“Ortodoksal teatr tənbəl
aktyor nəsli yetişdirir”
"Poliqon” teatr
platformasının və dOM teatrının müəllifi Tərlan
Rəsulovla müsahibə.
- Müasir teatrı necə
görürsünüz?
- İlk növbədə, teatrı canlı görmək istəyirəm. Teatr adamları adətən deyirlər ki, kino ölü sənətdir, teatr canlı. Hazırda teatr kinodan heç nə ilə fərqlənmir. İddia olunsa da ki, teatr canlıdır, biz səhnədə ölü sənəti görürük.
- A.Boal deyirdi ki, "Teatr gələcəyi,
sadəcə, gözləmək əvəzinə bizə onu
qurmağa kömək edə bilər”. Necə
düşünürsünüz, teatr gələcəyi
qurmağa kömək edə biləcəkmi?
- A.Boalın
özü ictimai proseslərdə fəal iştirak edirdi. O, daha çox sosial teatrla məşğul
idi. Sözsüz ki, Braziliyada
yaradıcılıqla məşğul olan insanın
yaşadığı mühitin, cəmiyyətin problemlərinə
baş vurması normal idi. Lakin mən
teatrın bu istiqaməti ilə maraqlanmıram. Düşünmürəm ki, teatrın
funksiyası sosial həyatda dəyişiklik etməkdir. Belə bir stereotip düşüncə mövcuddur
ki, teatr, kino, ümumiyyətlə, incəsənət
ictimai-sosial, mənəvi problemlərin həllini,
çıxış yollarını göstərməyə
qadir olmalıdır.
- Mən elə bir düşüncəyə
rast gəlməmişəm. Biz hər yerdə
deyirik və eşidirik – teatr problem həll eləmir.
- Bəs,
nə edir?
- Sadəcə göstərir.
- Məsələ
sadəcə göstərməkdə də deyil, axı.
Hansı teatr problemi göstərir və həllini demir?
- Bütün ənənəvi
teatrlar...
- Biz teatrda həmişə suallara
cavab axtarırıq. Mənim üçün
isə incəsənət suallara cavab yox, sadəcə, sual
verməlidir. Böyük mənada, sənəti
cavab maraqlandırmır, o, sual verir və bununla da onun
missiyası bitir. Cavab axtarmaq, analizlər
aparmaq isə, biz
tamaşaçı-istehlakçıların işidir.
- Azərbaycan
teatrı bu gün sual verə bilir?
- Çox çətinliklə.
- Bir müddət Yuğ Dövlət
Teatrında direktor kimi çalışdınız və
orada üç tamaşa qurdunuz. Daha əvvəl
də British Council ilə çalışırdınız,
səhv etmirəmsə. Bu, hansı
ehtiyacdan yarandı?
- 2005-ci ildə Britaniya
Şurasının Azərbaycan nümayəndəliyindən
forum teatr tamaşası qurmaq təklif olunmuşdu, ilk dəfə
interaktiv teatrla o zamanlar tanış oldum. Ona qədər Azərbaycanda interaktiv teatr
haqqında geniş anlayış yox idi. İnteraktiv
teatrın bir qolu olan forum teatrı haqqında məlumat
topladım və bu yöndə bir sıra işlər
gördüm – üç dəfə rejissor, bir dəfə
prodüser kimi. Bu yaxınlarda da ADMİU-nun tələbələri
ilə birlikdə bir iş gördük. Ümumiyyətlə,
yaradıcılıq ehtiyacı heç vaxt şüurla dərk
olunmur.
-
"Poliqon” teatr platforması və dOM teatrı. İkisinin də
yaradıcısısınız. Onların
biri-birindən fərqi nədir və ayrılıqda hansı
ideyaya söykənirlər? dOM nə
deməkdir?
- İngilis dilində "play”
sözü var, həm pyes, həm oyun, həm tamaşa deməkdir.
Söz oyunundan istifadə edərək "with
out play” (oyunsuz) ifadəsinin baş hərflərini – WOP,
götürüb, tərsinə çevirdik dOM alındı.
"Poliqon” teatr platforması dOM teatrının
layihələrindən biridir. "Poliqon”
teatr platformasının adında da söz oyunundan istifadə
eləmişəm. Məsələ
burasındadır ki, poliqon ingilis dilində çoxşaxəli,
çoxbucaqlı deməkdir. Bu platforma
müxtəlif layihələrin həyata keçirilməsi
üçün zəmin yaradır. Hələ
ki, konkret məkanımız yoxdur, amma Teatr Xadimləri
İttifaqında və Asmart Creative Hubda bizə müvəqqəti
yer verilib.
-
Söhbət konkret hansı layihələrdən gedir?
- Yeni aktyor metodikasının
yaradılması. 2016-cı ildə Tehranda
keçirilən teatr konfransında mən bu haqda
danışmışdım. Sonra hiss elədim ki, bu
metodikanı formalaşdırmaq imkanı var. Nədən irəli
gəlmişdi? Mən interaktiv teatr formaları ilə məşğul
olarkən, peşəkar aktyorlarla iş prosesində ciddi
problemlərlə üzləşdim.
-
Hansı problemlə?
- İnteraktiv teatr
formatına uyğunlaşmamaq. Mən başa
düşdüm ki, interaktiv teatr növlərində uğur əldə
eləmək üçün hər şeyi sıfırdan
başlamaq lazımdır, yəni peşəkar teatr təhsili
olmayan, ənənəvi teatr vərdişlərindən uzaq
adamlarla başlamaq lazımdır.
- İş prinsipini necə
qurmusunuz, yəni hansı metodikayla işləyirsiniz.
- 2016-cı ildə Brüsseldə
keçirilən simpozium zamanı interaktiv teatr növlərinə
həsr edilmiş seminarlardan birində əcnəbi mütəxəssislərə
sual vermişdim. Sualım ondan ibarət idi ki, bu
interaktiv tamaşaların ifasında yeni aktyor texnikasına
ehtiyac olduğunu duyursunuzmu? Cavab olaraq,
onlar da bunu təsdiqlədilər. Ona
görə də belə bir metodikanın yaranması
zamanı çatıb bu aktyor texnikasının
yaradılmasını təmiz səhifədən başlamaq
məqsədəuyğun olar. Yeni məşğələlər
tərtib edilib və sınaqdan keçirilib. Bütün məşğələlərin
keçirilməsində xüsusi şərtlər və
qaydalar haırlanıb. Gənclərlə iş əvvəlcədən
üç mərhələyə bölünüb. Birinci mərhələni
yekunlaşdırmışıq, yekununda Sevinc
Çılğının "Şağ” əsəri əsasında
zaçot (məqbul) xarakterli bir oyun təhvil verdik. Hazırda ikinci mərhələdəyik. Ümid edirəm, tezliklə metodikamız tam
formalaşmış biçimdə təqdim olunmağa hazır
olacaq.
- Əslində,
dünyada "spontan teatr” ideyası XX əsrin əvvəllərindən
yaranmağa başlayıb. Y.Morenonun "Spontan teatr” adlı
kitabı da bundan bəhs edir. Azərbaycanda ilk dəfə
siz sınaqdan keçirdiniz.
- Xeyr, mən spontan teatrla məşğul
deyiləm.
- Siz
spontan oyun texnikasıyla məşğulsunuz. Bunların
fərqi nədir?
- Etiraf edim ki, mən spontan oyun
texnikasıyla məşğul olmağa başlayandan sonra
Y.Morenonun sözügedən kitabından xəbər
tutmuşam. Spontan teatr ayrı bir istiqamət
kimi mövcud idi və indi də onun davamçıları fəaliyətdədir.
Lakin spontan aktyor texnikası təkcə
interaktiv teatrda çalışan aktyorlara deyil, hər kəsə
səmərə verə bilər.
- Əslində, Moreno bu
üsuldan terapiya məqsədilə istifadə edirdi.
- Moreno çox şeylə məşğul
idi, onu şarlatan kimi, mistifikator kimi təqdim edənlər də
var idi. O kitab haqqında Elçin (teatrşünas Elçin
Cəfərov – red.) demişdi mənə, oxuyanda
gördüm ki, orada qoyunlan müddəaların bir çoxu
mənim fikirlərimlə üst-üstə düşür.
Yəni, mən özümdən
uydurmamışam. Düzdür, onun qeyd
etdiyi bəzi məqamlarla razılaşmasam da, özüm
üçün bir daha qət elədim ki, düzgün
yoldayam. Nə ilə nəticələnəcək,
bilmirəm. Vaxtilə Moreno özü də
bu prosesdə dediyim həmin o problemlə üzləşdi və
alınmadı. Yəni aktyor zamanla öz
baqajını ştamplarla doldurur və onda spontan oyun
anlayışının əsas xüsusiyyəti
itib-batır, olur spontanlığın imitasiyası.
Moreno ilə də məhz bu baş verdi və
o, metodikasının tənəzzülə uğramaması
üçün bunu tətbiqi sahəyə - psixoterapiyaya
yönləndirdi. Z.Freydin ideyaları ilə birləşdirərək
psixodrama adlanan bir cərəyan yaratdı. Psixodrama bu gün interaktiv teatrın bir forması
olan pleybəkdə (playback) özünü göstərir.
- Bəs,
siz əminsinizmi ki, Morenonun üzləşdiyi problemi dəf
edə biləcəksiniz?
- Biz heç nəyi öncədən
təyin edə bilmərik. Mən bütün
bunları bilərək bu yola çıxmışam. Hər
halda, yaradıcılıqda mütləq həqiqət yoxdur, ola da bilməz. Yaradıcılıq
cəhdlərdən və fərziyyələrdən
doğulur. İşin içinə
konkretlik girdisə, yaradıcılıq itir.
- Yəni
əsaslandığınız konkret bir konsepsiya, ya metodika
yoxdur?
- Yox, Qrotovskidən, Morenodan, Vaqif
müəllimdən faydalanaraq özüm yaradıram.
-
Onlarda niyə alınmadı – səbəbini bilirsiniz?
Sizin onlardan fərqiniz, yaxud üstünlüyünüz nədədir?
- Məndə onlardan fərqli olaraq,
onların qoyub getdiyi təcrübə var. Mən o təcrübəyə
arxalanıram.
- Onların ilişib
qaldığı məqamları bilirsiniz...
- Bilirəm: insan faktoru. Məsələ budur ki, ortodoksal teatr (bizim avropatipli
dediyimiz teatrı nəzərdə tutur – K.Ə-C.) çox tənbəl,
amorf aktyor nəsli yetişdirir. Heç
bir aktyor müəllif olmaq istəmir, hamısı hazır məhsulu
gözləyir.
- O məqam
sizin üçün də gözləniləndirmi?
- Bəli.
- Bəs,
həmin məqamda nə edəcəyinizi
düşünmüsünüzmü?
- Bəli, məşğələlər
vasitəsilə o düşüncəni sındırmaq.
- Oxucular üçün bir az aydınlaşdıraq. Sizin metodikanızda
aktyordan nə gözlənilir, yaxud aktyor kimdir?
- Çox sayda aktyor metodikaları, təlimlər
mövcuddur: A.Arto, K.S.Stanislavski, B.Brext, S.Adler, Y.Qrotovski və
b. Ola bilsin, bu metodikalar bir-birindən fərqlənir, amma nəticədə
nə baş verir? Prinsip etibarilə, aktyor
oyununda elə bir fərq görünmür. Aktyor, ümumi mənada, mətni əzbərləyir,
rejissorun cızdığı cığırdan kənara
çıxmayaraq, özünün deyil, rejissor və ya
dramaturqun timsalında müəllifin istəyini icra edir.
Sonucda yenə də prinsip etibarilə
hamısı səhnədə eyni formada oynayır.
- Bəs,
sizdə?
- Mənim metodikamda aktyor müəllifdir,
Qrotovskinin arzuladığı "müqəddəs
aktyor”dur, ondan, ilk növbədə, yaradıcı insan olmaq tələb
olunur.
-
Metodikanızda rejissor kimdir?
- Rejissor aktyor adlanan kəsdən səhnə
adlanan məkana çıxmağı tələb edən
şəxs. Vəssalam. Musiqi, dekor,
söz, mizan və s. vermədən.
- Deməli, rejissorun
funksiyasını minimuma endirirsiniz.
- Bəli. Rejissor aktyora
hazırlaşmaqda kömək edir, onun psixoloji
hazırlığını təmin edir, tamaşa
başlamazdan əvvəl şərtlər təklif edir: eynək,
konfet və nəlbəki, tamaşanın adı, məsələn,
"Hamlet”, buyurun.
- Belə
çıxır ki, aktyor səhnədə nə istəsə
edə bilər?
- Bəli, bunun üçün o,
yaradıcı şəxsiyyət olmalıdır, icraçı
yox. Bu prosesdə iştirak edən qalan heyət isə, o
cümlədən, rejissor, musiqi tərtibatçısı,
işıq rəssamları və s. yalnız köməkçi,
vasitəçi funksiyalarını yerinə yetirirlər. Rejissor bu prosesdə caz orkestrində dirijora bənzəyir.
- Bəs,
sizin teatr metodikanızda, teatr anlayışınızda
tamaşaçı kimdir?
- Tamaşaçı "burada və
indi” baş verən bütün prosesin birbaşa
iştirakçısıdır.
- Bayaq teatrın
canlılığından danışdınız, yəni məşq
prosesini keçməkdən. Canlı deyirsinizsə,
deməli, bu, yalnız bir dəfə oynanılır, ikinci dəfə
baş verəcəksə, canlılığını ititrəcək.
- Bəli.
- Bunu
deyən və iddia edən adam "Limbo”
tamaşasını artıq yeddi dəfə oynayıb. "Limbo”ya canlı teatr nümunəsi deyə bilərik?
- Yarıcanlı. Amma
orada aktyorlar üçün kifayət qədər azadlıq
verilib. Ən vacib sual başqadır.
Bizim aktyorlar bu azadlığa hazırdırlar,
yaxud bu azadlığı istəyirlərmi?
- Belə anladım ki, hazır deyillər
və istəmirlər.
- Hamısının yerinə deyə
bilmərəm. Amma daxilində bunu istəyənlər
çoxdur, onlar da sonradan rejissuraya keçirlər. Bayaq dediyim tənbəl aktyor isə bu
azadlığın ona nə verə biləcəyini
anlamır, hətta buna qarşı müqavimət göstərir.
- Nəhayət,
sonuncu sual. İnsanlar teatra niyə gəlsin?
- Müdriklik mənbəyi kimi? – Yox, hər kəs özünə görə müəyyən qədər müdrikdir. Əyləncə? – Yox, saysız-hesabsız əyləncə növləri mövcuddur. O insanlar ki, azca da olsa, içində yaradıcılıq istəyi var, onlar teatra gəlsin. Gəlsin ki, o sehrli ana – yaradıcılıq prosesinə bizimlə birlikdə qoşulsun.
Söhbətləşdi:
Könül
Əliyeva-Cəfərova
teatrşünas
Kaspi.- 2018.-
29 noyabr.- S.12.