərtərəfli müzakirələrdən sonra
məsələ ilə bağlı öz təkliflərinizi
sentyabrın 5-dən gec olmayaraq
təqdim edəsiniz. Yaxşı olardı ki, orta məktəb
kurslarından hansı fənlərin çıxarılmasının,
hansının isə daxil edilməsinin
mümkünlüyü və
proqramlarda hansı dəyişikliklərin edilməsi
barədə məsələlərə aydınlıq gətirilsin.”
Respublikada
tədris ocaqlarının milliləşdirilməsi ilə əlaqədar
olaraq, məktəb
islahatlarının zəruriliyi gündəliyə
çıxmışdı. Məktəb islahatının məqsədi
- ölkədə
məktəb-tədris işini yeni şəraitə
uyğunlaşdırmaq, onu milli dövlətçilik
ideyaları və mənafelərinə
yaxınlaşdırmaq, yeni nəsli
milli - tərbiyə üzərində yetişdirməkdən ibarət
idi. Məktəb islahatı ilə bağlı əsaslı
məsələləri hərtərəfli müzakirə etmək
və lazımi təkliflər hazırlayaraq Hökumətə
təqdim etmək
məqsədi ilə 1919-cu il avqustun 20-də Bakı real məktəbin
akt zalında Azərbaycan müəllimlərinin II
qurultayının təntənəli
açılışı
oldu. Qurultayda Respublikanın bütün bölgələrindən olan məktəblərin
nümayəndələri iştirak
edirdilər. Azərbaycan türk müəllimlərinin qurultayında iştirak etməkdən
ötrü məşhur müsəlman pedaqoqu və ədibi
Mirzə Cəlal Yusifzadənin də Şuşadan Bakıya gəldiyi
haqqında 22 avqust 1919-cu il
tarixli, 177 ¹li "Azərbaycan”
qəzetində (rus dilində-R.S.)
məlumat verilmişdir. Qurultayı türk (Azərbaycan-R.S.)
müəllimlər birliyinin sədri Ağabəy İsrafilbəyov
açaraq, qısa nitqində məqsəd və vəzifələr
haqqında məlumat vermişdi. Qurultayı Parlamentin rəyasət
heyəti adından sədrin kiçik müavini S.M.Qənizadə,
Bakı şəhər idarəsi adından müəllim
Əli Cabbar Orucəliyev, "Musavat” partiyası parlament fraksiyası adından
M.Ə.Rəsulzadə, sosialistlər fraksiyası
adından Ə.C.Pepinov, Xalq
Maarif Nazirliyi adından
R.Kaplanov, ”Azərbaycan” qəzeti redaksiyası adından P.Mürsəlzadə
və digər şəxslər salamlayıblar.
Qurultayın
avqustun 28-də keçirilmişi 13-cü iclasında Türk
Müəllimlər İttifaqının mərkəzi bürosuna
seçkilər keçirilmişdir. Abdulla Şaiq, Əli Məmməd
Mustafazadə, İdris Axundzadə, Rəsul bəy Tahirov,
Ağa Əli Qasımov, Mustafa Mahmudov və Hüseyn Əli Əliyev mərkəzi
büroya üzv, Qurban İbrahimov, Hüseynzadə Məmməd Qulu və Müseyib (soyadı göstərilmir -R.S.) isə mərkəzi
büroya namizəd
seçilmişdilər. Daha sonra günün aktual məsələləri
üzrə müzakirələr aparılaraq bir sıra qərarlar qəbul
edilmişdir. Qəbul edilmiş qərarların birində qeyd
edilirdi ki, şəhadəti
olmayanlar müəllimliyə qəbul edilməsin. Şəhadəti
olmayanların müəllimliyə
qəbul edilməməsı haqqında qərar, tədrisin səviyyəsinin yüksəldilməsinə diqqətin
artırıldığından xəbər verirdi.
Cümhuriyyət dövründə
müəllim və pedaqoqların II qurultayında qəbul
edilmiş digər qərarlarda qeyd edilirdi ki, yoxsul şagirdləri
olan məktəblərə pulsuz olaraq kitab və digər tədris vəsaitlərinin
ayrılması hökumətdən xahiş
edilsin. Bakıda və Gəncədə, habelə digər yerlərdə
kişi və qadın müəllim kursları və
seminariyaları təşkil
edilsin. Məktəblərin nəzdində türk (Azərbaycan-R.S.)
kitabxanaları açılsın və oradakı kitabların sayı
artırılsın. İbtidai məktəb müəllimlərinin
maaşları orta
məktəb müəllimlərinin
maaşlarına bərabər tutulsun.
Qurultayın
avqustun 28-də axşam saat 5-də keçirilmiş 14-cü
iclasında anarxiya
dövründə dağıdılmış məktəb
binalarının təmiri və yenilərinin inşası,
habelə məktəb həyatının
digər məsələləri
müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Qərara
alınmışdır ki, dağıdılmış məktəblərin
yerləşdirilməsi üçün müvafiq bina və otaqlar
ayrılsın, müəllimlərin maddi durumu yaxşılaşdırılsın.
Bütün məktəblərdə şəriət müəllimlərinin, habelə
əl işləri üzrə müəllim və müəllimələrin
maaşları artırılsın.
Xəstə müəllimlər və onların ailələri
pulsuz müalicə
edilsin və onlara maddi yardım
göstərilsin.
Hökumətdən
nazirliyin nəzdində ibtidai məktəblər üçün proqramların
hazırlanması üçün xüsusi komissiyanın
yaradılması xahiş
edilmişdir.
Qurultayda
bir sıra natiqlər çıxış etdikdən sonra yekdilliklə
aşağıdakı qətnamə qəbul edilmişdir:
"Müstəqil Azərbaycanın
türk müəllim və müəllimələrinin birinci
qurultayı hazırkı vaxt üzrə məsələləri müzakirə
edərək belə qərara gəlir
ki, xalq və onun rifahı məsələsində daim onunla qırılmaz təmasda
olan müəllimlərin rolu böyükdür. Ona görə
də, azərbaycanlı müəllimlər vətənin
müstəqilliyi ideyasının möhkəmləndirilməsində,
sağdan və yaxud soldan hər hansı bir təhlükə
yarandığı halda, onun hüquqlarının bərpa
edilməsi və qorunması yolunda vətən
övladlarının canlarından keçməyə hazır olması istiqamətində
geniş xalq kütlələri arasında ciddi səylə
işlər aparmalıdırlar. Qurultay Azərbaycanın
bütün
müəllimlərini bu işə səsləyir”.
Qurultayın
yekunu olaraq Xalq Maarif Nazirliyinə təqdim edilmiş təkliflər əsasında
təhsilin məzmunca milliləşdirilməsini əsas tutan
proqram və dərsliklərin
nəşri üzrə komissiyalar yaradıldı.
Qurultay
başa çatdıqdan sonra Xalq Maarif Nazirliyi yanında məktəb
islahatı
komissiyası yaradıldı. 1919-cu il noyabrın
7-də Xalq Maarif Nazirliyi
yanında yaradılan islahat
komissiyasına nazir müavini H.Şahtaxtinski (sədr), Nurməmməd bəy Şahsuvarov, Azad bəy
Əmirov, Fətulla bəy Rzabəyov, Sultan Məcid Qənizadə, Abdulla bəy Əfəndizadə,
Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə
xanım Ağayeva, Məhəmməd ağa Şahtaxtlı,
Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idi. Komissiya
qarşısında,
növbəti dərs ilinin əvvəlinə kimi məktəb
islahatı, o cümlədən təhsilin məzmunu ilə
bağlı məsələlərin həlli üzrə
proqramın hazırlamaq vəzifəsi qoyulmuşdu. Orta məktəb proqramlarının dəyişdirilməsi
üzrə ayrı-ayrı fənn komissiyaları yaradılmışdı.
Bu komissiyaların işinə C.b.Rəfibəyovun sədrliyi
altında yaradılmış
ümumi komissiya rəhbərlik
edirdi. Ölkənin gələcəyini təmin edə biləcək
kadrlar hazırlamaq üçün müxtəlif tədris
müəssisələri - ibtidai, orta məktəblər
açılır, respublikada ali təhsilin təşkili
üzrə qanun layihələri işlənib
hazırlanır, müxtəlif kurslar təşkil edilir, digər
tərəfdən, dərsliklər və digər tədris vəsaitləri
hazırlanaraq çap etdirilirdi.
Cümhuriyyətin
təhsil siyasətində, dərsliklərin milli müəllimlər
tərəfindən
hazırlanmasına xüsusi diqqət yetirilirdi.
Milli dərsliklərin hazırlanmasında Azərbaycan maarifi və ədəbiyyatının görkəmli nümayəndələri
Hüseyn Cavid, Səməd bə
Acalov, Mahmud bəy Mahmudbəyov, Rəşid bəy Əfəndizadə,
Abdulla bəy Əfəndizadə,
Abdulla Şaiq, Camo Cəbrayılbəyov,
Ağabəy İrafilbəyov və başqaları yaxından
iştirak edirdilər.
Fənn
komissiyaları tərəfindən hazırlanmış bir
sıra yeni dərsliklər hökumətin ayırdığı vəsait
hesabına, 1919-cu ildə nəşr edilərək tədris
müəssisələrinin
istifadəsinə verilmişdi. Dərsliklərin bəziləri
təkrar nəşr olunsa da, bir çoxu elə həmin dövrdə
yazılmışdı: Mahmud bəy Mahmudbəyov,
"Türk əlifbası və ilk
qiraət” - 1918; Rəşid bəy Əfəndiyev,
"Türk qiraəti” - 1918; Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət,
"Yeni məktəb” -1918; Qafur
Rəşad Mirzəzadə, Məmməd Axundov, "Rəhbəri-sərf” -
1918; Rasim Əhməd. "Sərfi-türki” - 1919; Abdulla bəy Əfəndiyev, "Son türk əlifbası” - 1919; Abdulla
Şaiq, "Milli qiraət” - 1919; "Müntəxəbat.
Türk ədiblərindən nümunələr” - 1919; Camo Cəbrayılbəyli,
"Tarixi-təbii” - 1919; Hüseyn Cavid, Abdulla Şaiq,
"Ədəbiyyat dərsləri” - 1919; Hacı Səlim Səyyah Qasımzadə,
Ağa Əli Qasımov, "Hesab məsələləri məcmuəsi”
- 1919; Hacı Səməd bəy Əlizadə, "Rəhbəri
cəbr” – 1919 və s.
1920-ci
ilin aprelində Azərbaycan Respublikası sovetləşdirildikdən
bir qədər sonra tərkibi
Maarif Xalq
Komissarlığının İşlər İdarəsinin rəisi
vəzifəsini müvəqqəti
olaraq icra edən Kondratyev, məktəb şöbəsinin
nümayəndəsi A. Sübhanverdixanov, fəhlə-kəndli
müfəttişliyinin nümayəndəsi Salayev; nəşriyyat şöbəsinin redaksiya
kollegiyasının
müdiri İsa Aşurbəyli, anbar müdiri
Bakıxanov və onun köməkçisi Əliyevdən ibarət komissiya tərəfindən Bakı şəhərinin Sahil
küçəsində, Mir-Babayevin evində yerləşən
Maarif Xalq
Komissarlığının
anbarının dörd
gözü əvvəlcədən
möhürləndikdən sonra, anbarın beşinci
gözündə iyulun 12-dən 18-dək və 21-dən 23-dək
olan müddətdə
yoxlamalar
aparılmışdır. Anbarın 5-ci gözündən
68 min 585 ədəd türk dərslikləri və
kitabları, habelə məktəb ləvazimatı olan
1547 ədəd karandaş,
3538 ədəd - rəsm
üçün xətsiz; 2012 ədəd - bir xətli
sahəli və sahəsiz,
xətsiz dəftərlər
aşkar edilmiş və
protokol tərtib edilərək götürülmüşdür.
Qeyd edək ki, Cümhuriyyət dövründə Azərbaycan Hökuməti türk dilində dərslik və kitabların əldə edilməsinə diqqət yetirməklə yanaşı azlıqda olan qeyri-müsəlman xalqlarının da maraqlarını nəzərə alaraq, rus dilində dərslik və kitabların əldə edilməsinə də böyük diqqət yetirirdi. Bu məqsədlə Hökumətin 8 sentyabr 1919-cu il tarixli sərəncamı ilə Xalq Maarif Nazirinin sərəncamına 3 ay müddətinə tədavül kapitalı kimi 500 min rubl vəsait ayrılmışdı. Təsadüfü deyildi ki, aparılan yoxlamalar zamanı anbarda rus dilində olan kitablar da aşkar edilmişdi. Cümhuriyyət dövründə çağırılmış türk müəllim və pedaqoqların, təhsil işçilərinin II qurultayından 100 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu gün də tədqiq edilir, öyrənilir. Cümhuriyyət dövründə müəllim və pedaqoqların çağırılmış hər iki qurultaylarının materiallarından tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında geniş istifadə edilir. Həmin qurultaylar milli təhsil quruculuğu tariximizin şanlı səhifələrindən biri kimi unudulmur.
Rafiq Bahadır
oğlu Səfərov
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin baş məsləhətçisi
Kaspi.-2018.-13 noyabr.-S.15.