Kəhrəba bilərzik

Briz Zhu təxminən 6-7 il idi ki, xəstəxanada xəstə baxıcısı işləyirdi. Xüsusilə, qoca qadınlara baxırdı. Baxdığı xəstələr xəstəxanadan çıxanda onları qapıya qədər müşayiət edirdi, həmin vaxt onların ailə üzvlərinin, qohumlarının müxtəlif reaksiyalarına adət etmişdi. Bəziləri ondan razı qalır, bəziləri tam razı qalmırdı. Bəzi ailə üzvləri bədxərclik etmədən ona "cibxərcliyi” verir, bəziləri xəbislik edib heç nə vermirdi. İşlədiyi ilk vaxtlarda xəbislik edənlərin hərəkəti ona pis təsir edirdi, sonralar o bir az ehtiyat pul yığandan sonra buna vərdiş etdi. İndi onun vecinə deyildi, kim ona necə reaksiya verir, ona "cibxərcliyi” çox verirlər, ya az. Əsas o idi ki, tibb bacıları onun işindən razılıq edirdilər, xəstəxanada ən yaxşı xəstə baxıcısı hesab edilirdi.

Bir dəfə Briz bir yaşlı qadına qulluq edirdi. Qadının adı Lin idi. Əslində, o çox ağır xəstə deyildi, çox qayğıya, qulluğa ehtiyacı yox idi. Lin Brizlə çox yaxşı rəftar edirdi, ona "Balaca Arzu” deyə müraciət edirdi. Çünki çin dilində

"Zhu” sözünün mənası "Arzu” idi. Lin ona gətirilən hədiyyələrdən Brizə də verirdi.

Linə baş çəkmək üçün xəstəxanaya çox adam gəlirdi. Ancaq tezliklə Brizə məlum oldu ki, bu qoca qadının cəmi bircə uşağı var. Onun qızı böyük bir şirkətdə rəhbər vəzifədə işləyirdi, hamı ona "Menecer Lin” deyə müraciət edirdi. Ana ilə qızı bir-biri ilə çox yaxın idi.

Menecer Lin demək olar ki, hər gün anasına kuryer vasitəsilə qəlyanaltı, ya gül-çiçək yollayırdı. Bir gün o anasına bir cüt qara, yumşaq materialdan ayaqqabı və bir dəstə gül göndərdi. Briz heç bilmirdi bu ayaqqabıları qoca qadın xəstəxanada geyəcəkdi ya yox. Ancaq o ayaqqabıları görəndə çox kövrəldi və Linə "siz xoşbəxt qadınsınız, madam!” dedi. Qoca Lin dərindən ah çəkib başını buladı.

Qoca Lin başqa xəstələrdən fərqlənirdi. Demək olar o biri qocalar kimi deyildi. O uşaq kimi idi. O çarpayıda bütün günü uzanıb qalmazdı. Bir dəfə kimsə ona oyuncaq qurbağa gətirmişdi. Qurbağa palatanın bir küncündən o biri küncünə tullanır, quruldayırdı. Lin bu qurbağanı müşahidə etməyi çox sevirdi. Briz öz-özünə deyirdi ki, yaşlanandan sonra da oyuncaqla oynamaqdan həzz almaq çox yaxşıdır.

Briz qoca Linə xoşbəxt olduğunu deyəndə daha çox onun qızına heyran olduğu üçün belə demişdi. Demək olar ki, Linin qızı " Balaca Arzu” ilə eyni yaşda olardı. Menecer Linin yüksək vəzifəsi, özünün sürücüsü, katibəsi, kuryeri olsa da o tez-tez anasına baş çəkirdi. Nədənsə o heç vaxt anası ilə xəstəliyin simptomları, müalicəsi barədə söhbət etmirdi. Kim bilir, bəlkə də o həkimin kabinetində onunla bu haqda söhbət edirdi.

"Balaca Arzu” bilirdi ki, qoca Linin ürəyi xəstədir. Ancaq konkret olaraq onun ürəyində hansı xəstəlik olduğunu bilmirdi. Əslində buna ehtiyac da duymurdu. Briz üçün fərqi yox idi, baxdığı xəstələrin hansı xəstəliyi var. Onun işi onlara yaxşı baxmaq, yaxşı qulluq etmək idi.

Brizi daha çox menecer Linin geyimi maraqlandırırdı. O hər dəfə xəstəxanaya müxtəlif paltarda gəlirdi. Bəzən geyindiyi koftalarda açıq yerlər çox olurdu, sanki qorxurdu ki, hava bədəninə girmək üçün yer tapmaz. Bəzən ayaqqabılarından qoşa qotaz sallanardı. O yeridikcə qotazlar yellənirdi. Bir dəfə qoca Linə baş çəkən adamlardan biri Brizə demişdi ki, menecer Lin hər hansı tədbirə gedəndə müxbirlər daha çox onun geyimindən yazırlar.

Qoca Lin bu sözləri eşidəndə yenə də ah çəkib başını bulamışdı.

Bir dəfə menecer Lin anasına bir buket qəşəng gül gətirdi, dedi ki, elə indicə Yunan əyalətindən göndəriblər. Həmin gün o qara sviter geyinmişdi, sviterdə açıq-saçıq yer yox idi. Qırmızı rəngli dəri yubkası vardı. Boynundan parlaq, bal rəngli kulon asılmışdı. Biləyinə eyni rəngdə bilərzik taxmışdı. Briz onun kulonunun və bilərziyinin hansı materialdan hazırlandığını bilmirdi, bircə onu bilirdi ki, onlar çox qəşəng görünürdü.

– Bugünkü geyimin çox qəşəngdir, – qoca Lin qızına dedi. – Qara və sarı bir-birinə uyğun gəlir. Çox zərif görünürsən.

Menecer Lin bilərziyini açdı, anasının ovcuna qoyub dedi:

– Bu ən yaxşı kəhrəbadan düzəldilib, zərgər işi çox incədir.

Qoca Lin barmağını bilərziyə sürtüb dedi:

– Bərbəzəyin ən sadəsi daha gözəldir. Nə yaxşı ki, sən ləl-cavahirat xoşlamırsan.

Menecer Lin anası ilə bir az söhbət etdi, həmin gün çox məşğul olduğunu bildirib tez getdi. Briz qoca Linə nahar etməkdə kömək etdi. Nahar üçün diyetoloq balıq məsləhət görmüşdü. Briz balığın sümüyünü ehtiyatla ayıranda qoca Linə sual verdi:

– Kəhrəba çox bahadır?

– Bu asılıdır onun keyfiyyətindən, – qoca Lin cavab verdi və sonra o öskürməyə başladı. Briz tez bir stəkana su töküb ona içirtdi, kürəyini tumarladı. Daha ona başqa sual verməyə cürət etmədi.

Bir neçə gün sonra Brizin əri onu görməyə gəldi, onlar şəhərdən kənarda yaşayırdı, arvadı xəstəxanada işləyir, o isə evdə qalırdı. Briz qazancının çoxunu ali təhsil alan oğluna göndərirdi. Briz yay aylarında hər gün işdən sonra evlərinə qayıdır, qış aylarında isə xəstəxanada qalırdı. Əri arabir gəlib ona baş çəkir, evdən bəzi yeməli şeylər gətirirdi. Bu dəfə o bir neçə paket çin xurması və yerfındığı gətirmişdi. Onların doğma qəsəbəsində bu quru meyvələr paketlənib satışa göndərilirdi.

Ər-arvad mağazalara baş çəkmək istəyirdi, çünki oğullarına jaket almalı idi. Beləcə, onlar topdansatış qiymətinə mallar satılan mağazaya getdilər. Cütlük mağazaya girib istədiklərini aldılar. Onlar qayıdanda müxtəlif növ saxta bilərzik, sırğa satılan köşkün yanından keçdilər. Briz ayaq saxladı, o bir bilərziyə baxdı. Kəhrəba bilərziyə oxşayırdı. O bilərziyi ovcuna aldı, tumarladı, nədənsə ona elə gəldi ki, menecer Linin bilərziyi ilə orda satılan bilərziyin arasında fərq yoxdur. O, bilərziyi qaytarıb yerinə qoydu, sonra bir də götürdü.

– Almaq istəyirsən? – əri soruşdu.

– Belə şeyə kim pul xərcləyər? – Briz dedi, ancaq bilərziyi qaytarıb yerinə qoymadı.

Əri Brizi kitab kimi oxuya bilirdi, onun ürəyindən keçənləri dərhal hiss etdi, satıcı ilə sövdələşdi və bilərziyi 5 yuana aldı.

Briz çox məmnun oldu, halbuki bilərziyi onun öz qazanc ilə almışdılar.

Sonra onlar kiçik kafeyə girdilər, ucuz yemək sifariş verib nahar etdilər. Yemək yeyib qurtarandan sonra Briz ərinə dedi:

– Xəstəxanada mənim işlədiyim palata ilə üzbəüz palatada yatan xəstə qadın xəstəxanadan çıxandan sonra Xaynan adasına getmək istəyir. Eşitdiyimə görə, özü ilə bir xəstə baxıcısı da aparmaq fikri var.

– Ora çox uzaqdır. Bu söhbəti unut! – əri fikrini bildirdi.

Briz bilərziyə görə çox sevinirdi. Xəstəxanaya qayıdanda yol boyu bilərziyə baxır, sevinirdi. O xəstəxanaya çatanda ərinin gətirdiyi meyvə qurusunun bir hissəsini Linə verdi. Qoca qadın protez dişini taxdı ki, meyvələrin dadına baxsın.

Sonra Briz biləyindəki bilərziyi qoca Linə göstərib ondan soruşdu ki, bilərziyi hansı qiymətə aldıqlarını təxmin edə bilərmi?

– Lap qızımın bilərziyinə oxşayır. Neçəyə aldın? 10 yuana? Yoxsa 20 yuana?

– Əgər belə çox qiymət deyirsinizsə onda bunu sizə sata bilərəm, – Briz dedi.

İkisi də güldü.

Nahardan sonra xəstəxananın xəstə baxıcıları bir yerə toplaşıb Brizin təzə bilərziyi haqda danışırdılar. Onlardan biri dedi:

– Mən o bilərziyi görən kimi hiss etdim ki, saxtadır. Şüşədən hazırlanmış muncuqlardan hazırlanıb, vəssalam!

Başqa bir qadın dedi:

– Saxta olmasının nə əhəmiyyəti var Əsas odur ki, o, xalis kəhrəbaya oxşayır.

– Mən də saxta olmasını nəzərə almıram. Çox qəşəng görünür.

Həmin axşam menecer Lin də anasına baş çəkməyə gəldi. Briz bilərziyini ona göstərdi, fikrini soruşdu. Həmin gün menecer Lin də kəhrəba bilərziyini nazik, boz sviterinin qolu üstdən taxmışdı.

– Briz belə şeyləri çox xoşlayır. Yaxşısı budur, bilərziyinizi bir neçə günlüyə dəyişin, – qəflətən qoca Lin dedi.

– Ana, sən həmişə çox yaxşı ideyalar irəli sürürsən, – menecer Lin gülümsəyib dedi və bilərziyini açıb Brizə uzatdı. Briz bilərziyi könülsüz götürdü.

– Utanma, biləyinə tax, – menecer Lin dedi. – Utanmalı heç nə yoxdur, təki anamın ürəyi şad olsun!

Briz də öz bilərziyini açıb stolun üstünə qoydu.

– Əgər Lin istəyirsə, mən sizin bilərziyi taxaram, – Briz dedi və menecer Linin bilərziyini taxdı. Sonra palatadan çıxıb ana ilə qızını təkbətək qoydu.

O otaqdan çıxandan sonra Lin saxta bilərziyə baxıb dedi:

– Düzdür, xalis kəhrəbaya oxşayır. Ancaq xalis kəhrəba kimi parıldamır. Baxan kimi hiss olunur.

Sonra o bilərziyi qızına uzatdı: – Bunu yaxşı yerdə saxla, itirmə. Onu Brizə qaytaracaqsan.

Menecer Lin bilərziyi biləyinə taxanda anası dərindən nəfəs aldı, sanki bir az yüngülləşdi. O, öz-özünə dedi ki, qızı ilə dil tapmaq asandır. Elə qadınlar var ki, öz bəzək əşyalarının kiminsə işlətməsinə heç vaxt razı olmur.

Elə bu vaxt menecer Linin mobil telefonuna zəng gəldi. O telefonla danışanda çantasındakı başqa telefon da zəng çaldı. O, gözucu nömrəyə baxdı, sonra o biri telefonla söhbətini qısa etdi, bəzi göstərişlər verib söhbətə son qoydu. O biri telefonu götürüb tamam başqa tonda zəng edən insanla danışdı, nəyisə təşkil etməyi tapşırdı.

Qoca Lin qızına diqqətlə baxıb yenə də ah çəkib dedi:

– Sənin biləyində saxta bilərzik xalis bilərzik kimi görünür.

Bir azdan menecer Lin xəstəxanadan çıxıb iş yerinə getdi. O, şirkətə çatdı, liftin qabağında durub düyməni basanda biləyindəki bilərzik göründü. Orda ondan başqa iki qadın da vardı, hər ikisi son dəblə geyinmişdi. Onlar Linin bilərziyini görüb bir-birinə nəsə pıçıldadı. Onlardan biri dedi:

– Bir menecer Linin bilərziyinə bax! Mərc gələrəm ki, onun biləyindəki xalis kəhrəbadır.

O biri qadın ekspert ədası ilə dedi:

– Bəli, düz deyirsən. Yəqin Baltik dənizindən tapılıb, ya da Hindistandan gətirilib.

Son sözləri deyən qadın heç Linin bilərziyini yaxşı görməmişdi.

Menecer Lin onların söhbətini eşidib öz-özünə gülümsədi. O kabinetinə girib bilərziyi açdı və balaca stolun ütünə qoydu.

Növbəti gün menecer Linin tanışlarından biri, bir cavan kişi onun kabinetinə gəlmişdi, nəsə xahiş edirdi. Balaca stolun üstündəki bilərziyi görüb dedi:

– Belə bir qiymətli əşyanı niyə bura qoymusan?

Linin kabinetindən çıxandan sonra o çox zərif bir qutu alıb Linə göndərdi ki, bilərziyi o qutuya qoysun.

Menecer Linin katibəsi kişinin göndərdiyi qutunu Linə verdi, o da qutuya ötəri göz gəzdirdi, qərara gəldi ki, anasına baş çəkməyə gedəndə qutunu ona da göstərsin.

Briz biləyindəki xalis kəhrəba bilərziyə baxıb çox sevinirdi. O istəyirdi işdə bütün rəfiqələrinə bilərziyi göstərsin, onlara desin ki, bu dəfə o saxta bilərzik taxmayıb.

Nahar vaxtı bütün xəstə baxıcıları yenə də işçilər üçün ayrılmış yemək otağında idi. O biləyindəki bilərziyi bir-bir qadınlara göstərir, onların fikrini eşitmək istəyirdi. Demək olar ki, onlar yenə də saxta bilərzik haqda dediyi sözləri dedilər. Dedilər ki, heç kim inanmaz ki, o xalis kəhrəba bilərzik taxıb.

Briz çox pərt oldu. Bu vaxt baş tibb bacısı yemək otağına girdi, o da Brizin bilərziyini görüb heyrətləndi:

– Ah, nə gözəl bilərzikdir!

Briz sevindi ki, nəhayət, tibb bacısı onun bilərziyinin xalis kəhrəba olduğunu deyəcək, ona görə də biləyini irəli tutdu ki, tibb bacısı bilərziyi yaxşı görsün. Ancaq tibb bacısının sözlərini eşidəndə yenə də sarsıldı.

– Düzdür, xalis kəhrəbaya oxşayır. Adama elə gəlir çox bahalıdır. Ancaq pleksiqlas şüşələr adamı tez aldadır. Sənin çox yaxşı zövqün varmış! – Tibb bacısı dedi.

–Yox, düz demirsən, – Briz dedi. – Bilərziyə daha yaxından bax, o xalis kəhrəbadır.

– Əgər onu sən taxmısansa deməli, saxtadır, – tibb bacısı son sözünü dedi.

Menecer Lin Amerikaya ezamiyyətə getdiyi üçün bir neçə gün anasına baş çəkmədi. Xəstələrin palatasında sakitlik idi. Briz qoca Linin palatasına girdi, o biri işçilərin bilərzik haqda fikirlərini ona da dedi. Qoca qadın Brizə elə baxdı, sanki onun nə dediyini anlamırdı. Heç elə bil bilərzik söhbətini də unutmuşdu.

Bir gün menecer Lin anasına zəng etdi, dedi ki, Amerikadan qayıdır, hələ yoldadır, o, bu gecə xəstəxanaya gələ bilməyəcək, yalnız növbəti gün gələ bilər.

Lin qızına nəsə dedi, sözləri aydın demədiyi üçün Briz onun nə dediyini başa düşmədi. Hətta qoca Lin qızı ilə bərkdən danışırdı ki, Bris səksəndi.

Arada telefon rabitəsi kəsildi, bir azdan menecer Lin yenə də zəng etdi, anasından vəziyyətinin yaxşı olub-olmadığını soruşdu.

– Narahat olma, yaxşıyam, – Lin dedi.

Menecer Lin telefonda nəsə dedi, Brizə elə gəldi ki, o "narahatam” deyirdi. O, anasına bir neçə söz deyəndən sonra telefon rabitəsi kəsildi.

Həmin gün Lin özünü çox qəribə aparırdı. O qəflətən Brizdən soruşdu ki, ona mahnı oxuya bilərmi. Briz ona cavab verdi ki, hərdən evlərində olanda mahnı oxuyurmuş, ancaq indi o mahnıları unudub.

Lin Brizdən ingilis mahnıları oxumağı xahiş edirdi. Ancaq xəstəxanada ona ingiliscə mahnı oxuya bilən heç kim yox idi. O, xahişinə əməl edilmədiyini görüb bütün gecəni susdu, heç nə demədi.

Gecə saat 12-dən sonra Brizə elə gəldi ki, qoca Lin hansısa mahnını zümzümə edir, ancaq buna çox da əhəmiyyət vermədi. Ancaq o, öz çarpayısına tərəf gedəndə nədənsə ona elə gəldi ki, Lin tərpənmir. Onun çarpayısına yaxınlaşanda gördü ki, onun gözləri yumuludur, çox sakitdir. Briz Lini neçə dəfə səsləsə də qadın ona reaksiya vermədi. Deyəsən, o nəfəs almırdı.

Qadını bu vəziyyətdə görəndə yazıq Briz çox qorxdu. O cəld həyəcan siqnalını basdı ki, həkimləri xəbərdar etsin, sonra palatadan qaçaraq çıxdı. Bir neçə dəqiqə sonra həkimlər və tibb bacıları tökülüşüb gəldilər. Həkimlər Linin nəbzini yoxlayandan sonra bir neçə saniyə onun çarpayısı yanında sakitcə dayandılar, sonra onlardan biri onun üzünü mələfəylə örtdü.

Səhər tezdən menecer Lin gəldi. O bir müddət anasının meyitini qucaqlayıb durdu. Onunla gələn adamlar onu meyitdən güclə araladılar. Onun gözlərindən meyitin üzünə çəkilmiş mələfəyə göz yaşları axırdı. Briz üçün maraqlı idi, nə üçün menecer Lin bərkdən ağlamır, niyə kədərini belə sakitcə ifadə edir. Sonra o, öz-özünə dedi ki, bəlkə onun kimi qadınlar ucadan ağlamırlar.

Həmin gün palataya çox adam gəldi. Linin ölümündə heç kim Brizi günahlandırmadı.

Briz özünü çox pis hiss edirdi. O, xəstə baxıcısı işlədiyi müddətdə hələ belə bir hadisə olmamışdı. Lin çox asanca ölmüşdü, ona nə süni nəfəs verdilər, nə iynə vurdular... O çox sakit öldü. Briz bütün baş verənləri xatırlayıb köks ötürdü, düşündü ki, yəqin belə ölmək də xoşbəxtlikdir.

Linin ölümündən bir neçə gün sonra qəfil Brizin yadına bilərzik düşdü. Menecer Linin kəhrəba bilərziyi. O qərara aldı ki, gərək bilərziyi aparıb sahibinə qaytara. O heç vaxt istəməzdi ki, özünün ucuz bilərziyini verib belə bir bahalı bilərziyi özündə saxlasın. Bundan başqa, o ucuz bilərziyi ona əri almışdı, hər halda. istəməzdi ki, ərinin hədiyyəsi özgə adamda qalsın.

Briz tibb bacılarından menecer Linin işlədiyi şirkətin ünvanını öyrəndi, onun iş yerinə getmək üçün xəstəxananın baş həkimindən icazə aldı. O bir təmiz vərəq götürüb bahalı bilərzik qutusunu ona bükdü və xəstəxanadan çıxdı. Avtobusa minib menecer Linin şirkətinin yanında düşdü. Menecer Linin kabinetinin qabağında çoxlu adam vardı, hamısı onu qəbuluna düşmək istəyirdi. Lap xəstəxananın gözləmə zalındakı qədər adam vardı orda. Katibə Brizin gəldiyini menecer Linə xəbər verəndən sonra o, hamıdan birinci onu qəbul etdi. Briz nə üçün gəldiyini ona izah etdi. Menecer Lin siyirtmədən qutunu götürüb onu Brizə uzatdı.

Briz də öz növbəsində kağıza bükdüyü qutunu ona uzatdı. Xahiş etdi ki, zərli qutudan öz bilərziyini götürsün. Menecer Lin qutunu açdı, Brizə işarə etdi ki, həm qutunu, həm də bilərziyi götürsün. Menecer Linin gözləri yaşlı idi, əynində qara paltar vardı.

Briz qutunu götürüb otaqdan çıxmaq istəyində menecer Lin ona dedi ki, bir az gözləsin. O, qara çantasından bir dəstə pul götürdü və Brizə verdi.

–Sən anamın son anlarında yanımda olmusan. Minnətdaram. Xəstəxanaya taksi ilə qayıt.

Briz pulu götürüb çantasına qoymazdan əvvəl bir az tərəddüd etdi, pula baxanda başa düşdü ki, bu qədər pulla Xaynan adasına bir neçə dəfə gedib – gəlmək olar.

Binadan çıxandan sonra Briz başını qaldırıb menecer Linin kabinetinin pəncərəsini axtardı, ancaq binanın bütün pəncərələri eyni idi. O menecer Linin pəncərəsini ayırd edə bilmədi, hətta onun kabinetinin neçənci mərtəbədə olduğunu da unutmuşdu.

Hava küləkli idi və Brizin yanından bir taksi keçdi. O çantasına baxdı, ordakı pulun məbləğini yadına saldı. Ancaq taksi saxlatmağa qərar verə bilmədi. Bir az düşünüb metro stansiyasına tərəf getdi.

Günlər bir-bir ötüb keçirdi. Xəstəxanada hər şey yenə əvvəlki kimi idi. Xəstəxanadan bəzi xəstələr getmiş, təzə xəstələr gəlmişdi. Brizin həyatı yenə də əvvəlki kimi idi, o qoca, xəstə qadınlara qulluq edirdi. O menecer Linin ona verdiyi kəhrəba bilərziyi qutuda, qutunu isə mücrüdə saxlayırdı.

Bir il sonra yazın sonlarında o qutunu mücrüdən çıxarıb bilərziyi biləyinə taxmağı qərara aldı. Həmin vaxtlar o yenə də qoca, xəstə qadına qulluq edirdi. O Brizin biləyində bilərziyi görən kimi onun çox qəşəng olduğunu bildirdi. Briz cəld dilləndi:

– Bu bilərzik xalis kəhrəbadır.

Qoca qadın çaşdı, ona baxıb yavaşca dedi:

–        Yalan danışma, bu saxtadır, eləmi?

 

Zong Pu

 

İngiliscədən tərcümə: Sevil Gültən

Kaspi  2018.- 6-8 oktyabr.-  S.18-19.