“Xalq
artistlərinin qucağında böyümüşəm”
“Xalq artistlərinin
qucağında böyümüşəm” - DebütMirsənan
Kazımlı: “Atam aktyor
olmaq istəyimi eşidəndə, qəti
şəkildə etiraz etdi.
İki il mübarizə
aparmalı oldum”
Teatr böyük
bir məbəddir. Burada
çalışmaq hər nə qədər əyləncəli
və asan görünsə də, işə
gələndə heç də elə deyil. Bu gün
teatra üz tutan gənclər isə onun
çətinliklərini duyar-duymaz, daha asan yolla
tanınmağa və filmlərə, seriallara
çəkilməyə can atırlar.
Bu günkü "Debüt” rubrikamızın qonağı Mirsənan Kazımlı isə teatrda böyüyüb. Özünü dərk edəndən səhnənin onun üçün əvəzedilməz bir yer olduğunu deyir.
Uşaq yaşlarından Gənc
Tamaşaçılar və Akademik Milli Dram teatrlarında
çalışıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində "Teatr və kino aktyorluğu” ixtisası üzrə təhsil
alır. Əməkdar artist Nicat Kazımovun oğludur.
O, teatrda Cənnət Səlimovanın
quruluşunda "Məkkəyə gedən
yol” tamaşasında Əhməd, "Şeyx Sənan”da çocuk, Natalya
Başevanın quruluşunda hazırlanan
"Şelkunçik”də üç obraz, Bəhram Osmanovun
"Gəncə qapıları”nda Səlim, Nicat
Kazımovun "Xeyir və şər”
tamaşasında vəzir, Fikrət Məlikovun "Dəli
yığıncağı”nda Fazil Məhəmməd
ibn Yaqub Küleyni və bir çox başqa
rolları canlandırıb.
- Aktyor
ailəsində doğulmaq və
uşaqlıqdan teatrda olmaq
necə bir hissdir?
- Çox gözəl. Atam həm aktyor, həm də
rejissor, xalam Sevinc Mehrəliyeva və onun
həyat yoldaşı Vüsal Mehrəliyev
aktyordurlar. Məndən əvvəl ailəmizdə
artıq 3 nəfər aktyor var idi. Uşaq
yaşlarımdan, hətta 40-ım çıxmamışdan teatrda böyümüşəm. Atam məni işi ilə əlaqədar
olaraq Akademik Milli Dram Teatrına
aparırdı. 9 yaşımdan Gənc Tamaşaçılar
Teatrında işləmişəm. Mən uşaq
olanda valideynlərim
çalışırdılar. Elə günlər olub ki, atamın məni qoymağa yeri olmayıb, özü ilə teatra
aparıb. Tamaşanın məşqinə başlayanda,
kənarda olan aktrisalar
məni oynadırdılar. İndiki xalq artistlərinin qucağında
böyümüşəm, onlar məni
böyüdüblər desəm, yəqin ki,
yanılmaram.
- İlk
rolunuzu xatırlayırsınız?
- İlk rolum Cənnət Səlimovanın rejissorluğu altında "Məkkəyə gedən yol” tamaşasında əsas qəhrəman olub. Daha sonra "Şelkunçik”, "Şeyx Sənan” və "Müsyö Jordan Dərviş Məstəli şah” kimi tamaşalarda obrazlar canlandırmışam. 4 il Akademik Milli Dram Teatrında çalışmışam. Gənc Tamaşaçılar Teatrı ilə paralel iki il "Azdrama”da işlədim və daha sonra oradan da ayrıldım.
- Səbəb nə
idi?
- O zaman sənədlərimi
Türkiyə üçün
hazırlayırdım. Daha çox zamana ehtiyacım var idi.
- Atanıza aktyor olmaq istəyinizi dedikdə, necə qarşıladı? Adətən sənət adamları övladlarının onların
sənəti ilə məşğul olmasını
istəmirlər.
- Çox pis qarşıladı. Onun bu günə qədər çəkdiyi əziyyətlərin
şahidi olmuşam və bütün bunların müqabilində
mənim də aktyor olmaq istəyimi
eşidəndə, qəti
şəkildə etiraz
etdi. Dedi ki, istəmirəm mənim çəkdiyim bu əziyyətləri sən də çəkəsən. Bu sənəti seçəndə
bilirdim ki, gələcəkdə məni
həmin məşəqqətli
günlər gözləyir.
- Bəs könlünü, razılığını
necə aldınız?
- İki il
atamla mübarizə apardım. O deyirdi ki, sənə icazə verməyəcəm
aktyor olasan. Mən isə inad edirdim.
İki il
mübarizədən sonra
atam mənə dedi ki, aktyor
olmağına bir şərtlə razılıq
verərəm. Türkiyədə təhsil alsan və orda qalıb
işləsən.
- Bəs niyə Azərbaycanda təhsil aldınız?
- Türkiyəyə imtahan verdikdə, paralel olaraq Azərbaycanda da verdim. Burda artıq
qəbul olmuşdum.
3 gün idi
ki, dərsə gedirdim. Türkiyəyə getdim, sənədlərimi
verdim və oradan 5 universitetdən təklif aldım. Ancaq onlardan imtina etdim.
- İncəsənət
ailəsində doğulan
uşaqlar rejissorluğa
daha çox can atırlar və iştirakçısı olduğu
səhnədə idarəçiliyin
onlarda olmasını istəyirlər. Belə olan halda, siz
nə üçün
rejissor deyil, məhz aktyor olmaq istədiniz?
- Heç zaman düşünməmişəm ki, gələcəkdə
tamaşa hazırlayaram
və yaxud da kimisə idarə edərəm. Uşaq vaxtı tamaşalara gəlib baxırdım, həvəslənirdim, oynayırdım.
Aktyorluğa həvəs məndə
məhz uşaq yaşlarımdan yarandı.
Əgər mən rejissor
olmaq istəsəydim,
Türkiyədə qazandığım
5 universitetin birində
oxuyardım. Türkiyənin ən yaxşı və prestijli universitetlərindən ikisinə
– İstanbul və İzmir universitetlərinin
rejissorluq ixtisasına
qəbul olmuşdum və mənim orada işləmə imkanlarım da olacaqdı.
Onu da əlavə edim ki, rejissor idarəedici
deyil. Rejissor aktyora nizam verir, ona necə
oynayacağını göstərir.
Obrazın içini isə
aktyor özü doldurmalıdır. Aktyor özü
bir müəllif olmalıdır.
- Aktyorluq sənətində sizi nə cəzb etdi – alqışlar, sevgi, məşhurluq?..
- Sən aylarla əziyyət çəkirsən,
saatyarım səhnəyə
çıxırsan və
sonda gələn alqış nəyə desən dəyər. Mən bu sənəti pərəstişkarlara və
tanınmağa, məşhurluğa
görə seçmədim.
Bu sənətə "qurdumu öldürmək” üçün gəldim.
Həyatda deyə və
edə bilmədiklərimi
etmək üçün
aktyorluq sənətini
seçdim.
- "Deyə
və edə bilmədiklərim” deyəndə,
nəyi nəzərdə
tutursunuz?
- Misal üçün, bir qız olur
və ona sevgini etiraf edə bilmirsən, yaxud da onunla
bir yerdə ola bilmirsən.
Ancaq səhnədə hansısa
bir tamaşada sən artıq qarşı tərəfi onun simasında görürsən. Əslində, mənə görə aktyor sənəti bir xəstəlikdir.
Sən bu sənətə xəstəliyə tutulub gəlirsən. Normal düşüncəli bir
insan gəlib aktyor olmaz. Çünki normal düşüncəli insan anlayır ki, onu qarşıda
hansı çətinliklər
gözləyir.
- Siz bu çətinlikləri
ailədə görərək
gəlmisiniz. Ancaq bu sənəti yenicə seçən digər gənclər efirdən, şou proqramlarından aktyorların həyatına
baxır və hesab edirlər ki, onlar cah-cəlal
içində yaşayırlar.
- Teatra gedən yolda İncəsənət
Universitetini oxumaq mütləqdir. O, artıq
universitetdən başa
düşməlidir ki,
qarşıda hansı
problemlər var. Bəziləri
universitetə böyük
həvəslə gəlib,
birinci kursdan anlayır ki, bu sənət onluq deyil.
- Siz İncəsənət Universitetinə
daxil olanda artıq aktyor kimi çalışırdınız.
Universitet sizə nə
öyrətdi?
- Universitet mənə çox şey öyrətdi. Bəli, universitetə daxil
olana kimi teatrda çalışırdım,
amma kor-koranə şəkildə işləyirdim.
Universitetə girəndə bilirdim
ki, səhnə ilə necə davranmaq lazımdır.
Ancaq bunun xırdalıqlarını,
aktyor texnikasını
bilmirdim. Bunları mənə
universitet öyrətdi.
- Aktyorluq sənətinin sirlərini
atanızdan öyrənirsiniz,
yoxsa müəllimlərinizdən?
- Hər ikisindən. Atam tamaşa hazırlayanda mən orada obraz canlandırıramsa, orda öyrənirəm.
Ancaq atamla ayrıca oturub söhbət etmirəm, məni xüsusi hazırlaşdırmır.
Atamla evdə də məşq etmirik. O şəraiti mən yaratmıram. Özüm çalışaraq, praktikada hər şeyi öyrənirəm.
Universitet də mənə
çox şey qazandırıb. Mən orada
qrup halında işləməyi öyrəndim.
- Səsiniz eyni ilə atanızın səsinə oxşayır.
Hətta
sizinlə telefonda danışanda zənn etdim ki, Nicat
müəllimlə danışırıq.
- Əslində, səsimizi
çox oxşadırlar. Bir-iki dəfə
tanıdığım adamlara
zarafat edərək, atamın telefonunu mən götürüb cavab vermişəm, fərqinə belə varmayıblar (gülürük).
- Nicat Kazımovun oğlu olmağınız hansısa
bir işdə köməyinizə çatıbmı?
- Çalışıram ki,
heç bir işimdə atamın adı hallanmasın. İstəmirəm kənardan desinlər
ki, atasının hesabına qabağa gedir. İstəyirəm ki, öz gücümü toplayım,
sözümü deyim,
əgər inkişaf
edəcəyəmsə, öz
hesabıma edim. Aktyorluq sənətinə gələndə
ən böyük məqsədlərimdən biri
o idi ki, deməsinlər o, Nicat Kazımovun oğludur.
Əksinə, desinlər ki,
o, Mirsənan Kazımovun
atasıdır. Birinci növbədə
atama özümü sübut etmək istəyirəm, daha sonra insanlara.
- Gənclər aktyorluğa
teatrdan deyil, serialdan gəlməyə
can atırlar. Deyirlər ki,
teatr pullu sənət deyil, burda əziyyət çəkməyə dəyməz.
- Əslidə bu,
bədbəxtçilikdir. Universitetdə oxuyan tələbələrin
80 faizi məşhur olmaq məqsədi ilə gəlirlər ki, seriala çəkilsinlər,
simaları tanınsın.
Teatr onları bir o qədər də maraqlandırmır. Serial elədir
ki, bir-iki il çəkilir,
sonra dayanır. Serial bitdi və
sən heç kimə lazım deyilsən. Ancaq teatrda daim yeni tamaşalarda oynayırsan, dayanmadan inkişaf edirsən.
Seriala, filmə çəkilirsənsə,
ordan topladığın
təcrübəni filmdə
xərcləyirsən. Serialda üstünlüklər tapıb,
onu teatra gətirə bilən bir insan görməmişəm.
- Atanızdan da yaxşı aktyor olacağınızı
hesab edirsinizmi?
- Niyə də yox...
- İddialısınız?
- İddiam olmasa,
bu sənətdə heç vaxt qabağa gedə bilmərəm. İddialı olmalısan ki,
öz üzərində
işləyəsən. Əgər daxilində bu hikkə yoxdursa, heç bir inkişaf olmaz.
- Nicat Kazımov sizdə öz gəncliyini görübmü?
- Bəlkə də görüb, ancaq görsə də deməz. Çox adam deyir
ki, sənin indiki görünüşün
Nicatın gəncliyinə
oxşayır.
Xəyalə Rəis
Kaspi 2018.- 16 noyabr.- S. 11.