Ha indi bu da Şəkinin
kinoteatrı
Binası
satılmış Şəki kinoteatrının
lazımsız və baxımsız halının özü
bir kinodur...
Hər bir xalqın mədəniyyəti onun
dünyadakı vizit-kartıdır deyirlər. Bir dövləti
dünyaya tanıtmaq üçün mədəniyyətin
rolu misilsizdir. Bu məsələdə kinonun da üzərinə
böyük yük düşür. Sevindiricidir ki, bu gün
paytaxtda fəaliyyət göstərən
kinoteatrlarımızda yerli filmlər əcnəbi filmlərlə
rəqabətə girir, hətta qalib də gəlirlər. Bu,
məsələnin ən sevindirici tərəfidir.
Kinoteatrlarımız tamaşaçı
qıtlığı çəkmir, əksinə, kommersiya
filmləri nümayiş etdirməklə tamaşaçı
toplamağa çalışırlar. Bu isə. ən
azından, tamaşaçıda kinoteatr mədəniyyəti
formalaşdırır.
Yadımdadır, anam gəncliyini xatırlayarkən
deyirdi ki, axşamlar sizləri də götürüb
kinoteatra gedir, yeni gələn hind filmlərini izləyirdik. Bu
gün o ənənə bərpa olunmağa başlayır.
Artıq biz o hind filmlərinə deyil, yerli istehsal olan filmlərimizə
baxırıq. Amma və lakin bu gün bölgələrimizdə
yaşayan vətəndaşlarımız kinoteatr mədəniyyətindən
uzaq düşüblər. Bölgələrdə yaşayan
gənclərdə bu mədəniyyəti
formalaşdıracaq kinoteatrlarımız fəaliyyətini
dayandırıb. Əslində, kinoteatrların binası var,
amma içində göstərməyə nə kino, nə də
şəraiti var. Xüsusən də bu gün turistlərin
Azərbaycanın dilbər guşələrinə axın
etdiyi vaxtda kinoteatrların baxımsız qalmış
binaları xoşagəlməz təəssürat yaradır.
Bəzən də tarixi kinoteatrlarımızın yerini
şadlıq sarayları, yeni binalar, otellər tutur. Tarix
gözümüzün qabağında yox olub gedir. Halbuki,
paytaxt kinoteatrları kimi, onlar da tamaşaçı toplaya,
burada işçi qüvvəsi yığa, eyni zamanda
bölgədə yaşayan vətəndaşlarda kino mədəniyyəti
formalaşdıra bilərlər.
Şəki Azərbaycana gələn turistlərin
çox seçdiyi bölgələrdən biridir. Möhtəşəm
mənzərəsi, müasir otellər, Şəki halvası
buraya böyük turist axını cəlb edir. Ancaq Şəkidə
gördüyümüz bir mənzərə, doğrusu, bizi
çox məyus etdi. Şəhərin mərkəzində 10
ildən artıqdır ki, fəaliyyətini
dayandırmış Mirzə Fətəli Axundov adına kinoteatrın
binası dağılmaqdadır.
Bir zamanlar əsil istirahət mərkəzi idi
Şəhərin mərkəzi küçələrindən
biri olan və dörd tərəfi otellərlə əhatələnən
bu məkanda istirahət edən 70 yaşlı İbrahim
dayı ilə söhbət etməyə başladıq. Şəkidə
doğulan, bütün ömrü məhz burada keçən
İbrahim bəy bildirdi ki, bura artıq kinoteatr deyil: "Bura
istifadə olunmur. 10 ildən artıqdır ki, yararsız vəziyyətdədir.
Televiziyalardan izlədiyimiz qədəri ilə,
görürük ki, Bakıda kinoteatrlarda filmlər göstərilir.
Ancaq təqribən 1958-ci ildə tikilən bu bina yararsız
haldadır. Cavanlıqda istirahət üçün üz
tutduğumuz bu məkan çaylaq daşları ilə əhatələnib.
Əvvəllər bu kinoteatrda hind, türk kinoları göstərirdilər.
Biz "Zita və Gita”, "Avara” kimi tanınmış hind
kinolarına məhz burada baxmışıq. Bundan başqa,
Şəkiyə səyyah kinolar gəlirdi”.
İbrahim dayının həmsöhbəti 64
yaşlı Məhəmməd Aydın deyir ki, bu kinoteatrla
bağlı hansısa tədbirin görüləcəyi
söylənilir: "Buranı müasir kinoteatr kimi istifadə
etmək mümkündür. Amma daha çox otellərə
diqqət edirlər. Bura mərkəz hesab olunur.
"Kinoteatrın qabağı” deyəndə, buranı nəzərdə
tuturlar. Əvvəllər ailəmizi də götürüb
bura gəzməyə gələrdik, çünki bura mərkəz
idi. Kinoteatrın qarşısı mərkəz olaraq bura
bilinirdi. Şəkidəki bayramlar, kütləvi tədbirlər
məhz burada keçirilirdi. Bu gün isə bu kinoteatr bir mədəniyyət
mərkəzi olaraq işləmir”.
Qarşısında milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundovun büstü qoyulmuş kinoteatr indi ömrünün ən son günlərini yaşayır. Binanın çardağı çöküb, dörd tərəfi baxımsız haldadır. Vaxtilə mədəniyyət mərkəzi olan kinoteatr dağılıb gedir. Şəkinin yerli sakinləri söhbət zamanı qeyd etdilər ki, binanın baxımsız vəziyyətdə qalmasının, təmir olunmamağının səbəbi bu məkanın iş adamlarına satılması və onun yerində otel və ya biznes mərkəzinin tikiləcəyidir.
Hazırda kinoteatrın ərazisi təyinatı
üzrə istifadə edilmir və binanın
qarşısı maşın dayanacağı
funksiyasını daşıyır.
Kinoteatr artıq satılıb
Məsələ ilə bağlı Mədəniyyət
Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı
Elşad Əliyevlə əlaqə saxladıq. Müsahibimiz məsələdən
xəbərdar olduqdan sonra bildirdi ki, bölgələrdə fəaliyyət
göstərən kinoteatrlar Mədəniyyət Nazirliyinin balansında
deyil: "Azərbaycan Respublikası Prezidentinin 19 iyul
2016-cı il tarixli 1003 nömrəli fərmanının 4.2 bəndinə
əsasən, Bakıda və rayonlarda yerləşən
bütün dövlət kinoteatrları, o cümlədən
Şəkidə yerləşən kinoteatr özəlləşdirilməyə
açılıb. Mədəniyyət Nazirliyinin balansında
yalnız "Nizami” Kino Mərkəzi var. Kinoteatrlarla
bağlı mütəmadi olaraq bizə müraciət edirlər.
Ancaq artıq biz onlara cavabdeh deyilik. Bölgə
kinoteatrları Əmlak Məsələləri üzrə
Dövlət Komitəsinə məxsusdur. Hazırda həmin
kinoteatrın özəlləşdirilib-özəlləşdirilməməyi
ilə bağlı hər hansı məlumatımız yoxdur.
Onun indiki vəziyyətindən xəbərsizik. Bundan sonra o
kinoteatrın taleyi – söküləcəkmi, yoxsa yerində
binamı tikiləcək - bu barədə heç bir məlumat
verə bilmərik”.
Əmlak Məsələləri üzrə
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri
Qulu Xəlilovla əlaqə saxladıq. O bildirdi ki, Şəkidə
fəaliyyət göstərən kinoteatr artıq özəlləşdirilib:
"Bundan sonra o binanın kinoteatr olaraq istifadə edilib-edilməyəcəyindən
xəbərsizik. Sizə ancaq onu deyə bilərik ki, həmin
bina artıq özəlləşdirilib”.
Şəki Şəhər İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini Sadiq Yusifov mövzu ilə bağlı
sualımıza cavab olaraq bildirdi ki, hazırda həmin
kinoteatrın ərazisi özəl mülkiyyətdir: "Bizə
verilən məlumata əsasən, orada yaxın zaman çərçivəsində
mədəniyyət sahəsini əhatə edəcək bir
layihənin həyata keçirilməsi nəzərə
tutulur”.
Şəki Şəhər İcra Hakimiyyəti
başçısının köməkçisi Yusif Məmmədov
isə bildirdi ki, kinoteatr məsələsi ilə
bağlı böyük layihələr gözlənilir:
"Şəkidə ASAN xidmət mərkəzi tikilir, orada
kinoteatr xidmət göstərəcək. Hətta cənab
prezidentimizin də bu açılışa gələcəyi
gözlənilir. Orada böyük bir kinozal olacaq. Axundov
kinoteatrı ilə bağlı da layihələr gözlənilir”.
"O kinoteatrı 10 il qoruyub saxlayıblarsa,
bunun özü böyük nailiyyətdir”
Milli Məclisin Mədəniyyət komitəsinin
üzvü Aqil Abbas bizimlə söhbətində Azərbaycanda
əvvəlki kinoteatrların mövcud olmamağından gileyləndi:
"İndi heç əvvəlki kinoteatrlar da yoxdur. Paytaxtda
fəaliyyət göstərən bir-iki "moll”arımız
var ki, onlarda müasir kinoteatrlar fəaliyyət göstərir.
Əvvəllər "Araz”, "Dostluq”, "Şəfəq”,
"Nərimanov”, "Gənclik”, "Vətən”, "Tələbə”,
"Sevil” və bir çox adlarını unutduğum kinoteatrlar
fəaliyyət göstərirdi. Bunlarla bərabər, bölgələrimizdə
yay kinoteatrları da təşkil olunurdu. İndi o binaların
hamısı satılıb, yerində çoxmərtəbəli
binalar tikilib. İndi heç kimə kinoteatr lazım deyil.
Bölgələrdə Sovet dövründən qalma kinoteatr
binalarını alıb, yerində şadlıq evləri
tikiblər”.
A.Abbas qeyd etdi ki, Şəkidəki
kinoteatrı 10 il qoruyub saxlayıblarsa, bunun özü
böyük nailiyyətdir: "Nəinki paytaxtda, bölgələrdə
belə hündür binalar, oteller tikilir. Belə bir dövrdə
10 ildir o bina qalıbsa, Şəkinin icra
başçısına mükafat düşür. Hələ
o dağıdılmayıbsa, biz buna şükür etməliyik.
Kinoteatrları indi xaricilər açır və bizim məmləkət
üzərindən saysız pullar qazanırlar. Onlar bizim filmləri
göstərmirlər. Kassaya hesablanan filmlər göstərirlər.
Şəkidəki bu teatrı kim təmir etdirib, yenidən
kinoteatr kimi istifadəyə verəcək? O kinoteatrı yenidən
istifadəyə verib pul qazanmaq da mümkündür. Kimsə
o kinoteatrı təmir etdirib istifadəyə versə, ona bir
qurban mən özüm kəsərəm. Bu saat orada turist qaynayır.
Azərbaycanın tarixi, müasir filmlərini nümayiş
etdirsələr, turistlər də gəlib o filmlərə
baxarlar. Bilirəm, indi deyəcəksiniz ki, müasir
dövrdür, kompyuter əsridir, hamı televizordan, internetdən
baxır kinoya. Ancaq elə deyil, uzun müddətdir
baxdığımız bir filmə gedin bir kinoteatrda baxın,
orada tamam başqa effekt, tamam başqa bir kino görəcəksiniz.
Filmdəki incəlikləri məhz kinoteatrda izləmək
mümkündür. Bu baxımdan, "Nizami” Kino Mərkəzi
mükəmməl kinoteatrdır”.
CinemaPlus kinoteatrlar şəbəkəsinin
ictimai əlaqələr üzrə meneceri Nərmin Həsənova
deyir ki, onların hazırda bölgələrlə
bağlı layihələri var: "Hazırda Gəncə
şəhərində 2 kinoteatrımız fəaliyyət
göstərir. Ötən mövsüm 3 kinoteatr
götürdük. Qubada, Mingəçevirdə və
Masallıda kinoteatrları tamaşaçıların
ixtiyarına verdik. Bu yaxınlarda Şəkidə də
kinoteatr olacaq. Şəkidən başqa, ilin axırına qədər
başqa bir regionda kinoteatr açılacaq. Növbəti illərdə
isə bir çox bölgələrdə kinoteatrlar
açmağı düşünürük. 2 il ərzində
6 kinoteatr açmaq fikrimiz var”.
Təbii ki, ölkəyə kinoteatrlar
lazımdır. Özü də şadlıq evləri və
ya restoranlarla müqayisədə daha çox lazımdır.
Kinoteatrlar mədəni mühitin ən vacib komponentlərindən
biridir. Zəngin tarixi mədəniyyəti olan müasir
ölkəni bunsuz təsəvvür etmək mümkün deyil.
Xəyalə Rəis
Kaspi 2018.- 3 oktyabr.- S.12.