“Bu konsert mənim
hesabatımdır”
Faytonçu
Nazim: “İkinci həyatımda mülayim bir insana
çevrilmişəm”
Faytonçu Nazim Pişyari noyabrın 29-da Heydər
Əliyev Sarayında "Darıxmışam, Bakıdan
danış” adlı konsert proqramı ilə
çıxış edəcək. Uzun illərdir ki, səhnədə
olan ifaçı ilk dəfə solo konsert proqramı ilə
tamaşaçıların qarşısına keçəcək.
Sağlamlığı ilə bağlı məsələlər
bir müddət gündəmdə olduqdan müğənni
solo konsertlə diqqət mərkəzinə qayıdacaq.
İfaçı bizimlə söhbətində
qeyd etdi ki, artıq keçmişlə yaşamaq istəmir və
həyatında yeni bir səhifə açmaq niyyətindədir.
Bunun üçün konsert vermək ən ideal
vasitədir.
- Nazim bəy, konsertdən gözləntiləriniz
nələrdir?
- "Darıxmışam, Bakıdan danış”
konsertimdən gözləntilərim çoxdur. İstəyirəm
ki, tamaşaçılar burada məni fərqli Nazim kimi
görsünlər. İnsanlar konsert
zamanı asudə vaxt keçirsinlər, istirahət etsinlər,
əylənə bilsinlər. Zalda əyləşən
insanların əhval-ruhiyyəsini enerji olaraq qəbul etmək
istəyirəm. Bilirsiniz ki, incəsənət
adamları əhvaldan asılı olurlar. Hər
xırda nüans onlara təsir edir. Ümid
edirəm ki, zalda əyləşən insanların
simasındakı təbəssüm mənə daha çox
ruh verəcək. Demək olar ki, konsertin
bütün proqramı hazırdır. Rejissorumuz Aqil
M.Quliyev, aparıcımız isə Kamran Həsənli olacaq.
- Demək olar ki, ikinci həyatınızı
yaşayırsınız, həm də bu il
50 illik yubileyinizdir. Belə olan halda, konsertinizin
adını nə üçün "Darıxmışam,
Bakıdan danış” qoydunuz?
-
Sağlamlığımla bağlı Türkiyədə
müalicədə olarkən Bakı üçün
darıxırdım. Təəssüf ki, orada
Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet
vasitəsi ilə xalq mahnılarımızı dinləmək
imkanım olurdu. Vətən, Bakım
üçün burnumun ucu göynəyirdi.
Bakının küçələri, qoxusu... Vətənə
dönər-dönməz, belə bir konsert proqramı ilə
çıxış etmək qərarına gəldim. Onu da deyim ki, konsertdə ifa edəcəyim bir
mahnının sözlərində də "darıxmışam,
Bakıdan danış” ifadəsi var. Konsertin adını
mahnının sözlərinə uyğun seçmişik.
- Konsertin biletləri ucuzdurmu?
-
Münasibdir. Belə ki, biletlərin qiyməti
10-80 manat arası dəyişir. İstədik
ki, konsertdə mahnılarımı dinləmək istəyən
bütün təbəqələrin nümayəndələrini
nəzərə alaq. Hesab edirəm ki,
biletlər o qədər də əlçatmaz deyil.
- Solo konsert verməyi necə qətiləşdirdiniz?
- Əslində dostlarım, ailəm, əhatəm hər
dəfə mənə konsert verməklə bağlı irad
tuturdular. Hətta mənə yarızarafat deyirdilər ki, 50
yaşın tamam olur, konsert ver ki, nə vaxtsa and içəndə
deyəsən ki, 1 dəfə solo konsert vermişəm
(gülür). Artıq 50 illik yubileyimdir.
Düşündüm ki, niyə də yubileyimdə
özümə hədiyyə etməyim? Bu
yaşda konsert verməyib də nə vaxt edəcəm? Bu konsert mənim hesabatımdır.
- 50 yaşında konsert proqramı ilə
çıxış etmək gec deyilmi? Sizcə,
bu konserti verməyə gecikməmisinizmi? Axı sizin
daha çox gündəmdə olan,
mahnılarınızın dillər əzbəri olan zamanlar
da olub.
-
Razıyam. Qəbul edirəm ki, gecikmişəm.
Mənim həmkarlarım silsilə konsert verdiyi
halda, mən bundan imtina etmişdim. Hər
işdə bir xeyir var. İndi fərqli düşünürəm
və özümü kamilləşmiş hesab edirəm.
- Konsertdən gəlir götürməyi
necə, düşünürsünüzmü?
-
Düşünmürəm. Açığını
desəm, indi hər şey bahadır, düşünürəm
ki, başa-baş çıxsaq, böyük şeydir
(gülür). Əsas odur ki, ziyanla
çıxmayaq. Qalan hər şey düzələr.
Qismətimdə nə varsa, o da olacaq. Əslində, mən çox təvazökar insanam.
Hər şeyə həssas yanaşıram.
-
Konsertdə yeni mahnılarınızı eşidə biləcəyikmi?
- Yeni mahnılarımdan Nadir
Əzimov, Faiq Sücaəddinov, Xanım
İsmayılqızıdan olan mahnılarımı səsləndirəcəm.
Çalışacam ki, onları da sevilən
mahnıların siyahısına daxil edə bilim.
- İndi müğənnilər
daha çox xərcləri çıxmasın deyə,
aranjeman olunmuş mahnılara üstünlük verirlər,
yaxud da ki, ifa edəcəkləri mahnıları özləri
yazırlar. Siz necə?
- Mənim
elə bir istedadım yoxdur. Mahnı bəstələmək
fikrində də deyiləm. Üç-beş
günlük mahnılar ifa etmək istəmirəm. Heç zaman gündəmə gəlib-getmək
üçün 3-5 günlük mahnı ifa etməmişəm
və hər zaman bəstəkarlarla işləmişəm.
Əgər bəstəkarlara verməyə pulum
olmasa, retro mahnılarımıza müraciət edib, onları
yeni bir tərzdə ifa edərəm.
- Konsertdə fayton olacaq?
- "Faytonçu” mahnısı ilk ifa etdiyim mahnı
olacaq. Sizə bu barədə başqa heç nə deyə
bilmərəm.
- Konsertdən sonra hansı işləri
görmək istəyirsiniz?
- Dekabrda
İsrailə gedəcəm, orada iki konsertim var. Qismət olsa,
ondan sonra Amerikada - Filadelfiya və Kaliforniya ştatlarında
iki konsert proqramı ilə çıxış edəcəm.
- Sizin
sağlamlığınızla bağlı bir müddət
mediada söz-söhbətlər gəzdi. O xəbərləri
oxuyanda sarsıntılar keçirirdinizmi?
- İstər sağlam oldun, istər qeyri-sağlam,
özü haqqında bu cür xəbərlər oxuyan hər
kəs xəstəliyə düşərdi. Haqqımda o qədər
şeylər yazırdılar ki. Hətta
haqqımda danışılanlar mənə gəlib
çatırdı və təbii ki, bu,
sağlamlığıma pis təsir edirdi. Çalışırdım ki, medianı izləməyim.
"İt hürər, karvan keçər”
prizmasından yanaşmağa çalışdım.
- Həkiminizin
sizi bu hala gətirdiyi və sizə yanlış diaqnoz
qoyulduğu deyilirdi.
- Öd
kisəmdən uğursuz əməliyyat oldum. Mənə
onkoloji diaqnoz qoyuldu. Biz də İsrailə
üz tutduq. Orada yoxlandım, dedilər ki,
siz sağlamsınız, heç bir probleminiz yoxdur. Türkiyəyə getdik, məlum oldu ki, həqiqətən
məndə onkologiya ilə bağlı heç bir problem
yoxdur və sağlamam. Gördüyünüz
kimi, bu gün sizlərin qarşısındayam.
Uğursuz əməliyyatın fəsadlarını bir il çəkdim. O həkimi məhkəməyə
verdim və artıq barışıq elan olunub. Həmin həkim
də təzminatın
bir hissəsini mənə ödədi.
- İnsan dar gündə
dostu və düşmənini tanıyır. O çətin günləriniz sizə düşmənlərinizi
tanıtdımı?
- İnsanlar üçün bu qədər önəmli
bir şəxs olduğumu bilmirdim. Bu xəstəlikdə
xalqın mənə olan sevgisini gördüm. Tanımadığım insanlar mənə dəstək
oldu, yaşamağa ruhlandırdı. Kino və
teatr xadimləri, xalq artistlərimiz, digər sənətçi
dostlarım mənim səhhətimlə maraqlandılar. Sosial şəbəkədə, telefonla mesajlar
yazdılar. Onların "darıxma, biz səninləyik”
ruhlu mesajları mənə çox böyük dəstək
oldu. O ərəfələrdə həmin sözlərə
o qədər ehtiyacım var idi. Həmin an
bu sözlərin özü belə insana dərman kimi gəlirdi.
Məni pis günümdə xatırlayan hər
bir dostuma təşəkkürümü bildirirəm. İncidiyim insanlar olmadı. Həyatımız
o qədər mürəkkəb, zaman o qədər dardır
ki, heç kimi günahlandırmıram və heç kimdən
də incimirəm. Bəzən dostlarımın
başına elə hadisələr gəlir ki, mən də
zamanında onların yanında ola bilmirəm,
çatdıra bilmirəm və ona görə də heç
kimdən incimirəm. Həyatdır, ola
bilsin ki, kimlərinsə başına nəsə gəlib və
mən də onların köməyinə çata bilməmişəm.
Bunun üçün də belə şeylərə
normal baxıram.
- Həkim
sizə onkoloji diaqnoz qoyduqda hansı hissləri keçirdiniz?
- Sadəcə,
ailəmi və övladlarımı düşündüm. Mənsiz onlara nə olacaq, necə yaşayacaqlar -
deyə düşünməyə başladım.
İnsana ən əziz, doğma kim ola bilər
– təbii ki, onun ailəsi. Düzdür,
şükür, bu gün hamı yaxşı-pis dolanır.
Ancaq "onların taleyi necə olacaq, onları
yenə görə biləcəyəmmi” kimi fikirlər
keçdi ağlımdın.
- Bəs
indi sağlamlıq durumunuz necədir?
- Şükürlər olsun ki, hər şey
yaxşıdır. Heç bir müalicə almıram.
Bu konserti məhz ona görə verirəm ki,
insanlar görsünlər ki, faytonçu Nazim sağlamdır
və bu mövzu bağlansın. İstəmirəm,
yoldan keçən kimsə desin ki, başına gələnlər
nə idi? Hadisə idi, oldu, bitdi... İstəyirəm
ki, bu hadisə unudulsun və tamaşaçıların
yaddaşında konsert proqramı ilə qalım, məni belə
xatırlasınlar. İstəyirəm ki,
həyatımın neqativ hissəsini hər kəs unutsun.
Bilirəm ki, bunun üçün də vaxt
lazımdır.
- Demək olar ki, ikinci həyatı
yaşayırsınız?
- Əlbəttə, mən artıq ikinci həyatımı
yaşayıram.
- Bəs bu həyatınızda nələri
dəyişmək istəyərdiniz?
-
Artıq çox şeyləri dəyişmişəm - həyata
baxışımı, prinsiplərimi.
Çalışıram ki, çox əsəbiləşməyim,
hər xırda detala fikir verməyim. Mülayim
insana çevrilmişəm. Əvvəl
çox çılğın idim. İndi
o çılğınlıq yoxdur. Hər
şeyə normal baxıram. Əvvəllər
nəsə alınmayanda çox əsəb keçirirdim,
onu dərd edib deyinirdim.
- Siz Rusiyada Azərbaycan
toylarında ən çox çıxış edən
ifaçılardan idiniz. İndi necə,
sizi dəvət edirlərmi?
- Səhhətimlə bağlı yaranan problemdən
sonra Rusiyaya əvvəlki kimi toylara getmirəm. Bu problem mənim
Rusiya toy biznesimə də təsir etdi. İnsanlar
düşündülər ki, dəvət edərik, təyyarədə
başına bir iş gələr, ya burda səhhətində
bir problem yaranar. Ancaq yerli toy, şou-biznesə heç bir təsir
göstərmədi. İnsanların beyinlərində suallar
var idi və o suallar aradan götürülüb.
Tamaşaçılar görürlər ki, efirlərə də
çıxıram, radioya da gedirəm və ara-sıra mətbuatda
da görünürəm.
Xəyalə Rəis
Kaspi.-2018.-20 noyabr.-S.12.