"Əlilliyi olan şəxslər: fiziki
məhdudiyyətdən sosial inteqrasiyaya”
Fiziki qüsurlu, əlil gənclərlə söhbət etdikdə içimdə ruh yüksəkliyi yaranır. Ona görə ki, onlar həyatı, yaşamağı bizdən daha çox sevirlər. Özlərinə qapanmır, müxtəlif cəmiyyətlərdə toplanır, tədbirlərdə iştirak edir, əylənməyin və şənlənməyin müxtəlif üsullarını tapırlar. Fiziki məhdudiyyətli olduqlarına görə içlərinə qapanıb, özlərini çərçivəyə salmırlar. Artıq bu cür insanlara qarşı fərqli düşünməyə və onlarla fərqli davranmağa başlamışam. Bilirəm ki, bu şəxslər istəmirlər, kimlərinsə onlara yazığı gəlsin. Bunun üçün əllərindən gələni edir, öz ayaqlarının üstündə dayanmağa çalışırlar. Buna can atır, cəmiyyətdə onlar haqqında formalaşmış fikirləri dağıtmaq istəyirlər.
Bunun üçün
təbii ki, təhsil önəmli və ən
vacib şərtlərdəndir. Məhz təhsil
vasitəsi ilə yaşıdlarının arasında
görünmək və onlarla bərabər
eyni auditoriyada təhsil
almağı arzu edirlər.
Bu günlərdə Milli Məclisdə 2019-cu ilin
büdcə müzakirələri zamanı millət vəkili
Qənirə Paşayevanın əlillərin təhsil
haqlarından azad olunması ilə
bağlı təklifi ilə qarşılaşdım. O,
çıxışında bildirib ki, birinci qrup
əlillər yataq xəstələridir. Kimin evində birinci qrup əlil varsa, orada ikinci insanın da işləməsi mümkünsüzdür.
Çünki birinci qrup əlil iş görmək
qabiliyyətinə malik deyil
və ona xüsusi
şəkildə qulluq göstərmək
lazımdır: "Beləliklə, bir
ailənin iki üzvü
işləyə bilmir və verilən vəsaitlə
həmin ailəni saxlamaq mümkün
deyil. Eyni zamanda, ali məktəblərdə
təhsil alan əlillərin ödəniş
məsələləri ciddi məsələdir.
Azərbaycanda nə qədər əlil tələbə var ki, onlar
ödənişlərdən azad olunmurlar? Axı həmin vəsait dövlət
büdcəsi üçün nə qədər
ağırlıq, yük təşkil edir ki? Ona
görə hesab edirəm ki,
əlil tələbələr ödənişlərdən,
təhsil haqlarından azad
olunmalıdırlar”
Bəli, millət vəkilinin bu
çıxışı əlil gənclərin lap ürəyindən xəbər verdi. Çünki onlar artıq evlərdə özəl formada təhsil almaq istəmirlər.
Onlar öz həmyaşıdları
kimi təhsillərini universitetlərdə
almaq, tələbə həyatı yaşamaq istəyirlər. Amma
və lakin...
Onların sizə sözü
var
Övladı birinci qrup əlil olan Simuzər xala deyir ki, oğlunun arzusu universitetdə hamı kimi təhsil almaq və başqalarından seçilməməkdir: "Evdə övladıma baxdığım üçün mənim işləmək imkanım yoxdur. Onun yeməyi, geyimi, gündəlik qayğıları çoxdur. Universitetlər də ödənişlidir, ödəniş haqları həddindən artıq baha olduğu üçün oğlum universitetə sənədlərini verə bilmədi. Onun gözü hər zaman yolda qaldı. Təəssüf ki, universitetdə əsasən imkanlı ailələrin əlil uşaqları təhsil alır”.
Mətin Gənclər Birliyinin rəhbəri, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kursunda təhsil alan Mətanət Qüdsideyir ki, normal insanlarla bərabər hüquqlu imkanları olmadığı üçün onlar çox çətinliklə təhsil alır və yaxud da bu arzudan vaz keçirlər: "Azərbaycanda birinci qrup əlil barmaqla sayılacaq qədərdir. Onların maddi imkanı yoxdur ki, nəyisə ödəsin. Mən universitetdə oxuyanda təhsil haqqımı ödədim. Axı mən digər yaşıdlarım kimi təhsil mərkəzinə avtobusla, metro ilə getmirəm. Normal tələbələrin 1 aylıq yol xərcini mən 2 günə taksidə istifadə edirəm. Hamı üçün bərabər imkanlar yaradılsaydı, mən də onlar kimi ictimai nəqliyyatdan istifadə edərdim. Əlbəttə, bu şəraiti bizə yaratsaydılar, şad olardıq. Bəzən həqiqəti qəbul etmirlər. Həqiqətə bir az başqa don geyindirib demək lazımdır. Hər insan bizim həqiqətləri qəbul edə bilmir. Gəncə Dövlət Regional Kollecini bitirmişəm. Dərsim ikinci mərtəbədə idi, mənə görə rektorumuz dərslərimizi aşağı mərtəbəyə saldı. Digər əlliyi olan dostlarım var ki, onlar da universitetdə oxuyurlar, onların maddi imkanı yoxdur ki, illik təhsil haqlarını ödəsinlər. Onlar müəyyən şəxslərin yardımı ilə bu ödənişi həyata keçirirlər, bəzilərinin isə hələ də gözləri yoldadır”.
Birinci qrup
əlil olan Masər Həsənov Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Kinorejissorluq”
ixtisasında təhsil alıb. Deyir ki, istedadı dəstəkləmək mütləqdir,
əks təqdirdə, o həvəs yox olacaq: "Universitetdə
bizə hər hansı avantajlar
yaradılmırdı. Əksinə, film
çəkmək üçün
kameralarımız köhnə idi. Başqa bir avadanlıq
götürəndə belə onun pulunu öz cibimizdən
ödəyirdik. Bilmirdim təhsil
haqqımı ödəyim, yoxsa
avadanlıqları alım. Universitetin
"Sabah” qrupu mənə
ikinci kursdan köməklik
etdi, Kinematoqraflar
İttifaqından Rasim Ocaqov
təqaüdünü ayırdılar. Daha
sonra bir bank mənə sponsorluq etdi. Yığdığım pulları
çəkdiyim filmlərimə xərclədim. Bu gün qaçqın və
məcburi köçkünlərə hərtərəfli
kömək edirlər, onlar təhsil
haqqından azaddırlar. Mənə əlil deyilməsini xoşlamıram.
Çalışıram hər şeyi özüm edim.
Dostlarım da mənimlə eyni fikirdədirlər. Buna
baxmayaraq, dəstək hər zaman lazımdır. Təhsil haqlarımız
ödənilsə, yaxşı olar”.
Bakı Dövlət Universitetinin
1-ci kurs tələbəsi, gözdən əlil
Xanoğlan Sadiq isə
deyir ki, təhsil
haqqı ilə bağlı müxtəlif qurumlara
müraciət etsə də, heç kimdən
səs çıxmayıb: "Qanunvericilikdə şəhid
ailələri, məcburi köçkünlərin
övladları təhsil haqlarından azaddırlar. Biz buna həqiqətən
sevinirik. Bu, dövlət
tərəfindən böyük
yardımdır. Ancaq bizim
də təhsilə çox
ehtiyacımız var. Çünki
ümidimiz ancaq
onadır. Sizi inandırım ki, ödənişimlə
bağlı avqust ayında müraciət
etmədiyim dövlət və ya özəl
qurum qalmadı, ancaq təhsil
haqqını ödəməkdə mənə dəstək
çıxan tapılmadı. Onların hamısına məktub
yazaraq müraciət etdim.
Dörd ay keçməsinə
baxmayaraq, hələ də bir cavab gəlməyib”.
"Ölkə üzrə bu
kateqoriyadan olan tələbələrin
sayı yüz əlli nəfər də deyil”
Təhsil eksperti Kamran Əsədov son illərdə ölkə rəhbərliyinin təhsil sistemində apardığı islahatların gənclərə qayğı, dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd etdi. Ekspert məcburi köçkünlər, şəhid ailələri və valideynləri xəstə olanların təhsil haqqından azad olunduğu kimi, əlil tələbələrə də belə bir güzəşt tətbiq edilməsini vacib hesab edir: "Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik böyük işlər görülür. Qəbul edilmiş qanunvericilik aktlarına görə, əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə çıxış imkanının təmin edilməsi istiqamətində əməli addımlar atılıb. İlk növbədə, qeyd edim ki, fiziki çatışmazlığı olan şəxslərin cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün bütün başqa vətəndaşlarla bərabər imkanlara malik olması, onların ali təhsil alması çox vacibdir. Apardığım araşdırmalardan sonra məlum oldu ki, ölkə üzrə bu kateqoriyadan olan tələbələrin sayı heç yüz əlli nəfər də deyil. Amma əlilliyi olub maddi imkanı olmadığına görə ali təhsil almayan minlərlə tələbə adına namizəd şəxslər var. Bundan başqa, hazırda bütün ölkə üzrə fiziki məhdudiyyəti olan və ya olmayan şəxslərin hamısı ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə bərabər hüquqlu imtahan verir. Düşünürəm ki, müəyyən əllilik dərəcəsi olan şəxslər qəbul imtahanlarını başqa formatda verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan, sadə olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, onlar üçün təhsilin əlçatanlığı təmin olunacaq. Düşünürəm ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil alma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompyuter və ya elektron resurslardan istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması da vacibdir. Bu zaman onlar lazımi informasiyanı özləri rahatlıqla əldə edə bilərlər”.
Təhsil eksperti öz tədqiqatlarına əsasən qeyd etdi ki, hazırda respublika üzrə inklüziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnklüziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Ölkə üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inklüziv təhsilə cəlb edilmiş, eləcə də inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı isə 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilib. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrinin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır.
"Biz onlara təhsil haqları ilə bağlı
güzəştlər etsək, bu heç də dövlət büdcəsinə
yük olmayacaq. Əksinə,
onlar işçi
qüvvəsi kimi əmək bazarına daxil olub, bir
sıra işlər görməklə ölkəyə xidmət
edə bilərlər” - deyə, K.Əsədov əlavə
etdi.
Niyə də olmasın?
"Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi İlham Məmmədzadə
ilə söhbətimizdə əlil gənclərin təhsil
haqları məsələsində onlara
hansı dəstək göstərdiklərini xəbər
aldıq. Müsahibimiz dedi ki, təhsilə
dəstək və savadlı gənclərin yetişdirilməsi
onların korporativ sosial
məsuliyyət (KSM) strategiyalarının əsas prioritetidir: "Əlil tələbələrdən
belə bir müraciət daxil
olarsa, biz bu müraciəti dəyərləndirməyə
hazırıq.
Bizə əlil tələbələrdən bu istiqamətdə heç
bir müraciət daxil
olmayıb. Amma bu fikri dəstəkləyirəm”.
Azərbaycan Texniki Universitetinin mətbuat katibi
Nicat Abdullayev deyir ki, əlil
olub-olmamasından aslı olmayaraq, Azərbaycan
Texniki Universitetinin tələbələri
üçün ən böyük
imtiyaz onlara verilən
təhsildir: "Texniki Universitet
digər ali təhsil müəssisələri
kimi, Azərbaycan Respublikasının
qanunlarının tələblərinə uyğun
olaraq idarə edilir. Tələbələrə
yanaşma, onlara
yaradılan şərait məhz qanunun tələbləri
ilə müəyyən edilərək təşkil olunur. Azərbaycan Texniki
Universitetində təhsil alan tələbələr
arasında əlil tələbələr də mövcuddur. Lakin onlar üçün universitet tərəfindən xüsusi
bir imtiyaz verilmir. Çünki
qanunlarımızda universitetin bu cür imtiyazlar
tanıması təsbit olunmur. Yəni, qanun qarşısında əlil və ya əlil olmayan tələbə
anlayışı yoxdur. Ümumi
tələbə anlayışı var. Onlar bu ölkənin gələcəyini
quracaq mühəndislər kimi yetişdirilir”.
"Arabaçı” əlillər şəbəkəsi ictimai birliyinin sədri, Qarabağ qazisi İlham Məhərrəmovbildirir ki, fiziki məhdudiyyətli insanların təhsil haqlarının ləğv olunması və ya azaldılması onları ruhlandırar və bir stimul olardı: "Gələcəkdə təhsil almaq istəyənlərin sayı çoxalardı. Biz çox istedadlı fiziki məhdudiyyətli gənclərlə rastlaşırıq. Bizim təşkilatda belə uşaqlar çoxdur. Onların universitetə gedib-gəlməyi çətinlik yaradır. Həmin gənclər avtobuslarda, metroda gedə bilmirlər. Ya taksi ilə getməlidirlər, ya da öz maşınları olmalıdır. Bilmirlər, təhsil haqqı ödəsinlər, yoxsa yol xərclərini versinlər. Axı bizim əlil gənclərimiz o qədər də çox deyil. Bu insanlara kömək etmək lazımdır ki, təhsil haqlarından azad olsunlar. Milli Məclisdə Qənirə Paşayevanın qaldırdığı bu məsələ təsdiqlənsə, bu bizə ən böyük dəstək olardı”.
Beləliklə, təklif və tələbdən də da görünür ki, bu istiqamətdə düşünmək və addım atmaq lazımdır. Düzdür, bu gün dövlət səviyyəsində əlillərin, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində çox mühüm işlər görülür. Bunları saymaq xeyli vaxt aparar. Lakin belə şəxslərin təhsil haqqı kimi mühüm məsələni də unutmaq olmaz. İnanırıq ki, bu məsələni yoluna qoymaq dövlətimiz üçün ciddi çətinlik yaratmaz.
Xəyalə Rəis
Kaspi.-2018.-21 noyabr.-S.12.