Ruhumun gənc qalmağına görə, ailəmə minnətdaram
Mələkxanım
Əyyubova: “Sənətdə kapriz məsuliyyətdən
irəli gəlir”
Müsahibimiz Xalq artisti Mələkxanım
Əyyubovadır.
– Bu
günlərdə ad gününüz
oldu, necə qeyd etdiniz?
– Elə insanlar var ki, ad günü yaxınlaşanda, yaş üstünə yaş gələn-də kədərlənirlər. Ancaq mən heç vaxt yaşımın artmasına kədərlənmirəm, çünki yaşım artdıqca enerjim daha da artır, sənətimlə bağlı xoş sözlər eşidirəm. Ona görə də yaş artımı məni narahat etmir. Mən anayam, həyat yoldaşıyam, qaynanayam. Ad günümdə ailəm məni təbrik edir, şərəfimə məclis qurur, müxtəlif televiziya kanalları ad günümü qeyd edir. Yəni çoxyönlü diqqət mərkəzində oluram. Bütün bunlar məni ürəkdən sevindirir.
– Bu
gün dönüb
geriyə – həyat və sənət yoluna
nəzər salanda hansı hissləri
yaşayırsınız?
– Ömür hardasa özünlə hesablaşma yoludur. Hər zaman özüm özümə hesabat verirəm, həyatım boyu nəyi düz etmişəm, nəyi səhv etmişəm. Hər dəfə geriyə baxanda peşmançılıq, təəssüf, xəcalət hissi keçirdiyimi xatırlamıram. Çünki hər zaman gördüyüm bütün işlər planlı şəkildə olub, səbirli olmuşam, bir kəlməni düşünmədən deməmişəm, düşünülmüş addımlar atmışam. Bəlkə, buna görə də çox ciddi səhvlərim, təəssüf edəcəyim hallar olmayıb. Hər zaman özümü, ailəmi, sənətimi qorumuşam, xalqımın qarşısına hər zaman alnıaçıq çıxmışam. Övladlarım deyirlər ki, biz fəxr edirik ki, sən bizim anamızsan. Çünki, istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda olanda sənin haqqında ancaq xoş sözlər eşidirik, bu da bizi qürurlandırır Qəlbimdə hər zaman mərhəmət hissi olub, heç vaxt paxıllıq hissi ilə yaşamamışam. Mənim köməyimə ehtiyacı olan insanlara qarşı mərhəmətli olmuşam. Nə yaxşı ki, Allah mənə belə bir gözəl, rəhmli ürək verib. Bu mərhəmət mənə nəslimdən keçib. Rəhmətlik nənəm Məşədi Mələk xanım çox əliaçıq, rəhmli insan idi. Atam əlində olan son pulunu ehtiyacı olanlara verərdi.
– Sirli,
sehrli bir dünya olan
muğamlarımız sizin ifanızda
özünəməxsus səslənir. Bunun
sirri nədədir?
– Muğamı mərsiyə kimi oxumağın hər zaman əleyhinə olmuşam. Muğamı klassik üslubda elə oxumaq lazımdır ki, onu həm yaşlı, həm də gənc nəsil sevsin. Axı muğam bizim milli xəzinəmizdir. Mən muğamı elə oxuyuram ki, dinləyənlər onu dərk edə bilsinlər, mənim ifamda qəzəlin hər kəlməsi eşidilən, anlaşılan olur və bu səbəbdən də tamaşaçılar mənim ifamda ən mürəkkəb muğamı da dərk və qəbul edir.
– Sizin səsiniz bütün musiqi janrlarında eyni ustalıqla səslənir.
– O, Allahdan gələn vergidir.
Mənim səsim hər janra uyğundur. Muğam, dəsgah,
bəstəkar mahnıları, estrada, xarici mahnılar, hamısını oxumuşam. Hətta opera da oxumuşam. Səsim bütün janrlara uyğun gəlir. Bu da mənim xoşbəxtliyimdir.
– Sizi qane edən
tələbələriniz varmı?
– Hələ yetişməlidirlər. Əsil sənətkarın yetişməsi illər, zəhmət tələb edir. Tələbələrim arasında hələ ki, qeyri-adi səs sahibi yoxdur. Əslində bu gün sənətə gəlmək asandır, amma o asanlığın içində bir çətinlik də var. Hazırda dövlətimiz sənətkarı maddi olaraq təmin edir, konsert verməsi üçün şərait yaradır, hər şey təşkil olunur, amma deyə bilərəm ki, bütün bu qayğılara baxmayaraq, gənclərimizin bəzilərində bir tənbəllik var. Mən sənətə indiki zamanda gəlsə idim, nələr etməzdim? Sənətə gəlişim çox əziyyətli olub. Yuxu nədir, bilmirdim, gecəm-gündüzüm yoxdu. On dörd yaşında arıq, çəlimsiz bir qız idim, artıq səhnələrə çıxırdım. Səhər tezdən dərsə gedirdim, ordan orkestrə, ordan "İrs” ansamblına, ordan rayona, ordan xaricə gedirdim. Bütün günü halsız olurdum, yemək yeməyə vaxtım belə olmurdu. İndiki gənclərə hər şey rahat gəlir, ona görə də əziyyət çəkmək istəmirlər.
– Musiqi ilə bağlı müxtəlif bənzətmələr
var: Musiqi ruhun qidası, qeyri-adiliyin
əks-sədası, quşların cəh-cəhi,
bulaqların şırıltısı, göy
gurultusudur və daha nələr,
nələrdi. Musiqi ilə bağlı sizin bənzətməniz necə
olardı?
– Mən özüm başdan-ayağa musiqiyəm. Evdə tez-tez piano arxasına keçirəm, ürəyimdən gələn musiqini ifa edirəm. Evdə iş görəndə mahnılar zümzümə edirəm. Təbiətdə olanda quşların cəh-cəhini, bulaqların şırıltısını, göy gurultusunu eşitmək isə başqa bir aləmdir. Qulağı olub dinləyənə həyat və təbiət özü başdan-başa bir musiqi rəngarəngliyidir.
– Müxtəlif musiqi janrlarının sintezinə necə
baxırsınız?
– Heç də pis baxmıram. 90-cı illərin ortalarında mahnıları aranjeman etməyə, dəyişiklik etməyə yaxşı baxmırdılar, icazə vermirdilər. Ancaq mən o illərdə xalq mahnılarımızda, klassik əsərlərimizdə bəzi dəyişikliklə etdim. Bəzi mahnılar illərlə monoton şəkildə oxunub, dəyişikliklər etdim ki, qulağa bir az müasir gəlsin. Mahnını dəyişməklə onu yenidən yaşatmış oluruq. Bir çox bəstəkar mahnılarını, "Süsən sünbül”, "Ləbu-ləb”, "Lay-lay” , ”Axı mən neylərəm” mahnılarını əsas ruha xələl gətirməmək sərtilə yenidən yaşatmışam. Xalq musiqisi ifaçıları arasında yeganə müğənniyəm ki, oxuduğum mahnılara klip çəkdirmişəm. O zaman bu tələb olunurdu. Hər dövrün nəbzini tutmaq lazımdır. Çünki, nəsil dəyişir, hər gələn nəslə özünü sevdirməyi bacarmalısan. "Kor ərəbin mahnısı”nı, "Gərək günəş dağları aşıb sönməyəydi” mahnısını əlli ildən sonra bərpa edib yenidən oxudum. Bir neçə il əvvəl "Mən necə bağban olaram” mahnısını oxuyanda xanəndələr mənə birtəhər baxırdılar ki, bu nə mahnıdır oxuyur. Amma bu mahnı hələ də toylarda,e l məclislərində oxunur, xalq mahnısı kimi qəbul olunur. Deməli, mən hər zamanın nəbzini tutmağı bacarıram, keçmişdə ilişib qalmıram. Nəbzi tutanda, o ruhu, xalqın ruhunu oxşayanda əlli il də sənətdə olsan, həmin zamanın müasir ifaçısı olursan. – Siz həm də peşəkar qarmon ifaçısısınız. Qarmonla ifanızı lentə yazdırmısınızmı?
– Bunu düşünməmişdim. Gələcəkdə qarmon ifamda bir neçə musiqi nömrəsini lentə yazdıracağam.
– Hazırda
hansı layihələr üzərində işləyirsiniz?
– Hər yaş dövrü gəldikcə muğamları başqa cür hiss edirsən. On il əvvəl oxuduğun muğamı bu gün bəyənmirsən, o mənada ki, artıq ona başqa yanaşırsan. Bu gün oxuduğun muğamı on ildən sonra başqa cür hiss edəcəksən. Muğamlarımız bir dəryadır. Nə qədər ömrüm varsa, onları lentə yazdıracağam. Bəstəkarlarla yeni mahnılar üzərində işləyirəm, İncəsənət universitetində pedaqoji fəaliyyətim davam edir, metodik vəsaitlər üzərində çalışıram. Tələbələrlə çox məşğul oluram. Ümumiyyətlə, müəllimin tələbə üzərində əziyyəti çox böyükdür. Bu il müəllimim Qulu Əsgərovun 90 illik yubiley tədbirini təşkil etdim. Gələn il yeni konsert proqramı ilə sevənlərimin qarşısına çıxacağam. Əgər səsim, səhnə görünüşüm hələ yerindədirsə, onda davam etməyə dəyər. Düşünürəm ki, Allahın izni ilə hələ çox illər səhnədə olacağam. – Eşitdiyimə görə sizin ən diqqətli dinləyiciniz və tənqidçiniz həyat yoldaşınızdır...
– Bəli, elədir. Hər zamanda elə olub. Biz həyat
yoldaşımla eyni rayondanıq. Qohum olmasaq
da, uşaqlıqdan ailələrimiz arasında
gediş-gəlişimiz olub.
Yoldaşıma deyirəm ki,
sən mənə yox, səsimə vurulmusan (gülür).
Mən nə zaman oxuyuramsa,
ifamı heyranlıqla,
sevərək dinləyir,
amma onun içində bir tənqid də axtarır. Təbii ki, başqalarının
mənə nə isə deməsindənsə,
onun tənqid etməsi daha yaxşıdır. Bəzən
deyirlər ki, Mələkxanım nə
yaxşı gənc, gözəl qalıb. Bütün bunlar ailəmin
sayəsindədir.
– Övladlarınız
yolunuzu davam etdirmədi. Nəvələrinizin sənət yolunuzu
davam etdirməsini istəyirsiniz?
– İstedad
elə bir şeydir ki, əgər Allah onun qismətinə yazıbsa
o, hardansa parlayacaq. Bu, alın yazısıdır.
Biz ailədə yeddi uşaq idik, onların arasında ancaq mən parladım. Bibimin övladı olmadığına
görə məni ailəm uşaq yaşlarımdan bibimə
verib. Mən gəldim Bakıya, burada
böyüdüm və
təhsil aldım. Rayonda qalsa idim,
bəlkə də, müğənni ola bilməyəcəkdim.
Bəlkə də, istedadım
ortaya çıxacaqdı,
amma gec olacaqdı. Allah məni seçdi, elə bir yolla,
hansı bir səbəbdənsə gəlib
Bakıda yaşadım
və parladım.
Qardaşımın və bacımın
övladları da istedadlıdırlar. Onlara da
mən dəstək oldum. Övladlarımda
da istedad var. Yoldaşım uşaq yaşlarından rəssamlıqla məşğul
olub. Ona görə qızım
da incəsənətin
o yolu ilə getdi, modelyer-dizayner üzrə təhsil aldı. Uşaq yaşlarında Aybəniz
Haşımovanın qrupunda
fəaliyyət göstərib,
qrupla birlikdə xarici ölkələrə
qastrol səfərlərinə
gedib. Lazımi səviyyədə səhnəyə yararlı
istedadı olmadığından
mən onun bu sənətdə olmasını istəmədim.
İstedadı olan yad insana dəstək
olaram, çünki istedadı var. Ancaq övladım olduğu üçün onu irəli çəkim, bu xüsusiyyət mənə yaddır.
Övladım hansı sahədə
uğur qazanarsa o sahəyə də getməlidir. Oğlum
iş adamıdır.
– Övladlarınızın tərbiyəsində
ailədə üstünlük
daha çox kimdə olub, sizdə yoxsa həyat yoldaşınızda?
– Heç bir zaman evdə
müğənni olduğumu
hiss etdirməmişəm. Xarici səfərlərdə,
konsertlərdə də
olsam ailəmə yoxluğumu hiss etdirməmişəm.
Doğrudur, ev
işlərində mənə
anam, köməkçim,
həyat yoldaşım
köməklik edib, ancaq uşaqların tərbiyəsi ilə əsasən özüm məşğul olmuşam.
Həyat
yoldaşımda peşəsindən
irəli gələn əsəbilik, səbirsizlik
var. Mən isə əksinə, çox səbirli insanam. Övladlarımı elə
bir səbirlə tərbiyə
edirəm ki, nə uşağın ruhu inciyir, nə
də mənim. Xüsusilə, yetkinlik yaşda
olan uşaqlarla daha ehtiyatlı və təmkinli davranmaq lazımdır.
Ona görə də çalışmışam ki,
uşaqların tərbiyəsi
baxımından üstünlük
məndə olsun.
– Evdə hansı işləri görünməkdən
zövq alırsınız?
–
– İnanırsınız ki,
evdə köməkçilərim
var, onlar məndən bezirlər. Evi
yığışdırırlar,
baxıram, deyirəm bu, xoşuma gəlmədi, bunu belə elə, xörək bişirməyə gəlincə,
deyirəm, siz hər şeyi hazırlayın, özüm
bişirəcəyəm. Öz paltarlarımı
özüm yuyuram, özüm də ütüləyirəm, heç
kimə etibar etmirəm. Bir paltarımı bəlkə
iki saata əzizləyərək yuyuram,
iki saata ütüləyirəm. Mən çox
təmizkaram. Mən efirə
çıxanda deyirlər
ki, siz kaprizli
xanımsınız. Deyirəm,
kaprizli gözəl sözdür, ancaq qarşısına onun tərcüməsini də
yazın – məsuliyyətli.
Yəni sənətdə kapriz məsuliyyətdən irəli
gəlir. Saçımı
ən yaxşı usta düzəldir, makyajımı edir. Mən ən xırda nöqtəyə belə fikir verirəm. Saç ustam mənə deyir ki, sən
iri güzgü ilə baxırsan, ona görə belə görürsən.
Deyirəm ki, efirdən
də mənə elə güzgü ilə baxırlar, hər nöqtəni görürlər.
– – Cəmiyyət
arasında və ailədə sevgi ilə əhatə olunmuş bir insansınız. Sevginin həyatınızdakı rolu nədən ibarətdir?
– Həyatımda sevgi oxumaqdan da irəlidədir. Hər zaman deyirəm, deyəcəyəm də sevgisiz yaşaya bilmərəm. Hər an sevgi ilə əhatə olunmalıyam. İstər övladlarım, həyat yoldaşım, istəsə də, xalq və tələbələrim tərəfindən. Universiteti bitirən tələbələrim məni görməyə gəlirlər, görsəniz necə gəlirlər, ağlaya-ağlaya, mən də onlara qoşuluram, mənə sarılırlar, qucaqlayırlar. Bunu qazanmaq bilirsiniz nə deməkdir? Onlara ürəyimi vermişəm. Hətta magistr tələbələrim mənə zəng edərək telefonda ağlayırlar, deyirlər, müəllimə, biz sizi unutmuruq. Deməli, mən o sevgimi xalqıma, ailəmə, tələbələrimə, dostlarıma verə bilirəm ki, qarşılığını da alıram. Buna görə də xoşbəxtəm.
Söhbətləşdi: İntizar
İsmayıl
Kaspi.-2018.-17-19 noyabr.-S.11.