Uzun, incə
bir yolun sonu...
Azərbaycan musiqisi Dərvişini
itirdi
Yolum tikanla bələndi,
Naxışlandı, ilmələndi,
İçimdə dərd
qıfılbəndi
Qapına gəldim, qapına gəldim,
İlahi...
Bir neçə ay öncə - mart ayında Opera və
Balet Teatrının səhnəsindən onun ifasında səslənən
bu mahnı dalğa-dalğa salona yayıldıqca, dinləyicilərə
ruhsal anlar yaşadırdı. Tanınmış şairə Sona Vəliyevanın
sözlərinə bəstələnmiş mahnını elə
içdən, elə dərin bir duyğu və şövqlə
oxuyurdu ki, bütün salon sükuta qərq olaraq dinləyirdi...
"Çırpınırdı Qara dəniz”, "Yol ver
Türkün bayrağına”, "Ehtiyacı var”...
mahnıları, Füzulinin, Yunis Əmrənin sözlərinə
yazılmış bəstələri təkcə ifa etmirdi,
bir elin harayını, Tanrıya inamını, dünyanın
faniliyini, yaradana şükranlığını dilə gətirirdi...
"Savalan” mistik musiqi qrupunun rəhbəri Novruz Novruzlu o gecə
sənətini sevənlərə bir daha təkrarsız anlar
yaşatdı... Nə acılar ki, həmin ecazkar ifalarla
musiqisevərləri öz canlı ifasından həmişəlik
də məhrum etdi...
Bu gün
paylaşılan "Savalan” qrupunun bədii rəhbəri
Novruz Novruzlu dünyasını dəyişib” xəbəri
sanki sakit səmada şimşək çaxmasına bənzədi:
"Azərbaycan mədəniyyətinə böyük itki
üz verdi”- deyə müğənni-aktyorun
ölümünü dərin kədər içində
paylaşdılar. Bizi təəccübdən donduran təkcə
müğənninin qəfil ölüm xəbəri deyil, həm
də yeni sənət ideyaları ilə yaşaması, yeni
layihələr uğrunda çalışmaq istəyi idi,
yarıda qırılan arzuları idi...
Allaha gedən
yol
Redaksiyamızda oturub, sonuncu konserti ilə bağlı xəbəri
mənə yazdırdığı gündən cəmi bir
neçə ay keçib. Sonra da tez-tez telefon
açıb "dəvətnamələri daha kimlərə
verək?” deyə məsləhət edirdi. Konsertinin anşlaqla keçməsi üçün
çox həyəcanlı idi. Konsertdən öncə
ilk müsahibəsini də elə "Kaspi”yə verdi.
Nəhayət, martın 18-də təsəvvüf
musiqisi həvəskarları gözəl bir gecənin
iştirakçısı oldular. Müğənni
solisti olduğu Akademik Opera və Balet Teatrında "Uzun incə
bir yoldayam” adlı solo konserti ilə çıxış
etdi. Elə repertuarın ilk musiqisi də məhz
bu mahnı oldu. "İnsan doğulandan
özünü axtarır. Belə baxanda, konsertin
özü də bir yoldur. Biz bu
mahnını tam başqa bir üslubda
hazırlamışıq. Mövlana həzrətləri
deyir ki, Allaha gedən çox yol var. Mən o musiqilərin
içərisində səmavi musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki,
açsam, dünya alt-üst olar. Musiqi həm cismin, həm
də ruhun qidasıdır”- dedi.
Konsertinin
yaxşı keçəcəyi ilə bağlı içində
narahatlıqla yanaşı, bir əminlik də vardı:
"Biz həmişə harada olmuşuqsa,
çalışmışıq ki, səmimi görünək
və insanların qəlblərinə xitab edək”.
O gecə
"Hicaz” qrupu ilə birlikdə verdiyi konsertdə Mövlana, Cəlaləddin
Rumi, Yunis Əmrə, Fizuli, Nəsimi, Aşıq Veysəldən
oxudular. Rəngarəng musiqi repertuarından bəstəkar
mahnıları, italyan, rus və hind musiqisi də, ilahi və
ruhsal mahnılar da səsləndi. "Allahdan
gəldik, Allaha dönəcəyik” – N.Novruzlunun ifasında
insana verilən ilahi mesaj bu idi.
İrfan
aşiqləri
Müğənninin həyat yoluna nəzər
saldıqca, müsahibələrini oxuduqca musiqidən
yoğrulan bir insan ömrünü kitab kimi vərəqləyirsən. Hələ
uşaqlıqdan musiqiyə böyük marağı olub.
Doğulduğu Ordubad şəhərində
oxuduğu orta məktəbdə musiqi ilə bağlı
bütün tədbirlərdə çıxış edib.
Orta məktəbi bitirdikdən sonra İncəsənət
Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə
daxil olub. Tələbəlik illərində
bir çox müsabiqələrdə uğurlu
çıxışları olub. Həmçinin
institutda oxuduğu müddətdə "Ulduz”
tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı”nda solist
kimi fəaliyyət göstərib. "İncəsənət
Universitetində vokal ixtisasını bitirmişəm. Mənə deyirdilər ki, sənin səsinin tembri təsadüfi
tembrlərdən biridir. Çünki nə
olsa, oxuya bilirəm. Bunu içdən hiss edirəm. Səs tonum buna imkan verir. Həmin
illərdə ifa etdiyim mahnıların əksəri italyan
mahnıları idi. Bundan başqa, lirik
musiqilər, xalq və bəstəkar mahnıları da ifa
edirdim”- deyə xatırlayırdı.
İnstitutu bitirdikdən sonra Firudin Mehdiyevin səhnələşdirdiyi
"O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu
ifa edib. Qarabağ hadisələri baş verdikdən sonra
oxuya bilmədiyini vurğulayan N.Novruzlu bir müddət sonra
"Savalan” mistik musiqi qrupunu yaradır. "Əvvəllər
ilahi musiqilər oxuyanda deyirdilər ki, bunlar heç kimə
lazım deyil, normal musiqi ifa edin, dinləyək. Bizim bu mövzuya müraciət etməyimiz 20 Yanvar
hadisələrindən sonra oldu. Gördük
ki, o hadisələrdən sonra şən musiqilər ifa etmək
içimizdən gəlmir. Musiqiçilərlə
bir araya gələndə də qrup yaratmaq niyyətimiz yox idi.
Bir gün məşq edirdik. Nadir Axundov gəldi,
bizi dinlədi, sonra dedi ki, efirə çıxın və az əvvəl ifa etdiyiniz mahnıları orada
da ifa edin. Dedik ki, efir üçün hazır
deyilik. Bildirdi ki, siz efir üçün
tam hazırsınız. Daha sonra bir-birinin
ardınca efirə və mətbuata çıxmağa
başladıq. Və illər
ötdükcə, müxtəlif ölkələrdə
konsertlərdə çıxış etdik. Hollandiyada,
Amerikada, Türkiyədə tədbirlərə və bir
çox festivallara dəvət aldıq, onların bəzilərində
iştirak etsək də, müəyyən səbəblərdən
bir çoxunda iştirak edə bilmədik”.
N.Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə
ilk qurucusu kimi tanındı. "Mənim ifa etdiyim
musiqilər insanın ruhunun ilk başlanğıc məkana mənsubluğunu
təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra
düşən tamaşaçı dünyanın faniliyini
unudur, özünü Bəqadan gələnlərin
ağuşunda bulur”- deyə oxuduqlarını belə izah
edirdi. Əslində onun ifalarının
izaha və təhlilə ehtiyacı yox idi. Bu musiqilərdə hər şey o qədər
aydın, o qədər həzin və şəffaf idi ki,
dodaqdan qəlbə süzülürdü. O musiqilər
üçün ürəklərin bağlı qapısı
yox idi. "Təsəvvüf
musiqilərinin dinləyiciləri indiki zamanda çoxdurmu?”
- deyə soruşanlara "Səmimi desək,
indi Amerikada, Avropada bu mahnıları dinləyənlər daha
çoxdur. Çünki onlar hər şeyi
yaşayıblar, yorulublar, istəyirlər ki, özləri tək
qalıb, daxili dünyalarına varsınlar. Amerikada yaşayan bir dostum məni Amerikada solo konsert
vermək üçün tək dəvət etdi. Bildirdim ki, tək dəf ilə orda nə edə bilərəm?
Dedi ki, zalda beş min nəfər olacaq. Elə sən bir dəfə dəfi vuran kimi onlar
gözlərini yumub öz daxili aləmlərinə varacaqlar.
Çünki onlar texnikadan, müasir
avadanlıqlardan yorulublar. Amma bizim də təsəvvüf
musiqilərini sevənlərimiz çoxdur. Onlar irfan aşiqləridir”-deyirdi. Novruz Novruzluya görə, musiqi həm cismin, həm
də ruhun qidası idi. Amma hərdən
laqeydliklə üzləşəndə "Biz Mövlana tədbirlərində
həm çıxış, həm də
tamaşaçı kimi iştirak etmişik. İtalyanlar, amerikanlar və digər xalqların
nümayəndələrinin iki saat gözlərini yumub öz
daxili aləmlərinə varmalarının şahidi
olmuşuq. Ancaq
bizdə o daxili aləmə varmaq yoxdur. Çünki
içimizdə o hüzn, rahatçılıq yoxdur. Bizdə daha çox cismə işləyir. Hərdən
fikir verirəm ki, ən səbirli adam belə,
beş dəqiqədən sonra zalda danışmağa
başlayır. Öz içinə vara bilmir.
Bu məsələdə efirlərin də
böyük rolu var” deyərək təəssüfünü
gizlətmirdi.
Novruz
Novruzlu fəxr qarışıq sevinclə "Qrupumuz təsəvvüf
qrupudur” deyirdi. İfa etdikləri musiqilərdə, mahnılarda
də öz varlığından və dünyadan keçərək,
Allaha qovuşması məqsədi daşıyan, nəfsə
qul olmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini
axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, comərdlik, zəriflik
və təmizlik hisslərini aşılayırdı:
"İnsanın könlünə, ruhuna, iç
dünyasına, varlığına söykənir musiqilərimiz.
Çalışırıq ki,
oxuduqlarımıza layiq olaq. Biz Mövlana
həzrətlərindən, Yunus Əmrədən, Füzulidən
mahnılar səsləndiririk. Bunların
hamısı peyğəmbərin vəsfi ilə
başlayır. Diqqət etsələr,
görərlər ki, bizim ifa etdiyimiz mahnıların ətri,
dadı, rəngi tamam başqadır. Biz
bütün insanları sevirik. Mövlana həzrətləri
deyir ki, "Gəl, yenə gəl. İstər atəş
tap, istər buta. Yüz kərə tövbə
etmiş ol. İstər yüz kərə
pozmuş ol tövbəni, yenə gəl. Umudsuzluq
dərgahı deyil bizim dərgahımız”. Görürsünüz ki, o, insanlar arasında fərq
qoymur. Deyir, yetər ki, özünə gəl,
insanlığını anla, dünyaya nə
üçün gəldiyinin fərqində ol. Allahın yaratdığı ən gözəl
varlıq, kainatın şahı insan olmağının fərqində
ol”.
Novruz Novruzlunu, ürəyi bu dünyadan apardı. Çünki o, oxuduqlarını ürəyindən keçirirdi - ağrı ilə, sızıltı ilə, pıçıltı ilə... Ancaq unudulmaz ifalar yadigar qoydu, insanları, faniliyinə inandırdığı dünyanı sevdirməyə, Tanrı dərgahına üz tutanların naümid olmayacaqlarına inandıra bildi: "İnsan istər müğənni, istər nazir, istər çoban ola bilər. Ancaq iç aləmində gedən bir yol var. Bu, insanlığın, yaşamın sistemidir. Sadəcə, fərqində olmaq lazımdır ki, hardan gəlmişik, niyə gəlmişik və hara gedəcəyik. Buna hazırlaşmaq lazımdır. Bu, uzun, incə bir yoldur...”
Və bir gün bu yol qəfildən sona çatdı...
Allah rəhmət eləsin!
Təranə Məhərrəmova
Kaspi 2018.- 21 noyabr.- S.6.