"Əlilliyi olan şəxslər: fiziki
məhdudiyyətdən sosial inteqrasiyaya”
Sağlamlıq
imkanları məhdud uşaqlar üçün 3 ¹-li Respublika xüsusi internat məktəbində uşaqlara
xüsusi qayğı və sevgi ilə yanaşırlar
"Məktəbə gəlməmişdən
öncə ilə sonranı müqayisə edim.
Əvvəllər mənim uşağım hərəkət
cəhətdən ipə-sapa yatmırdı, özünü
idarə edə bilmirdi, sözə qulaq asmırdı. Amma implant olunmuş uşaqlar üçün
ayrılan sinifdə dərsə başladı, 2 il ərzində çox
şey dəyişdi, indi
dərsdə rahat oturur,
yazır. Müəllimin verdiyi
tapşırıqları hazırlayır”.
"Övladım bu məktəbdə
yaradılan implant sinifdə təhsil
alır. Artıq 2-ci sinifdə oxuyur. Demək
olar ki, hər bir sözü burda öyrənib. Məktəbə gələndən
sonra uşaqda xeyli irəliləyiş görmüşəm”.
Bu sözləri bizimlə söhbətində məktəbin həyətində qarşılaşdığımız, övladlarının dərsdən çıxmasını gözləyən valideynlər – Lətifə İsmayılova ilə Billurə Məmmədova bildirdilər. Onların haqqında danışdığı implant olunmuş uşaqlar üçün ayrılan sinif məsələsinə bir azdan toxunacağıq. Amma qeyd edək ki, hazırda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 ¹-li Respublika xüsusi internat məktəbindəyik. Məktəbdə nitq və eşitmə əngəlli uşaqlar təhsil alırlar. Amma deyilənə görə, təhsillə yanaşı, burda onlar müxtəlif istiqamətlərdə peşəyönümlü bacarıqlarını da inkişaf etdirirlər. "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib, ümumi olaraq məktəblə tanış olmaq qərarına gəldik.
Psixoloji tərəfdən
uşağın məktəbə gəlməyi önəmlidir
Binadan başlasaq, məktəb iki korpusdan ibarətdir. Birinci korpusda 1-4, ikinci korpusda 5-11-ci sinif şagirdləri təhsil alırlar. İlk olaraq balacaların dərs keçdiyi korpusa yollanırıq. Məktəb və dəhlizdə sakitlik? – sualını özümə verirdim ki, hazırda dərs saatı olduğunu öyrəndim. Fürsətdən istifadə edib məktəbin direktoru Bahar Kərimova ilə bir az söhbətləşdik. Bahar xanım deyir ki, məktəb 1967-ci ildən fəaliyyət göstərir, ilk dəfə 12 şagird qəbul olunub. Zaman keçdikcə təbliğat aparılıb və bu say artıb. Hazırda məktəbdə 600-dən çox nitq və eşitmə əngəlli uşaq təhsil alır.
B.Kərimovanın sözlərinə görə, nitq və eşitmə əngəlli uşaqların ev mühitində qalanları ilə məktəbə gedənləri arasında böyük fərq olur: "Təkcə təhsil cəhətdən fərqlənmirlər, həm də psixoloji tərəfdən uşağın məktəbə gəlməyi önəmlidir. Bəzi valideynlər uşaqlarını evdə, həmyaşıdlarından və cəmiyyətdən təcrid edərək öz himayələrində saxlayırlar. Bu da uşaqların cəmiyyətə inteqrasiyasına mane olur və belə uşaqlar valideynlərin səhvi ucbatından psixoloji zərbəyə məruz qalırlar. Məktəbimizdə isə uşaqlar zamanla aktivləşirlər. Burda daktil və mimika vasitəsilə yazılı və şifahi nitqləri inkişaf etdirilir”.
Direktor deyir ki, məktəbi bitirdikdən sonra hər kəs öz bacarığına görə təhsilini davam etdirir: "Uşaqlarımız daha çox peşə yönümlü lisey və kolleclərə yönəldilir və təhsillərini davam etdirirlər. Builki məzunlardan 7 şagirdimiz tələbə adını qazanıb. Şagirdlər 11 il oxuyub ümumi orta təhsil haqqında sənəd alırlar. Dərslər də xüsusi tədris proqramı əsasında keçirilir. Şagirdlər birbaşa ali məktəblərə daxil olmaq üçün təhsillərini qiyabi axşam məktəbində davam etdirirlər”.
Qeyd edək ki,
şagird qəbulu üçün
məktəbdə deyil, hər rayonda yerləşən tibbi-pedaqoji
komissiyalara müraciət etmək
lazımdır. Valideynlər müraciət etdikdən sonra tibbi-pedaqoji komissiyalar qərar çıxarır, uyğun olduğu halda uşaq internata göndərilir. Bütün
rayonlarda komissiyalar var.
1-2-ci siniflərdə daha
çətin olur
Siniflərə də baş çəkmək qərarına gəldik. İlk olaraq 4-cü siniflərin dərsində iştirak etdik. Sinifdəki şagirdlərin hər birinin o qədər işıqlı üzü, pozitivliyi var idi ki... Müəllim olmağın çətinliyini bu gülər simalar yəqin ki unutdurur. Müəllim Mahirə Daşdəmirovadeyir ki, əsas çətinlik 1-2-ci siniflərdə olur, sonra artıq hər şey qaydasına düşür: "16 ildir ki, burdayam. Bu cür uşaqların əsasən, 1-2-ci sinifləri çətin olur, məktəbə, uşaqlara uyğunlaşması bir az vaxt alır. Oxumağa alışmaları lap çətin olur. Çünki digər uşaqlara valideynlər özləri evdə nələrisə öyrədirlər, amma bunların eləsi var ki, tam sıfırdan bizə gətirirlər”.
Sinfin ən aktiv
şagirdi Cavid
Tağıyev idi. Müəllimi deyir ki, o,
həm də çox yaxşı oxuyur. Valideynləri rayonda
olur, o özü
internatda qalır. Buna
baxmayaraq, dərslərinə məsuliyyətlə
yanaşır. Cavid 3-4 günə rayona evlərinə gedəcək, o bunun sevincini
də bizimlə bölüşdü.
"Od durur, su durur, amma
Gülseyrə Ağabalayeva
durmaz” demək olar. Bu balaca qız dərslərini yaxşı oxumaqla yanaşı, rəsm çəkir, tikmə, toxuma, muncuqlardan əl işləri hazırlayır. Deyilənə görə, hətta hind mahnılarına rəqs etməyi gözəl bacarır. Bir dəfə anası
müəlliminə danışırmış
ki, Gülseyrə internetdə bir videoda gördüyü əl işini düzəltmək üçün
köynəyini kəsib,
onu hazırlayıb.
Hətta onun rəqsi çox tərifləndiyi üçün
"sizin üçün
rəqs etmək istəyirəm” dedi və etdi də.
Eşitməyən birinin
rəqs etməsi məsələsinə bir
azdan toxunacağıq...
Əvvəlcə səsi alırıq,
sonra hecaları, sonra da sözləri
Daha bir
4-cü sinifdə iştirak
etdik, artıq fasilə olduğu üçün onlar şirniyyat yeməklə məşğul idilər. Amma burda
gördüyümüz şagirdlərin
bir qismi digərlərindən bir neçə yaş böyük kimi gəldi. Müəllim
bildirdi ki, bəzən valideynlər uşaqları məktəbə
bir-iki yaş gec gətirirlər, ona görə belə fərqlər ola bilir.
Məktəbə gələrkən uşaqlarda
səs olmur, bu bacarıq məktəbdə inkişaf
etdirilir. Eşitmə qalığının inkişafı
və tələffüz
üzrə iş fənninin müəllimi Yeganə Musayeva deyir ki, zamanla
müxtəlif vasitələrlə
onlarda bu səsi yaratmağa çalışırlar: "Əvvəlcə,
səsi alırıq,
sonra hecaları, sonra da sözləri.
Məsələn, "müəllim” sözünü olduğu
kimi tələffüz
edəcəyini deyə
bilmərik. Müəyyən qədər eşitməsi
olan uşaqlar səsi olduğu kimi deyə bilərlər. Tamamilə eşitməyənlərdə
isə "məlllm”
kimi almaq olur. Yaxud serebral iflicli
uşaq var, onda sait səslər
ala bilirik, samitləri
yox. Hər uşağa görə
dəyişir”.
Ömrünün 34 ilini məktəbdə
çalışan Mehparə
Həsənova bildirdi
ki, bu uşaqlar
sevgini, nəvazişi
çox xoşlayırlar:
"Başlarını sığallaya-sığallaya
biz onlara nə isə öyrətməyə
çalışırıq. "5” alanda, o qədər
sevinirlər ki. 5 qiymətinin yanında
bir ulduz şəkli qoyanda sevincləri lap aşıb-daşır.
Qayğıya son dərəcədə ehtiyacı olan uşaqlardır. Qayğılarını çəkə-çəkə dərs öyrədirik”.
İmplant olunmuş uşaqlara aid sinfə gələk. Bu uşaqlar əməliyyat olunublar və aparat qoşulmaqla eşidə bilirlər.
Ona görə bu uşaqlara artıq danışığı da
öyrətmək mümkün
olur. Müəllimləri
dedi ki, bu uşaqlar eşitdikləri üçün
dəcəllikləri daha
çoxdur.
Toxuma, tikmə,
muncuqlardan əl işləri və s.
Sonra ikinci korpusa yollanırıq. Burada "Əmək
hazırlığı” dərsində
iştirak etdik. Və dərsin keçirildiyi otağa daxil olanda, elə
bir gözəlliklə
qarşılaşdım ki...
Otaq çox səliqəli və fərqli əl işləri ilə bəzədilmişdi.
Heç
inanmaq olmaz ki, burda nə
isə öyrənilir,
tikilir. Amma öyrənib tikdikləri
ilə otağa belə bir gözəllik
verə bilmişdilər.
Müəllim Dilarə Dadaşova
deyir ki, bu dərsə əsasən, 5-11-ci siniflər
gəlirlər. Dərsdə
toxuma, tikmə, muncuqlardan əl işləri və s. bir çox əl işlərini hazırlamağı öyrənirlər.
Əl işləri sərgilərə,
müsabiqələrə göndərilir.
Bir çox müsabiqələrdə
yaxşı yerlər
tutmağı da bacarıblar.
Bu dərsdə ancaq
qızlar idi, bəs oğlanlar nə ilə məşğul olurlar? Növbəti "Əmək hazırlığı”
dərsində isə
oğlanları da gördük, qızları
da. Burda rəsm çəkilirdi.
Sinif divarında isə yazılmışdı:
"Əllər əqlin
kəşfiyyatçısıdır”.
Oğlanlar üçün məktəbdə
emalatxana da var, orda məşğələlər
günortadan sonra keçirilir. Oğlanların bir qismini isə idman zalında, basketbol oynayarkən tapdıq.
İdman
cəhətdən də
nailiyyətləri yaxşıdır,
otaqda kuboklarının
sayı bunu deməyə əsas verir. Ən son isə Murad
Cəfərovyaxşı nailiyyət
əldə edib.
O, nitq və eşitmə əngəlli
yeniyetmələr arasında
keçirilən dünya
çempionatında yunan-roma
güləşi üzrə
ikinci yeri qazanıb.
Və rəqs...
Və bildirildi ki, məktəbdə ümumilikdə idman növləri, xalçaçılıq, toxuculuq, şahmat, rəqs və s. istiqamətlərdə dərnəklər fəaliyyət göstərir. Uşaqlar "Əmək hazırlığı” dərsindən əlavə həftədə iki dəfə günortadan sonra dərnəklərdə də iştirak edib öz bacarıqlarını inkişaf etdirə bilərlər. Rəqs məsələsi hələ Gülseyrə rəqs edəndə diqqətimi çəkmişdi. Əgər eşitmirlərsə, necə rəqs edirlər? Çünki biz düşünürük ki, rəqs etmək üçün həm də musiqini eşitmək lazımdır. Amma onlar üçün heç bu da əngəl deyil. Məktəbdə ritmik məşğələlər keçirilir ki, burda uşaqlar ritmləri öyrənirlər. Vibrasiya vasitəsilə onlar ritmi tutub rəqs edirlər. Həqiqətən də çox gözəl rəqslərin şahidi olduq... Demək ki, əslində, əngəl dediyimiz bir çox şey, sadəcə insanın düşüncəsinə bağlıdır.
Aygün Asimqızı
Kaspi 2018.- 27 noyabr.- S.11.