“Çəkilən zəhmət
yerdə qalmır”
Sahib Paşazadə:
Düşünməzdim ki, bir gün mən də bu
nağılın qəhrəmanına çevrilə bilərəm
Sentyabrın əvvəlində Özbəkistanın
Şəhrisəbz şəhərində keçirilən I
Beynəlxalq muğam (makom) Beynəlxalq Musiqi
Festivalının qalibləri tarzən Sahib Paşazadənin rəhbərlik
etdiyi "Muğam” ansamblının üzvləri oldu.
S.Paşazadə əməkdar artist, "Muğam"
instrumental ansamblının bədii rəhbəri, Prezident
mükafatçısı, Azərbaycan Milli
Konservatoriyasının dosentidir. Azərbaycanda keçirilən
bütün muğam festivallarında iştirak edən Sahib
Paşazadə bütövlükdə konsert proqramları və
başçılıq etdiyi musiqi kollektivləri ilə demək
olar ki, dünyanın 50-dan artıq ölkəsində səfərlərdə
olaraq milli musiqimizi təbliğ edir. Gənc tarzən bir
çox beynəlxalq mükafatlar sahibidir. O,
"Ağcaqayın yarpağı” adlı Beynəlxalq
"Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində
keçirilən beynəlxalq musiqi festivalında "Tarın
Paqaninisi” adına layiq görülüb. Müxtəlif beynəlxalq
festivallarda qazandığı nailiyyətlər Sahibin
timsalında Azərbaycan tarının dünyanı öz
sehrinə saldığını bir daha təsdiqləyir.
- Sahib bəy, bu sizin nə birinci, nə də sonuncu uğurunuzdur. Azərbaycan musiqisinə yüksək qiymət qazandırdığınız üçün sizə təşəkkür edirik. İstərdik, beynəlxalq festivalda qazandığınız uğurdan danışaq.
- Diqqətiniz üçün təşəkkür edirəm. Özbəkistanda keçirilən I Beynəlxalq muğam (makom) festivalı bizim yaradıcılığımızda xüsusi anlarla yadda qaldı. Ümumiyyətlə Özbəkistan uğurları həyatımda unudulmazdır. Ötən il Səmərqənddə keçirilən "Şərq təranələri” XI beynəlxalq musiqi festivalının iştirakçısı olmuşdum. 380 ifaçının içərisindən mənim ifamda Azərbaycan tarı ən yüksək göstəriciyə layiq görülmüşdü. İndiyə qədər heç bir instrumental alət ifaçısı bu mükafata layiq görülməyib. İlk iştirakımla Qran-Pri mükafatına layiq görüldüm. Bu, həyatımın ən uğurlu anlarındandır. Bu simpozium yarananda mənim 7-8 yaşım vardı. Arzu edirdim ki, kaş orada ifa etmək mənə də qismət olaydı. 1997-ci ildə bu müsabiqə festival olaraq dəyişdirildi. O zaman Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov kimi sənətkarlarımız orada iştirak edirdilər. Hər dəfə onlara baxanda mənə nağıl kimi gəlirdi. Düşünməzdim ki, bir gün mən də bu nağılın qəhrəmanına çevrilə bilərəm. 2017-ci ildə solo tar ifaçısı olaraq o festivala qatıldım. Nağara ifaçısı Kamran Kərimovla birlikdə orada iştirak etdim. Çox uğurlu alındı. Bu ilin mayında ikinci dəfə dəvət aldım. Düşündüm ki, mən bir solist olaraq ən yüksək mükafata layiq görülmüşəm. Bu dəfə festivalda "Muğam” ansamblımla birlikdə iştirak etmək qərarına gəldim. Ansamblın 7 nəfər üzvü - əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada əməkdar artist Toğrul Əsədullayev, qanonda əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılovla o festivalda iştirak etdik. Onların repertuarına, geyimlərinə qədər məsuliyyət mənim çiynimdə idi. İnsan özü beynəlxalq səhnədə ifa edəndə tamam başqa hisslər keçirir. Ancaq məsuliyyətini daşıdığın qrup səhnədə ifa etdikdə, o hisslər əvvəlkindən bir qədər fərqli olur.
- Yəqin ki, bu sizin özünüzə olan inamınızı da bir qədər də artırar.
- Çox həyəcanlı idim. Biz qalibiyyət
əldə etmək üçün bütün yayı
işlədik. Azərbaycanın adı birinci yerin sahibi kimi
çəkiləndə sevincimizin həddi-hüdudu
olmadı. Vətənə əliboş dönmədik. Hər
bir üzvümüzün burada əziyyəti var. Festivalda
çox gərgin mübarizə gedirdi. Dünyanın
inkişaf etmiş ölkələrinin və yüksək mədəniyyətə
malik dövlətlərin nümayəndələri orada
iştirak edirdi. Qalib olduqdan sonra media nümayəndələri
mənə sual verdi ki, hər dəfə qalib olursunuz,
uğurunuzun sirri nədir? Bu, Allah bir qisməti, gərgin zəhmətin
nəticəsidir. Çəkilən zəhmət yerdə
qalmır.
- Deyirlər
festival festival gətirir. Digər festivallara necə, dəvət
aldınızmı? Bu festival başqa beynəlxalq festivallara
gedən yolun davamı ola bilərmi?
- Bəli, artıq bir neçə festivala dəvət
almışıq və qarşıda bizi növbəti beynəlxalq
festivallar gözləyir.
- Bu tip festivallar ifaçılara
nələr qazandırır?
- Festival musiqiçinin püxtələşməsində,
kamilləşməsində böyük rol oynayır.
Dünyanın 50-dən çox ölkəsində həm
solist, həm də kollektiv üzvü kimi tədbirlərdə
iştirak etmişəm. Əlbəttə ki, bu çox
böyük bir təcrübə bazasıdır. Təsəvvür
edin ki, dünyanın müxtəlif ölkələrində
olan musiqiçiləri dinləyirsiniz, hər birindən nələrisə
öyrənirsiniz. Bütün bunlar hamısı bir yerə cəm
olanda böyük bir baza yaranır. Beynəlxalq festivallar
ifaçının gələcəyi üçün
yaşıl işıqdır, dünyaya açılan bir
qapıdır.
- Dünyanın
50-dən çox ölkəsində beynəlxalq tədbirlərdə
və festivallarda iştirak edən bir sənətkar kimi,
başqa millətlərin bizim tara olan münasibətini necə
dəyərləndirirsiniz?
- Türkdilli dövlətlər, MDB ölkələri
Azərbaycan tarı haqda daha çox xəbərdardırlar.
Onlar hər çıxışda tara olan
vurğunluqlarını, heyrətlərini bildirirlər. Bu
yaxınlarda Nigeriyada oldum və gördüm ki, onların tar
haqda çox az anlayışları var. Tar haqqında məlumatı
olmayan ölkələrdə insanlara bu alətin
imkanlarından, səs tembrindən danışır və məlumat
verirəm. Hansı ki, ustad sənətkarlarımız bunun
tarixi haqqında mənə danışıblar və mən
də bunu həmin şəkildə əcnəbi vətəndaşlara
ötürməyə çalışıram. Ustadlarımızdan
öyrəndiklərimizi gələcək nəslə
çatdırmaq və mədəniyyətimizi dünyada
tanıtdırmaq vacib şərtdir.
- Sizin yetişməyinizdə
hansı ustadların böyük rolu olub?
- Hər zaman müəllimlərimi
böyük fəxarət və baş ucalığı ilə
qeyd edirəm. Üzünü görmədiyim, lakin səs
yazıları ilə dinlədiyim tarzənlərə də
borcluyam. Bülbül adına orta ixtisas musiq məktəbində
mənim ilk tar müəllimim atam idi. Daha sonra əməkdar
artist Sərvər İbrahimovdan muğamın sirlərini
öyrənmişəm. İxtisas müəllimim Akif Novruzov
olub. Allah hər ikisinə rəhmət eləsin. Bakı
Musiqi Akademiyasında dünya şöhrətli tarzənimiz
Ramiz Quliyevdən ixtisasın sirlərini öyrəndim.
Muğamda xalq artistimiz Vamiq Məmmədəliyevdən, Milli
Konservatoriyada isə xalq artisti Ağasəlim Abdullayevdən, Məmmədağa
Kərimovdan dərs almışam. Hər birinin
qarşısında baş əyirəm. Hər bir müəllimimdən
bu sənətin incəliklərini öyrənmişəm.
Başqa müəllimlərin dərslərinə gedirdim,
onlardan da nələrsə öyrənirdim. Mirzə Mansur
Mansurov, Bəhram Mansurov, Hacı Məmmədov, Həbib
Bayramov, Qurban Pirimov kimi sənətkarların səs
yazılarına qulaq asmışam. Bu çox böyük bir
məktəbdir. Tarı öyrənmək, bu sahədə
uğur qazanmaq istəyən ifaçı mütləq şəkildə
bu ustad tarzənlərə yaxşı bələd
olmalıdır.
- Yaşlı nəslin tarzənləri ilə söhbətdə onlar bildirirlər ki, adlarını qeyd etdiyiniz o sənətkarların davamçıları yetişmir və həmin ustad məktəbi artıq yoxdur.
- Mən bu fikirlə razı deyiləm. Bu
gün də çox istedadlı tarzənlərimiz var və
yetişir. 40-cı illərdə çalınan üslub bu
gün aktual ola bilməz. Onun mahiyyəti qalmaq şərti ilə
inkişaf etmiş forması səsləndirilir. Ancaq o
üslub, yol cizgiləri təbii ki, qalıb. Çox təəssüf
ki, əksər gənclər bu şablondan çıxır,
musiqinin qolunu-qanadını sındırırlar. Başa
düşürəm, müasirlik lazımdır, yeniliklər
qaçılmazdır. Ancaq tarın kökünü unutmaq
olmaz. O yolu olduğu kimi davam etdirən sənətkarlarımız
da var.
- Musiqi elə bir
aləmdir burda istedadla bərabər, həm də gen faktorunun
böyük rolu var. Sizcə,
istedad anadangəlmə olmalıdır, yoxsa sonradan bunu oxuyaraq
qazanmaq mümkündür?
- Sonradan tarzən olmaq
mümkünsüzdür. Gərək sən bu sənət
üçün doğulasan. Tarzənin ifasında dahiyanəlik,
dərinlik, məzmun yoxdursa, həyatda müəyyən qədər
öz uğurunu qazanar, orta nəticələr göstərər.
- Atanız xalq artisti, professor, tanınmış dirijor Ağaverdi Paşayevin də incəsənətə ilk addımı məhz tarla başlayıb. Bizə elə gəlir ki, sizin də tar sənətinə gəlməyiniz təsadüfi deyil.
- Rəhmətlik nənəm Zəhra
xanımın arzusu idi ki, atam tar ifaçısı olsun. Atam
çox böyük ustadlardan dərs almışdı.
Dövrünün sayılıb-seçilən tarzənlərindən
idi. Konservatoriyanın ikinci kursunda dirijorluq ixtisasına
keçid aldı. Ancaq övladını tar
ifaçısı kimi görmək arzusu nənəmin ürəyində
qalmışdı. Mən Bülbül adına məktəbdə
əvvəlcə pianoçu ixtisasında dərsi
alırdım və beşinci sinifdən sonra tara keçdim.
Mən həm nənəmin, həm də atamın arzusunu
yerinə yetirmiş oldum. Nənəm həmişə mənə
efirlərdən baxır, uğurlarımın şahidi olurdu.
Hər zaman Allahıma dua edirəm ki, nənəm dünyasını
dəyişməmiş onun bu arzusunu yerinə yetirdim.
-
Övladlarınızı bu sahəyə yönəltmək
istəyərsinizmi?
- Övladlarımın tar ifaçısı
olmalarını istəməzdim. Ailədə bir tar
ifaçısı olduğu üçün onların bu
peşənin dalınca getməsinin tərəfdarı deyiləm.
İstəyərəm, kiçik oğlum Zeynal ya
pianoçu, ya da dirijor olsun. Qızım Zəhra həkim
olmaq istəyir və dərslərində çox
uğurludur. Oğlum Mehdi isə texniki fənləri çox
gözəl bilir və idmana meyllidir. Onu şahmata yönləndirməyə
çalışıram.
- Sizcə, tar
ifaçılığı sənətində məşhurlaşmaq
olurmu?
- Məşhurlaşmaq asan bir şey deyil.
İndi qısa bir zamanda qazanılan məşhurluğu isə
məşhurluq saymıram. Tək klip və balaca bir video ilə
gündəmə gəlmək məşhurluq deyil. O, sabun
köpüyü kimi bir şeydir. Diqqət etsəniz görərsiniz
ki, ciddi sənətdə tarixdə iz qoyan sənətkarlar
çox çətin məşhurlaşıblar. Beynəlxalq
arenaya çıxmış tarzənlərimiz bir neçə
gündə məşhurlaşmayıblar.
- Sosial şəbəkələr
bu məşhurluğu daha da asanlaşdırır. Siz bunu qəbul
edə bilirsinizmi?
- Belə məşhurluğu qəbul edə
bilmərəm. Buna mənim mənəvi cəhətdən
ixtiyarım da yoxdur. Bu yaxınlarda çox bayağı bir
mahnı eşitdim. Həmin mahnı dillər əzbəri
oldu. Bir aydan sonra o ifaçını heç xatırlayanlar
da olmadı. İnanın ki, bir ildən sonra yada da
düşməyəcək. Ciddi musiqiçiləri bu tip
şeylərlə heyrətləndirmək mümkün deyil.
- Bəs siz
özünüz necə, sosial şəbəkələrdə
nə qədər aktivsiniz?
- Sosial şəbəkələrdə çox passivəm. Arzulayıram ki, mənə elə bir insan rast gəlsin ki, PR işlərimi görsün. Bunlarla məşğul olmağa vaxtım yoxdur. Hansı ki, mənim paylaşımlarım sosial şəbəkələrdə böyük partlayış yaradardı. Bu mənim bir az ciddiliyimdən, bir az da tənbəlliyimdən irəli gəlir. Əslində bu çox gözəldir. Hansısa ifaçı bir ölkəyə gedəndə hava limanında, getdiyi ölkədə konsertdən əvvəl, konsert zamanı və s. videolar çəkib paylaşır. Ancaq mənim bu kimi imkanlarım yoxdur. Nə vikipediyada haqqımda bir məlumat, nə özümə məxsus olan saytım var. Ancaq "Google”da ən çox axtarılan ifaçılardan biri olduğumu bilirəm. Bu yaxınlarda dostlarım mənə "İnstagram” səhifəsi açıblar. İnanın ki, heç o da mənə maraqlı deyil. Bilirəm ki, dövrün nəbzini tutmaq üçün bunların hamısı lazımdır.
- Sizcə, zirvəyə çıxmaq asandır, yoxsa
orda dayanmaq?
- Zirvəyə çıxmaq çətindir.
O zirvəni qoruyub saxlamaq isə ondan da çətindir.
Söhbət sosial şəbəkələrdən getmir. Rəşid
Behbudov elə bir səviyyəyə gəlib
çatmışdı ki, o, hər
çıxışında özü özünü təsdiqləyirdi.
Xəyalə Rəis
Kaspi 2018.- 2 oktyabr.- S.12.