“Bu qalibiyyət bir qədər
tez oldu”
“Bu qalibiyyət bir qədər tez oldu” -
FotolarABŞ-da film festivalının qalibi olan Elmar Bayramov: Təcrübəmizi
inkişaf etdirmək, kino biliyimizi artırmaq, daha böyük
auditoriyaya çıxmaq üçün Amerikaya getdik
9 noyabrda
Nyu York şəhərində "Warner Bros”, "HBO” ve
"Cinemax” tərəfindən təşkil olunan "Urban
Action Showcase international” film festivalının qalibləri
açıqlanıb. Festivalın "Ən
yaxşı döyüş filmi” nominasiyasının qalibi
ABŞ-da yaşayan həmyerlimiz, Kapoeyra idmanı üzrə
mütəxəssis, "Black Garden Company”nin rəhbəri,
rejissor Elmar Bayramov olub. Onun çəkdiyi
film festivala təqdim olunan 1500-dən artıq filmin içərisindən
seçilib. Azərbaycanda da kifayət qədər
tanınan Elmar Bayramov qalibiyyət sonrası təəssüratlarını
bizimlə bölüşdü. Onunla kino
sahəsində əldə etdiyi nailiyyətlərdən və
Amerika filmlərinin uğurunun sirlərindən
danışdıq.
- Elmar bəy,
sizi təbrik edirik. İstərdik, təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
- "Urban Action Showcase international” film festivalı məhz
döyüş filmlərindən ibarət bir layihədir. "Warner Bros”, "HBO” ve
"Cinemax” tərəfindən təşkil olunub. 3 ay bundan öncə öz filmimizlə bu festivala
qatıldıq, filmimiz qəbul olundu. 1500 film içərisindən
16 film seçildi və biz seçilənlər
sırasında idik. Artıq rəsmi iştirak
icazəsi də almışdıq. 9
noyabrda filmlərin mükafatlandırılması
keçirildi. "Ən yaxşı aktyor
oyunu”, "Ən yaxşı ssenari” və başqa müxtəlif
nominasiyalar üzrə filmlər
mükafatlandırıldı. Biz də həmin
mükafatlandırılma gecəsində iştirak etdik.
- Gözləyirdinizmi ki, sizin filminiz
qalib olar?
-
Açığını desək. böyük
göstəricilərə ümidim yox idi. Festivalda
iştirakçıların və iştirak edən ölkələrin
siyahısını görəndə ümidim olduqca
azalmışdı. Hansı ki, buraya kino
sahəsində olduqca inkişaf edən Yaponiya, Çin,
İndoneziya, Cənubi Amerika dövlətləri və bir
çox ölkələrdən iştirakçılar
qatılmışdılar. Biz
qısametrajlı filmlər nominasiyasına daxil idik. Mükafatlandırılma gecəsi bizim nominasiyada
qalib filmlərin adları çəkildi və ekranda göstərildi.
İlk bizim adımız çıxanda isə,
çox həyəcanlı idim və nə baş verdiyini
anlaya bilmirdim. Biz
"Ən yaxşı döyüş filmi”
nominasiyasının qalibi olduq. Bu məni təəccübləndirdi.
Hesab edirdim ki, yad bir məmləkətdən gəlmişəm
və mənim filmimi seçməyəcəklər.
Buna görə də gözləntilərim az
idi. Şüuraltıma yeritmişdim ki,
heç nə əldə edə bilməyəcəyəm,
sadəcə iştirak edirəm. Qalib
olduqdan sonra Amerikanın yerli mediası məndən müsahibə
aldı. Onlar Azərbaycanın kino
industriyası ilə bağlı suallar ünvanladılar.
"Black Garden Company” haqqında soruşdular.
Mən də təşkilatımızın
adının mənasının "Qarabağ” olduğunu və
Azərbaycanın üzləşdiyi hadisələrdən
danışdım.
- Amerika sizə uğur gətirdi deyə
bilərikmi?
- Amerikada
ilk uğurumuz elə bu festivalda oldu. Amerikaya
köçməkdə başqa məqsədlərimiz var idi.
Bu qalibiyyət bir qədər tez oldu. Bu məni olduqca təəccübləndirdi.
- "Urban Action Showcase international”
festivalının beynəlxalq film festivalları arasında
çəkisi və nüfuzu nə qədərdir?
-
Dünyada 10 minə yaxın film festivalı var və
onların içərisində ilk yüzlükdəki ən
yaxşı festivaldan biri məhz "Urban Action Showcase
international”-dır. Reytinqinə görə
dünyanın ən yaxşı film festivallarından biridir.
Kifayət qədər nüfuzlu festivaldır və
nüfuzlu təşkilatlar tərəfindən dəstək
alır. Festivalın dəstəkçiləri
olan "Warner Bros”, "HBO” və "Cinemax” dünyanın
çox böyük multimedia şirkətləridir. Bu kifayət qədər nüfuzlu və dünyaca
tanınmış bir festivaldır.
- Müsahibələrinizin birində
"Don Marleone” filmindən sonra Bakıda mənə çox
sayda film sifarişləri gəldi, amma hər şeyə
"stop” deyib ailəm ilə ABŞ-a gəldik” - demisiniz. Səbəbini bizə izah edə bilərsinizmi?
Amerikada sizi bu qədər özünə
çəkən nə idi?
- "Don Marleone” filminin təqdimatı günü 4 film
sifarişi aldım. Sifariş aldığım filmlər
komediya filmləri idi. Bilirsiniz ki, Azərbaycanda
kifayət qədər komediya filmləri çəkilir.
Mən də Azərbaycanda qalıb komediya
janrında film çəkmək fikrində deyildim. Çəkmək istədiyimiz film action janrında
idi. Amerikaya gəlməyimin səbəbi
isə öz gücümüzü sadəcə Azərbaycanda
reallaşdırmaq istəmədiyimiz idi. Təcrübəmizi
inkişaf etdirmək, kino biliyimizi artırmaq, daha böyük
auditoriyaya çıxmaq üçün Amerikaya getdik.
- Amerikada "Black Garden Company” təşkilatını
yaratdınız. Niyə
məhz "Black Garden”?
- 2012-ci ildə ilk çəkdiyimiz
"Eşq səfəri” bədii filmi İranda festivalda
3-cü yeri tutmuşdu. Biz səfərdən
dönəndə "Black Garden Company” adını fikirləşdik.
Bu adın tərcüməsi "Qarabağ” mənasını
verir. Azərbaycanı gələcəkdə
dünya kino aləmində bu kompaniya ilə təqdim etmək
istədik. Biz dünya ictimaiyyətinə
Qarabağ haqqında informasiyalar çatdırmağa səy
göstərdik. Ən azından bu, vətəndaşlıq
borcumuzdur. Məqsədimiz
isə daim Qarabağı yada salmaq, gənclərin hafizəsindən
unutmağa qoymamaqdır.
- Kino sahəsi Amerikada daha çox
inkişaf etdiyi üçünmü ora üz tutdunuz?
- Amerika
böyük ölkədir və imkanlarla dolu bir məmləkətdir.
Burada yaşamaq və inkişaf etmək
çox çətindir. Ancaq ehtimallar
çoxdur. Azərbaycanda normal səviyyədə
yaşayırdıq, ancaq bu qədər ehtimallarımız
yox idi. Amerikada film sahəsində
özünü göstərmək üçün olduqca
çox inkişaf etməlisən. Azərbaycanda
bir-iki film çəksən, səni öz ölkəndə
tanıyacaqlar. Ancaq Amerikada o qədər rəqib
var ki, burda film adamı olmaq çox çətindir. Mən sadəcə, bu çətinlikdən həzz
alıram. Artıq çətinlik həyat
tərzimə çevrilib. Ona görə
Amerikaya üz tutdum. Amerika dünyada olduqca
inkişaf etmiş bir nömrəli ölkədir. Bütün sahələr burda çox inkişaf
edib. Kino sahəsinin baha olmasına
baxmayaraq, burda nəsə əldə etmək
üçün imkanlar yaradılır. Məsələn,
yaxşı istedadın varsa, universitet tərəfindən
maliyyələşdirilə bilərsən. Yanvardan tələbə olaraq Bruklin Kollec film
department-də təhsil alacağam.
- Deyirlər, Amerikada təhsil almaq
çox bahadır, hələ bu incəsənət sahəsidirsə,
üç qat bahadır. Orda təhsil almağa
və belə bahalı bir ölkədə yaşamağa necə
risk etdiniz?
- Ona
görə oxuyuruq ki, universitetin vasitəsilə çəkilişlərimiz
üçün rəsmi icazəni daha asan alaq. Tələbə olduqdan sonra film çəkmək
üçün sənə daha böyük imkanlar yaradılır.
Ancaq tələbə olmayanda, başqa bir
ölkədən gəlmisənsə, sənin
üçün çox çətin olur. Mən Amerikada 10 aylıq film təşkilatçılığı
kursu keçmişəm. Müəllimim
Janet Urban Hollivudda səs rejissorudur. O, mənə kino təşkilatçılığının
praktikasını A-dan Z-yə qədər öyrədib. Məhz bu kursdan sonra festivallara film çəkməyə
başladım. Sonradan təhsil haqqında
ona görə düşündüm ki, universitetin verdiyi
üstünlüklər daha çoxdur. Texnika
arenasında endirimlər olunur, rəsmi yerlərdən icazə
almaq daha asan olur və s.
- Sizcə, kino çəkən
insanın daxili zövqü necə, olmalıdırmı?
- Keyfiyyətli
bir iş ortaya qoymaq üçün zövq mütləqdir.
Zövqü olmayan kino sahəsində heç bir iş
görə bilməz. İstəyir yüz
universitet bitirsin, dünyanın ən savadlı
rejissorlarından dərs alsın, mümkün deyil. İnsan heç bir kino biliyi olmadan da gözəl
bir film çəkə bilər. Kino
biliyinin olması filmi daha düzgün şəkildə
çəkməyə kömək edəcək. Universitet təhsili bu işləri daha düzgün
və məntiqli qaydalara riayət edərək ortaya
çıxarmağımız üçün çox
önəmlidir.
- Amerikalıların bu qədər
keyfiyyətli film çəkmələrinin sirrini necə,
öyrənə bilmisinizmi? Onlar necə ediblər ki, bu sahədə
böyük uğur qazanıblar?
- Amerikada
hər bir sahədə əmək bölgüsü var və
insanlar yalnız öz işi ilə məşğuldur. Kino komanda işidir, burada işıqçı
sırf işıqla məşğul olmalıdır,
kameraman, operator öz işinin peşəkarı
olmalıdır. Sistem illərdir ki, belə
qurulub, bu da Amerika kinosuna uğur gətirir. Amerika kinosunun uğurlu olmasının başlıca
səbəblərindən biri odur ki, onlar da bir neçə
işi görmür, hər kəs öz peşəsinin
peşəkarı olur. Avropa və Amerika
insanı öz işi ilə məşğul olur. Rejissor operator və montaj işi ilə məşğul
olmur. Uzaqbaşı rejissor ssenari yaza bilər.
Bizdə operator həm montajor, həm operator, həm
də kaskadyordur. Operator kamerası ilə
məşğul olmalıdır. Amerikada
kino ilə məşğul olan insanlar işlərini bu rejimlə
qururlar.
- Siz eyni zamanda Kapoeyra idman
növü üzrə peşəkar idmançı və
müəllimsiniz. Bu sənətin
daşını atdınızmı?
- 15 ilə
yaxın Kapoeyra ilə məşğul olmuşam və mənim
Lənkəranda tələbələrim olub. Orada
1 ilə yaxın məºq etmiºəm. Sonra Bakıya dəvət aldım və təhsilimlə
də bağlı paytaxta gəldim. Burada
bir müddət Kapoeyra Federasiyasında məşqçi
olaraq çalışdım. Federasiyada
texniki direktor və vitse-prezident oldum. İki
ildən çox federasiyanın prezidenti kimi fəaliyyət
göstərdim. Bunların hamısı həyatımın
keçid mərhələləridir və insan həyatda
özünü tapmalıdır. Mən
özümü kinoda tapdım. Mən
Kapoeyra ilə məşğul olduğum ərəfələrdə
düşünməzdim ki, həftənin 3 günü bu idman
növü ilə məşğul olmayacağam. Ağlımın ucundan belə keçmirdi. Artıq 7 ilə yaxındır ki, kino aləmindəyəm.
İlk olaraq qısa filmlər çəkməyə
başladım və get-gedə bu sahəni daha da inkişaf
etdirdim. Bu işin beynimə,
düşüncəmə nə qədər yaxın
olduğumu hiss edirdim deyə, yavaş-yavaş Kapoeyradan kino
sahəsinə keçid etdim. Kapoeyra ilə
isə sağlamlığıma görə hərdən məşğul
oluram. Peşəkar idmançı kimi hələ məşğul
ola bilmirəm. İdmanda elədir
ki, gərək hər şeyi kənara atıb sırf onunla məşğul
olasan. Söhbət incəsənətdən
gedirsə, düşünməlisən. Ancaq
idman sənə düşünməyə icazə verməyəcək.
İşimiz düşünməkdən
keçir. Film sahəsi ilə məşğul
olan insan mütləq düşünməyi bacarmalı,
özünə zaman ayırmalıdır ki, buna psixoloji olaraq
hazır olsun və ciddi bir şey ortaya çıxarsın.
Peşəkar idmanla incəsənət bir-birlərinə
ziddiyyət təşkil edir. İstisnalar ola
bilər. Ancaq normalda peşəkar idmanla məşğul olan
insanın incəsənətlə məşğul olması
bir az arzu kimi görünür.
- Bundan sonrakı hədəfiniz nələrdir?
- Əsas məqsədimiz növbəti filmlərimizlə
dünyada onluqda olan məşhur festivallarda iştirak etməkdir. İlk addımımız
bizə stimul verdi. Bundan sonra
ən yüksək kateqoriyalı film festivallarında
iştiraka hazırlaşırıq. Hazırda
bir ssenarimiz var, onun üzərində
çalışırıq. Dünya
onluğunda olan film festivallarına üz tutacağıq.
2019-cu ilin sonuna kimi 3 və ya 4, ola bilər
qısametrajlı və yaxud da iki film və serialın pilotunu
çəkmək niyyətindəyik. Amerikada
türk filmləri festival təşkil etmək istəyirik.
Burda Amerika film festivallarının rəhbəri
Diana Vargasla əməkdaşlıq edirik. Amerikada
türkdilli ölkələrin nümayəndələri kifayət
qədərdir. Bütün bunlar 2-3 ilə
nəzərdə tutulub. Bundan başqa,
Amerikada film kursları təşkil olunacaq. Xüsusi müəllimlər və təlimatçılar
dəvət olunacaq. İlin 4 fəslində
həmin mütəxəssislər xarici tələbələrə
hər fəslə uyğun təlimlər keçəcək.
Xəyalə Rəis
Kaspi 2018.- 15 noyabr.- S. 14.