Hazırda klipi əsasən
fotoqraflar çəkirlər
Elnaz Əbluc: “Zəif
işlə gözdən düşmək istəmirəm”
"Atam sağlığında deyərdi ki,
Elnaz, mənə görə qapılar sənin
üçün açıqdır. Hara getsən, işə
götürəcəklər, amma istəmərəm ki, səni
yola versinlər. Deməsinlər ki, Əblucun
qızıdır, yola verin gününü işdə
keçirsin”. Bu sözləri bizimlə söhbətində
rejissor, tanınmış sənət adamı mərhum Həsən
Əblucun qızı Elnaz Əbluc dedi. Atası qızına
həmişə lazımlı işçi olmağı məsləhət
görürmüş və zamanla o da bu cür kadr olmağa
çalışıb. "Gör-götür”
rubrikamızda yola verməyi sevməyən, işdə nə
isə xırda problem olanda, gecə gözünə yuxu getməyən
Elnaz xanımla həmsöhbət olduq.
- Atanız Həsən
Əblucun sənətinin bir qolunu - rejissorluğu davam
etdirirsiniz. Amma əvvəllər heç də bu sahəyə
gəlmək istəmədiyinizi demisiniz. Kənardan necə
bir sənət kimi görünürdü ki?
- Onda çox gənc idim. Yəqin ki,
özümü tapmaq istəyirdim. Televiziya onda mənim
üçün maraqsız idi. Mən o vaxt instituta
gündüz növbəsinə qəbul olmuşdum. Sonra atam
gəlib dedi ki, qiyabidə oxuyan bir oğlan xahiş edib ki, onu
gündüz növbəsinə keçirək. Mənim
yerimi dəyişdilər və qiyabi təhsil almağa
başladım. Həmin il artıq işləmək lazım
idi. Mən də Gənclər Teatrında
çalışmağa başladım, həm də oxuyurdum.
Mən 9-10-cu siniflərdə foto-reportyor olmaq istəyirdim. O
vaxt bizdə hələ bu sahə aktual deyildi, xaricdə var
idi. Nənəm həkim olmağımı istəyirdi, atam isə
axıra kimi deyirdi ki, montaj daha maraqlıdır. Deyirdim ki, onu
demə, televiziyanın adını çəkmə.
Jurnalist Mailə Muradxanlı ilə
uşaqlıqdan ailəvi dost olmuşuq. Atam rəhmətə
gedəndən sonra Mailə xanım dedi ki, Elnaz
özünü radioda sınasın, alınarsa, sonra
televiziyaya gəlsin. Bəlkə heç bacarmayacaq. Yəni,
tanışlıqla işə düzəltmirdi, sadəcə,
istiqamət verirdi. Bunu heç mən də istəməzdim.
Atam sağlığında deyərdi ki, Elnaz, mənə
görə qapılar sənin üçün
açıqdır, hara getsən işə götürəcəklər,
amma istəmərəm ki, səni yola versinlər. Deməsinlər
ki, Əblucun qızıdır, yola verin gününü
işdə keçirsin. Deyirdi ki, lazımlı işçi
ol. Mən elə böyümüşəm ki, lazımlı
olum.
Atam rəhmətə gedəndən sonra elə oldu ki, özüm televiziyaya reportyor kimi düşdüm. Rus dilində yayımlanan "Äåí” proqramında işlədim. Reportajlara gedirdim. Ştatdan kənarları daha çox işlədirdilər, bəzən gündə iki reportaj edirdim. Mailə xanım gördü ki, mən 7 aydır çalışıram və süjetlər hazırlayıram. Dedi ki, Elnaz, gəl, sən bacarırsan, süjetlər hazırlayırsan. Sonra "İncəsənət” verilişində işlədim, orda süjetlər hazırladım. Müəyyən müddət keçdikdən sonra öz verilişimi açdım. Əvvəl jurnalist-aparıcı idim, verilişlərimdə rejissor olurdu. Sonuncu rejissorum Aqil M Quliyev idi. O bir dəfə çəkilişə gəlmədi, dedi ki, özün rejissor kimi getmə, səndə alınmayacaq. Dedim ki, alınacaq. Pantomim Teatrı haqqında veriliş çəkdim, montajını da etdim. Televiziyanın Qızıl Fonduna belə düşdü. Aqil verilişə baxdı, bəyəndi.
- Yəni, artıq rejissor kimi başladınız...
- Azərbaycan Dövlət Televiziyasında
rejissor kimi çalışmaq üçün sən orda 10
il rejissor assistenti kimi işləməliydin. Mən orda rejissor
deyil, aparıcı jurnalist kimi ştatda idim. Sonra dediyim
verilişi özüm sıfırdan çəkdim,
montajını da etdim. Adım rejissor yazıldı. Bu işləri
ABA kanalı açılanda ora göndərdik və bir aydan
sonra məni işə dəvət etdilər, həm rejissor,
həm aparıcı, həm də ssenarist kimi.
- İş cəhətdən aktivsiniz, amma kənardan sakit görünürsünüz, hərəkətli, işdə dinamik bir təəssürat yaratmırsınız...
- Çox hərəkətli, dinamik adamam. Atam
çox dinamik idi, mən də ona oxşamışam. Atam səhər
saat 6-da yuxudan durub gedib çörək növbəsinə
durardı. Bəlkə də qonşulara da çörək
alardı. Qayıdanda mənə deyirdi ki, mən bazara getdim-gəldim,
amma sən hələ də yatırsan. Çox işləri
atam həll etdiyi üçün məktəbdə oxuyanda
bir az passiv idim. Bir də danışmaq cəhətdən
passiv idim, söz deməyə utanırdım, fikirləşirdim
ki, söz deyərlər cavab verə bilmərəm. O vaxt
Az.TV-də bir yerdə çalışdıqlarımız
sonralar deyirdilər ki, sən otağa girəndə
başını salırdın aşağı,
"salam”ını da eşitmirdik. Amma indi həm hərəkətli,
dinamik adamam, həm də çox danışan olmuşam
(Gülür).
- İnsan özü sevmədiyi bir sahəyə gələndə, xüsusilə bu yaradıcı istiqamətdirsə, yarı yolda qoya bilir. Amma siz sonra bu sahədə də davam etdiniz…
- İşin içinə düşəndən
sonra montajı çox sevdim. Məcburən işləsəydim,
1-2 il sonra bu sahəni tərk edərdim. Amma başqa problemlərə
görə hərdən sənəti dəyişmək istəyi
də olur. Bir neçə il öncə şirkətlərə
başqa istiqamətli iş üçün CV göndərmişəm,
baxıb deyirdilər ki, siz 15 illik sənətə xətt
çəkmək istəyirsiniz? Demişəm ki, bəli.
Şirkətlərdə PR menecer və. s bu tipli iş olsa gedərdim.
- Fikir vermişəm
ki, çox məsuliyyət tələb edən işləri
sizə həvalə edirlər. Sizcə, niyə belədir?
- Mən gördüyüm işlərdə bütün prosesə nəzarət edirəm. Həmişə montajçının yanında olmuşam. "Montajçı yığsın, axırda baxaram” kimi işləməmişəm. İndiyə qədər çəkdiyim kliplərdə məndən narazı qalan olmayıb. Həm öz yaradıcılığımı ortaya qoyurdum, həm də müştərinin istədiyini tutmağa çalışırdım. İş hazır olurdu, amma bilirdim ki, montajda nə isə xırda səhv var, gecə gözümə yuxu getmirdi ki, sabah açılsaydı, gedib onu düzəldərdik. İşdə nə isə səhv gedəndə ürəyimə salıram, əsəbiləşirəm, yata bilmirəm. Belə olanda yanımdakılar deyirdilər ki, heç o adam sən dediyin problemi görmür. Deyirdim yox, onu düzəltmək lazımdır. Bunu mən özüm qəbul etmirəm. Demirəm ki, mənim bütün işlərim mükəmməldir, səhv tapa bilərlər. O səhv efirə gedəndə mənə çox pis təsir edir. Çalışıram ki, efirə səhv getməsin.
- Belə hallar
olubmu?
- Olub və mən çox pis olmuşam.
İş illərlə qaldığı üçün mənim
üçün də illərlə onun təsiri qalıb. Hər
ona baxanda əsəbiləşirəm.
- Klipdən danışmışkən, əvvəllər sizin bu istiqamətdə işləriniz daha çox olurdu.
- Bəli, 300-ə yaxın klip çəkmişəm.
- İndi klip
çəkdirən sənətçilər azdır, yoxsa
siz bu sahədən bir az uzaqlaşmısınız?
- Hazırda klipi əsasən fotoqraflar çəkirlər.
Klipə indi başqa rakursdan baxılır. Çox vəsait
sərf etmədən ortaya nə isə video çıxartmaq
istəyirlər. Yəni, çox ucuz qiymətə iş
görürlər. Hərdən yaxşı maliyyə
ayrılan, xaricdə çəkilən kliplər də
görürük. Düzdür, təzə başlayan
vaxtlarda mən də ucuz məbləğə kliplər
çəkmişəm. Amma bu məbləğ işin keyfiyyətinə
təsir etməyib. O vaxt klipdə süjet olmalıydı.
Süjetli olanda klip və klipə yaxın deyirdilər. Bir
neçə məkanda müğənninin mahnını
oxuduğu video halında olanda buna rolik deyirdilər. Mən
çalışırdım ki, məbləğ
aşağı da olsa, keyfiyyətli iş ortaya qoyum. Hətta
deyirdilər ki, sənə bu qədər verirlər, filan məbləğlik
iş təqdim edirsən, o filan məbləği versələr,
nə çəkərsən? Mən də deyirdim ki, axı
orda mənim adım yazılır. İmzasını yazmadan
qazanc kimi bu işi yola verərək çəkənlər də
var idi. Ad yazmaq isə məsuliyyət idi.
- Kliplərdə
süjet xəttini də özünüz müəyyənləşdirirdiniz?
- O vaxt mənim işim belə idi ki, klip
üçün müraciət edəndə yarım saata nəyi,
necə və harada çəkəcəyimi deməliydim. Mənim
də başım yaxşı işləyirdi. Məkanları
belə o yarım saatda artıq müəyyənləşdirirdim.
Öz işlərimdə həm də prodüserlik edirdim. Bir
neçə dəfə Fuad Əlişov da işlərində
məni prodüser kimi dəvət edib. Klip çəkiləndə
hər şeyi özüm təşkil edirdim. Qrupun yeməyinə
qədər özüm alırdım. İşi görəcək
adamların hamısı orda olurdu, amma məndə həmişə
alternativ variant olurdu ki, işçi
alınmadığını deyəndə, öz variantım
işə düşsün.
- Adam bəzi şeyləri görüb-götürür...
- Mən atamla özümü heç müqayisə etmirəm. Çünki müqayisə edəndə öz fəaliyyətimi çox da ciddi hesab etmirəm. Atam öz sənətilə sənətkarlıq zirvəsinə çatmışdı. Bir dəfə bir xanım rejissor mənə demişdi ki, siz gedirsiniz klip çəkirsiniz, amma mən gözləyərəm həmişə ürəyim istəyən mahnıya çəkərəm. Amma bu, məndə alınmırdı. Çünki əgər evdə xərcləri qarşılayan adam olsa, mən illərlə oturub gözləyərəm ki, istədiyim bir mahnı gələcək, ona çəkəcəm. Amma atamdan sonra ailənin məsuliyyəti mənim üstümə düşdü və oturub gözləyə bilməzdim ki, ancaq ürəyim istəyən musiqilər olanda işləyim. Bu, həm də darıxdırıcıdır, həm də öz sənətində geri qala bilərsən. Daim işlədikcə hər çəkilişdə nəsə öyrənirsən. Əgər aylarla oturub iş görmürsənsə, sən bir az da geri qalırsan. Amma mən özüm heç vaxt gedib deyə bilmərəm ki, gəl sənə klip çəkim. Həmişə gözləmişəm ki, kim məni seçər, müraciət edər, o vaxt çəkərəm.
Klipləri mən işsizlikdən çəkməyə
başlamışam. ABA kanalında müəllif verilişlərim
var idi, ara-sıra nə isə musiqili nömrə çəkmişəm.
Amma sırf öz verilişlərimlə məşğul
idim. Verilişləri ritmlə, musiqi ilə
yığırdım. Hamı deyirdi ki, sən klip çək.
Elə oldu ki, klip çəkməyə başladım. Amma o
klip çəkə-çəkə içimdə sənətimlə
bağlı digər arzular da var idi. Sənədli film çəkim,
daha ciddi işlə məşğul olum. Görürsən
ki, o yoxdur. Bir neçə sənədli film çəkmişəm,
amma daha çox bu işlə məşğul olmaq istəyərdim.
Bütün gördüyüm işləri özüm
seçməmişəm. Məni hansısa proyektə dəvət
ediblər, deyiblər ki, siz öhdəsindən gələ
bilərsiniz. İşləmək üçün
götürmüşəm. Çünki mən işləməliyəm.
Amma deyim ki, bir çox arzular hələ də ürəyimdə
qalıb. Amma yoxdur, indi verilişlərdə
çalışıram, hərdən özüm də
aparıcılıq edirəm.
- Yerli seriallar da
çəkilir. Bu istiqamətdə təkliflər olurmu?
- Serial istəyərəm. Təklif də olub,
amma müəyyən dəyərləndirmə aparıb
götürməmişəm. Ayrılan maliyyə yetərli
deyildi. Klipdə az heyətlə yenə idarə edə bilirsən,
amma serial böyük komanda işidir. Az vəsaitə də
aktyor çəkmək olar, amma bu zaman yaxşı aktyoru dəvət
edə, istədiyin komandanı yığa bilməyəcəksən.
Zəif işlə gözdən düşmək istəmirəm.
Bu kimi şeyləri nəzərə alaraq seriallardan imtina
etmişəm. Yaxşı şərait olsa, çəkərəm.
- "Lider”
kanalında verilişiniz var idi, yeni mövsümdə
başlamadı?
- "Gün keçdi ulduzlarla” verilişi
edirdim, amma yeni mövsümdə hələ ki
açılmayıb. Davam etməyi sponsorlara
bağlıdır.
- İşsiz
qaldığınız dövr nə qədər olub?
- İşsizlik məni daim təqib edib. Son
zamanlar iş əldə etmək üçün nələrsə
etməyə çalışıram. Sponsor tapım,
veriliş edim. Amma həm də ürəyimcə olan kreativ
bir iş istəyirəm. Həm də öz sənətimdən
istifadə edim. Elə bir iş hələ ki yoxdur.
- Belə başa düşürəm ki, işlə bağlı öz kriteriyalarınız var…
- Kriteriya mənim səviyyəli iş nümayiş etdirməyimdir. Elə verilişlər var ki, rejissor kimi bacarığından istifadə edirsən. Ola bilsin ki, o dediyim sənət naminə görülən iş deyil, amma rejissorsansa, bu işi bacardığın qədər professional görməlisən. Çəkiliş meydançasında rejissor olmalıdır. Amma hər adamın rejissor ola biləcəyini də düşünmürəm. Gözəl görüntünü yaratmaq hələ rejissor olmaq demək deyil. Görüntüləri bir araya yığmaq da rejissorluq deyil. Rejissorluq başqa şeydir. Mən belə düşünürəm. Amma bizdə son illər rejissora hörmət qalmayıb. Mən işləmək istəyirəm. Qazandıqlarımı da öz əziyyətimlə əldə etmək. Milyonları versinlər ki işləmə, o həyat mənə ləzzət etməz.
Aygün Asimqızı
Kaspi.-2018.-5 oktyabr.-S.12.