Milli-mənəvi dəyərlər
qloballaşmanın süzgəcində
Bizə miras qalan
dəyərlərin qiymətini elə bilməliyik ki...
- Ana,
milli-mənəvi dəyər nə deməkdir?
- Dilimiz,
tariximiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz,
ədəbiyyat və incəsənətimizdir. Dəyərlərimizə
hörmətlə yanaşmalı, göz bəbəyimiz kimi
qorumalıyıq.
- Bəs
onu necə qorumalıyıq?
8 yaşlı qızımla kiçik dialoqdan yaranan bu
sual elə araşdıracağımız mövzunun
"açar” sualı olacaq. Milli-mənəvi dəyərlər
anlayışının mahiyyəti nədən ibarətdir,
bir millət üçün nə dərəcədə
önəmlidir və biz onu necə qorumalıyıq?
Mövzuya ilk olaraq şəhər sakinləri arasında
apardığımız kiçik sorğu ilə
başlayırıq:
Dizayner
Vüsal Əliyev: "Bizim millətin evini elə milli dəyərlər,
mentalitet yıxacaq. Şəxsən mən,
bunlarsız da həyatımı gözəl yaşayıram.
Dini ayinlər, nə bilim, Novruz, Qurban bayramı
və başqa ənənələr bizə nə verir
axı? Əksinə, geridə
qalırıq, Qərb ölkələrində "intellekt
müharibəsi” getdiyi halda, bizdə kosa ilə keçəl
yumurta toqquşdurur, gülməlidir”.
Təqaüdçü
Ramiz Zeynalov: "Ailəmdə milli adət-ənənələrimiz
qorunub saxlanır. Övladlarım böyüklərə
sayğı ilə yanaşır. Adətlərimizi
dəyişmədən, olduğu kimi yerinə yetiririk. Evimizdə əzəl gündən qoyulan
qayda-qanunlar necə idisə, eləcə də, nəvələrimizə
ötürürük”.
Tələbə
Emin Fətəliyev: "Milli-mənəvi dəyər dedikdə
adətlər, din yada düşür. Fikrimcə,
dinlər insanları bir-birindən ayıran amillərdir.
Nəyə görə yüz illər əvvəlin
ünsürləri bu gün həyatımızı yönləndirməli
və ya mane olmalıdır? Məsələn,
məhərrəmlikdə toy etməmək kimi adət niyə
hələ də bir maneə olaraq qalır, anlamıram”.
Evdar
xanım Elmira Quliyeva: "Ay qızım, indi dəyəri, ənənəni
sayan var? Avtobusa girirsən, gənclər əllərində
telefon, qulaqlarında qulaqcıq adamı heç
görmürlər. Bu gənclərin
axırı necə olacaq, bax, bu, məni narahat edir”.
Beləliklə, 20-yə yaxın respondent arasında
apardığımız sorğunun nəticəsi onu göstərdi
ki, əsasən gənclər milli-mənəvi dəyərlərin
onların yaşam tərzlərinə uyğun
olmadığı fikrindədirlər. Bəziləri,
hətta milli-mənəvi dəyər
anlayışının nədən ibarət olduğunu belə
tam izah edə bilmədi.
Yaşlı
nəsil isə belə qənaətdədir ki, on-on beş il əvvəlin gəncləri ilə
müasir dövrün gəncləri arasında xeyli fərq
var. Onların fikrincə, gənclər adətlərimizə
yad, köhnənin qalığı və ya geridə
qalmışlıq kimi baxırlar. Bizimlə söhbətdə
Vəkillər Kollegiyasının üzvü, "Müasir
İnkişaf” İctimai Birliyinin sədr müavini Aqsin
Atalızadə də bildirdi ki, son dövrlər kənar
qüvvələrin milli və mənəvi dəyərlərin
aşındırılması, gənclərin öz dəyərlərinə
qarşı qoyulması, Qərb dəyərlərinə meyl
etmək, bütün bunların nəticəsi kimi, öz
dövlətinə və cəmiyyətinə qarşı bəzi
hallarda düşmən münasibətə keçən
ifrat kosmopolitizm toxumlarının səpilməsi
müşahidə edilməkdədir: "Xarici qüvvələrin
maraqlarına xidmət edən təlim-tədris mərkəzləri
yaradılaraq, xüsusən bilikli, intellektual və perspektivli
gənclər mərkəzlərdəki təlimlərə cəlb
edilirlər. Bu istiqamətdə informasiya
texnologiyalarından olduqca səmərəli şəkildə
istifadə edilir. Bütün bunlar göz
qabağında baş verir, labüd proses, qloballaşmanın
təzahürü kimi təqdim edilir.
Ümumiyyətlə, qloballaşma dünyada cərəyan
edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə gəldikdə
isə bu proses dünya miqyasında inteqrasiya
anlayışından daha çox, dünyanın bir
qütbünün öz xüsusiyyətlərini, dəyərlərini
digərlərinə qəbul etdirmək xarakteri
daşıyır. Bu isə istər-istəməz,
ünvanlandığı təbəqəyə, xüsusən
gənclərə öz mənfi təsirini göstərir”.
Hansı
millət, hansı adət
Məhz gənclərin bilməli olduğu vacib amil ondan
ibarətdir ki, hər bir xalqı, milləti yaşadan elə
onun özünəməxsus adətləri, ənənələri,
dəyərləridir. Düzdür, dəyərlər həm də
mənəvi kateqoriya olduğundan insanları düzgün, müsbət
davranışa sövq edir. Amma bəzən
qrupları müəyyən edən əhəmiyyətli dəyərlər
mənfi xüsusiyyətlər də daşıya bilər.
Məsələn, ispan xalqı
üçün korrida yarışları milli dəyərdir.
İspaniya deyəndə ilk ağla gələn
də budur. Baxmayaraq ki, bu yarışlar
heyvanların iztirablı qətlləri ilə müşayiət
edilir və heyvansevərlər tərəfindən ciddi tənqid
olunur, müasir qloballaşan dünyada belə bu mərasim hər
bir ispanın həyatında mühüm rol oynayır.
Bir vaxtlar qəddar və işgəncəli ölümlə
müşahidə edilən xarakiri mərasimi yapon elitası
üçün öz şərəf və nüfuzunu
qorumaq üçün bir vasitə olmuşdu. Dövrümüzdə
demək olar ki, saxlanmayıb. Ancaq ötən
əsrin ortalarında böyük yapon
yazıçısı Yukio Misime ABŞ-ın imperialist siyasətinə
qarşı baş tutmayan hərbi çevrilişdən sonra
yapon əsgərlərinin samuray ruhunun ölməsindən dəhşətə
gələrək, yapon milli kimliyini yaşatmaq
üçün xarakiri edərək intihar etmişdi.
Spirtli
içkinin insana mənfi təsirlərinin olmasına rəğmən,
bir çox xalqlar üçün ayrı-ayrı spirtli
içki növləri (məsələn, ruslar
üçün vodka, şotlandlar, irlandlar üçün
viski, meksikalılar üçün tekila və s.) az qala milli özünəməxsusluq rəmzidir.
Eyni sözləri azərbaycanlıların milli dəyərlərindən
biri hesab edilə biləcək məhərrəmlik mərasimi
barədə də deyə bilərik. Əsasən, şiəliyə
aid olan adət olsa da, ölkəmizin sünni təbəqəsi
tərəfindən də hörmətlə
yanaşılır. Xüsusən də, Qərb
meylli ünsürlər bu mərasimdə zorakılıq
elementlərinin olmasını, insan haqlarının
pozulmasını iddia edir, bundan çəkinməyə
çağırır. Elə Qafqaz
Müsəlmanları İdarəsi də artıq neçə
illərdir ki, məhərrəmliklə bağlı mərasimlərdə
qan tökməkdən, baş yarmaqdan çəkinməyi, əvəzində
qan verməyi dindarlara tövsiyə edir. Ancaq
tam əminliklə demək olar ki, bu, heç də ənənəvi
dini düşüncəli təbəqəyə o qədər
də təsir etmir. Amma gəlin buna, insan
haqları prizmasından yox, dini-sosial cəhətdən
yanaşaq. Uzun illər əvvəl peyğəmbərlərinin
haqq-ədalət uğrunda şəhid olmuş nəvəsi
üçün hər il 2 ay yas tutan, bu qədər göz
yaşı tökən, onun acısına şərik olmaq
üçün səmimiyyətlə özünə xəsarət
yetirən, əzab çəkməyə hazır olan fərd
Allah yolunda döyüşə girdikdə onun
qarşısını hansı düşmən ala bilər?
Onun içində yığılan enerjini kim
soyuda bilər? Məgər hazırda
torpaqlarının iyirmi faizi işğal altında olan
dövlətimizə belə insanlar lazım deyil?
Dəyərlərimizi
qoruyan milli irs
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bütün həyatı və fəaliyyəti
dövründə milli-mənəvi dəyərlərin ən
sadiq və layiqli qoruyucusu kimi gələcək nəsillər
üçün örnəkdir. Dövlət başçısı
19 oktyabr 2013-cü ildə 3-cü dəfə prezident
seçilməsi ilə bağlı rəsmi andiçmə mətnindən
sonra müqəddəs Qurani-Şərifə əl basaraq
deyib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm:
Azərbaycan xalqının əsrlər boyu
yaratdığı milli-mənəvi dəyərlərə və
ənənələrə sadiq qalacağam, onları daim uca
tutacağam”. Bu amilin özü milli mənəvi
dəyərlərimizin Azərbaycan dövləti
üçün nə dərəcədə əhəmiyyət
kəsb etməsinin bariz nümunəsidir. Dövlət
başçısı hər dəfə öz andına sadiq
qalır, onu pozmur. O, hər prezidentlik dövrünün
sonuna kimi milli-mənəvi dəyərlərə sadiqliyini
nümayiş etdirir, dövlətin adından onlara sahib
çıxır. Onun simasında milli-mənəvi
dəyərlər dövlətin fəaliyyətində
sanksiyalaşaraq, dayaq rolunu oynayır.
İslam
dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda
milli və dini mərasimlər, o cümlədən Ramazan və
Qurban bayramları hər il təntənə
ilə qeyd edilir. Ənənəvi olaraq hər il,
dövlət başçısının iştirakı ilə
ölkədə fəaliyyət göstərən
bütün dini icmaların nümayəndələrinin
iştirakı ilə iftar mərasimi keçirilir. Bu ənənənin əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş, dövlət
başçısı İlham Əliyev tərəfindən
davam etdirilir.
"Azərbaycanda
din-dövlət münasibətlərini əks etdirən dini
abidələrə olan münasibətdir”- deyən dövlət
başçısının bilavasitə qayğısı və
yaradılmış münbit şərait sayəsində, Azərbaycanda
sadəcə son 10 il ərzində 140-a yaxın məscid
tikilib, 80 məscid isə əsaslı təmir edilib. Məscidlərdə ən yüksək səviyyədə
yenidənqurma, tikinti və tərtibat işləri
görülüb. Bunların arasında Təzəpir,
Bibiheybət, Əjdərbəy məscidləri, İmamzadə,
Şamaxı məscidi və digər məscid və dini
ocaqları göstərə bilərik. Məscidlərlə
yanaşı, digər dinlərin dini ocaqları, məbədləri
də tikilib, təmir edilib.
Dövlət
başçısı İlham Əliyev milli-mənəvi dəyərlərin
kənar qüvvələrin mənfi təsirlərinə məruz
qalmasından da narahatlığını ifadə edib:
"Qloballaşan dünyada bəzi hallarda sərhədlər
silinir. Bəzi hallarda ölkələr
arasında sərhədlər, mənəvi sahədə sərhədlər
pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi
qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami
dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır.
Əgər biz bundan sonra da ölkəmizin
uğurlu inkişafını istəyiriksə, bu məsələlərə
mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə
bilər, ləng gedə bilər. Bu, o qədər
də böyük problem yaratmaz. Ancaq əgər
milli dəyərlərimizdə hər hansı bir boşluq
yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər
görsə, onda əlbəttə, ölkə böyük
çətinliklərlə üzləşər”.
Gəncləri kənar təsirlərdən
necə qorumalı?
Qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi tərəfindən də
milli mənəvi dəyərlərin təbliği işinə
xüsusi yer ayrılıb, bu işə peşəkar
kadrların cəlb edilməsi canlanmaya səbəb olub. Komitənin tabeliyində
olan Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas
iş prinsiplərindən biri də mənəvi dəyərlərin
qorunması və inkişafı, bu sahədə sosial layihələrin
reallaşdırılmasından ibarətdir. Fond
nümayəndələri tərəfindən bununla
bağlı mütəmadi olaraq bölgələrdə məktəblilərlə
görüşlər keçirilir, maarifləndirmə
işləri aparılır.
Amma bu iş yalnız bir qurumun fəaliyyəti
iləmi yekunlaşmalıdır? Gəncləri
kənar təsirlərdən qorumaq üçün daha nə
kimi addımlar atılmalıdır?
Yazının
əvvəlində qeyd etdiyi kimi, vəkil Aqşin Atalızadə
gənclər arasında milli-mənəvi dəyərlərin
qorunması istiqamətində görülməli işlərdən
söz açdı: "İlk olaraq vətənpərvərlik
və vətəndaşlıq hissləri gücləndirilməlidir.
Xüsusən, bu istiqamətdə təhsil
prosesinin keyfiyyəti artırılmalı, elmi-nəzəri və
metodiki tövsiyələr işləyib hazırlanmalı,
normativ-hüquqi bazanın yaradılmasına nail
olunmalıdır. Qanunvericiliyin ifrat dərəcədə
beynəlmiləlləşdirilməsinə də son
qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah
münasibətləri sferasında milli xüsusiyyətlər
nəzərə alınmalıdır. Gənclərin
yad təsirlərdən qorunması üçün həm
ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi
işlər aparılmalıdır. Bütün
bunlar dövlətin bilavasitə nəzarəti altında, məqsədyönlü
şəkildə aparılmalıdır”.
Deyilənlərdən belə bir nəticəyə gəlmək
olur ki, gənclər arasında maarifləndirmə və təbliğat
işləri daha da gücləndirilməlidir. Əlbəttə, milli dəyərlər
haqqında az biliyə malik olan və ya
anlayışı olmayan gənclərin başqa dinlərə,
başqa siyasi cərəyanlara cəlb edilməsi daha
asandır. Bu baxımdan təbliğat, maarifləndirmə
işləri kompleks şəkildə aparılmalıdır.
İlk olaraq ailə daxilində valideynlər
övladlarını düzgün yönləndirməli, dəyərlərimiz
onlara kiçik yaşlarından aşılanmalıdır.
Eyni zamanda, kütləvi informasiya vasitələrində
milli dəyərlərimizlə bağlı mövzular daim
gündəmdə olmalı, televiziyalar intellektual verilişlərində
milli mənəvi dəyərlərə xüsusi yer
ayırmalıdır. Ən əsas isə
tədris müəssisələrində müxtəlif səpgili
tədbirlər, layihələr təşkil edilməli, ədəbiyyat
dərslərində milli-mənəvi dəyərlər
mövzusunda stendlər hazırlanmalı, mütəmadi olaraq
inşa müsabiqələri təşkil edilməli, milli dəyərlərə,
adətlərimizə aid kiçik teatr-tamaşalar təşkil
olunmalıdır.
Bir sözlə, bizi keçmişimizə bağlayan və
gələcəyə aparan bütün dəyərlərimizə
o qədər sıx bağlanmalıyıq ki, kimsə onu əlimizdən
almağa, sahiblənməyə cürət etməsin. Necə ki, mənfur
düşmənlərimiz milli mətbəximizdən
tutmuş milli rəqslərimizədək bütün dəyərlərimizə
sahib çıxmaq iddiasından əl çəkmirlər. Bizə miras qalan dəyərlərin
qiymətini elə bilməliyik ki, millətimizin,
xalqımızın dayağı, sütunu zədələnməsin,
daha da möhkəmlənsin. Bu missiya isə hər bir Azərbaycan
vətəndaşının-əsas da gənclərimizin
öhdəsinə düşür!
Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun "Media və mənəvi dəyərlər” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir
Afaq Mirayiq
Kaspi.-2018.-13 noyabr.-S.11.