“İsrail
tamaşaçıları həddindən artıq həssasdırlar”
Bəyimxanım
Vəliyeva: “Vətənimi belə bir festivalda təmsil etmək mənim üçün şərəfdir”
Festival bir ölkənin
tanınmasında böyük
rol oynayır. Əslində isə festival bir bayramdır. Hələ bu,
sərhəd tanımayan,
din, dil, irq fərqi qoymayan musiqinin festivalıdırsa,
o zaman ikiqat bayramdır. Beynəlxalq festivallarda
iştirak etmək isə dünyaya açılan qapıdan vətənin təbliğatının
sənin əllərində
olması deməkdir.
Son illər tanınmış
xanəndələrimizin, musiqi
aləmindəki sənətkarlarımızın
səsi məhz belə festivallardan eşidilir. Bu dəfə isə gənc xanəndəmiz, Əməkdar artist Bəyimxanım
Vəliyevanın növbəti
bir beynəlxalq festivalda çıxış
etdiyini eşitdik.
Onunla əlaqə saxladıqda, xanəndə artıq vətənə yola düşürdü. Müasir
texnologiyanın verdiyi
imkanlardan istifadə edərək Qüdsdə
olan ifaçı ilə əlaqə saxladıq, səfərin səbəbini soruşduq:
- Noyabrın 9-dan 12-nə qədər
İsrailin Qüds şəhərində keçirilən
ənənəvi beynəlxalq
"Ud” festivalında
iştirak etdim. Artıq
3-cü dəfədir ki,
bu festivala dəvət alıram və ölkəmizi belə mötəbər bir festivalda təmsil edirəm. Dünyanın diqqətində olan
və ətrafına böyük auditoriya cəm edən belə bir festivalda
iştirak etmək, orada öz ölkəni
təmsil etmək həqiqətən böyük
bir şərəf, eyni zamanda məsuliyyətdir.
Mən bu dəfə həmin festivala Azərbaycandan tək qatılmışdım. Festivalda israilli
musiqiçilərlə birlikdə
saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış
etdim.
- Sintez muğam proqramına hansı musiqilər daxil idi?
- Festivalda məni İsrail musiqiçiləri
müşayiət edirdi.
Xalq və bəstəkar mahnılarımızı ifa
etdim. Belə ki, "Getmə-getmə” xalq mahnısını,
"Bəstə Nigar”,
Hacıbaba Hüseynovun
repertuarından "İki
sevda çəkənlərin
cəzası var” təsniflərini və sair repertuara daxil etmişdim. İsrail musiqiçilərindən məşhur
instrumentalist Markın bəstələdiyi
bir mahnını səsləndirdim. Orada Azərbaycanı
təmsil etdiyim üçün bildirdim ki, burada Azərbaycan
sözləri də mütləq olmalıdır.
Həmin
mahnı sırf
instrumental musiqi idi.
Həmin
mahnıya bizim gözəl qəzəlxanımız
Şəhriyarın sözlərini
əlavə etdim.
Onların 2 improvizələri var idi ki,
mən orada muğamlar səsləndirdim.
Həqiqətən də çox
fərqli və maraqlı bir proqram oldu. Təəssüratlarım xoşdur və
bu konsertdən böyük ruh yüksəkliyi ilə geri dönürəm.
- Bu sintez ifa tamaşaçılar tərəfindən necə
qarşılandı?
- Konsert sonrası tamaşaçılar ayaq
üstə alqışladılar
və məni ikinci dəfə səhnəyə dəvət
etdilər. Yenidən ifa etməyimi
xahiş etdilər.
Zalda əyləşən
tamaşaçılar bu
konsertdən böyük
zövq almışdılar. Onlar konsert
sonrası da öz xoş təəssüratlarını səsləndirdilər. Azərbaycan muğamına
böyük maraqlarının
olduqlarını söylədilər.
Onu qeyd edim ki,
İsrail tamaşaçıları
həddindən artıq
həssasdırlar. Musiqini sevirlər
və keyfiyyətli musiqiyə dəyər verməyi bacarırlar.
Onlar bir növ musiqi
fanatıdırlar.
- Festivalda hansı ölkələr
iştirak edirdi?
- "Ud” festivalına
Hindistan, İraq, Gürcüstan, Amerika, İsrail, Kanada və bir çox
ölkələrdən iştirakçılar
qatılmışdı. Məndən öncə ölkəmizin
görkəmli sənətkarı,
Xalq artisti Alim Qasımov Azərbaycanımızı bu
festivalda təmsil edib. Daha sonra Qoçaq
Əsgərov bu festivalda iştirak edib. Ondan sonra mən
dəvət aldım.
Məhz bu sintez şəklində.
2015-ci ildə bu festivalda iştirak
edəndə Azərbaycandan
istedadlı tarzənimiz
Malik Mansurov da iştirak edirdi. Bu dəfə
Azərbaycandan tək
mən iştirak etdim.
- Festivallar sizə nə qazandırır?
- Festival ölkəmizi təmsil və təbliğ etmək üçün ən gözəl vasitədir. Biz burada
dünyanın müxtəlif
ölkələrindən gələn
sənət adamlarına,
getdiyimiz ölkənin
vətəndaşlarına öz musiqimizi göstərir və onun hansı keyfiyyətə malik olduğunu nümayiş etdiririk. Beynəlxalq arenaya daha tez çıxmaq və sənətimizlə
sözümüzü demək
üçün şans
əldə edirik.
Ölkəmizin həqiqətlərini belə böyük bir arenada daha
çox təbliğ
etmiş oluruq.
- Konsert proqramında sintez şəklində ifa etdiyiniz mahnılara necə hazırlaşdınız?
- Festivala dəvət aldıqdan sonra iki ay əvvəl mənə repertuardakı
mahnıları göndərdilər.
Mən də həmin mahnıların üzərində
çalışdım. Daha sonra İsrailə gedəndə oradakı musiqiçilərlə gərgin
məşqlərimiz oldu.
Konsert günü də 3 saat məşq oldu. Nəticədə
festival günü saatyarımlıq konsert proqramı ilə çıxış etdik.
- Şəkillərdən gördüyümüz qədəri
ilə ziyarət etməyə də zaman tapmısınız.
- Bəli, konsertdən sonra müsəlmanların
müqəddəs yeri
hesab olunan, Məhəmməd peyğəmbərimizin
meracının baş
verdiyi, müqəddəs
Qurani-Kərimdə adı
çəkilən, müsəlmanların
ilk qibləsi sayılan
Məscidül-Əqsa məscidini
də ziyarət etdim. Xalqımıza əmin-amanlıq, sülh arzuladım. Bura müqəddəs yerlərdən
biridir. Məscidül-Əqsa bizim dildə
"Ən uzaqdakı
məscid" mənasını
verir. Məscidül-Həramdan sonra tikilən
ən qədim ikinci məscid hesab olunur. Belə bir yerdə olduğum və ziyarət etdiyim üçün xoşbəxtəm.
Hər kəsə buranı ziyarət etməyi arzulayıram.
Xəyalə Rəis
Kaspi.-2018.-13 noyabr.-S.12.