Qərənfil Dünyaminqızı

“24-lər”dən iyirmi birincisi - BDU - 100

O, ömrünü hüquq elminin inkişafına, təbliğinə, tədrisinə həsr edib

Tarixçi alim Ziya Bünyadov yazırdı ki: "Repressiyanın ikinci, daha güclü dalğası iyirminci illərə düşür və bu dalğa minlərlə azərbaycanlı kəndlisinin həyatını aparmışdır”. Əvvəl torpağı kəndliyə paylamaqla özünü "yaxşı” göstərən hökumət, sonra ağır "vergi və ərzaq sapalağı” ilə onları boğmağa başladı. Buna qarşı çıxan kəndlinin "payı” Uzaq Sibirə sürgün və yaxud da güllələnmə oldu. Azərbaycan kəndlisi 1920-ci ilin ortalarından 1940-cı ilin sonlarına kimi bu vəziyyətdə "yaşadı”...

1939-cu ilin 12 apreli. Saatlı rayonunun Molday kəndində Yusif kişinin ailə üzvlərinin sayı artır. Oğlu Firudin dünyaya gəlir. Od içində qovurulan Azərbaycan kəndlərində vəziyyətin nisbətən "yumşaldığı”, təhlükənin "sovuşduğu” bir zamanda. Firudinin atası kolxozçu idi. Ailəsini dolandırmaq üçün hər əzaba qatlaşırdı. Firudin böyüdükcə bu çətinlikləri görür, dərk edir, atasına kömək olmaq istəyirdi. Bu istəklə də gündüzlər tarlada atasına kömək edər, axşamlar sübhəcən kitab-dəftərdən ayrılmazdı. Xoşbəxtlikdən, Tanrı da onun bu əzab-əziyyətini illər sonra yüksək qiymətləndirdi...

Firudin çətin güzəran ucbatından məktəbə bir qədər gec getsə də, məktəbin fəxri oldu. 1958-ci ildə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbini gümüş medalla qurtardı və elə həm il hərbi xidmətə yola düşdü (Həmin vaxtlar hərbi xidmət müddəti üç il idi). 1961-ci ildə hərbi xidmətini başa vuran Firudin, birbaşa BDU-ya (o zaman ADU adlanırdı) gəlir və sənədlərini universitetin hüquq fakültəsinə verir. Biliyinə arxayın olan gənc, yanılmır. O, imtahanlardan yüksək qiymət alaraq hüquq fakültəsinə daxil olur. Təhsil illərində Firudin kollektivin yaddaşında tərbiyəli və istedadlı gənc kimi qalır. Universitetin cinayət hüququ kafedrasının aspirantı olan gənc, hüquq elminin daha dərinliklərini öyrənmək üçün saatlarla kitabxanalarda vaxt keçirir. 1970-ci ildə "Qəsdən adamöldürmə əməllərini doğuran halların və cinayət motivinin cəza təyininə təsiri” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edir. Beləliklə, Firudin Yusif oğlu Səməndərov 22 yaşından ömrünü tələbəsi, aspirantı olduğu universitetə bağlayır. 55 ildən çoxdur ki, o, hər səhər daşı, divarı onun üçün əziz olan universitetə tələsir. Həmkarlarını, tələbələrini, dostlarını görmək, xoş xatirələrlə dolu olan anları yaşamaq üçün ...

Gənc alim ilk gündən tələbələrinin qəlbini fəth edə bildi. Onun oxuduğu mühazirələr bir qayda olaraq dərinliyi, nəzəri və elmi fikirlərin zənginliyi, həyatı faktlarla dolğunluğu ilə fərqlənir. Hər an öyrənmək, öyrətmək arzusunda olan pedaqoq, hər dəfə mühazirəyə başlamazdan əvvəl tələbələrinə "yalnız qanunların fövqündə güclü və qüvvətli olmağı” tövsiyə edir. Mühazirədən sonra saatlarla kafedrada, dəhlizdə tələbələri ilə ünsiyyətdə olur. Bildiklərini səxavətlə öyrədir, bəzən müəllim-tələbə yox, dost-həmkar münasibəti yaradaraq, onlara hər işdə dəstək olur.

Burada yadıma tələbəlik illərim düşdü. 1984-89-cü illərdə universitetdə bəzi fənlərin (məsələn, "Elmi kommunizim”, "Marksizm-leninizmin əsasları”, "Siyasi iqtisad”) tədrisi zamanı jurnalistlərlə hüquqşünaslar "patok” yoldaşı olurdular. Yaxşı yadımdadır, bir dəfə hüquq fakültəsinin tələbələrindən biri fakültədə "at oynadan” "müəllim”lərdən danışdı və sonra da dedi: "Dekanımız sağ olsun. Firudin müəllim heç vaxt qoymaz ki, oxuyan, savadlı tələbənin haqqı yerdə qalsın. O, "at oynadan” "müəllim”lərin imtahanlarına özü nəzarət edir. Fakültədə həmişə kimsəsiz, arxasız tələbələrə arxa-dayaq olur” (1985-1989-cu illərədə F.Səməndərov, hüquq fakültəsinin dekanı vəzifəsini icra edib).

Ömrünü hüquq elminin inkişafına, təbliğinə, tədrisinə həsr edən alim 1995-ci ildə "Hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildən fakültənin cinayət hüququ və kriminologiya kafedrasının müdiridir. Hüquqşünas alimlərin fikrincə, cinayət hüququ hüquq sahəsinin, mürəkkəbliyi və çətinliyi ilə seçilən bir qoludur. Bu sahə ilə bağlı hər hansı yeni fikir söyləmək elə də asan deyil. Bütün bunlara baxmayaraq, Firudin müəllimin cinayət hüququ sahəsində yazdığı əsərlərdə, dərin tədqiqatların nəticəsi olaraq gəldiyi qənaətlər, hüquq elmi üçün böyük dəyər kəsb edir.

1997-ci ildən professor adına layiq görülən tədqiqatçı alimin əsərlərində nəzəriyyə ilə təcrübə bir-biri ilə səmərəli şəkildə uzlaşır. 100-dən çox elmi məqalənin müəllifi olan professorun əsərləri həm də müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə dəyərli töhfəsidir. Alimin "Cinayətin subyektiv cəhəti”, "Cinayət hüququ. Cinayət və cəza məsələləri”, "Cinayət hüququ. Ümumi hissə” dərslikləri, "Şəxsiyyət əleyhinə edilən cinayətlər”, "Kriminologiya” adlı dərs vəsaitləri və "Cinayət hüququnda cəza problemi: tarix və müasirlik” monoqrafiyası təkcə tələbələrin deyil, hüquqşünasların da dönə-dönə müraciət etdikləri dəyərli mənbələrdir. "Ömrünün müdriklik zirvəsini” yaşayan Firudin müəllimin yetirmələri bu gün onunla çiyin-çiyinə çalışırlar. O, uzun illər BDU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədri olmuş və onun xeyir-duası ilə onlarla gənc müdafiə edərək, alim adına layiq görülmüşlər.

Təcrübəli hüquqşünas hazırda Azərbaycan Respublikası Prezidenti yanında Hüquqi İslahatlar Komissiyasının və respublika Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının, Respublika Prokurorluğu yanında Elmi Metodiki Şuranın üzvüdür. Uzun illər nəzəriyyə ilə təcrübəni vəhdət şəkildə həyata keçirən Firudin müəllimin əməyini ölkə və BDU rəhbərliyi həmişə yüksək qiymətləndirib. 2009-cu il ildə Əməkdar hüquqşünas adına layiq görülən F.Səməndərov, hazırda universitetdə fəaliyyətini davam etdirir.

Səməndərovun BDU-ya rəhbərlik etdiyi zaman, ölkəmizdə ictimai-iqtisadi, siyasi vəziyyət hələ də gərgin olaraq qalırdı. 1992-ci ilin 8 oktyabrında BDU-ya rektor təyin edilən Səməndərov bu vəzifəni 1993-cü ilin dekabrına kimi icra edib. Doğrudur, həm zaman baxımından, həm də universitetdəki "ab-hava” böyük işlərin görülməsinə mane olurdu (Məsələn, siyasi partiyaların, ictimai birliklərin, hətta dini təşkilatların BDU-nun fəaliyyətinə yerli-yersiz müdaxiləsi və s.). Məhz bunları aradan qaldırmaq üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciətinə əsasən, respublikada yaranmış ictimai-siyasi vəziyyətlə bağlı müdafiə potensialının gücləndirilməsinə kömək göstərmək məqsədilə, görüləcək tədbirlərin əlaqələndirilməsi üçün rektor F.Səməndərov başda olmaqla, prorektorlar və dekanlardan ibarət Qərargah yaradıldı.                    

    1993-cü ildə tətbiqi riyaziyyat və kibernetika fakültəsində EHM və proqramlaşdırma kafedrası yaradıldı. Kitabxanaçılıq və informasiya fakültəsində kitabşünaslıq və nəşriyyat işi kafedrası kitabşünaslıq və kitab ticarətinin təşkili adı ilə fəaliyyətə başladı. Elə həmin il, rektorun əmrinə əsasən, şərqşünaslıq fakültəsində İbri (yəhudi) dili şöbəsi yaradıldı. BDU-da tədris-metodiki işlərin yaxşılaşdırılması üçün rektorun əmrinə əsasən 1993-cü ilin mart ayında universitetin elmi-metodiki şurası yaradılır və şuranın sədri professor Y.M.Seyidov təyin edilir. 1993-cü ilin iyun ayında 1993-94-cü tədris ilindən etibarən iki pilləli təhsil sisteminə (bakalavr, magistr) keçid haqqında qərar qəbul olundu, həmin il bakalavr pilləsinin I kursuna qəbul keçirildi.

Burada bir faktı qeyd etmək yerinə düşərdi ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması bu təhsil ocağına yeni həyat verdi. Ümummilli liderin dəfələrlə BDU-ya gəlməsi, universitetə dayaq olması, ziyalı sözünü deməsi, hərtərəfli qayğısı nəticəsində universitet tədricən, öz mövqeyini bərpa etməyə başladı.

F.Səməndərov bu gün də hüquq fakültəsinin sayılıb-seçilən alimlərindəndir. Təbiətən sakit və səbirli olan Firudin müəllim, bu həyatda əldə etdiyi hər bir uğuru, sevinci, nailiyyəti öz alın təri ilə əldə edib. Odur ki, hər kəsin yanında üzüağ, alnıaçıqdır. Həmkarlarından biri demişkən: "Qoy bundan sonra da belə olsun! Həyat ona hər sahədə sevinc və uğur gətirsin, çəkdiyi zəhmətlər daha bol bəhrələr versin”.          

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

Kaspi $g 2018.- 2 oktyabr.- S.15.