“Böyüklərlə dil tapmaq asandır”
Turəxanım Qasımlı: Hər
zaman arzuladığım obrazların mahir ifaçısı
olmaq istəmişəm
"Debüt”
rubrikamızın qonağı Bakı Uşaq Teatrının
gənc aktrisası Turəxanım Qasımlıdır.
Müsahibim 2008-ci ildə Azərbaycan Dövlət
Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano
fakültəsinə daxil olub. Orada dörd il təhsil
aldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin "Sənətşünaslıq”
fakültəsinin "Bədii yaradıcılıq və
ekran dramaturgiyası” ixtisasına daxil olub. Hazırda musiqi sahəsi
üzrə pedaqoji fəaliyyət göstərir və film
ssenariləri yazır. Bakı Uşaq Teatrında biri-birindən
maraqlı obrazları ilə azyaşlı
tamaşaçılarının diqqətini çəkir.
- Bakı Uşaq Teatrına gələndə
hansı arzularınız, istəyiniz var idi?
-
İlyarımdır ki, Bakı Uşaq Teatrında fəaliyyət
göstərirəm. Səhnədə aktrisa kimi
özümü göstərmək mənim uşaqlıq
arzum idi. Amma daha çox özümün rejissor və ssenarist
tərəfimi göstərməyə can atıram. Teatra gələndə
içimdə böyük bir səhnə sevgisi var idi. Hər
zaman arzuladığım obrazların mahir ifaçısı
olmaq istəmişəm. Səhnəyə isə uşaq
tamaşaçıların qəhrəmanı kimi
çıxıram. İlk olaraq özümü müxtəlif
heyvanların cildinə girmiş obrazlarda sınadım.
Böyüklərlə
dil tapmaq asandır. Ancaq uşaqlara nə isə demək,
onlara canlandırdığın obrazlar vasitəsi ilə
doğru yol göstərmək, nəyin pis, nəyin
yaxşı olacağını onların beyninə həkk
etmək o qədər də asan deyil. Səhnədə
canlandırdığımız obrazların vasitəsi ilə
hər hansı bir ifadəni işlədəndə ehtiyat
edirik. Ona görə ki, dövr, zəmanə fərqlidir.
Tamaşaçılarımızın elə bir yaş
dövrüdür ki, onlar hər sözün, jestin mənfi tərəflərindən
yararlana bilərlər. Təbii ki, özümü
böyük tamaşalarda da sınamaq istəyərəm.
- Hazırda Bakı Uşaq
Teatrının binası yoxdur. Pərakəndə şəkildə
tamaşa hazırlamaq sizi yormurmu?
- Biz
nəinki öz teatrımızın səhnəsində, məktəblərdə,
bağçalarda, universitetlərdə, müxtəlif mədəniyyət
və təhsil ocaqlarında da tamaşalar göstəririk.
Teatrımızın adı Bakı Uşaq Teatrı olsa da,
repertuarımızda böyüklər üçün də
nəzərdə tutulmuş tamaşalar var. Kollektivimiz
pessimistliyə qapılan, şəraitsizlikdən şikayətlənən
bir komanda deyil. Əlbəttə ki, yaxşı şəraitimiz
olsa, bu bizim üçün daha da əlverişli olar. Ancaq
tamaşalarımızı göstərdiyimiz müxtəlif məkanlarda
hər dəfə yeni-yeni insanlar tanıyırıq, onlarla
ünsiyyətimiz yaranır, çevrəmiz genişlənir
və bir aktyor kimi təkcə səhnədə deyil,
kiçik bir məkanda tamaşa hazırlamağa artıq
öyrəşmişik. Mənə görə
obrazımı canlandırmaq üçün məkanın fərqi
yoxdur. Harada olursa-olsun obrazımı canlandıraram.
- Aktrisalıqla yanaşı, eyni
zamanda fortepiano müəllimi kimi də fəaliyyət
göstərirsiniz. Pedaqoji fəaliyyət sizin səhnə fəaliyyətinizə
hər hansı bir maneçilik törədirmi?
-
Bizim ailədə musiqiyə böyük diqqət və maraq
var. Atam
gitarada, bacım skripkada ifa edir. Bu onların hobbisidir.
Mənim pianinoya həvəsim elə-belə
yaranmayıb. Asəf Zeynallını
bitirdikdən sonra bu sahəni daha çox inkişaf etdirməyə
çalışdım. Əvvəl bəstəkar
olmaq istəyirdim. Çünki musiqi
duyumum çox yaxşıdır. Sonra
fikirlərimi dəyişdi və bir çox səbəblərdən
istiqamətimi dəyişdim.
-
Üz cizgiləriniz və bədən formanız model olaraq
daha uyğundur. Və simanız kamera üçün
uğurlu simalardandır.
-
Əslində özümü model olaraq da
sınamışam. Belə ki, 2015-ci ildə keçirilən
"Miss Azərbaycan” model yarışında iştirak
etmişəm. Bir çox reklamlarda çəkilmişəm
və hələ də model olaraq bəzi reklamlara dəvət
alıram. Təklif olunan rolların çoxu mənə
uyğun olmadığı üçün qəbul etmirəm.
- Necə filmlərdə rol almaq istərdiniz?
- Hər
zaman tarixi və qəhrəmanlıq filmlərində çəkilmək
istəmişəm. Tarixi qəhrəmanlar mənim daha
çox diqqətimi çəkir. Əslində belə bir
ssenari də yazıram. Düşünürəm ki, Azərbaycan
tarixindən bəhs edən yaxşı bir ssenari yazsam,
özünü daha çox realizə edə bilərəm.
-
Ssenari yazmağa nə vaxtdan başlamısınız?
- Bu
həvəs məndə uşaq yaşlarımdan
formalaşıb. İlk dəfə dördüncü sinifdə
oxuyanda "Tumurcuq” qəzetində
öz adıma "Gözəl qızım Turəxanım”
şeirini yazmışam. Müəllimlərim məni
çox təriflədilər və çox həvəsləndirdilər.
İncəsənət Universitetində ssenaristlik fakültəsinə
qəbul olanda bu istiqamətimi daha da inkişaf etdirdim. Uşaq
vaxtı anam təhsil aldığım məktəbdə həm
ibtidai sinif müəllimi idi, həm də təşkilati
işlərlə məşğul olurdu. Belə ki, anam
maraqlı tamaşalar hazırlayırdı. Mən də o
tamaşalarda iştirak edirdim. Səhnəyə olan sevgim məhz
uşaq yaşlarımdan yarandı. Teatra gəldikdən sonra
direktorumuz İntiqam Soltandan, İlhamə Əhmədovadan bu
sənətin sirlərini öyrəndim. Onlar mənə səhnədə
aktyorluq sənətinin plastikasını öyrətdilər.
Teatrda oynamaq çox çətindir. Mən özümü
peşəkar aktrisa hesab etmirəm. Aktrisa olmaq
üçün öz üzərimdə daha çox
çalışmalıyam. Hazırda o istiqamətdə də
özümü yetişdirməyə cəhd göstərirəm.
- Şeirdən ssenaristliyə gedən
yol çətin olmadımı?
-
Universitetdə təhsil aldığım illərdə
ssenarilər yazmağa başladım və hətta İlqar Fəhmi
mənim diplom işimi çox bəyənmişdi. Ondan sonra
bir çox rejissorlar həmin ssenariyə görə mənə
müraciət etdilər. Etiraz etdim, çünki istəmirdim
ki, kimsə mənim təxəyyülümün məhsulunu
məndən alsın və onu öz istədiyi kimi çəksin.
Axı mən ssenarini yazarkən o obrazların necə
olacağını, necə təqdim edəcəyimi
düşünürəm. Əlimdə yaxşı ssenarilər
var və onları ekrana gətirmək üçün
sponsorlara ehtiyacımız var.
-
Treylerini hazırladığınız "OMERTA”
filminin son işləri nə yerdədir?
- O
ssenarini serial kimi məndən almaq istədilər. Ancaq mən
bu filmi serial olaraq görmürəm. Bu ssenarini bədii film
kimi ərsəyə gətirmək istəyirəm. Belə
ssenarilər serial üçün yaramır. "OMERTA” triller
janrında olan bir filmdir.
- Bəs komediya janrında ssenari
yazmağı necə, düşünmüsünüzmü?
-
Əslində komediya janrında yazdığım
"Fotoqraf” adlı bir komediyam var. Filmdə rol alacaq aktyorlarla
danışmışam, bir çox yerə müraciət
etmişəm. Onların cavablarını gözləyirəm.
Ssenarinin mövzusu çox aktualdır. İndi sponsorlar məşhur
aktyorlara görə dəstək olurlar. "Fotoqraf” –
hal-hazırda sosial şəbəkələri, ümumiyyətlə
gündəmimizi kütləvi surətdə zəbt edən
bir qrup gəncin dırnaqarası karyerasını əks etdirən
bir filmdir. Bu filmdə qeyd etdiyim kimi, dırnaq arası fotoqraf
və modellərdən bəhs olunur və gülməli səhnəciklər
ortaya çıxır. Hədəfimiz izləyicinin
üzündə təbəssüm yaratmaqdır. Sosial şəbəkələrdə
dırnaqarası fotoqraflarla model olmaq istəyən gənclərdən
bəhs edir. Əslində bunun sinopsisini hazırlamışam
və çox bəyənilib.
- Teatr üçün ssenari yazmaq
fikriniz varmı?
- Hələ
ki bu barədə düşünməmişəm. İstəyirəm
ki, ekranda daha çox görünüm.
- Hədəfləriniz nələrdir?
- Gələcəkdə
ixtisasım üzrə ssenarist və rejissor kimi
çalışmaq istəyirəm.
- Hazırda hər hansı bir layihədə
iştirak edirsinizmi?
- Rejissor Elşən
Zeynallının "Soyuq günəş” filminə dəvət
almışam. Film olmuş bir hadisə üzərində
yazılıb. Orda ləzgi qız obrazını
canlandıracam.
Xəyalə Rəis
Kaspi.-2018.-5 oktyabr.-S.11.