Ədəbi həyatın nəfəsi
Və ya
sükunətin, ətalətin qənimi
Yaddaşımda ədədi iz salan, sözünü, tövsiyəsini heç unutmadığım, kitablarını tez-tez vərəqlədiyim, çətinə düşəndə ədəbi irsindən bəhrələndiyim, bu gün də yazdıqlarından dərs aldığım unudulmaz Qulu Xəlilov! Hər il onun doğum günü yaxınlaşdıqca, qeyri-ixtiyari, gözlərim kitablarını axtarır, min dəfə oxuduğum ədəbi-tənqidi məqalələrini, hekayə və povestlərini, xatirələrini yenidən nəzərdən keçirirəm. Filoloq alim Hamid Qasımzadənin bir fikri məni xeyli düşündürdü: "Qulu Xəlilov... ədəbi həyatla nəfəs alır, onun daha da yaxşılaşması, yüksəlişi, tərəqqisi uğrunda qələmini daim iti saxlayırdı”. O qədər səlis və doğru yanaşmadır ki... Həqiqətən də Qulu Xəlilov bütün yazılarında, hətta mühazirə və nitqlərində də mövqeyini dəyişməz saxladı. Onun bir amalı var idi: ədəbiyyatın bütün sahələrində əsərlər yaradan müəlliflər həmişə yeni söz, yeni fikir uğrunda inadla mübarizə aparmalıdırlar. Çünki ədəbi həyatın gözəlliyi, cazibədarlığı, nəfəsi məhz gerçəkliyin bədii təcəssümü və tərənnümündədir.
Qulu Xəlilov bizim nəslin çoxunun müəllimi olub. Onun auditoriyaya elə təsir gücü və qüdrəti var idi ki, indinin özündə inana bilmərəm ki, ondan dərs alanlar Qulu müəllimin mühazirələrini unutmuş olalar. Gur səsi ilə bizə dərin fikirlərini bəzən çox ciddi, bəzən kədər qarışıq bir sevinclə, hətta qəzəblə, bəzən də məzəmmət və zarafatla necə çatdırardı... Bu gün həm də belə müəllimlərimizi minnətdarlıqla ona görə xatırlayırıq ki, onlar bizə dərsliklərdə olmayan, gizlədilən mətləbləri heç nədən çəkinmədən, cəsarətlə söyləyirdilər. Əlbəttə, mən bu yazımda unudulmaz müəllimimin pedaqoji fəaliyyətindən danışmaq niyyətində deyiləm, ötən illərdə bu məsələdən yazmışam. Onun barəsində yazanda, haqqında nəsə fikirləşəndə, sanki baxışlarını hiss edirəm. Bir çəkincəklik yaşayıram, təkrarı sevməzdi. Mənə, hələ tələbəsi olduğum vaxtlarda bağışladığı kitabında yazdığı avtoqrafındakı bir cümləni olduğu kimi yazıram: "Gələcəyinə böyük ümid bəslədiyim Flora üçün... Sənin qabiliyyətli və səmimi jurnalist olacağına inanıram. Müəllimindən də yazacaqsan, bax, o zaman mən ədəbi mühitdən nə istəyirdim, onu qələmə alarsan...” Yadıma akademik Həsən Əliyev düşdü. Qulu Xəlilovun xətrini dağlar qədər istəyirdi. Tez-tez baş redaktoru olduğu "Azərbaycan təbiəti” jurnalında ətraf mühitin mühafizəsi ilə bağlı Qulu Xəlilovun maraqlı yazıları dərc olunardı. Onları birləşdirən cəhətlərdən ən əsası, məncə, hər ikisinin eyni amala xidmət etməsi idi. Həsən Əliyev təbiətimizin, Qulu Xəlilov da ədəbi mühitimizin pasibanı ıdi.
Filologiya elmləri
doktoru, professor Qulu Xəlilov obyektiv tənqidçi,
fədakar pedaqoq, istedadlı
yazıçı, ən başlıcası, örnək ola biləcək gözəl keyfiyyətlərə
malik əsil insan idi. 24 yaşından ömrünün
sonuna kimi ən
ağır xəstəliklə mücadilə etdi,
dəfələrlə cərrahi əməliyyatlara məruz
qaldı, sağlamlığını itirdi,
amma dəyanətini saxlaya
bildi, mənəvi zənginliyini qorudu. Hətta qələm tutan əli də işləmirdi,
yazılarını sol əllə makinada yazırdı (sonralar
ona övladları kömək edirdi -F.X.), amma əqidəsinə,
amalına sadiq qaldı. Mərhəmətli,
həssas, qayğıkeş, ədalətli, həm də bu tarazlıqda sərt adam
idi. Yalanı, riyanı, xəyanəti,
ikiüzlülüyü
bağışlamazdı. İndi fikirləşirəm
ki, nə qədər haqlı imiş. Qulu Xəlilov
yazırdı: "Sənət, yaradıcılıq elə bir sahədir ki, daim axtarışı aparmasan,
onun fövqünə qalxa
bilməzsən. Sənətkar ürəyinin
yağını, aktyor əsəblərinin
qüvvəsini, rəssam gözünün nurunu, bəstəkar
hisslərinin canını yaradıcılıq yolunda əridir. Başqa cür də ola bilməz! Kim yanmasa, yarada bilməyəcək”.
Sənətdə səmimiyyəti
böyük məziyyət kimi dəyərləndirən bu
böyük alim, həm
də dilimizin saflığının keşikçisi idi. Bütün müəlliflərdən bir tələbi var idi: "Əsərlərinizdə dil və üslubun səlistliyinə,
aydınlığına, axıcılığına fikir verməlisiniz”. Mən onun
dilçilərə ünvanlanmış açıq məktubunu
dəfələrlə oxumuşam. Qətiyyətlə
deyim ki, bizə "XX əsr Azərbaycan ədəbiyyatı”ndan
mühazirələr oxumuş tənqidçi
Qulu Xəlilov, rəsmi dilçi
statusunda olanlardan daha çox dilçi idi. Onun bu istiqamətdəki fəaliyyəti
Vətənə, dilə məhəbbətindən, həqiqətə
bağlılığından və millət aşiqliyindən
gəlirdi. Dilçinin özünün
nitqindəki, yazısındakı qüsurları elə
aydın və dürüstlüklə tənqid edirdi ki...
Görün
Qulu Xəlilov hələ 1964-cü ildə hansı həyəcan
təbilini çalırdı: "Bizim qrammatika
kitablarında sırf formal məsələlərə daha
çox fikir verilir, morfoloji və sintaktik təhlillə kifayətlənirlər.
Daha doğrusu, dil ədəbi-bədii dil
nöqteyi-nəzərindən təhlil olunmur.
Halbuki, dilin obrazlılığı, şeiriyyəti,
zənginliyi, sözlərin necə işlənməsi, məna
xüsusiyyətləri ədəbi-bədii təhlildə özünü göstərir. Əgər dilçi yalnız qrammatik
təhlillə kifayətlənib, onlara fikir vermirsə, bu,
bağışlanmaz nöqsandır... Dilçilik elmi
yalnız cümlə üzvlərini və ya
şəkilçiləri, kateqoriyaları öyrənməkdən
ibarət deyil və bu
yolla heç bir zaman müasir
dilin həqiqi mənzərəsini əks
etdirmək, onun gözəlliklərini,
incəliklərini öyrənmək olmaz.
Dilin nəzəri problemlərini də hər
bir dilin özünəməxsus
xüsusiyyətləri əsasında öyrənmək
lazımdır. Burada da
qrammatik kateqoriyalarla
yanaşı, canlı xalq dili,
onun tarixi, hər bir yazıçının dil
və öz üslubu,
onların bir-biri ilə əlaqəsi, dilin öz daxili
qanunauyğunluqları və s. diqqət mərkəzində
durmalıdır”. Nə qədər qəribə və təəccüblü
görünsə də, 54 il bundan əvvəl qələmə
alınmış bu yazıda toxunulan bir sıra məsələlər
bu gün də
aktualdır. Qulu müəllim haqlı idi : "Dilin
şəhdini, ətrini, ruhunu, şeiriyyətini,
musiqisini, ahəngini, bütün
gözəlliyini də hamıdan əvvəl dilçilər
qorumalıdırlar”. Əlbəttə, bu
siyahı indi bir qədər
də genişlənib. Mətbuatın bu
sahədə məsuliyyəti daha çoxdur.
Qulu Xəlilov Hüseyn Cavidi çox sevirdi. Ondan
danışanda, o möhkəm iradəli
insanın gözləri dolar, səsi titrəyərdi.
Deyərdi ki, Cavidin
yaradıcılığı o qədər
geniş, rəngarəng, həm də
mürəkkəbdir ki, axıra qədər
öyrənmək, dərk etmək çətindir. Cavid çox dərindir,
orijinaldır... Yadımdadır, bizi ilk dəfə 1974-cü ildə şairin sevimli qızı Turan
Cavidlə məhz Qulu müəllim görüşdürdü... O zaman fakültəmizin
bəzi dərsləri Hüseyn Cavidin indiki ev muzeyində keçirilirdi.
Turan xanımın yuxa
səsi hələ də qulağımda səslənir: "Bura bizim evimiz
idi. Babamı buradan
apardılar...”
Qulu Xəlilov diqqətli və həssas tənqidçi
idi. Ədəbi mühitdə heç bir məsələyə
laqeyd qalmazdı. Məşhur sənətkardan
da yazardı, gənc qələm sahibindən
də...Təqdir və düz
istiqamət göstərmək əsas qayəsi olsa da, qüsur
və nöqsanları dürüst nişan verməkdə, qətiyyətində
bənzəri yox idi. İndinin özündə çoxumuz
bu nisgili
yaşayırıq ki, hardasan
Qulu Xəlilov. O, zəif əsərləri
elə ustalıqla, kəskinliklə tənqid edərdi ki, kiminsə, haqlı iradın qarşısında
etiraza hünəri çatmazdı. Qulu Xəlilov həqiqətin
carçısı və ədəbiyyatımızın əsil
keşikçisi idi. Bugünkü ədəbi mühitdə yeri boş görünən
unudulmaz insan!
Müəllifin 1976-cı ildə qələmə aldığı "Azərbaycan sovet ədəbiyyatı tədrisinin bəzi məsələləri” adlı məqaləsində bir sıra məqamlara toxunmaq istəyirəm. Güman edirəm ki, bu, oxucular üçün də maraqlı olar. Heç bir şərh vermədən həmin yazıdan bəzi cümlələri sizin diqqətinizə çatdırıram: " N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi görkəmli yazıçılarımızın yaradıcılığını heç bir elmi prinsipə əsaslanmadan, bütünlüklə sovet dövrünə bağlamağa ehtiyac yoxdur”; "Sual olunur geniş və zəngin yaradıcılığa malik olan və zaman etibarilə min ildən artıq bir dövrün müxtəlif və rəngarəng hadisələrindən bəhs edən bir sənətkarı, ədəbi icmallarda necə təhlil etmək olar?! Cavid yaradıcılığı elə orijinal, dərin, geniş və əhatəlidir ki, onu xüsusi saatlar, xüsusi kurs olmadan ağıllı-başlı öyrənmək mümkün deyil. Qəribədir ki, orta məktəbin onuncu sinfi üçün yazılmış ədəbiyyat dərsliyində H.Cavid, C.Cabbarlı və S.Rüstəmdən sonra öyrədilir”. Qulu müəllim klassikləri təhrif edənlərə, süni yenilikçilərə və yalançı ədəbiyyatçılara qarşı amansız idi. Riyakarlara sözünü deməyi bacarırdı. Qulu Xəlilov həqiqət meyarı idi və bu səbəbdən də saxta vətəndaşlıqdan çox uzaqda dayanırdı. Ədəbiyyatda şər və böhtanla məşğul olanlara qarşı mübarizə aparmaqdan da çəkinməzdi. Məlumdur ki, H.Cavidin "Mənim tanrım” adlı məşhur şerinə nəzirə yazanlardan biri də Cəfər Cabbarlı olub. Caviddə belədir:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin
bir eşqi, bir Allahı var,
Mənim tanrım gözəllikdir,
sevgidir.
C. Cabbralı da belə yazılıb:
Mən bir zaman
öz-özümdən uzaqdım,
Dün bir işıq buldum ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
Şimdi artıq
bir tanrım var - gözəllik.
Qulu Xəlilov yazırdı:
"Lakin nədəndirsə,
bəzi yoldaşlar...
"Azərbaycan sovet
ədəbiyyatı tarixi”
kitabında hər iki sənətkarın eyni adlı şeirlərini misal gətirib Cavidi estetizmdə, mücərrəd
gözəllik əsiri
olmaqda ittiham edir, C.Cabbarlını isə "yeni inqilabı gözəlliyə
qovuşmağın” nəğməkarı
kimi qiymətləndirir
və yazırlar:
"H.Caviddə
gözəllik mücərrəd
olmaqdan başqa, subyektiv xarakter daşıdığı halda,
C.Cabbarlıda gözəllik
ictimai ideal kimi dərk olunmuşdur”. Halbuki, ikisinin də arzu və amalı
eynidir.
Qulu Xəlilov
sovet dövrünün
diktələrinin tüğyan
etdiyi, canlardan repressiya xofunun tamamilə çəkilmədiyi,
elə öz canında ağır xəstəliyin fəsadlarını
daşıdığı bir
zamanda yaşayıb yaratmışdır. "Lenin zəkasının işığı
ilə”, "Sovet ədəbiyyatı” və
digər mövzularda da öz fikirlərini
qələmə almışdır.
Qulu Xəlilovu da sevdirən məhz onun ömür devizi olan sözü və əməlləri idi: "Düşmən məni ayıqlığa
və cəsarətə
yönəltdi”. "Biz Lenindən çox şey öyrəndik”.
Əslində, Lenin öz millətinin
oğlu idi. Xalqlar üzərində imperiyanı qurdu və 70 il
də yaşatdı. "Leninin ideyaları
özümüzü özümüzə
tanıtdı”. Lenin kimi öz torpağını,
millətini sevmək-bu
ləyaqətin dərkidir.
Əlbəttə, biz istismarçı deyilik, amma millət,
vətən, torpaq uğrunda mübarizədə
başqalarının da
təcrübəsindən bəhrələnmək,
öyrənmək, qalibiyyətə
aparan yolun mahiyyətinə varmaq özü də məharət və ustalıqdır.
Qulu Xəlilov sükunətin, ətalətin, liberallığın qənimi idi, bir kəlamı çox sevirdi: "Söz insan gücünün sərkərdəsidir”. Atalar da elə belə deyib: "Sözün kəsdiyini qılınc bacarmaz”. Biz də belə bir söz sahibini ad günündə yad etməyi özümüzə borc bildik. Allah sənə qəni-qəni rəhmət eləsin, Qulu Xəlilov - mənim unudulmaz müəllimim!
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi 2018.- 22 noyabr.- S.15.