"Segah"
muğamını ifa edəndə özümü, kimliyimi
tapıram
Xalq artisti Möhlət
Müslümovun müsahibəsi
– Bildiyimiz kimi musiqidən uzaq, fəhlə ailəsində dünyaya gəlmisiniz. Buna
baxmayaraq sizdə musiqiyə maraq hələ
çox kiçik yaşlardan başlayıb. Sənətdə özünüzü təsdiqləyənə
qədər isə çox böyük çətinliklərlə
qarşılaşmısınız. Mümkündürsə,
həyat hekayənizin ən önəmli məqamlarını
bizimlə bölüşərdiniz.
– Məndən çox zaman soruşurlar ki, yəqin, ailənizdə musiqiçi olub, olubsa, bəlkə, bu istedad o adamdan keçib. Dərinliyə gedə bilmirəm, bəlkə də, iki yüz il bundan əvvəl yaşamış dördüncü babalarımdan kiminsə istedadı olub. Ancaq onu deyə bilərəm ki, əgər uşaq təmiz azərbaycanlı ailəsində göz açıb, dil açıb böyüyürsə, milli kökə bağlılıq görürsə, milli musiqimizi eşidirsə, o uşaq da istər-istəməz o ruhda yetişəcək. Bəlkə də, onun genində iki yüz il bundan əvvəl istedad olub, sonra gələn nəsil-şəcərəsində isə ortaya çıxmayıb. Ancaq o istedad bugünkü uşaqda büruzə verə bilər. Mən göz açdığım ailədə anam evdar qadın, atam isə fəhlə idi. Anam evdar qadın olsa da, savadlı idi. Anam gündəlik qəzetlər oxuyardı, mütaliə edərdi, gündəlik danışığında ən qəliz sözlərdən istifadə edərdi, ərəb dilini yaxşı bilirdi. Anamın atası ruhani alim olub, on yaşında Nəcəfə, Quma gedib, otuz beş yaşında qayıdıb. Amma anamın təhsil almasına babamın imkanı olmayıb. Anam mənə deyərdi ki, kitabı ürəyində oxuma, səsli oxu. Səbəbini soruşanda deyərdi ki, dilin qəliz sözlərə alışması üçün belə oxumalısan. Həm anamın, həm də atamın milli musiqiyə marağı var idi. Tarda ifa etməyə o qədər həvəsim olduğu halda özümə bir tar ala bilmirdim. Mən dil açan vaxtdan musiqini sevirdim, canımda, qanımda ritm vardı. Əvvəlcə mənə uşaq musiqi alətləri aldılar. Deyirlər ki, iki yaşım olanda uşaq gitarasını əlimə alıb deyirdim ki, mən gitara çalıram. Sonra mənə nağara aldılar. Bir də gözümü açdım, gördüm ki, musiqi məktəbində təhsil alıram. Atam məni musiqi məktəbinə yazdırmaqda bir az gecikmişdi. Dərslər sentyabr ayında başlamışdı, atam isə məni məktəbə oktyabr ayında aparmışdı. Məktəbin direktoru atama dedi ki, əslində, məktəbə qəbul sona çatıb, ancaq qoy bir uşağın səsini yoxlayım. Səsimi yoxlayan kimi katibəni çağırıb dedi ki, bu uşağın sənədlərini qəbul et. Məktəbə bir ay gec qəbul olunmağıma baxmayaraq, əvvəl gedə bilmədiyim dərslərə hazırlaşaraq qısa müddətdə digər uşaqlarla eyni səviyyəyə çatdım. O gündən bu sənətə bağlandım.
– Sizin ifanızda muğamlarımızı dinlədikcə adama elə gəlir ki,tarın, muğamın yaşı hardasa insanlığın, dərdin, qəmin yaşı qədərdir. Bu sehr bəlkə elə sizin də müsahibələrinizin birində dediyiniz kimi köhnə kişilərdən və yaşamağa davam edən, amma heç zaman da köhnəlməyən ənənələrdən gəlir.
– Mən bu barədə iyirmi il əvvəl də düşünmüşdüm,
bu gün də
düşünürəm. Sənəti dərk etdiyim zaman düşünürdüm
ki, görəsən, muğamın nə
qədər tarixi var?
Hələ də onu öyrənməyə
çalışıram, amma tapa bilmirəm. Düşünürəm
ki, torpaq yaranandan, Azərbaycan milləti yaranandan, insan özünü dərk edəndən muğam yaranıb və nəsildən-nəslə
ötürülüb. Şərq
dünyasının hər yerində muğam
var. Əllidən artıq ölkədə
olmuşam. Sovet
dövründə Hindistana gedib iki ay
orada qaldım. Hər gün
raqalara qulaq
asırdım, özüm üçün
müqayisə edirdim. Deyirdim,
ilahi, bunların muğamı budur, bizdə başqa cürdür, farslarda bir başqa, türklərdə
də fərqlidir. Nəyə görə bizim
muğam bunlardan seçilir? Bu
yaxınlarda Amerikada arxivindən tapıb bir kitab gətirmişdilər,
onlar tarı şumerlərlə
bağlayırlar. Tar daş
kitabələrdə, qayaüstü rəsmlərində
yer alır, tarzən ayaq
üstə təsvir olunub, tarı tutmaq da, tarın quruluşu da eyni ilə bizimki kimidir. Bunu görəndən
sonra lap dərindən
düşünməyə başladım. Yəqin,
Sadıqcan da mən indi
gördüklərimi tarın dizin
üstündə çalındığını görüb və tar sənətində
inqilab edib, tara pərdələr, simlər artırıb
və tarın sinədə çalınması ənənəsini
qoyub. Üzeyir
Hacıbəyov tardakı beş pərdəni
ləğv etməklə, bizim tarı başqa ölkələrin tarlarından fərqləndirib.
Beləcə, təmiz, düzgün Azərbaycan
tarı meydana gətirilib. Dahi
Üzeyir Hacıbəyov tarı
Avropanın not sistemi
ilə eyni səviyyəyə
qaldırıb. Bu gün
tar dünyanın ən mötəbər
salonlarında orkestrlə bərabər öz
sözünü deyir.
Buna görə də Üzeyir
Hacıbəyova minnətdarıq Sovet
dövründə Özbəkistana, Tacikistana
simpoziumlara gedirdim. Düşünürdüm ki,
muğam Azərbaycanda inkişaf
etdiyi halda nəyə
görə bizdə belə simpoziumlar keçirilmir, onlara qibtə
hissi ilə baxırdım. Sonralar Birinci vitse-prezident Mehriban
Əliyevanın sayəsində muğama
qayğı artdı. Hərdən kövrəlirəm ki, bizim böyük
ustadlarımız olub, onların heç biri tarın bugünkü vəziyyətini, verilən qiymətləri
görmədilər. Bu, bizim
musiqinin, xalqın, millətin uğurudur. Bu gün biz baş
ucalığı ilə deyirik ki, tar, kamança,
balaban bizim musiqi alətlərimizdir. Sovet
dövründə xarici ölkələrə
gedəndə bizdən soruşurdular ki, hardan gəlmisiniz? Deyirdik, Azərbaycandanıq,
tanımırdılar. Hər dəfə Azərbaycanın yerini xəritədə
göstərirdim. Sonralar tar
haqqında professor Vaqif
Əbdülqasımovun ingilis dilində bir kitabı çıxdı. Hər dəfə
qastrol səfərlərinə gedəndə
o kitabdan 25 dənə
aparırdım. Getdiyimiz ölkələrdə
bizimlə yaradıcılıq görüşləri
keçirilən zaman mən onları tar alətiylə maraqlanan
adamlara paylayırdım. Bir
dəfə Avropa ölkələrindən
birində ermənilər bir orkestrə tar hədiyyə edərək demişdilər
ki, tar ermənilərindir.
Mən o tarı götürdüm,
simlərini dəyişdim, pərdələrini çəkdim,
düzəltdim. Həmin orkestrdə mübahisəm oldu. O gün bu məsələ ilə bağlı radioya müsahibə də verdim.
Axşam ermənilər
qaldığım mehmanxanaya gəldilər.
Mənə dedilər ki, sən sənətkarsan
yoxsa, siyasətçi? Dedim
ki, buna siz bizi məcbur etmisiniz. Niyə deyirsiniz ki, tar ermənilərindir? Onlara
da o kitablardan
verdim, sonra gəlib məndən "tar ermənilərindir”
sözünə görə üzr istədilər.
Bu təbliğatı təkcə mən yox, hamı etməlidir. Ancaq
bu gün rahatam. Çünki
arxamızda dövlətimiz var.
– Vücudunuza hopmuş muğam salonları doldurur...
– Özümü tapdığım, tarı özüm kimi ifa etdiyim və böyük bir tarzənlər ordusu yetişdirdiyim zaman tənqid eşitməyə başladım. Otuz yaşım vardı, görürdüm ki, məni təqlid edirlər, utanırdım o adama deyim ki, məni təqlid edirsən. Bir muğam çalırdım, beş gün sonra onu başqa tarzən çalırdı, mən elədiyim nüansları edirdi. Bilirdim ki, o incəlikləri məndən başqa heç kim etməyib. Gənclik illərində məni böyük sənətkarlar dəstəkləyiblər. Bu gün ifa etmədiyim muğam yoxdur. Təkcə Dövlət televiziyasının qızıl fondunda 200-dən çox muğam dəstgahım, mənim müşayiətim, solo ifalarım var. Gecə istənilən saatda məni yuxudan oyadıb desələr ki, ən az işlənən muğamı ifa et, edərəm. İstənilən muğamı məşqsiz, bədahətən ifa etməyim çox olub.
–Möhür vurduğunuz muğam
varmı?
– Əslində,
muğamlara övladlarım kimi baxıram. Onları bir-birindən
ayırmıram. Ən çox sevdiyim bir muğam var. "Segah”
müğamını ifa edəndə özümü, kimliyimi
tapıram, torpağımı, xalqımı daha
da yaxından duyuram. Bu, "Segah”
muğamıdır. Çünki
"Segah”ın növləri, rəngarəngliyi başqa Şərq ölkələrində yoxdur. Heç bir millət deyə bilməz ki,
mənim belə
"Segah”ım, muğamım var. Bu gün ifa
etdiyim "Segah”ı bir
ay sonra bəyənmirəm,
yenidən ifa etmək istəyirəm. Xalq mənim ifamda
"Segah”ı qəbul edir, çox sevir. Mənə bu barədə facebook, instaqramdan yazırlar. Bir
haşiyə çıxmaq istəyirəm. Xalq
şairi Zəlimxan Yaqub
sənətimi çox sevir,
yüksək qiymətləndirirdi. Bir dəfə
qış aylarından biri idi, möhkəm qar
yağmışdı. İctimai televiziyada Xeyrəddin Qocanın
yaradıcılıq gecəsində canlı verilişdə iştirak edirdim. Xeyrəddin
müəllim mənə demişdi ki, mənim üçün
bir "Segah” çalarsan.
”Segah”ı ifa etdim, gördüm ki, Xeyrəddin
müəllim ağlayır. Onun
ağlamasından təsirlənərək, bədahətən
bir neçə xallar,
gəzişmələr etdim. Qar yağdığına görə evə çox çətinliklə gedə bildim. Xeyrəddin müəllim mənə zəng
elədi ki, Zəlimxan Yaqub
sənə zəng edir, telefonun
bağlıdır. Verilişə baxıb, ifanı çox bəyənib, ona
zəng elə, sənə sözü var. Zəlimxan Yaquba zəng
elədim. Mənə dedi ki,
telefonunu səsyazmaya qoy,
bir şeir
yazmışam. Əslində, bu şeir sənin üçün
azdır, sənə
"Möhlətnamə” adlı bir
poema yazacağam. Amma o poemanı yazmağa ömür vəfa
etmədi. Şeiri telefonda
oxudu, bir az da kövrəldi. Mənə
dedi ki, görəsən,
niyə "Segah” ancaq
Azərbaycanda var? Dedim,
mən bilirəm, siz şairsiz,
bu sualın cavabını sizin
dilinizdən eşidim. Dedi,
mənə elə gəlir ki, bizim millət qədər əzilən başqa bir millət yoxdur. O tay, bu tay gör
nələr görüb bu
millət, nə qədər əzablar çəkib, Qarabağ hadisələri. Buna
dözmək olar? Ancaq
buna görə bizim
millət "Segah”ı bu qədər sevir. Əgər ürək
dağılmırsa, onu verirsən alətə,
o alətə çatır gücün. Anam laylay oxuyurdu. Amma onun "Segah”
üstündə olduğunu bilmirdi. İndi də bizim kəndlərimizdə elə yaşlı insanlar
var ki, ”Segah” üstündə laylay
oxuyurlar. Ona görə
də bizim beşiyimizin,
qəbrimizin üstündə
"Segah” oxunanda
insanlar ağlayır. Bax,
buna görə də mən "Segah”ı digər muğamlardan üstün tuturam. Görün, necə
muğamdır ki, onu
həm şad, həm də kədərli
günündə ifa edirsən. Yəni, bu, muğamlarımızın
böyüklüyündən xəbər verir.
Belə musiqi hər xalqa
nəsib olmur. 1989-cu ildə Dövlət radiosunda beş
muğamı lentə yazdırmaq üçün
çox çətinliklə yer almışdım. Mənə bu vaxtı dekabr ayında
verdilər. Ağlıma da gəlməzdi
ki, bir ay
sonra 20 Yanvar hadisələri
baş verəcək. Gəldim studiyaya, soyuqdan içəri
girmək olmurdu. O zamanlar
gənc idim, fikirləşdim ki, nə olursa-olsun bu muğamları yazdıracağam.
Barmaqlarım simə yapışırdı, göynəyirdi,
amma lent
yazılarımı dinləyəndə o
soyuqluq yox,
ifalarımdakı istilik hiss
olunur. O muğamlar görün nəyə qismət oldu. O günlərdə elə hönkür-hönkür
ağlayırdım. Sonra mənə zəng
edib dedilər ki,
muğamların hamısı bəyənilib və fonda qəbul olunub.
– Hazırda hansı layihələr
üzərində işləyirsiniz?
– Layihələr də, təkliflər də çoxdur. Əhməd Bakıxanov adına ansamblın 90 illiyi yaxınlaşır, inşaallah, 2019-cu ildə qeyd edəcəyik. Bilirsiniz ki, bu ansambl Üzeyir Hacıbəyov, Müslüm Maqomayev tərəfindən yaradılan Azərbaycanın ilk professional ansamblıdır. Dövlət televiziyasının nəzdində əvvəlcə solistlər, sonra xalq çalğı alətləri ansamblı olub. Mən ansamblın üçüncü rəhbəriyəm, iyirmi beş ildir ki, bu ansambla rəhbərlik edirəm. Amerikadan, Türkiyədən konsert təklifləri var, o ölkələrdə disklərimi də yazdırmalıyam. Burada da işlərim çoxdur. Milli konservatoriyada müəlliməm, professoram. Televiziya çəkilişləri, açıq konsertlər, işlərim gün-gündən artır.
– Hər ustadın yolunu
davam etdirən tələbələri olur. Möhlət Müslümovun
sənət yolunu davam
etdirə biləcək tələbələri varmı?
–Bir çox istedadlı tələbələrim var. Elçin Həşimov, Ələkbər Ələkbərov, Əliağa Sədiyev əməkdar artist adını daşıyan tələbələrimdəndir. Oğlum Rüstəm tələbəm olmasa da, o da tələbəm sayılır. Adını unutduqlarım gərək məni bağışlasınlar. Məni əyani görməyən, mənim də üzünü görmədiyim qiyabi tələbələrim də çoxdur. İrandan mənə instaqram vasitəsilə çox yazırlar. Elə gün olmur ki, mənə öz ifalarını göndərməsinlər. Yazırlar ki, kaş səni yaxından görə biləydik. Burada bizim müəllimimiz yoxdur, səni özümüzə ustad sayırıq. Yəni məni dinləməklə təqlid edənlər çoxdur.
– Oğlunuz
Rüstəmin adını çəkdiniz, bir
övlad və yolunuzun
davamçısı kimi Rüstəm
istedadı sizi qane edirmi?
–Rüstəmdən razı olsam, onda deməli, özümdən də razıyam. Rüstə-mi hər gün öyrədirəm. Heç vaxt ona deməmişəm ki, səndən razıyam, yaxşısan. Hər gün çıxışını mənə göstərir, baxıram, deyirəm, get işlə, get məşğul ol. Çünki, mən özüm də belə olmuşam. Hamı məni tərifləyirdi, bu isə,x oşuma gəlmirdi. Deyirdim, kaş ki, kimsə məni tənqid etsin, tənqid edənləri sevirdim. Hər adam tənqidi qəbul etməyi bacarmır. Mən sağlam tənqidi qəbul edirəm. Rüstəmə də deyirəm ki, sən başqalarının da tənqidini qəbul et, atanınkını da. Bil ki, bu, sənin ümumi işinin xeyirinədir. Rüstəmdə bütün komponentlər var, onun gələcəyinə inanıram. görürəm.
– Xanəndənin toylara
getməsinə necə baxırsınız?
– Yaxşı baxıram. Amma indiki fonoqram toylarına yox, sənətkar toylarına, canlı ifalarla müşayiət olunan toylara yaxşı baxıram. Toy böyük məktəbdir, sənətkarı püxtələşdirir. Mən televiziyada ifa edəndə heç kəs mənə nöqsan demir. Ancaq toya gedəndə, mənə nöqsanımı deyəndə, düşünürəm ki, düz deyir, bir az da öz üzərimdə çalışmalıyam və yaxud nəyə görə sağlığında deməsinlər ki, sən gözəl, dahi sənətkarsan. Biz bunu xalq üçün edirik. Konsertə gedirəm, xalq üçün konsert verirəm, televiziya çəkilişlərinə gedirəm, xalqa xidmət edirəm, amma xalqın şad günündə, kimsə iyirmi beş, otuz il gözləyir ki, oğluna, qızına toy edəcək, o toyda məni görmək istəyir, niyə mən onun ürəyini qırım, o toya getməyim. İndi də mənə deyəndə ki, filan yerdə toy var, dur gəl, tarımı da götürüb gedirəm. Heç kim də deyə bilməz ki, kiməsə demişəm ki, mənə bu qədər pul ver. Bilirəm ki, məni istəyirlərsə, mənə hörmət də edəcəklər, hörmət etməsələr də, mən bunu yaxşı qəbul edirəm, çünki, məni yetişdirən xalq olub.
Mançestrdən bir oğlan yazır, məndən xahiş edir ki, ona skypla dərs keçim. Deyir, ancaq sizi qəbul edirəm. Orada tibb üzrə təhsil alır. Deyirəm, ay oğlum, sən həkimsən, tar sənin nəyinə lazım? Zarafatla deyirəm, mən həkim işləyim, sən gəl, tar çal. Bu yaşımda hələ də öyrənirəm. Muğam bir dəryadır. Əfsuslar olsun ki, bu dəryaya barmağını batıran deyir, mən üzürəm, uç metr enir deyir, mən üzürəm, yüz metr enir deyir, mən üzürəm. Amma Muğam dəryasının sonu görünmür. Mən deyə bilmərəm ki, bu dəryanın gözəl üzgüçüsüyəm. Onu xalq deyə bilər. Xalq da məni, yəqin ki, istəyir.
Söhbətləşdi: İntizar
İsmayıl
Kaspi 2018.- 24-26 noyabr.- S.16.