Valideynlər, uşaqların
əsəbi olmasının səbəbkarı sizsiniz
Xəyalə Məmmədova: “Dəfələrlə
olub ki, uşağı gətiriblər, valideynə müalicə
yazmışam”
İndiki uşaqların daha əsəbi olması ilə bağlı fikirlər tez-tez səsləndirilir, səbəbləri isə heç də həmişə müzakirə mövzusu olmur. Mövzu ətrafında nevroloq Xəyalə Məmmədovailə söhbətləşdik. Söhbət zamanı bu qənaətə gəldim ki, "uşaqlar ailənin güzgüsüdür” fikrinə bir az psixoloji tərəfdən də baxmaq mümkündür. Çünki ailədə necə münasibət qurulursa, uşaq da yaşıdları arasında özünü elə aparır, böyüklərə qarşı da o reaksiyanı göstərir.
- Deyirlər ki,
ehtiyac olmadığı təqdirdə, xəstələrə
dərman yazmırsınız, yaxud çox az dərman təyin
edirsiniz. Bizdə isə həkimə gedəndə
böyük resept yazılması gözlənilir. Dərmanı
hansı hallarda təyin edirsiniz, hansı hallarda yox?
- Tam olaraq dərman təyin etmədiyimi deyə bilmərəm. Xəstədəki patologiyaya uyğun dərman təyin olunur. Bizdə çox adam böyük resept yazılmasını istəyə bilər, amma mən bu cür işləmirəm. Məsələn, körpə uşaqları yuxu pozulması səbəbi ilə gətirirlər. Əslində, sırf insomniyaya (yuxu pozulması) daha çox uşaqlarda rast gəlinir. Çünki böyüklərdə yuxunun pozulmasını digər problemlərlə əlaqələndiririk. Amma uşaqlarda yuxunun pozulması daha çox valideynlərin onları düzgün yuxu rejiminə öyrətməməyindən qaynaqlanır. Özləri uşaqların rejimini pozurlar. Ata-ananın işini bitirib onu yatırmağını gözləyəndə, uşaq əlbəttə, yatmayacaq, gecə narahat olacaq. Yaxud, analar adətən, bir yaşına qədər gecə də süd verirlər. Uşaq reflektor olaraq bu rejimə öyrəşdiyi üçün acır və gecə oyanır. Bu, yuxu pozulması deyil. Bu kimi hallarda dərman preparatı təyin etməyə qarşıyam. Çünki bunu özümüz düzəldə bilərik. Uşaqların yuxu rejimini qaydaya necə salmalı olduqlarını izah edirəm. Məsələn, yatmazdan əvvəl uşaqlar açıq havada olmalı, çox hərəkətli oyunlar oynamamalıdırlar. Yuxuya yaxın vaxtı daha sakit, rahat keçirməlidirlər. Bir az böyük yaşlardadırlarsa, axşam yatmağa doğru qorxulu filmlərinə baxmasınlar. Bunları izah edirəm. Yuxu pozulması olmadığı halda, dərman təyin edə bilmərəm. Bu kimi hallarda dərman təyinatı ümumiyyətlə, nə dərəcədə effekt verəcək?
- Valideynlər
belə məqamlarda dərman yazılmasını tələb
edirlər?
- Bəli, özlərinin tənbəlliyindən
bunu edirlər. Deyirlər ki, ay həkim, kimdir onu axşam gəzdirən
və s. Yəni öz rahatlıqları üçün dərman
yazılmasını istəyirlər. Amma mən buna getmirəm,
durumu izah edirəm. Elə uşaqlar var ki, gecə oyanıb
ağlayırlar, qorxu-həyəcan sindromu olur, onlara təbii
ki, dərman yazılır, onsuz alınmır.
- Deyirlər ki, uşaqlar əvvəlki kimi
deyil. İndikilərin
salamlığında problem çox olur, daha əsəbidirlər...
- Tək
sinir sistemi deyil, fiziki olaraq da əvvəlki ilə indiki nəsil
uşaqlar arasında fərq var. Bu, qidalarla bağlı olan
şeylərdir. Uşaqların əsəbi
olmaları isə ananın hamiləlik vaxtı qidası,
yaşadığı stress faktorlarından qaynaqlanır.
O vaxt bizim ata-anamız da indiki valideynlər qədər stress
yaşamırdılar. Valideynlərin stress vəziyyətində
olmaları, uşaqlara da təsir göstərir.
- Bu təsir nə dərəcədə
olur?
- 80 faiz
hallarda uşaqların əsəbi olmasının səbəbkarı
valideynlər olur. Evdə olan münaqişə,
münasibətlər hamısı uşağa təsir edir.
Uşaqlar ailənin güzgüsüdür.
Biz özümüzlə, həyat
yoldaşımızla necə münasibət qururuqsa, uşaq
da öz yaşıdları arasında özünü elə
aparır. Böyüklərə
qarşı da o reaksiyanı göstərir.
-
Uşaqların əsəbi olmağını genetika ilə əlaqələndirənlər
də var...
- Genetik də
deyirik, amma nevrozdan əziyyət çəkən valideynlərin
uşaqlarının tam sağlam olduğunu da
görürük. Ona görə, tam genetik demək
də düzgün deyil. Sırf, bizim
gündəlik həyatımızdan, ailə münasibətlərimizdən
dolayı, belə hallar uşaqlarda baş verə bilir.
- Uşaq yoxlanışa gələndə
problemin nə olduğunu anında müəyyən etmək
olur?
- Bir xəstəyə
5-10 dəqiqə ərzində baxmıram. Bu
müddətdə mən uşaqdan istədiyim informasiyanı
toplaya bilmərəm. Ən azından 30-40
dəqiqə baxılmalı, tam anamnez toplanmalıdır.
Bu söhbətin nəticəsində bir
çox hallarda məlum olur ki, problem uşaqda yox, ya atada, ya
da anadadır. Dəfələrlə olub
ki, uşağı gətiriblər, valideynə müalicə
yazmışam. Müalicədən sonra da
öyrənmişəm ki, hər şey normaldır, artıq
uşaqda problem yaşanmır. Hətta gəlib
deyirlər ki, özümü ələ alandan sonra
görürəm ki uşağım da sakitdir.
- 30-40 dəqiqədə əsas nəyi
öyrənirsiniz?
- Ana bətnində
olan dönəmdən indiki dövrə qədər olan vəziyyəti.
Xəstəyə "şikayətiniz nədir”
sualını nadir hallarda verirəm. Ananın
hamiləlik dövründən yanıma gəldikləri vaxta
qədər, ümumi məlumat toplamağa
çalışıram, sual verirəm. Hamiləlik
dövründə hansısa preparatları qəbul etməsi
ilə maraqlanıram. Ümumi məlumatı
toplayandan sonra şikayətlərini soruşuram.
- Uşaq vaxtı problem həll
olunmayanda, gələcəkdə onların şəxsiyyət
kimi yetişmələrində nə kimi təsirləri olur?
- Bəzən
uşağın vəziyyəti elə hala gəlib
çıxır ki, orda nevroloqun yox, psixiatrın və
psixoloqun rolu daha çox olur. Mən valideynlərə
izah etməyə çalışıram ki,
uşaqlarını psixoloq, yaxud psixiatrlıq olanda, mütəxəssis
yanına aparmasalar, onlarda müxtəlif psixopatiyalar
yaranmağa başlayır. Onlar
üçün gələcəkdə yaşamaq çətin
olur. Uşaq var ki, hansısa əşyanı
istəyəndə vermirsən, bu zaman özünü yerə
yıxıb ağlayır. Belə olanda, əgər
valideyn tez ona istədiyini verirsə, artıq uşağın
xarakterini pozur. Uşaq böyüdükdə,
onda konversiyalar - isterik tip bayılmalar baş verə bilər.
Artıq psixiatrlarda, psixoterapevtlərdə gəzirlər.
Ona görə, problemi vaxtında aşkarlamaq
lazımdır.
- Bizdə
çox valideyn uşağı nə vaxt psixiatra, nə vaxt
psixoloqa, nevroloqa və s. aparacağını bilmir. Məlumatsız
olanda, adətən, psixoloqa yox, dərman yazılan yerə
gedirlər...
- Bu,
düzgün yanaşma deyil. Uşağa dərman
verim, onun psixi durumu düzəlsin - deyə bir şey yoxdur.
Ona görə də, psixoloqlarla sıx işləyirəm.
Demək olar ki, çox zaman tək psixoloqun
köməyi ilə uşaqları vəziyyətdən
çıxarıram. Dərmanlar o zaman təyin
olunur ki, artıq bu, vacib olur. Məsələn,
13-15 yaşından sonra elə problem olur ki, onu tək
psixoloqun köməyi ilə düzəltmək alınmaz, xəstəliyi
kəskinləşməsin deyə, bu zaman dərman təyin
etmək olar. Amma 5-6 yaşlar elə
dövrdür ki, onu psixoloq dəyişə bilir.
- İndi valideynlər
özləri, bir çox şeyləri uşaq vaxtı edə
bilmədikləri üçün övladlarına o istiqamətdə
şərait yaratmağa çalışırlar. Dərslər, hazırlıqlar və s.
Bu da uşağın yüklənməsinə gətirib
çıxara bilir. Bu, uşaqlara necə
təsir edir?
- Beyini
yükləmək yaxşı deyil. Amma
baxır uşağı hansı kurslara aparırlar. Məsələn, musiqi, rəqs, idmanın
uşağı yüklədiyini hesab etmirəm. Hətta
yanıma gələn valideynlərə bəzən deyirəm
ki, dərslərə ayrılan vaxtı bir az
azaldıb, musiqiyə, idmana yazdırsınlar. "Mən
həkiməm, atan həkim olub, sən də çox oxuyub həkim
olmalısan” deyib, uşağı yükləmək də
düzgün deyil. Elə uşaqların
çoxunda bir müddət sonra nevrotik tik dediyimiz hal baş
verir. Tikin başqa səbəbləri də
var, amma elə yüklənmiş uşaqlarda nevrotik tiklər
sırf emosional gərginlik fonunda əmələ gəlir.
Bir də uşaqları məktəbə qoymaq
məsələsi var. Bəzi valideynlər deyirlər ki, 5
yaşı tamam oldu, aparım məktəbə qoyum, bəziləri
6 yaşda belə düşünürlər. Amma mən heç də hər uşağı məktəbə
tez qoymağı tövsiyə etmirəm.
- Uşağı məktəbə
tez qoymağın tərəfdarı deyilsiniz?
-
Baxır hansı uşağı. Dəyişkən
olan uşaqları istəmərəm, çünki onlar gərginliyə
düşürlər və psixoloji durumları pozula bilir.
Nevrotik tiklər və s. bir-birinin arxasında gedir. Tam normal uşaqdırsa, 6 yaşında qoymaq olar.
- Bizdə məktəbdə
şagirdlərə evə tapşırığının
verilməməsi nə qədər təbliğ olunsa da, yenə
də verilir. Dərs yükü uşaqlar
üçün nə dərəcədə problem olur?
- Bəli,
tapşırıq verirlər, həddindən artıq da
çox. Həkim yox, elə ana kimi öz
uşağıma deyirəm ki, gündəlik dərslərini
oxu, qiymətlərin yaxşı olsun, səni artıq nəsə
oxumağa məcbur etmirəm. Bilirsiniz, elə
uşaq var ki, riyaziyyatı çox yaxşı bilir, dərsdən
əlavə on məsələ də versələr, öz
istəyi ilə xoşluqla edir. Amma həmin
uşaq məsələn, biologiya, tarixi eyni qaydada istəmir.
Valideyn o uşağın üstünə
düşməməlidir ki, riyaziyyat kimi bu biri fənləri
də oxu. Çünki bu, düzgün
yanaşma deyil. Uşaq həmişə
hansısa fənnə meyilli olur. Mən
bir müddət Avropada yaşamışam, uşaqlarım
orda məktəbə gediblər. Oranın
məktəb rejimi, dərsləri ilk vaxtlar məni şoka
salsa da, dərindən fikirləşəndə, görürsən
ki, onlar şəxsiyyət yetişdirirlər. Dərs olur, uşaqlar yüklənmir. Ona görə, uşaqlarda nə nevrotik tiklər
olur, nə hansısa nevroloji problem. Anadangəlmə
problemlər olur, amma sonradan yaranmalar az
olur. Məktəbin ilk illərində
uşaqlıqlarını keçirirlər. Ona görə, valideynlərə deyirəm ki,
uşaqların üstünə çox getməyin.
- Neçə ildir nevroloq kimi
çalışırsınız?
- 2005-ci
ildən.
- Bunun neçə ilini xaricdə
olubsunuz?
- Əsasən
Azərbaycanda çalışmışam, iki il
Almaniyada fəaliyyət göstərmişəm.
- Alman və azərbaycanlı
valideynlərinin uşaqlara yanaşmasını müqayisə
edirsiniz?
- Onlar
uşağa bir qədər az diqqət
yetirirlər, bizimkilər isə hiper diqqətcildirlər. Bizdə
hərdən analar elə şeylərə fikir verirlər
ki... İnternetdə oxuyub, öz sualları və
cavabları ilə gəlirlər. Almaniyada
uşağı tam mənada həkimə etibar edirlər.
-
Uşaqlarla işlədiyiniz üçün öz
övladlarınıza yanaşmanız da maraqlıdır...
- İki övladım var. Valideyn kimi onlarla daha çox söhbət etməyə çalışıram. Mən də insanam, səsimi qaldırdığım an da ola bilər, amma döymək, qorxutmaqla uşaqları tərbiyə etməmişəm. Söhbət etməklə də hər dəfə istədiyim nəticə alındığını deyə bilmərəm. Bəzən oğlumla söhbət etmişəm, görmüşəm ki, dediyim heç nə ona çatmır, o vaxt özüm də psixoterapevtə müraciət etmişəm. Nə olsun ki, həkiməm, qavramamaq, başa düşməmək, əks reaksiya vermək kimi vəziyyətləri olub ki, psixoterapiya seanslarına gedib. Nəticəsi də yaxşı olub. Döyəndə, uşaq aqressivləşir, valideynlərinə münasibətində aqressiya yaranır. Bu da, uşaqların inkişafına təsir göstərir. Hətta onlar böyüyüb valideyn olanda öz uşaqlarına münasibətinə də təsir göstərəcək. Döyməklə heç nə əldə etmək olmaz. Mən övladlarımla çox danışıram, başa düşdükləri də olur, düşmədikləri də, amma yenə də danışıram. Uşaqla maraqlanmaq lazımdır. Dərsdən gələndə gününün necə keçməsi, dərsləri ilə bağlı sual verilməlidir. Əgər bunlar olmasa, uşaqla valideyn arasında divar yaranır, sonra artıq nə etsən, desən də, uşağa çatmır.
Aygün Asimqızı
Kaspi 2018.- 23 noyabr.- S.15.