Unudulmayacaq sənətkar haqda xatirələr
O,
yaradıcılığı ilə “kicik
rol vasitəsilə böyük
fikirlər ifadə etmək çətindir” mülahizəsinin
mənasızlığını sübuta
yetirib
Elə səhnə ustası var
ki, onun sənət yolu bir teatrın
yaradıcılıq yoludur, səhnəyə
gətirdiyi hər bir yenilik
teatrın yeniliyidir. Yaratdığı
hər obraz, hətta epizodik
olsa belə, tamaşaçının
yaddaşına əbədi həkk olunur,
öz xalqının milli
sərvətinə, teatr tarixinin
bir səhifəsinə çevrilir
və mənəvi güc, idrak aydınlığı ilə həqiqət
səviyyəsinə yüksəlir. Belə sənətkarların
əsas meyarı istedaddır. İstedad
işığına gedən yolda isə
heç kəs azmaz. Xalq artisti Məhəmməd
Burcəliyev də məhz bu kimi aktyorlar silsiləsinə
daxildir.
Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il,
aprel ayının 25-də Şəki
şəhərində anadan olub. Burada beş
illik orta təhsilini başa vurduqdan sonra 1930-cu ildə təhsilini davam
etdirmək məqsədi ilə Bakı şəhərində
Karl Lipginixt adına fabrik-zavod məktəbinə daxil
olub. Aktyor öz xatirələrində yazır:
"1930-cu ilin əvvəllərində
Bakıda sənət məktəbində oxumaq
üçün şagird
qəbulu ilə bağlı Şəkidə elanlar
vurulurdu. Mən də oxumaq
üçün həmin məktəbə
yazıldım. Sənət məktəbinə gələrkən
bizi çox
yaxşı qarşıladılar və iş
paltarı da verdilər. Bu
sənət məktəbində həm qazma
sənətini öyrənməli, həm də təhsil
almalı idik. Bir həftətəcrübə
keçdikdən sonra təhsil
alacağımız məktəbə gəldik. İlk dərsimiz ədəbiyyat dərsi idi. Zəng vuruldu və məktəbin
direktoru, yanında ortaboylu,
qarabuğdayı, qalın dodaqlı bir oğlanla daxil oldular sinfə. Direktor bizə
dərslərimizdə və işlərimizdə uğurlar arzuladı. Sonra
yanındakı oğlanı göstərib dedi:
- Bax, sizin ədəbiyyat
müəlliminiz budur. Özü
də yaxşı şairdir. Yəqin ki, şerlərini oxuyubsunuz.
Adı da Mikayıl Müşfiqdir.
Mən onun şerləri ilə
tanış idim. Amma üzünü görməmişdim. Müşfiq müəllim ədəbiyyatla
maraqlananları çox sevirdi.
Bir çox gəncin
həyatında olduğu kimi,
mən də şer yazırdım. Bir gün Müşfiq
müəllim dərsdən sonra mənim
yazdığım şerləri dinlədi, amma
bir söz demədi. Səhəri
gün mənim əlimdən tutub "Gənc işçi”
qəzetinin redaksiyasında olan ədəbiyyat
dərnəyinə apardı və üzv
yazdırdı. Burada məni Süleyman Rüstəmlə tanış etdi”.
Məhəmməd Burcəliyev Karl
Lipginixt adına məktəbi bitirdikdən
sonra Fəhlə Pedaqoji
Texnikumuna daxil olub. Bu məktəbin bitirilməsi
ilə əlaqədar olaraq təşkil olunan konsert proqramında
maraqlı çıxışını gördükdən sonra məhz Sabit Rəhmanın
dəvəti ilə 1932-ci ildən Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib
və maraqlı obrazlar qalereyası
yaradıb. 1935-ci ildən ömrünün
sonunadək, yəni 1994-cü ilin noyabr ayının 25-dək Gəncə
Dövlət Dram Teatrında
çalışıb. 1967-1968-ci illərdə N. K. Krupuskaya adına Moskva
Dövlət İncəsənət Universitetinin
teatr aktyoru və rejissoru fakültəsini bitirib.
1948-ci ildə "Yadigar” adlı dram əsəri də qələmə
alıb. Həmin il "Yadigar”
pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya
qoyulub. Pyesin quruluşçu rejissoru
Ağəli Dadaşov, rəssamı Bəhram
Əfəndiyev və musiqi tərtibatçısı
Şəmsəddin Fətullayev olub. "Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilən
"Müasir dramaturqların əsərlərinə
baxış” festivalında 3-cü dərəcəli diploma layiq görülüb.
Həmçinin M. Burcəliyevin respublikada
çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin
müəllifi kimi də
çıxışları olub. Aktyor Gəncə Dövlət Dram
Teatrının səhnəsində 300-dən artıq
maraqlı obrazlar qalereyası yaratmağa müvəffəq olub.
"Od gəlini”ndə Altunbay, "Aydın”da Səlim, "Nəsrəddin
şah”da Cavad xan, "1905-ci ildə”də
Qubernator, "Almaz”da Şərif, "Səyavuş”da Kərşivaz,
"Fərhad və Şirin”də Azər baba,
"Otello”da Radriqo, "Vaqif”də İbrahim
xan, "Üç qəpiklik
opera”da Bıcaq Mex, "III-Riçard”da Lord Xestinqs,
"Odu atma, Prometey”də
Kefest, "Dəli Kür”də Qoca, "Qacaq Nəbi”də
Koxa Məmməd, "Qəribə dilənçi”də
Qeyza Qaliba və s. obrazları onun
yaradıcılığının əsasını təşkil
edib. Bu teatrın səhnəsində
M. Burcəliyev 11 pyesə quruluşçu
rejissor kimi səhnə
həyatı bəxş edib. Aktyor "Azərbaycanfilm”in istehsalı olan bir neçə filmdə
də yaddaqalan obrazlar
yaradıb. Belə ki, "Mən
ki gözəl deyildim”
(1968) filmində Əsgər, "Dəli Kür”
(1969) filmində Allahyar, "Firəngiz”
(1975) filmində Sürücü,
"Gözlə məni” (1980) filmində Bəy, "Köhnə
bərə” (1984) filmində İbrahim kişi, "Qəm pəncərəsi” (1986)
filmində Rəşid bəy və
"O dünyadan salam”
(1991) filmində Hacı Baxşəli obrazları, aktyorun geniş
yaradıcılıq imkanlarından, böyük
potensial qüvvəsindən xəbər verir. O, 1944-1945-ci illərdə Fikrət
Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət
Filarmoniyasını yaradaraq, həmin illərdə
buranın direktoru kimi
də fəaliyyət göstərib. O, həmçinin
1950-1955-ci illər ərzində Gəncə Dövlət Dram Teatrının direktoru
kimi çalışıb. M. Burcəliyev
1955-ci ildə respublikanın əməkdar artisti,
1958-ci ildə isə xalq artisti
fəxri adlarına layiq görülüb.
1994-cü il noyabr
ayının 25-də Gəncə şəhərində vəfat
edib.
Jurnalist Əhməd İsayevin 12 mart 1989-cu il tarixli "Kommunist” qəzetində nəşr olunan Məhəmməd Burcəliyev haqqında yazısında oxuyuruq: "... Əsl el adamıdır. Kimsənin xeyrindən-şərindən qalmaz. Elə ki, qəlbini açdın, qayğı-kömək umdun, o dəqiqə qabağa düşür, ərki çatan yerə məsləhətə, minnətə gedir. Özünün min bir qayğısı var. Yaşa dolub, oğul-uşağı da çox. Özündən bir kəlmə danışmaz, giley-güzarı xoşlayan deyil. Özgə dərdinə isə laqeyd qala bilmir. İllah da ki, aktyor ola, rejissor ola! Əlli ildən çoxdur səhnəyə bağlanıb. Aktyor kimi, rejissor kimi. Bir silsilə komik obrazlar qalereyası yaradıb. Hamının sevimlisi, ağsaqqalı olub. Gəncə Dövlət Dram Teatrının salnaməsinə adı əbədilik yazılıb xalq artisti Məhəmməd Burcəliyevin”.
Deyirlər ki, yaşamaq da bir sənətdir – taledən hər kəsə
bəxş olunan sənət. Əsl insan odur ki,
bu ömrü mahir sənətkar kimi
yaşayır. Bəli, məhz sənətkar kimi.
İnsan sənətkar olandan
sonra isə ikiləşir, sevinci də, kədəri də ikiqat artır. Sənətkarın payına sevinc az düşür,
yaradıcılıq əzabları, nigarançılıq,
şübhələr onu sıxır. Ancaq bu əzablar
bağbanın becərdiyi ağacın meyvəsini dərənə
qədər keçirdiyi əzablar kimidir. İkinci bir əzab da var – acı illərin verdiyi
mənəvi əzab.
Məhəmməd
Burcəliyev təlaşlı, həyəcanlı günlərinin
birini belə xatırlayır: "1951-ci ilin soyuq yanvar
ayı idi. Bir gün xəbər gəldi ki,
Mir Cəfər Bağırov Ənvər
Məmmədxanlının "Şərqin səhəri” pyesinin tamaşasına baxacaq.
Mən də teatrın direktoruyam, həm
də baş rollardan birini oynayıram. Fikrim budur
ki, Mir Cəfər
Bağırovdan teatrın təmiri, rekonstruksiya
olunması üçün bir şey qopardım.
İşıqçılara tapşırdım ki, Bağırov rolunu ifa edən aktyor, xalq artisti Əşrəf
Yusifzadə səhnəyə çıxan kimi,
projektorları tuşlasınlar lojada oturmuş Mir Cəfər
Bağırovun üstünə. Əmin idim
ki, bu, ona xoş gələcək,
mən də teatrın dərdlərini həll edə biləcəyəm.
Tamaşa qurtardı, "qulbeçə”lərdən
biri rəngi qaçmış halda qrim otağına gəlib
dedi ki, Burcəliyev kişi səni çağırır. Onun sifətində mən öz
faciəmi oxudum. Dedim,
axı hələ qrimimi silməmişəm.
Doğrusu, minlərlə adamı gedər-gəlməzə
göndərən, elə bizim teatrdan Ələkbər Seyfini
sürgün etdirən Bağırovla
üz-üzə gəlməyə qorxurdum. Gətirən getdi,
bir azdan sonra daha böyük
təşvişlə qayıdıb bildirdi
ki, Bağırov deyir,
eybi yoxdur, qrimdə gəlsin.
Sibirin şaxtası dondurdu
burnumu. Girdim kabinetə,
Bağırov qəti səslə soruşdu:
- Familyan?!
Familyam yadıma
düşmədi ki, düşmədi. Rəhbərlərdən
biri dedi ki, Burcəliyevdir, yəqin yadından çıxıb.
Mir Cəfər Bağırov
məni xeyli süzdükdən sonra, gülümsündü, "təbrik
edirəm, yaxşı
tamaşadır, bəs
teatrın binası niyə soyuqdur?” dedi.
- Yoldaş Bağırov 0,5 düyməlik boru tapılmır. Ona görə də
qalmışıq belə.
O vaxt şəhərin birinci katibi Ağamirzə Əhmədov
idi. Bağırov soruşdu:
- Bəs bu Ağamirzə Əhmədov sənə kömək eləmir?
Katib də təsdiq etdi ki, 0,5
düyməlik boru Gəncədə tapılmır.
Bağırov getdi. Səhərə kimi özümə
gələ bilmədim.
Bilmədim bu, yeni tamaşa üçün
təbrik idi, ya ölüm fərmanı. Hə, bu
söhbət axşam
saat 10-da oldu. Səhər saat 9-da dəmiryol vağzalından
xəbər gəldi ki, sizin teatrın
adına 0,5 düyməlik boru gəlib, özü də bir vaqon,
gəlin aparın”.
"Mənim üçün
üç Burcəliyev
var!” deyir respublikanın əməkdar incəsənət
xadimi, rejissor Oruc Qurbanov: "Rolları bölürəm... Məhəmməd Burcəliyevə rol yoxdur. Nəyin bahasına olursa-olsun,
çalışıram ki,
epizod da olsa, onun üçün
rol düzəldim.
Təki
o, mənim məşqlərimdə
iştirak etsin. Ona görə ki, Burcəliyev mənim üçün kamertondur.
61 il səhnədə...
Teatr sənətinin sağlam, gümrah vaxtlarını da görüb, infarktını
da, iflicini də... Zövqü - kamerton səsi
kimi pak və duyumludur. Hər hansı parçanın məşqindən sonra, gizlicə, onun üzündəki ifadəyə
baxıram. Olar-olmazı onun üzündən oxuyuram. Hər dəfə aktyorların əldə etdikləri nailiyyətləri təmkinlə
izləyən Burcəliyevin
uşaq kimi sevinib cavanlaşmasını
görəndə, valeh
oluram və içimdə bir nida səslənir:
"Allah nə yaxşı
ki, belə insanlar var!” Mənim üçün üç Burcəliyev
var. Daha səmimi el dili ilə desəm,
üç Məhəmməd
dayı var: Dədə Məhəmməd,
Ustad Məhəmməd,
Ağsaqqal Məhəmməd!...”
Xalq artisti Məhəmməd Burcəliyev 61 il
səhnədə olub,
onunla nəfəs alıb, sevinci, kədəri ilə yaşayıb. O, yaradıcılığı
ilə "kicik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin
mənasızlığını sübuta yetirməklə,
səhnədə hər
obrazı tamaşaçıya
zəngin ifadə vasitələri ilə təqdim etməyə çalışıb. Yəqin
ki, belə olmasaydı, Gəncə Dövlət Dram Teatrının
səhnəsində Əfqanın
"Qız atası” komediyasında Cavad kişi obrazı ilə 35 ildə 3000 dəfədən artıq
çıxış etməklə,
tamaşaçı rəğbətini
qazana bilməzdi.
Gəncə Dövlət Dram Teatrının
repertuar zənginliyini
təmin etmək məqsədilə, xalq artisti Məhəmməd Burcəliyev həmçinin
yaradıcılığı zamanı dramaturqların yetişdirilməsində də
xidmətləri olub. Belə ki,
ulu Gəncədə yaşayıb yaradan dramaturqlardan Altay Məmmədov
və Fəridə Əlyarbəyli məhz
ilk dram əsərlərinin yaranmasının əsas səbəbkarı kimi Məhəmməd Burcəliyevin
xüsusi xidmətinin
olduğunu öz xatirələrində qeyd
edirlər. Altay Məmmədov
yazır: "Mənim
1954-cü ildə çap
etdirdiyim "Haralısan,
əmioğlu” hekayəsi
əsasında qələmə
aldığım "Həmyerlilər”
pyesinin maraqlı tarixçəsi var. Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından
sonra yeyib-içirdik.
Söhbət əsnasında
çox yaxın ailəvi dostum olan xalq artisti
Məhəmməd Burcəliyev
qəfil mənə dedi:
- Altay, deyirəm bəlkə bir dram əsəri yazasan...
- Nə? Mən? Dram əsəri?
Nə danışırsan ay Məhəmməd?
Heç
düşünmə.
- Niyə? Çox duzlu və məzəli qələmin
var. Elə, hekayələrin,
oçerklərin bir dünyadır. Sən gəl
bir düşün.
"Yaxşı, baxarıq” dedim. Bu söhbətdən
bir müddət keçsə də, Məhəmməd Burcəliyev
yenə də öz fikirlərində israrlı idi və dram əsəri yazmağıma təkid edirdi. Bir gün isə o, mənə "Həmyerlilər”in
ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm
və qərara gəldim ki, "Haralısan, əmioğlu”
hekayəmin motivləri
əsasında bir özümü sınayım.
Belə də oldu. "Həmyerlilər”i yazdım və pyesi Gəncə Dövlət Dram Teatrının
bədii şurasına
təqdim etdim. Pyes oxundu və qəbul edildi. Tamaşanın quruluşçu rejissoru isə elə xalq artisti
Məhəmməd Burcəliyev
özü oldu. İlk dram əsərimin səhnə
taleyi çox uğurlu oldu”.
Dramaturq
Fəridə Əlyarbəyli
isə "Xan qızı” tarixi dramının yaranması
haqqında öz xatirələrində yazır:
"70-ci illərin əvvəllərində
xalq artisti Məhəmməd Burcəliyev
mənim dram əsəri
yazmağımın səbəbkarı
oldu. Mən bu xeyirxahlığı
heç zaman unutmaram. Biz ailəvi
dost idik. Bir gün yenə
bir yerə yığışıb söhbət
edirdik ki, o, mənə, Xurşudbanu Natəvan haqqında pyes yazmağı məsləhət gördü.
Elə bu söhbətdən sonra Natəvan haqqında axtarışlar
etdim və "Xan qızı” pyesini yazdım”.
Unudulmaz sənətkar olan Məhəmməd Burcəliyev hələ
çox-çox illər öz
xatirələrinin işığında uzun
və əbədi bir yol
gedəcək. Bitməz, tükənməz bir
yol. Bu yolun
işığı isə sənətkarı daima
xatirələrdə yaşadacaq. Ruhu şad olsun!
Anar Burcəliyev,
Teatrşünas
Kaspi 2018.- 27 noyabr.- S.15.