Sevdiyi xanıma hisslərini
etiraf edə bilməyən xalq artisti
Qabil Quliyev: “Bu
gün onları heç kim tanımır, amma məni
çoxları tanıyır”
Onunla söhbət hər zaman maraqlı
alınır. Zarafatlarından isə doymaq olmur. 69 yaşı
var və düşünür ki, insan özünü
hansı yaşda hesab edirsə, o yaş dövrünü
yaşayır. Və hər bir yaş dövründə həyatı
sevərək yaşamağı üstün tutur.
Müsahibimiz xalq artisti, Lənkəran Dövlət Dram
Teatrının istedadlı aktyoru Qabil Quliyevdir. O,
ömrünün 45 ilini Lənkəran Teatrına həsr edib.
Atla dərsə
gedən xalq artisti
1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində
anadan olub. İlk təhsilini 8 illik kənd məktəbində,
orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində
alıb. 1966-cı ildə orta məktəbin 11-ci sinfini
bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində
oxuyub və bu təhsil ocağını fərqlənmə
diplomu ilə bitirərək, 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinin əyani
şöbəsinə daxil olub.
Xalq
artisti deyir ki, uşaqlığı kənddə keçib:
"Qar və yağış yağanda yollarımız
palçıq olardı. Ayaqqabılarımız
batmasın deyə, rezin çəkmə ilə məktəbə
gedirdik. Qar yağanda əmim oğlu məni
ata mindirib, məktəbə aparırdı. Boyum o qədər balaca idi ki, qarda batmağımdan
qorxurdular. Ona
görə, məni atla dərsə aparıb, sonra da
dalımca gəlirdilər.
O zaman qar çox yağırdı”.
Uşaq illərini xatırlayarkən simasında təbəssüm
yaranır.
Deyir ki, uşaqlığı maraq dolu keçib: "Bir dəfə
uşaq vaxtı səhər tezdən hündür bir
ağaca çıxmışdım və yerə
yıxıldım. Ayılanda artıq axşam
idi. Gördüm ki, başım üzərində
bacım Elmira dayanıb və ağlayır. Sən demə, mən ağacdan düşüb,
huşumu itirmişəm və yıxılıb orda
qalmışam. Bacım evdə qorxusundan heç kimə bir söz
deməyib və özü gedib məni axtarıb. Gəlib görüb ki, huşumu itirmişəm və
ağacın altında qalmışam”.
Müəlliməsinə vurulma və
nakam sevgi
Məktəb illərindən danışan Qabil müəllim
mütaliəni çox sevib. Deyir ki, məktəblərinin
kitabxanasında oxumadığı kitab qalmayıb. İndinin
özündə də mütaliəsiz qala bilmir. Yaxşı oxuduğuna və bu səviyyəyə
gəlib çıxdığıma görə, mütaliələrə
borcludur.
Məktəb sevgisinin ülviliyindən
danışırıq. Aydın olur ki, xalq artistimiz ikinci sinifdə oxuyarkən
rus dili müəlliməsi Zinaidaya aşiq olub: "O, bizim məktəbə
təyinatla gəlmişdi. Coğrafiya müəllimimiz
Əhməd müəllimin nişanlısı idi.
Zinaida müəllimə ona olan sevgimdən xəbərdar idi və buna görə
məndən küsmüşdü. Evdən məktəbə
gedəndə bizim yolumuz çaydan keçirdi. Ççayın yanında bulaq vardı. Gördüm orda çayın yanında bir pasport
ilişib. Bu Əhməd müəllimin
pasportu idi. Onu kitabın arasına qoyub məktəbə
apardım. İkinci dərsdə Zinaida
müəlliməmizin dərsi idi. Forsla,
icazəsiz ayağa qalxdım və pasportu gətirib müəlliməyə
verdim. Pasportu görəndən sonra Zinaida
müəllimə ayağa qalxdı və məni
qucaqladı. Dedi ki, səninlə artıq dostuq”.
Xalq artistindən ilk sevgisini soruşuruq. Danışmaqda tərəddüd
etsə də, istəyimizə nail oluruq: "Mən heç
zaman sevgi məktubu yazmamışam. Sevgi
etirafının isə müxtəlif formaları var”.
Əsl sevgi ilə tələbəlik illərində
qarşılaşıb: "Tələbəlik illəri
insan ömrünün ən gözəl illəridir. Mən iki tələbəlik yaşamışam.
Bakı Neft Sənayesi məktəbində
operator kursunda təhsil alırdım. Orada
"çertyoj çəkənlər” qrupu var idi. Orada mavi gözlü, Gülsurə adlı incə
bir qız vardı. Onlar iki bacı idilər
və bir-birilərinə bənzəyirdilər. Biz
Gülsurə ilə sadəcə, dost idik. Ağlımıza
heç nə gəlmirdi. O, məni görən kimi
elektriçkadan düşürdü, birgə gedirdik. Valideynləri də məni tanıyırdı və
güvənirdi. Gedib şəhəri gəzdikdən
sonra onu evlərinə ötürürdüm. Daha sonra o, Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna qəbul oldu. Tələbəlik
illərində cəmi iki dəfə görüşə
bildik və ondan sonra bir-birimizi itirdik. O illərdən
sonra bir dəfə də olsun görüşə bilmədik
və mən zamanında cəsarət edib ona hisslərimi
etiraf edə bilmədim. Onun surəti heç
zaman gözlərim qarşısından getmir. 1966-cı ildə olduğu kimi, onun surəti, şəkli
gözümün qarşısındadır. Ondan sonra heç zaman tale bizi
qarşılaşdırmadı”.
Müsahibimizə "indi onunla
qarşılaşsaydı nə deyərdiniz” sualını
veririk: "Ötən günlərimi qaytaraydılar, gələn
günlərimi qurban verərdim”.
Tələbəlik illərində universitetin
yataqxanasında qalıb. Deyir ki, tələbəlik illərinin
gözəlliyi bişirdikləri yeməklər olub. Tələbənin ən çox sevdiyi yemək
qaynadılmış kartof və ət konserv idi.
Tələbəlik
illərində çalışıb, özünü zəhmətə
alışdırıb: "Mənim kurs rəhbərim
Akademik Milli Dram Teatrının direktoru, rəhmətlik
Əliheydər Ələkbərov idi. İşləmək
üçün
ona
müraciət etdim. Əgər işləməsəm, oxuya bilməyəcəkdim.
O da məni böyük məmnuniyyətlə "Azdrama”ya
işə götürdü. İlk olaraq səhnədə
dekorator işlədim. Daha sonra məni
yardım heyətinə aktyor götürdü. Beləliklə, həm əlaçı təqaüdü,
həm də "Azdrama”dan məvacib alırdım. Bəy balası kimi yaşayırdım. Televiziya verilişlərindən qonorar
alırdım. Maliyyə cəhətdən
heç bir problemim yox idi”.
50 ilə bərabər 1 il
Onun hərbi xidməti yaradıcılıqla
bağlı olub. Belə ki, hərbi xidmət borcunu Dövlət Kino
Komitəsinin hərbiləşdirilmiş kino bazasında
keçirib: "Orda ancaq filmlərin çəkilişlərində
iştirak etmişəm. O illər çox gözəl
keçib. "Mosfilm”in
truppası ilə işləyirdik. "Marşal
ulduzu”, "İnsanlıq naminə” kimi filmlərdə
çalışmışam. Gürcülərin
"Sibir babası”, "Azərbaycanfilm”lə
Çexoslovakiyanın "Baranda” studiyasının çəkdiyi
"Səmt küləyi” fillərində də
çalışmışam. "Qatır Məmməd”,
"Nəsimi” kimi filmlərdə işləmişəm”.
Deyir ki, əlinə
silah almayıb: "Mənim dövrümdə müharibə
yox idi. Sibir meşələrində film çəkərkən
çox əziyyət çəkirdik, soyuqdan donurduq. Bığlarımız, qaşlarımız buz
bağlayırdı. Bakıda film çəkilişlərində
isə günlərimiz çox yaxşı keçirdi.
Bir dəfə Naxçıvanda çəkilişdə
idik. Sirkdən ora iki qartal gətirmişdilər.
Ordan qayıtdıq, gəlib Biləcəriyə
çatanda gördük ki, qartalın biri yoxdur. Baxdıq ki, qartal relsin üstündə oturub.
Çox nəhəng quş idi. Onu güclə tutduq. Qatarın
altında qalsaydı, yəqin ki, bizə böyük bir
problem yaranardı. Bəxtimizdən, qartal
çox yorğun idi. Leş yeyən
qartallardan idi. Bir qanadının uzunluğu
iki metr olardı”.
Xalq
artistindən ilk maaşını xəbər alırıq:
"İlk maaşımı neft sənayesində işləyəndə
almışam. Orada neft çıxarma operatoru
işləyirdim. Çox zaman mədəndə
növbətçi qalırdım. O zaman maaşım
200 manatdan çox idi. Mən heç zaman iş axtarmamışam,
iş məni tapıb. İncəsənət Universitetində
təhsil alandan sonra ilk iş yerim "Azdrama” olub və orada
ilk məvacibimi 1969-cu ilin yanvarında almışam. O zamanlar
ayda iki dəfə - ayın 15-də, bir də ayın 30-da məvaciblər
verilirdi. 120 manat maaş almışdım”.
Hərbi
xidmətdən isə heç dönmək istəməyib,
ancaq nə biləydi ki, qisməti onu Lənkəran
Teatrında gözləyir: "Əslində, mənim niyyətim
əsgərlikdə qalmaq idi. Dostlarım təkid
edirdilər ki, Moskvada qalma, geri dön. O zaman kaskadyorluq
da edirdim. Yaxşı at çapırdım və kaskadyor kimi
çalışırdım. Mən
də geri döndüm. Gördüm ki,
kinostudiyada aləm bir-birinə dəyib. Heç kim mənə sahib çıxmadı. Mən də Mədəniyyət və Turizm
Nazirliyinə müraciət etdim. O vaxt rəhmətlik Məmməd
Ziyadov nazirin birinci müavini idi. Dedi ki, Bakıda indi vəziyyət
yaxşı deyil, gəl səni Lənkəranda bir teatr
açılıb, ora göndərək. Bir il
orada işlə, bir ildən sonra da Allah kərimdir, bir şey
fikirləşərik. O bir ilin üzərindən
artıq 50 il keçib ”.
Sevgi dolu
ömür
Xalq artisti hesab edir ki, həyat sevgisi olmasa, insan yaşaya
bilməz. O,
insanın hər bir yaşam dövrünü yüksək
qiymətləndirir: "Hər bir yaş dövründə
insan həyatını sevməlidir. Həyatı
gözəlləşdirən, şirinləşdirən
sevgidir. Heç zaman peşman
olmamışam. Hərdən
düşünürəm ki, bir zamanlar mənimlə bərabər
neft sənayesində işləyənlərin arasında
Sosialist Əməyi Qəhrəmanları da, böyük vəzifə
sahibi olanlar da. Mən heç də
onlardan kiçik bir mənsəbə sahib deyiləm. Bu
gün onları heç kim tanımır,
amma məni çoxları tanıyır”.
Qabil Quliyev müasir gənclərə baxanda təəssüf
hissi keçirir. Deyir ki, müasir gəncliyimiz çox dar
çərçivədə böyüyür:
"Onların dünyagörüşləri o qədər də
geniş deyil. Gənclərimizin əksəriyyəti bu
gün öz tarixini, klassik ədəbiyyatını bilmir.
Soruşanda da deyirlər ki, bunlar mənim nəyimə
lazımdır? Ancaq bu, belə olmamalıdır. İnsan
öz tarixini, adət-ənənələrini bilməlidir, mənən
zəngin olmalıdır. Mənən zəngin olan insanlar həyatda
xoşbəxt yaşaya bilərlər. İstərdim ki, bizim
gənclərimiz öz tarixini və mədəniyyətini
sevsin və qiymətləndirsin. Hər şey mədəniyyətdən
başlayır. Torpağını, vətənini, xalqın
milli dəyərlərini hər bir vətəndaş sevməlidir
və buna məhkumdur. Torpaq anadır, onu sevmək mütləqdir.
Ayağımın altında torpaq olmasa, mən necə
yaşayaram? İnsanın ayağı torpaqda olanda güclü
olur. Öz torpağında olanda isə o daha güclü,
ürəkli olur. Bu torpağı qorumaq vacibdir”.
Xəyalə Rəis
Kaspi.-2018.-16 noyabr.-S.12.