Oxumağa kitab var

Bizi əhatə edən çoxsaylı və çoxqatlı, canlı və cansız şeylərin (təbiət, cəmiyyət, yer, göy cisimləri və s.) hər birinin özünəməxsus təbiəti var, bunlara varlıq da demək olar. Yazıçı bu varlığın görünən və görünməyən tərəflərini nəql edir (əsas sual: necə nəql edir?).  Əlbəttə, bizə bəlli olmayan çoxsaylı şeylər də mövcuddur, onların dərk edilməsiylə idrak məşğul olur. Əgər yazıçı fəlsəfənin bu qoşa qanadını öz yaradıcılıq laboratoriyasına gətirib maraqlı və oxunaqlı bədii mətn ortaya qoya bilirsə, deməli, oxumağa təkmil kitab var, deməli, yazıçının yaratdığı nümunələr yaşarıdır, sosialdır, dünyəvidir, onu Markesin vətəni uzaq Kolumbiyada da oxuyurlar və oxuyacaqlar. Necə ki, Umberto Ekonu, Borxesi, Çexovu... oxuyurlar və oxuyacaqlar.

   Kamal Abdulla da azsaylı nasirlərimizdən biridir ki, varlıq və idrak məsələlərini çox maraqlı və sadə metodla, ustalıqla nəsrə gətirib, müasir hekayəçilikdə, esseçilikdə yeni, orijinal dəst-xətt yaradıb, bunu uğurla davam etdirir.  Onun poetik dünyasına səyahət etdikcə hiss edirsən ki, oxuyub öyrəndiklərin və bildiklərin hələ çox-çox azdır, hələ sən varlıq və idrakın adi elementlərindən tutmuş ta doqquzqatlı dünyaların canlı varlıqlarınadək olan aləmlər barədə heç nə bilmirsən; sən demə, bütün böyük sirlər, mətləblər, məntiqlər və ziddiyyətlər böyük-böyük kitablarda yatır – ağlın, zəkanın, istedadın, fəhmin, hissin, ruhun, düşün­cənin... məhsulu olan kitablarda... (Kitab oxumaq lazımdır!). Rəvayətə görə, böyük türk filosoflarından biri Əbu Nəsr Məhəmməd Fərabi Aristotelin Ruh haqqında traktatını yüz dəfə, "Ritorika" isə iki yüz dəfə oxuyubmuş... Belə bir oxucu, əlbəttə filosof, yazdıqları da mənəvi sərvət olar...

   Məndə neçə illərdir ki, Kamal Abdullanın kitablarını qəribə oxumaq ehtirası yaranıb; bilmirəm, nədəndir, hər dəfə təzə bir nəsr kitabı, ya da dillə bağlı elmi-fəlsəfi toplusu çıxanda alıb oxuyuram; bəzən ilk təəssüratım aldadıcı olur, vaxt ötür, bir də oxuyuram, yenə... yenə oxuyuram – yavaş-yavaş psixoloji durumum düzəlir, mətləblər, anlamlar, gedişlərin məqsəd və məramı... durulaşır, bədii və elmi zövqümə təzə qan gəlir, fəlsəfəni, ədəbiyyatı, sənəti, sənətkarı daha böyük həvəslə duymağa çalışıram. Kamal Abdullanın oxucuya anlatmaq istədiyi bədii mətnlər, onların dili, strukturu, üslubu, yaxud real gerçəkliyin təsirindən mayalanmış müəllif ideyaları, yaxud onun tarixi-ədəbi proseslərə fəlsəfi baxışları, bədii mətnlərin demək olar ki, bütün elementlərinə – fonetikaya, leksikaya, morfologiya və sintaksisə, üsluba, motivlərə... özünəməxsus yanaşmaları və s... məndə hər zaman böyük maraq doğurub. Və səmimi deyim ki, otuz ildən çox bir müddət ərzində tanıdığım yazıçı dostlarım arasında Kamal Abdullanın xüsusi çəkisi, səviyyəsi və yeri var. Mən onun poetik dünyasına səyahət etməkdən yorulmuram... Filosof-yazıçı barədə fikirlərim subyektiv ola bilər, lakin onları əsaslandırmağa çalışmazdan öncə qeyd edim ki, son otuz ilin ədəbi müşahidələri (yerli və xarici ədəbi nümunələr əsasında) belə bir qənaətimə qanad verib – humanitar elmlərin müxtəlif sahələri biri birinə sürətlə yaxınlaşmaqdadır, bunun nəticəsində bədii ədəbiyyatın yeni statusu formalaşıb. Səbəblərdən biri də (varlıq haqqında təlimə əsaslansaq!) ictimai münasibət və proseslərin təsiridir. Bu, sosial hadisədir və belə bir şərait bədii ədəbiyyatın təbiətinə fəlsəfi yanaşma tələb edir. İdrak haqqında təlimə əsaslansaq, görərik ki, elə bütün dövrlərdə bədii ədəbiyyat reallığın dərk edilməsi ilə məşğul olub, olmaqdadır. Bu faktın özü ədəbi araşdırma və tədqiqatla məşğul olan mütəxəssislərə bədii ədəbiyyatın nəinki ontoloji, qnoseoloji imkanlarına da diqqət yetirməyi tələb edir.

   Müasir Azərbaycan ədəbiyyatında da bədii mətnlərin fəlsəfi təbiətini öyrənmək ən azından varlıq və idrak təlimlərinə əsaslanmağı tələb edir. Bizim ədəbi həyatımızda da ədəbiyyatın yeni statusu formalaşır, artıq bədii mətnlərdə varlıq və idrakın həm bərabər, həm qeyri-bərabər çəkidə bu və ya digər səviyyədə dərk edilməsinə, bununla da nəsr və nəzm nümunələrinin bədii-fəlsəfi yükünün artırılmasına səy göstərilir.   Kamal Abdullanın hekayə və esselərinə bu baxımdan yanaşsaq, onun yaradıcılıq laboratoriyasının geniş üfüqlərini, həm də dünya üçün maraq doğuracaq qədər aktuallığını görərik. Əvvəla, ona görə ki, yazıçının  silsilə esseləri, bədii mətnləri varlığın ən mürəkkəb məsələlərini dərk etməyə kömək edir, ikincisi, onun nəsrindəki qnoseoloji elementlər həm də bizə müasir bədii ədəbiyyatın simasının məhz nədən ibarət olmasını görmək imkanları yaradır. Üçüncüsü, təqdim olunan bütün obrazlara rəğmən, yazıçının əsərlərində əsas və önəmli qəhrəman obraz – SUALLARdır... Məncə, məhz bu sualların fəlsəfi mahiyyəti də varlıq və idrakla bağlıdır, düşünmək, fikirləşmək, anlamaq, dərk etməyə çalışmaq üçün yorulmursan. Yazıçının dili də, üslubu da sadədir, anlaşıqlıdır.

   Kamal Abdullanın nəsrindəki varlıq və idrakın vəhdəti, bəlkə də, elə yuxarıda qeyd etdiyim OBRAZ-SUALLARdan qidalanır. İnsanın tarixi hardan başlanır? İnsan necə cəmiyyət halına gəlib çıxıb? Ümumiyyətlə, tarixin hansı mərhələləri mövcuddur? Antik dövr nədir? Ondan əvvəl tarix olubmu? Qədim, ibtidai mifoloji mətnlərdə bədii-poetik dildən istifadə edilibmi? Bədiilik və poetiklik nədir? Nəsr və şeirin sərhədləri hansı dövrdən etibarən bərqərar olub? Tarixə qədərki dövrdə nələr baş verib? Tarixi dövrlərin özü hansı mərhələləri yaşayıb? İnsanın formalaşması, dilin və irqlərin yaranması ilə hansı tarixi dövr başlanıb? Biz hansı tarixi dövrün "məhsulları"yıq? Tarixəqədərki dövrdə mifoloji təsəvvürlərin formalaşması və beləliklə, təbiət-insan arasındakı əlaqələrin mifoloji xarakter daşıması bizim indi təsəvvür etdiyimiz "divlərlə", "təpəgözlərlə" nə əlaqəsi var? İnsanlaşma dövrü – təbiətdən Cəmiyyətə (Mədəniyyətə) keçid dövrü ha vaxtdan başlanır? Bunu kim və nə dəqiq deyə bilər? Bədii-poetik ədəbiyyatmı? Ya bəlkə, yazıçının təbirincə desək, tarixəqədərki dövrün "dansökülən mərhələsində" yaranan, lakin qədimilik baxımından yekrəng olmayan mətnlərin quruluşunda axtarıb tapmaq olar? 

   Yazıçının fikrincə, Azərbaycan ədəbiyyatında mif dövrü ilə yazı dövrünü bir-birindən ayıran yox, onları öz timsalında birləşdirən vahid mənəvi məkan mövcuddur – bu Dədə Qorqud mətnidir.  Burada "həm ilkin, ibtidai, bizə tanış olmayan, yaxud az tanış olan bədiipoetik elementlər və imkanlar, həm də bununla yanaşı, daha müasir, artıq ədəbi-bədii şüurumuza tanış olan klassik poetik nümunələr özünü göstərir". ...Kitabi-Dədə Qorqud mətninin ayrı-ayrı boyları və bu boylar daxilində ayrı-ayrı kəsiklər həm ibtidai bədiipoetik ünsürlər, həm də klassik poetik elementlər üz-üzə gəlir, qarşı-qarşıyadır, bir-birinin yanında yer alır... Kitabi-Dədə Qorqud mətnləri həm köhnə, həm də yeni ədəbi nümunə kimi təqdim edilir və bunu da qeyd edək ki, burada əsas obyekt Dədə Qorqud dastanının mif dövrünün əlamətlərini yaradan və yaşadan qatları olsa da, bu araşdırma metodunu cəsarətlə dünya elm və mədəniyyət xəzinəsinə yeni töhfə hesab etmək olar... ("Kitabi-Dədə Qorqud" poetikasına giriş).

   Kamal Abdullanın bədii-fəlsəfi dünyagörüşü hələ ki, öyrənilməyib, onun mahiyyəti və anlaşılması barədə fundamental elmi əsər də yazılmayıb. Düşünürəm ki, yazılmalıdır, onun yaradıcılığı və bütövlükdə bədii-fəlsəfi baxışları çox böyük maraq doğurur, tədqiq olunması, elmi mahiyyətinin ortaya qoyulması lazımlıdır. Kamal Abdullanın həm bədii, həm də elmi-fəlsəfi yaradıcılığında xarakterik olan mövzular klassik olsa da, bugünküdür, sabahkıdır, əbədidir: varlığın dərki və insanın missiyası, həyat və ölüm, xeyir və şər münasibətləri, Allah və Şeytan məsələləri. Filosof yazıçını təkcə insanın özünüdərk məsələləri maraqlandırmır, insan və onu əhatə edən mühitin, sosial reallıq və irreal aləmlə əlaqələr, insanın nəzarət edə bilməyəcəyi varlığın metafizik qanunları da önəm daşıyır. Varlıq problemi onu ən çox düşündürən məsələdir. Bu fəlsəfi ideyalar daha çox onun nəsr əsərlərində ifadə olunub. Onun "Sirri-zəmanə" adlanan kitabı ayrı-ayrı silsilə hekayələrdən ibarətdir. Topluya "Sehirbazlar dərəsi" silsiləsindən iki, "Parisin seçimi" silsiləsindən yeddi, "Labirint" silsiləsindən doqquz, "Bilgə əhvalatları" silsiləsindən dörd, "Balaca həyətin həngamələri" silsiləsindən üç və "Səhvlərimizin qrammatikası" silsiləsindən səkkiz hekayəsi daxil edilib. Bu hekayələrin hər biri haqqında ayrıca danışmaq olar. Onları birləşdirən və ayıran cəhətlər, çoxsaylı obrazlar, mifoloji, yaxud mistik personajlar, müəllif yanaşmaları, yaxud "kənar adam"ın pıçıltıları və hissləri, dünya-aləm, yuxu, xəyal, ruh, ölüm və daha nələr... barədə bənzərsiz düşüncələr, təhkiyələr, paralellər və məntiqi hökmlər çoxdur. Hansı biri haqqında fikir söyləsən, son nəticədə bədii fəlsəfəyə dirənəcək, ədəbi mətnin yeni "bədiipoetik" (K.A.) nümunəsi ilə qarşılaşacaqsan. Misal üçün, "Qərar" hekayəsində zaman-məkan sərhədi yoxdur, boz həyat, sehrli nağıl, sirli gələcək var. Cəllad Məmmədqulu obrazı nağıllarda olduğu kimi təqdim olunmur, "başı bədəndən ayıran", "göz tökən", "qulaq kəsən"... cəllad sonda "yazıq Allah bəndəsi" kimi "öz kökünü" kəsir, ailəsini... məhv edir... Cəlladlar üçün hər zaman "səhər ağır-ağır" açılar...

   Yazıçı-oxucu münasibətlərinin sağlam qurulmasında ən uğurlu vasitələrdən biri oxucunu söz və düşüncəylə sehirləməkdi. Kamal Abdulla bu işin öhdəsindən ləyaqətlə gəlir. Mənim bildiyimə görə, "İlişin qayıtması" hekayəsi də çoxdan yazılıb. Hekayə insan təkamülü, eyni zamanda onun qəlbinin deqradasiyası barədə danışır. Bir tərəfdən Xudadin kişi və onun "gözəgörünməz" oğlu kənddə nüfuzlu, bərk gedən insanlar kimi təsvir edilir, xüsusi gücə malikdir, digər tərəfdən isə onların mifik gücü kəndin mənəvi durumuna neqativ təsir edir. Bu hekayəni oxuyarkən istər-istəməz suallar yaranır: hansı mövzudadır? Sosial mövzudur (xarakterin formalaşmasında mühit hansı rolu oynayıb?), yoxsa psixoloji mövzudur (insan cəmiyyətə qarşı müqavimət göstərə bilərmi?), ya bəlkə fəlsəfi mövzudur (obrazlar niyə məhz bu həyat tərzini seçirlər? Kənd niyə onlara bənzəyir?), ya bəlkə dini mövzudur (onlar Allahı və dini yadına salırlarmı?).  Bəs axı, müəllifin məqsədi nədir? Əsas ideya nədən ibarətdir? Bəlkə heç müəllif bu barədə düşünməyib? Bütün bunlar çətin suallardır. Sadəcə bir hekayəni təhlil etmək üçün gərək sənin müəllifin düşüncə və təfəkkür tərzinə yaxınlığın ola. Yazıçının özü qədər olmasa da, oxucu kimi söz deməyə çətinlik çəkmərəm. Burada əsas çətinlik  Kamal Abdullanın yaratdığı prototiplərin hansı qrupa və təbəqəyə aid olmasını müəyyənləşdirməkdir. Bəs kölgə obrazı, yaxud gözəgörünməz qüvvələr, ya da cadugər obrazı.... Bəs kənd camaatı? "Camaat" da bir obraz kimi təqdim edilir. Misal üçün, elə qeyd etdiyimiz hekayədə camaat əsas "qəhrəman"ın həyatını dəyişdirə bilirmi?  Yox, onlar qorxu altında yaşayır və yavaş-yavaş bu, həyat tərzinə çevrilir.  Hekayə qəflətən İlişin ölüm xəbəriylə başlayır və qəflətən qəbiristanlıqdakı qoca qarağacın kökünün kəsilməsiylə bitir...

   Bütün camaat bilir ki, İliş "xatalı" adamdır, "hörmət-izzət" sahibidir, qolu zorludur, sözünün qabağına söz gətirən olmayıb, xərac yığır, zalımdır, amansızdır, amma ona hörmət edirlər, ondan qorxurlar, atasından çəkinirlər... və s... Onun arxasınca pıçıldaşırlar, danışırlar, amma üzünə heç nə demirlər... Onunla kəlmə kəsmək, danışmaq, tanış olmaq üçün, bir yerdə çay içmək üçün ölürlər... Bununla belə "...kənd özü də bir az Xudadin kişiyə oxşayırdı...", bütün kənd camaatı onun insanlıqdan çıxdığını anlayır, xeyirxah missiyasını unutduğunu dərk edir. Əgər hekayənin əvvəlində İlişə bir azca ehtiram göstərirdilərsə, sonda artıq onun ölüm xəbərinə xof içində qulaq asırlar: ola bilməz, o, ölə bilməz... Ölən adamın cənazəsini gətirərlər, ona qəbir qazarlar, qəbiristanlıqda basdırarlar... Cənazə yoxdur, amma Xudadin kişinin həyətində çadır qurulub, mərhumun yeddisi, cümə axşamları verilir... Camaat yas yerinə gəlir, amma tərəddüd içindədir, müəmmalı, sirli hadisədir. Cənazə yoxdur, amma ona yas saxlayırlar...  Nağıl, ya da pritça ruhuna yaxın olan bu hekayədə də canlı obrazlarla yanaşı, mifik personajlar  varlıqla idrakı qarşı qarşıya qoyur!

 

   Hekayənin finalı da müəmma və sirlə bitir, amma burda da klassik realizm mistika ilə sintez edilir: müəllif  Kölgə obrazı yaradır... İlişin kölgəsi, Ağacın kölgəsi, gözəgörünməz Qüvvənin kölgəsi.. .Etiraflar və məntiqi hökm: insan öldürür, insanı öldürürlər! Və yaxud öldürmə, öldürməsinlər! Baş kəsmə, başını kəsməsinlər! Zəmanəyə klassik çağırış: insan öz əzəli missiyasından – yaratmaq missiyasından uzaqlaşıb, qorxunc bir varlığa çevrilib!  Xudadin kişinin "yarası" "bərk gedən" oğlunun  ölümüydü, onun ölüm xəbəriydi, amma kənd buna inanmırdı, inanmırdı ki, zülmün sonu var, Allah böyükdür, hər kəs əməlinə görə cavab verir... Əli qana batmış Xudadin kişi də həmçinin...onun üçün artıq "səhər ağır-ağır açılıb qurtarmışdı...".

   Hekayədə Çexovsayağı və Şukşinsayağı sarkazmlar və eyhamlar da yer alıb. Kamal Abdullanın rus klassiklərindən fərqi bu eyhamları dini-fəlsəfi motivlərlə əsaslandıra bilməsi, obrazların xarakterinə lirik-psixoloji çalarlar qatmasıdır. Mən bu xırda detalları Markesdə ("Qanadlı Qoca mələk") də müşahidə etmişəm, amma bizim yazıçımızın orijinallığı bundadır ki, o, motivi çərçivəyə salmır, ideya və məzmunu elə bir formada təqdim edir ki, ağrılı olsa da, təsəllivericidir, sanki oxucu sakitləşir, təskinlik tapır və inanır ki, Allah var, heç kim cəzasız qalmır – nə bu dünyada, nə də o biri dünyada.  Doğan məntiq budur və Azərbaycan yazıçısı bu məntiqin bədii formasını ustalıqla həll edir.

   Ümumiyyətlə, xüsusi qeyd edim ki, Kamal Abdullada janr, kompozisiya problemi yoxdur, onun demək olar ki, bütün əsərlərində (roman, pyes, esse və hekayələri) struktur və məzmun orijinaldır, o, janrın baryerlərini məharətlə aşa bilir, bu, heç də klassik tələblərə xələl gətirmir. Kamal Abdullada dil problemi də yoxdur, bədii dilin bütün imkanlarından bacardıqca istifadə etmək, yeri gələndə canlı danışıq dilindən, ləhcələrdən, dialektlərdən istifadə etmək (özü də yerli-yerində!) imkanlarını əldən buraxmır. Kamal Abdullada mövzu problemi də yoxdur: sosial mövzular, ailə-məişət, psixoloji, fəlsəfi, dini, mistik... mövzuların bədii həllini verir...

   Yazıçının bədii fəlsəfəsi təkcə mətnlərin süjeti və mövzusuyla bağlı deyil, məntiq, estetika, mistika və güclü sarkazmla müşayiət olunur. Yığcam, lakonik, qısa bir abzas həm də zəngin informasiya mənbəyidir. Müasir yazıçı üçün ən vacib keyfiyyətdir bu. Mən bu cəhəti Kamal Abdullanın həm hekayələrində, həm də esselərində görürəm və qiymətləndirirəm. Biz çox vaxt Avropa yazıçılarından, onların yaradıcılıq metodlarından danışırıq, təəssüf ki, öz yazıçılarımızı oxumuruq, ya da az oxuyur, onların sənətkarlıq xüsusiyyətlərinə az diqqət yetiririk. Əslində Kamal Abdulla kimi yazıçılarımızın yaradıcılığını önə çıxartmalıyıq, onların dünya üçün maraqlı və yeni ola bilən metodlarından danışmalıyıq.

 

   Kamal Abdullanın obrazlarının dialoqları kənd ağsaqqalları və cavanlarının həyat tərzini, danışıq mədəniyyətini açır, onların yumor və sarkazmlarını, iti zəkalarını, maneralarını, ağıllı və ağılsız hərəkətlərini tipikləşdirir və gözümüzün qabağında hər birinin özünəməxsus xarakterləri canlanır. Misal üçün, təkcə "Sirri-zəmanə" hekayələr kitabında  39 real və demək olar ki, bir o qədər də irreal obraz var. Bu obrazların heç biri biri-birinə bənzəmir, eyni zamanda bu obrazlar hardasa, hansı nöqtədəsə birləşirlər. Yazıçı məharəti və zəhməti hesabına, yazıçı təxəyyülü və zəkası hesabına. Obrazların məişət dili zərb-məsəllərlə zəngindir; həm şəhər, həm də kənd camaatı nitqində şifahi xalq yaradıcılığından, folklordan, idiom və frazeoloji ifadələrdən istifadə edir. Bu da bizim xalq üçün xarakterik hesab olunmalıdır,  yazıçının dilin bütün incəliklərinə  bələd olmasından xəbər verir. Təbiidir. Kamal Abdulla gözəl dilçi alimdir, akademikdir və bədii yaradıcılığında bu ləyaqətli imtiyazından məharətlə istifadə edir.  Qeyd etdiyim cəhətlər Kamal Abdullanın "Labirint" silsiləsindən olan "İstintaq", "Ay işığı", "Kamera Teatrı", "Səhvlərimizin qrammatikası" silsiləsindən olan "Qədim mayyalara cavab", "Korneliusun ölümü", "Platon, deyəsən, xəstələnib", "Asiman və Zəminə", "Atama deyin ki, mən xoşbəxtəm" və s. hekayələrinə də aiddir.

   Bütün bunlar şübhəsiz böyük bir yazıçı əməyindən xəbər verir, düşünürəm ki, gələcək araşdırmaçılar Kamal Abdullanın yaradıcılığını tədqiq edərkən bu sahəyə də diqqət yetirə bilərlər. Kamal Abdullanın hekayələrində Azərbaycan dilinin geniş imkanları açılır, onun lüğət tərkibinin necə zənginləşməsi görünür. Bu barədə gərək ayrıca danışasan....

   Həyat hadisələri bütün qabarıq və sirli üzüylə açıqdır, onları görmək mümkündür. Lakin bu, o qədər də asan deyil, hazırlıqlı oxucu özü-özünə suallar verməli olur: burda yazıçı nə demək istəyir? Yazıçı niyə belə sürətli manevrlər edir? Obrazlar - canlı və cansız varlıqlar arasında münasibətlər nə üçün qəfil yaranır, və ya qəfil qırılır?.. Bəzən biz bu hekayələrdə zaman və məkanı dəqiq təyin edə bilmirik, amma obrazlar o qədər koloritli və müasirdir ki, anlayırsan: bu tiplər elə bizimkilərdi, bizim dövrün adamlardı. Xalq həyatını tipikləşdirmək, onların xarakter və yaşam tərzlərinin xüsusi çalarlarını verə bilmək bacarığına hər yazıçının əsərində rast gəlməzsən. Bu baxımdan Kamal Abdulla xoşbəxt sənətkardır; o klassik və müasir ənənəni, keçmişi və bu günü gələcəklə, gələcək dəyərlərlə (əslində dünyəvi dəyərlərlə!) bağlayır və obrazlarını müxtəlif situasiyalara (real və irreal) salmaqla belə bir çağırışla dünyaya müraciət edir: həm xeyir, həm də şər işlərlə məşğul olanların axırı onsuz da ölümdür, bu dünyada yaşamaq istəyirsinizsə, xeyir iş görün!

   Daha bir tipik misal: "Kölgə" hekayəsi rəvayət kimi nəql olunur; mətn sadə üsulla, gözəl forma və məzmunla çatdırılır. Əsasən üç obraz var hekayədə – Sənətkar, onun Kölgəsi və Cadugər. Hər şey Sənətkarın evinə gedən yolda kölgəsinin birdən-birə yox olmasıyla başlanır. Onun "kölgəsi bədənindən ayrılır". Hekayə elə bu faktla başlayır və bu da o deməkdir ki, Sənətkar artıq ölmüşdür...

   Məlumdur ki, kölgə mifoloji personajdır, insandan qabaq onun kölgəsi yox olur. Müxtəlif xalqlarda kölgəylə bağlı miflər dolaşır və yazıçı o miflərin demək olar ki, ən məntiqlisini rəvayətdə bədii şəkildə həll edir. İlk təəssürat bu olur ki, kölgə itirsə, doğurdan da, sənətkar ölür... Amma süjet və bədii təxəyyül tamam başqa, daha gözəl istiqamətlidir: Sənətkar mahiyyəti öyrənmək üçün cadugər çağırır, o da sənətkara bildirir ki, sən bu gün evə gələndə cadugərə çevrilmisən. "Bunu mələklər də edə bilər, şeytanlar da... Mən də anamın qarnında cadugər olmamışam....çox-çox illər bundan əvvəl mənim də kölgəm bədənimdən ayrılmışdı. Mən də o vaxtdan cadugər oldum. İnsanlara xidmət eləmək yolunu seçdim...".

   Nəhayət, Sənətkar sevinib deyir ki, bunu heç kimə bildirməsin, o, öz cadugərliyindən ancaq öz həyatı üçün istifadə edəcək...

   "... Cadugər cavab verdi:

   – Əsas məsələ budur ki, sən cadugərliyini gizlədib insanlara xidmət eləməkdən vaz keçsən, kölgən yenidən gəlib səni tapmaq, sənə yapışmaq istəyəcək. Sən bacardıqca öz kölgəndən qaçmalısan. Kölgən səni tapsa, o daha sənin davamın olmayacaq, o səndən dəhşətli intiqam alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cismə birləşməz...".

   Hekayənin əsas hissəsi bundan sonra başlayır, məlum olur ki, Sənətkar çox düşündükdən sonra kölgəsindən gizlənməyin yolunu tapır; adını dəyişir, görünüşünü, rəngini, evini, iş yerini... hər şeyini dəyişir, hətta qohum-əqrəbadan da üz döndərir ki, onları görməsin, sonda sevgilisini də dəyişir... Yeni sevgili tapır... və bir gün bu sirrini yeni sevgilisinə deyir... Beləliklə, sirrin üstü açılır və... Sənətkarın kölgəsi qayıdır, onu köhnə evinə sarı aparır və kölgəsi onun bədənindən ayrılan tində yenidən onun bədəninə girir.... Sənətkar ölür..."Öz kölgəndən qaça bilməzsən!" məntiqi! Amma görün bu məntiq necə təsirli formada ifadə olunub!

   Ümumiyyətlə, əlavə edim ki, yazıçının istifadə etdiyi mifik obrazların hər birinin öz missiyası var və onlar bu missiyalarını müxtəlif situasiyalarda müxtəlif cür yerinə yetirirlər.  Kamal Abdullanın hekayə və esselərində, habelə elmi mahiyyət daşıyan fəlsəfi kitabında da ("Kitabi-Dədə Qorqud" poetikasına giriş") mifoloji obrazlardan istifadə olunur, onların mahiyyəti və fəlsəfəsi maraqlı bir metodla açılır...

   Kamal Abdulla Azərbaycan ədəbiyyatında həm də esse ustası kimi tanınır. Onun "300 azərbaycanlı" esselər kitabı mənim stolüstü kitablarımdan biridir, oxuduqca oxumaq istəyirəm, oxuduqca yeni çalarlar, yeni duyğular, yeni fikirlər tapıram. Yazıçının fikrincə, kitabın əsas qəhrəman – obrazları "mənşəyi Azərbaycan olan 300 düşüncə budağı, 300 azərbaycanlı məslək və ləyaqət tərzi, 300 abır və həya nümunəsi..."dir... Yenə elə həmin esselər toplusunda Kamal Abdulla yazır: "...Bizim ən çox sevdiyimiz şey "o kimdir?", "sən kimsən?", "onlar kimdirlər?" suallarını ortaya atıb bu suallara öz bəyəndiyimiz cavabları verməkdir. Unuduruq ki, bütün bu suallardan əvvəl hər birimizin ayrıca "Mən kiməm?" sualı olmalıdır. Cavabdan da vacib o sualdır. Bəlkə də son ümid olan o sual bizi əvvəl-axır düz-əməlli bir cavaba doğru aparan yola sala biləcək..."

   Kamal Abdulla "Mən kiməm?" sualına dolğun və doğru cavab verən filosof yazıçıdır; bədii-fəlsəfi düşüncənin itiliyi, elmi-fəlsəfi fikrin dəqiqliyidir  Kamal Abdulla, nəhayət, o, bizim müasirimizdir və əminəm ki, bundan sonra doğulacaq neçə-neçə nəslin də müasiri olacaq. Və sonda: Argentinanın hansısa kəndindən çıxmış bir yazıçını tərcümə edib yaymaqdansa, Kamal Abdulla səviyyəsində olan nasir və şairlərimizin əsərlərini tərcümə etmək, dünyaya çıxarıb yaymaq  xalqımız üçün daha önəmli olar. 

Kamran NƏZİRLİ

Kaspi  2018.- 17-19 noyabr.- S.14.