“Musiqinin özü də bir siyasətdir”
Elvina Qurbanova: Ayağım doğma torpağımda olanda, daha güclü və daha möhkəm
oluram
Müasir Azərbaycanın inkişafında
gənclərin rolu danılmazdır. O gənclər ki, beynəlxalq yarışlarda iştirak
edir, festivallarda ölkəmizi tanıtmağı
qarşılarına məqsəd
qoyurlar. Qarşılarına qoyduqları məqsədə
isə addım-addım
yaxınlaşırlar. İlk dəfə bir neçə il bundan
öncə "Kaspi”nin
"Debüt” rubrikasında
həmsöhbət olduğumuz
Elvina Qurbanova bu gün dünyanın
müxtəlif ölkələrində
keçirilən beynəlxalq
musiqi yarışlarında
iştirak edir. O, qardaşı Nail Qurbanov ilə birlikdə Azərbaycan musiqisini bütün dünyaya yayır. Bu dəfə
isə gənc ifaçılar Nyu Yorkda keçirilən
"Florida Keys International Music Competition” musiqi
yarışında qalib
olublar. Elvina Qurbanova ilk təəssüratlarını
bizimlə bölüşdü.
Qeyd edək ki, skripka
ifaçısı olan
Elvina təhsili ilə əlaqədar Los Ancelesə köçüb
və orada "Beynəlxalq əlaqələr”
ixtisası üzrə
təhsilini davam etdirir.
- Elvina xanım, Los-Ancelesdə keçirilən
"Beverly Hills İnternational music festival”dakı qalibiyyətinizdən
sonra sizi Nyu Yorka daha
bir beynəlxalq musiqi yarışmasında
gördük.
- Bəli. Əvvəla, sizin timsalınızda
Azərbaycan mediasına
təşəkkür edirəm.
Çünki burada əldə
etdiyimiz uğurları
yerli mətbuatımız
işıqlandırır və
biz buradan haqqımızda
yazılan xəbərləri
oxuyub şad oluruq. O ki qaldı festivala, festival bizim üçün geniş bir meydandır. Hansı ki, biz bu meydanda özümüzü
göstərə, ölkəmizi
təbliğ edə bilirik. Festivalda dünyanın müxtəlif
ölkələrindən gələn
həmyaşıdlarımızla tanış oluruq. Festival bizə dost qazandırır. Hər kəs bir fərddir. Məhz o fərdin sayəsində ölkənin mədəniyyəti,
adət-ənənələri ilə tanış
olmaq imkanı qazanırıq. Bir festivalda iştirak etməklə orada iştirak edən dünyanın digər ölkələrindən gəlmiş
iştirakçıların ölkələri ilə də qiyabi də olsa tanış olmaq şansı əldə edirik. Bir də ki, musiqiçi sözünü
musiqi ilə deməlidir. Musiqi isə
sərhəd tanımır.
Biz də bu
sərhədləri aşmağa
və uzaq-uzaq diyarlarda "biz də varıq” deməyə cəhd göstəririk.
İstəyimizə haradasa
nail də oluruq. Təbii ki, bu festivallarda iştirakımızın da
öz məqsədi
var. Sonuncu dəfə
noyabrın 17-də "Florida Keys
International Music Competition” musiqi yarışında iştirakımız
isə təsadüf nəticəsində baş
verdi. Belə ki,
iyunda seçim turlarında iştirak etdik. Orada qardaşım Nail Qurbanovla mənim ifamı çox bəyəndiklərini bildirdilər
və biz finalda iştirak etmək üçün vəsiqə
qazandıq. Nail vokal
üzrə seçildi.
Onun skripka fəaliyyəti də var. Seçim turundan sonra Nyu Yorka "Carnegie Hall”-da keçirilən qala gecəsinə dəvət aldıq.
Bu musiqi yarışı
Amerikada kifayət qədər nüfuzlu və bir o qədər
də məşhur bir yarışmadır.
Biz bu yarışda
iştirakımız üçün
məmnunuq. Bundan öncə
qatıldığımız "Beverly
Hills İnternational music festival”ı
hələ də iştirakçıların xatirələrindədir.
Həmin
festival 15 ildir ki, keçirilir. 15 ildə
ilk dəfə olaraq, festivala ötən il Azərbaycandan
da iştirakçılar
qatılmışdı. Dünyanın tanınmış solistləri,
böyük klassik musiqinin şahzadələri
tərəfindən ustad
dərsləri də keçirilmişdi. Həmin festivalın
təntənəli açılışı
və bağlanışı
məhz Naillə mənə həvalə olunmuşdu.
- "Florida Keys International
Music Competition” musiqi yarışında
nə ifa etdiniz?
- Müsabiqədə skripkada
Pablo de Sarasatenin "Gypsy Airs –if”-ini səsləndirdim. Bu da tamaşaçıların
alqışına səbəb
oldu. Zalda əyləşən tamaşaçılar böyük
ruh yüksəkliyi ilə dinləyirdilər.
Onlar konsert sonrası bizə yaxınlaşıb,
öz təəssüratlarını
bölüşür, təbrik
etdilər. Hətta Nail Nyu
Yorkda "Carnegie Hall”-da
keçirilən qala gecəsinə sonra daha iki konsert
proqramı ilə çıxış etdi.
- Adətən festivalda qalib olmur, ancaq müsabiqədə
müxtəlif nominasiyalar
mövcud olur. Siz hansı nominasiyanın qalibi oldunuz?
- İştirakçısı olduğumuz "Florida Keys International Music
Competition” musiqi yarışmasının
öz qanunları var.
Belə ki, müsabiqənin professional kateqoriyası
(A) peşəkar musiqiçilər
üçün nəzərdə
tutulub. Bu, gələcəkdə
özünü peşəkar
musiqiçi kimi görmək arzusunda olanlara aiddir. Həvəskar kateqoriyası (B) isə musiqiyə yeni həvəs göstərənlər üçündür.
O kəslər ki, ilk addımlarını musiqi
sahəsində atmaq arzusundadırlar. Əqli
və fiziki cəhətdən zəif
olan iştirakçılar
üçün S kateqoriyası
var. Mən skripka üzrə A, Nail Qurbanov isə vokal üzrə A kateqoriyasının qalibi olduq. Bizə ən ali
mükafatlar təqdim
olundu.
- Qeyd etdiniz ki, festivallarda
iştirakımızın öz
məqsədi var. Bu nə
məqsədi daşıyır?
- Bilirsiniz ki, Los Ancelesdə "Beynəlxalq
əlaqələr” üzrə
təhsil alıram. Əvvəllər elə düşünürdüm
ki, siyasətçi olsam, Azərbaycan həqiqətlərini dünyaya
daha tez bəyan edə bilərəm. Ancaq dünyanı
gəzdikcə gördüm
ki, musiqiçi fəaliyyətimi genişləndirsəm,
daha böyük kütləni əhatə
edən bir səhnədə və dünyanın müxtəlif
ölkələrindən gələn
insanlara sözümü
daha rahat və tez bir
şəkildə deyə
bilərəm. O insanlara
deyəcək sözüm
var. Bunun üçün
festivallara üz tuturam. Hazırda hər iki təhsilimi davam etdirirəm. İştirak etdiyim hər bir müsabiqədə, festivalda hardan gəldiyimi, mənim ölkəmin necə bir yer olduğunu
deyirəm. Hər bir
festivala öz bayrağımızı aparıram.
Onun mənasından, rəmzlərindən
bəhs edirəm.
Festivallar isə belə
böyük bir arenada sözümü demək üçün
ideal bir məkandır.
Bunu üzərimə bir missiya olaraq götürmüşəm və
layiqincə yerinə yetirməyə çalışıram.
Hazırda Amerikada yaşasaq da, ürəyimiz vətən üçün
döyünür. Hər yay
anam məni Azərbaycana gətirir, istirahətimi məhz vətəndə keçirirəm.
Adətən insanlar yay aylarında xaricdə istirahət etməyi düşünəndə, mən
vətəndə istirahət
edirəm. Çünki vətənin qoxusu, havası mənə güc verir. Ayağım
torpağımda olanda
daha güclü və daha möhkəm
oluram. Çünki vətənimdən, torpağımdan güc alıram. Vətənə gəldikdə isə,
sosial layihələr həyata keçirir, boş dayanmıram. Sosial layihələr dedikdə,
kimsəsiz, şiddətə
məruz qalan uşaqlarla görüşürəm.
Onlara musiqi dərsləri keçirəm. Musiqinin insan
həyatındakı rolundan
danışırıq.
- Siyasət və musiqi yaxın sahələr deyil. İkisinin arasında ortaq
nöqtəni necə
tapırsınız?
- Əksinə, mən musiqidə də siyasətin tərəfdarıyam. Diqqətlə baxsanız, musiqinin özünün də bir siyasət olduğunu görərsiniz. Çünki təkcə Amerikada bir neçə festival və müsabiqələrdə iştirak etmişik. Onların hamısında öz həmyaşıdlarımıza Azərbaycanın necə bir ölkə olduğunu, harda yerləşdiyini, torpaqlarımızın kim tərəfindən işğal olunduğunu, xalqımızın başına gətirilən hadisələrdən danışmışıq. Bizim iştirak etdiyimiz festivallarda isə təkcə Amerika vətəndaşları deyil, dünyanın müxtəlif ölkələrindən nümayəndələr olur. Onlar da gedib öz dostlarına danışacaqlar və beləliklə, mən öz missiyamı yerinə yetirmiş olacam. Hesab edirəm ki, bu gənc yaşımda bir siyasətçi kimi bunları edə bilmərəm. Ancaq musiqiçi kimi bunları edə bilirəm. Əgər söhbət vətənin təbliğatından gedirsə, burada gənc, yaşlı, qoca söhbəti olmamalıdır. Amerikaya ilk gəlişimdə gördüm ki, orada bizim ölkəmiz, tutduğumuz mövqe haqda çox az insan məlumatlıdır. Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq bu mənə təsir edirdi. Əvvəllər getdiyim musiqi festivallarında bizi ya Türkiyə, ya da İran vətəndaşı kimi qəbul edirdilər. Ancaq indi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin xarici siyasəti nəticəsində Azərbaycanımız sərhədlərimizdən kənarda da tanınır. Mehriban Əliyevanın muğamımıza, tarımıza, milli musiqimizə və milli-mənəvi dəyərlərimizə verdiyi qiymətin nəticəsini biz buradan hiss edirik. Amerikada fəaliyyət göstərən səfirliyimizin də bu işdə rolu danılmazdır. Belə ki, davamlı olaraq "Azərbaycan günləri” keçirir, dahi sənətkarlarımızın anım gününü qeyd edirlər. Ancaq hesab edirəm ki, təbliğat üçün nə qədər iş görülsə, yenə də azdır. Bu işdə bizim də az da olsa payımız varsa, özümüzü xoşbəxt hesab edərik. Bunun üçün də əlimizdən gələni edirik.
Onu da deyim ki, musiqi
ruhla bağlı bir
anlayış olsa da, burada gen faktorunun
da böyük rolu var. Azərbaycanın dahi bəstəkarı Üzeyir
Hacıbəylinin yetirmələriyik. Onun
nəslindən olan törəmələrik.
Bəlkə də bu istedad
bizə oradan gəlib.
Xəyalə Rəis
Kaspi 2018.- 28 noyabr.- S.12.