YENİ DÜNYANIN YENİ
OLMAYAN QƏHRƏMANLARI
"ŞƏBİ-HİCRAN”
KİTABININ MÜZAKİRƏSİ
Arkaspi.az "Müzakirə” adlı layihəyə
start verir. Layihə müddətində ədəbiyyatşünasların
yeni çıxan əsərlər barədə məqalələri
dərc olunacaq. Layihənin məqsədi yeni nəşr edilən
kitabları oxucuların diqqətinə
çatdırmaqdır. Müzakirə olunacaq kitab
yazıçı Əlabbasın "Şəbi-hicran” hekayə
və povest kitabıdır. Ədəbiyyatşünaslar
kitabdakı 4 hekayə –"Gəlin”, "Qul, "Ovçu”,
"Arvanada dəfn” hekayələrini təhlil edirlər.
Bu gün nəsrin ifadə vasitələrinə
çox yeniliklər daxil olub. Hətta prozaya adlayan gənc
yazarın qələmində belə bu yeniliklərə, forma
mürəkkəbliklərinə meyl – şüur
axını, fantasmaqoriyaya, retrospektiv
sıçrayışlara aludəçilik
qaçılmazdır və
çağdaşlığın göstəricisi kimi zəruri
elementə çevrilməyə başlayıb. Belə bir
durumda Əlabbasın realist qələmlə mətnlər meydana
qoyması təkcə yazıçının öz
üslubuna, yazı və ifadə manerasına sadiqliyi deyil, həm
də həyat gerçəklərinin onun nəzərlərində
hələ də əhəmiyyətini saxlaması ilə
ölçülməlidir.
Əvvəlcə onu qeyd edək ki,
Əlabbasın əvvəlki və yeni əsərləri
arasında bədii həqiqətin
inandırıcılığı baxımından kəskin fərq
duyulmur. Onun "Şəbi-hicran” kitabına toplanmış
ilk dörd hekayəsini birləşdirən və ayıran
çox ortaq məqamlar var. Amma əsas məsələ budur
ki, Əlabbas nəsrinin fokuslandığı müstəvi dəyişməyib,
o, daha çox milli əyalət həyatına
maraqlıdır, milli süjetə sədaqəti ilə
seçilir, xalq dilinin qatları üzərində köklənir.
Həyatın küncə
sıxışdırdığı insanlarından yazır,
onların ağrılarını, bu ağrıları yaradan
səbəbləri təsvir predmetinə çevirir. Bu əsərlərdəki
qəhrəmanlar ayrıldığı kənd
üçün daim xiffət keçirən, şəhər
həyatına heç cür alışa bilməyən,
yaxud aldığı zərbələrin acısını, mənəvi
sarsıntısını varlığında daşıyan
insanlardır. Və bir də sosial problemlər səbəbindən
cəmiyyətdə özünə yer tapa bilməyən, fəqət
"məğlubiyyətlə öz içində
barışan” qəhrəmanlar... Əlabbas nəsrində qəhrəmanların
taleyini daha çox mühitdəki mənəvi tənəzzülün
özü şərtləndirir. Harda tənəzzül varsa,
orda kama yetmək, yararlı insana çevrilmək işi
müşkülə dönür.
Sosial, mənəvi-əxlaqi axtarışlar
Əlabbasın yetişdiyi ədəbi nəsil
üçün tipoloji amil olsa da, bu amilin sosioloji, mənəvi-əxlaqi
süxurlarını daim dərinləşdirmək, onu epik,
lirik psixologizm planında inkişaf etdirmək artıq
çağın problematikasına dayanıqlıdır və
Əlabbasın yaradıcılığında bu xəttin
aparıcılığı da daha çox daim diri qalan
problemlərə vurğunun nümunəsi kimi diqqətçəkicidir.
Bu problemlərin hansı bədii səciyyədə təcəssümü
isə artıq sənətkarlıqla bağlı məsələdir
və müzakirəyə çıxarılan dörd hekayə
çatışan və çatışmayan cəhətləri
ilə diskurs predmetinə çevrilməyə əsas verir.
Öncə hekayələrin ideya-məzmun və
probematika rakursundan təhlilinə varaq. "Gəlin”,
"Qul”, "Arvanada dəfn” və "Ovçu” hekayələrinin
hər biri müxtəlif zaman və məkan
hüdudlarını çevrələsələr də hədəfdəki
təsvir predmeti dəyişməzdir: insan həyatı, insan
taleyi. Bir qədər də aydın ifadə etməli olsaq,
undergraundun – həyatın dibində olan insanların faciəli
yaşamı. Bu yerdə qeyd edək ki, Əlabbasın
bütün qəhrəmanları kökündən, mahiyyətindən
uzaqlaşan, pəncərəsindən işıq belə
düşməyən, mənəvi aləmlə aralarında
uçurum yaranmış insanlardır. Onları naqis əməllərə
qurşanmağa vadar edən sosial mühitdir. Bu mühitin
naqisliyi, insanı dörd bir tərəfdən məngənəyə
salan çətinliyi, heç bir işıq ucu olmayan
sıxıntısını müəllif elə qara boyalarla
təsvir edir ki, bu mühitdə ləkələnməmək,
yolunu azmamaq böyük hünər sayılmalıdır.
Hekayələrdə
baş verən hadisələr cəmiyyət hadisələrinin
bir parçasıdır. Maddi ehtiyac insanları küncə
sıxışdırır, pul yeganə hakim qüvvəyə
çevrilir. Onun rolu taleləri müəyyən etmək
gücündədir: ləyaqət, heysiyyət, vüqar,
kişilik sıradan çıxmaqdadır. İnsanlar
sıxıntı müqabilində, ehtiyaca qul olmaqla iradəsini,
şəxsiyyətini, mənliyini itirirlər.
"Gəlin” və
"Qul” hekayələrinin fabulası ehtiyacın, pulun insan həyatında
oynadığı roldan nəşət edir. Hər iki hekayədə
maddiyyatın fərdin taleyində açdığı
şırımlar önə çəkilir. Elə məqam
gəlir ki, insan "olum, ya ölüm” dilemması
qarşısında qalır. İstəmədən belə
uçuruma yuvarlanmağı tərcih edir. Yazıçı
pulla imtahana çəkir qəhrəmanları. "Gəlin”
hekayəsində Gəlinin, "Qul”da Tahirin tərəddüdlərinin
arxasında xəstə uşaqları dayanır: "Təmiz
ad! Amma uşaqlarsız! Hansı daha əziz idi?” Bu üzdən
geriyə addım ata bilmir qəhrəmanlar. Gəlinin əri
həbsdədir, Tahirin arvadı dünyasını dəyişib.
Hələ üstəlik qoca, xəstə qayınata da var evdə.
"Gəlin” hekayəsində kompozisiyanın önünə
çəkilən qayınata obrazı ilə Əlabbas
kişilik-namus məsələsinin dərin, psixoloji-dramatik məqamları
üzərində düşündürür. Yəni, bəzən
həyatda belə də olur... Yeganə oğlunun naqis
xarakteri, yarıtmaz həyat tərzi müqabilində zindana
salınması, qocanın xəstəliyə tutulması,
üstəlik geridə qalan iki nəvəsinin vərəm xəstəliyinə
mübtəla olması və bütün bu problemlərin evdəki
bir adamın – gəlinin çiyinləri üzərinə
yüklənməsi hekayədə real boyalarla
canlandırılır. Reallıq göz önündədir,
qarşıda iki yol var, seçim də məlumdur, ona tablamaq
acısı da. Hekayədə gəlin və qayınatanın
hiss-həyəcanlarının təsvirində əxlaqi-psixoloji
amillərin önə çəkilməsi labüdləşir.
Yazıçı yalnız gəlinin deyil, mərd,
alnıaçıq yaşayan bu köhnə kişinin – Fəzlin
ruhsal-mənəvi ağrılarını, onunla bağlı
təsvirlər və tərəddüdləri hekayə boyu
davam etdirir. "Köhnə kişi”lərin ölən
dünyası... Ümumiyyətlə, Əlabbasın
bütün nəsrindən keçən "Köhnə
kişi” xətti ilə burda da qarşılaşırıq.
Bəlkə də ilk povestinin şüuraltında yer alan
niskilidi, hər dəfəsində mətndə
ayrı-ayrı situasiyalarda təzahür edir. Müəllif nədən
yazır yazsın "Köhnə kişilərin ölən
dünyasın”dan çıxış edir. Təbiidir, bir əsərdə
yazıçı obyektivinin fokusu əxlaqi-mənəvi məsələlərə
tuşlanırsa, milli kök, qaynaqlara qayıdış, o məqama
istinad mütləqdir. İnsanın ömrü boyu sadiq
qaldığı idealların ironiyasını yaşamaqdan əzablı
nəsə ola bilməz.
"Gəlin”
hekayəsi daha çox qayınatanın nəzərlərindən
verilmiş mətndir. Müəllif sürüşən dəyərlərdən
yazmır, yox, o dəyər qocanın ailəsində hələ
də qorunur. Hər halda kişinin, gəlininin tərəddüdlərindən
aydın olur ki, insan heç də həmişə
"öz keçmişindən gülə-gülə
ayrılmır”, onun mənəvi-əxlaqi
dünyasının yıxılması, təbəddülata
varması hansı əzablar bahasına başa gəlir.
Bu əzabı yazıçının digər
"Qul” və "Ovçu” hekayələrində də
görmək olur. "Ovçu” əsərində hekayənin
mündəricəsi cinayətdən başlanan mənəvi-psixoloji
çabalamalarda davam tapır. Əlabbas həyatın tərksilah
etdiyi qəhrəmanlarını günahın bir
addımlığına gətirib, yaxud həmin girdaba
yuvarlayıb reallıq, yaşam və "mən” müstəvisində
yozumlar arayır.
"Qul” hekayəsində
ziyalının cəmiyyətdə özünə yer tapa
bilməməsi kimi aktual məqamı nəsrin hədəfinə
gətirib Əlabbas. Ali savadına rəğmən layiq
olduğu yerdə olmayan, düz danışdığına
görə işində çıxarılan, namusu ilə təhdid
olunan hekayə qəhrəmanı qul bazarındakı
adamların sıralarına qoşulmaq məcburiyyətində
qalır. Və mərəkə onda başlayır ki, qəhrəman
günlərin birində gəncliyində sevdiyi qadının
ərinin seçdiyi qul qismində onun evinə
aparılır. Onu da qeyd edim ki, Əlabbasın əsərlərində
qadın, namus məqamları hər zaman diridir. Elə təhlil
etdiyimiz dörd hekayənin üçündə bu məqama
həssaslığı görməmək olmur. Hər birində
də subardinasiyası pozulmuş cəmiyyət dəyərlərinin
inikası kimi: "Dünyayla bir ad-sanı olan kişinin
arvadı oğurlanıb, dağ boyda adam günün
günorta çağı yağlı əppək olub
göyə çəkilib, amma gör nəyin məşvərətini
aparırlar? Sərvətin, var-dövlətin, cah-calalın!
Bir adam da ağzını açıb demir ki, hər şey
o tərəfə, bu minvalla biz hara gedirik, a millət, bu, namus
məsələsidir axı... Kişilik də belə şeyləmi
ölçülər?”
Əlabbas daha çox ideya-tərbiyəvi əhəmiyyəti
olan məsələləri təhlil predmetinə çevirir.
Sosial-psixoloji nəsrin özəlliyindən irəli gələn
əsas məqamı – cəmiyyətin insan üzərində
dominantlığını irəli çəkməklə gərginliyi
artırır. Yazıçının bədii müşahidələri
burada cəmiyyətdən daha çox qəhrəmanların
düşüncəaltlarına açılır. Ümumiyyətlə,
Əlabbasın hekayələrində "daxili səs” əsas
obraz kimi iştirak edir. Qəhrəmanlar daha çox öz
vicdanlarının mühakiməsinə buraxılır, daim
öz daxili "səs”ləri ilə çarpışmada təsvir
olunurlar.
Və nəhayət "Arvanada dəfn”... Qeyd
edim ki, təhlil predmetinə çəkilən dörd hekayə
arasında "Arvanada dəfn” mənə bədii
boyaların dolğunluğu, estetik cazibədarlıq
baxımındana daha tutarlı təsir
bağışladı. Müəllif kiçik mətn daxilinə
böyük bir gerçəkliyi yerləşdirməyə,
onun bütün qatları, fəsadları ilə təcəssüm
etdirməyə nail olub. Cəsarətlə demək olar,
"Arvanada dəfn” yalnız Əlabbasın öz
yaradıcılığında deyil, ümumən hekayəçiliyimizdə
hadisə sayıla bilər.
"Arvanada dəfn”
hekayəsində müəllif urbanizasiya probleminə
müraciət edib. İnsanların şəhərə,
meqapolisə axışması, kəndin boşalması, kimsəsiz
qalması məsələsi. Amma mövzunu təqib qılan
digər əsərlərdə olduğu kimi burada problem şəxsiyyət
və zaman rakursundan qoyulmur, üstəlik Əlabbasın
başqa hekayələrində kökləndiyi şikayət,
qınaq motivlərinə burda yer yoxdur. Məsələn,
"Qul” hekayəsində müəllif şəhərdə
məskən salan insanların narahat, sərgərdan ruhuna
işarə vurursa: "Qayıdaq gedək xarabamıza. Hər
nədi, yaxşı-pis özümüzündü. Onsuz da
boş-boş qalıb orda. Şəhər bizə
düşmədi”; "Arvanada dəfn”də mövzunu kənd
və onun aqibəti rakursundan aktuallaşdırır. Həm də
necə? Müəllif sadəcə təsvir edir, aqibəti
göstərir və elə bu sadə təsvir, inikas üsulu
ilə qəhrəmanların mənəvi dünyasını
dolğun qələmə almağa, situasiyanın əyaniliyinə
nail olur. Uşağı olmayan Əsgərxan
dünyasını dəyişib və kənddə kişilərin
qalmaması səbəbindən onu qadınlar basdırmağa
aparırlar. Bu yanda qarlı, şaxtalı havada kəndin
qadınları ölünü aparmağın min çətinliyi
ilə üzləşirkən, o biri tərəfdə ölən
kişinin arvadı əri Əsgərxanla birgə
yaşadıqları illərin hesabını aparır:
"...ömrünün, bəlkə də, o günü
olmamışdı, xəyalından keçirməsin: görəsən,
ərinə qulaq asmayıb üzüqara qonşunun o
düşük söhbəti kəndlə bir olanda heç
olmasa o özü qətiyyətli bir addım atmağı
bacarsaydı, indi yarıqaranlıq otağın bir
bucağında buza dönmüş ərini hansısa
başqa bir aqibət gözləyərdimi? Doğrudan,
kişinin qarşısını kəsən,
dilini-ağzını bağlayan o oldu? Doğrudan, onun gözəlliyi
ərini başdan çıxarıb bala-bulasız qoydu?...
İşdi-şayəd, o, bir başqa arvaddan oğul-uşaq
tapsaydı, onda necə? Nə dəyişən idi? Guya,
Arvanada oturub bu gün atalarına qarovul çəkən idilər?
Bəs onda başqaları niyə çəkmirdi? Hardaydı
bu kənddə doğulub-törəyən yüzlərlə
oğul-qız?...”. Hekayə boyu koloritli dil, zarafatlar, replikalar
onu daha da oxunaqlı edir. Sərrast müşahidələr,
incə mənalandırmalar, tipik, canlı detallar... Sözlər
ifadə tərzinin yatımlılığı, məqamında
işlənməsi baxımından diqqət çəkir.
Yazıçı texnikası öz işini görür,
sıxıcı, ağır həyat tərzi elə
ağır, ləngərli formada təqdim olunur. Problem gözəl
bədii həllini tapıb – kənddə
başıpapaqlı qalmayıb, ölən kişiləri belə
qadınlar basdırırlar.
Niyə "Arvanada dəfn” hekayəsi digərlərindən
seçilir? Əvvəla bu üç hekayədə qəhrəmanlar
daha çox ailə-məişət fonunda verildiyindən,
gündəlik qayğılarla yükləndiyindən daha
geniş müstəviyə adlamaq imkanı məhdudlaşır,
konseptuallıq çatışmazlığı ilə
razı salmır. "Arvanada dəfn” hekayəsində isə
mövzu bir evin, hətta bir kəndin problemi olmaqdan
çıxıb daha ciddi ictimai-tarixi qayğını ehtiva
edir, bədii fikrin daha yüksək qayə ilə
aşılanmasına yol açır.
Digər tərəfdən,
"Qul”, "Gəlin” və "Ovçu”da əyani təcəssümə
cəhddə çoxlu haşiyələrə
varılması, uzun-uzadı mükalimələrin nəticəsi
kimi görünən yorucu ritm nəzərdən
qaçmır. Düzdür, Əlabbasın üslubunda
usandırıcılıq yoxdur, təhkiyə çevik, təsvirlər
tutumlu, ahəngdardır. Buna baxmayaraq, bəzi məqamlarda hiss
olunur ki, müəllif dil-ifadə üzərində həssaslıqla
çalışmayıb, qoyulan məsələ bədii
nüfuzun dərinliyi kimi mənalanmır.
Kitabda yer alan "Şəbi-hicran” hekayəsi
ilə bağlı ötən il "Ədəbiyyat qəzeti”nin
keçirdiyi müzakirədə hekayənin uğurları ilə
bərabər uğursuzluqları üzərinə də diqqət
çəkmiş, iradlarımı bildirmişdim. Ondan əvvəl
isə roman müzakirələrində "Qaraqovaq
çölləri” romanı ilə bağlı məqaləmin
tənqid, irad tərəfi müəllifin təhkiyə
poetikasına münasibətdə üzə
çıxırdı. Müəllifin yazı tərzindəki
qeyri-səlislik, dil-ifadə üzərində həssaslıqla
çalışmağın vacibliyi ilə əlaqədar
fikirlərimi indi yenidən "Arvanada dəfn” hekayəsi
istisna olmaqla digər üç hekayə haqqında da səsləndirə
bilərəm. Adını çəkdiyimiz "Gəlin”,
"Qul” və "Ovçu” hekayələrində söz
israfçılığı, detal
yayğınlığı, təfərrüat
artıqlığına rast gəlirik. Yazıçı
obrazların nitqinə yer versə əyaniliyə xidmət
baxımından mətnləri daha canlı, daha tutumlu təsir
bağışlayar. Əlabbas isə daha çox öz
düşüncələri, bədii müşahidələri
ilə danışmağa meyllidir. Toxunduğu problemləri
hadisələrin cərəyanında göstərməkdən
daha çox onların şərhinə
çalışır. Hekayələrin dialoqlarla deyil,
şüuraltının nəqli ilə danışması
eyni məqamları dönə-dönə qabartmalara, bəzi
vurğuların təkrarına, ümumi və iri planların
ardıcıl sıralanması qismində təqdim
olunmasına gətirib çıxarır.
Bəzi məqamlarda ahəng düzgün
seçilmir, obrazın təcəssümündəki ifadə
qəribəlik doğurur, yaxud inandırmır. Məsələn,
"Gəlin” hekayəsində işləməyə gedən
gəlinin hər dəfə əxlaqsız təkliflərlə
üzləşdiyini görən qocanın təəccübü
ilə bağlı müəllif belə bir fikir səsləndirir:
"Bu uzun ömründə ilk dəfə eşidirdi ki,
gözəlliyi də insanın başına bəla ola bilərmiş!”.
Uzun ömür yaşamış, "dünyanın hər
üzünü görmüş” qocanın belə bir məşhur
fikri eşitməməsi bu dəfə də oxucunun
özü üçün təəccüb doğurmağa
bilmir. Əvəzində aforizm səciyyəsinə qalxan
aşağıdakı fikirlər: "insan yalnız o zaman
yenilir ki, məğlubiyyətlə birinci öz içində
barışır”, yaxud "O vaxt eşqdən havalanıb
hamıdan xəlvətdə təzəcə ilk
cızma-qaralarını eləməyə
başladığı o günlərdə elə
sanırdı, başqa şey yox, özünə alın yazısı
yazır. Sonralar bildi, o yazını yazan bircə nəfərmiş”,
– kimi mənəvi-fəlsəfi kontekst hekayələrdə
daha böyük məna vurğusu kəsb edə bilir.
Əlabbasın hekayələrində hadisələrin
şəbəkəsinə uğurla bağlanan amil təbiətdir.
İnsan ömrünün metafizikasında məna çevrəsi
yaradan əsas obraz qismində doğulur, assosiasiya verir. Müəllif
üslubuna, təsvir edilən hadisələrə müvafiq
olaraq əsasən, yağış, qar, şaxta,
çovğun, külək kimi soyuqluğa işarə olaraq
semantikləşir. Amma heç situasiya ilə əlaqədar
rəmzi qatı olmasa belə, avtonom bir gerçəklik kimi təbiətlə
bağlı müəllifin ölçülü-biçili
rəftarı razılıq doğurur: "Bu arada
çovğun elə bil acığa bir az da şiddətlənmişdi,
yolqırağı təpələrin, yal-yamacın
qarını sovurub dəlmə-deşiyə, qəbrin
yan-yörəsinə elə pərçimləyirdi ki,
deyirdin bəs malakeş divara gəc çəkir”.
Yeni dünyanın yeni ola bilməyən qəhrəmanları
Əlabbasın realist qələmində cəmiyyətlə
oppozisiya məqamının bariz örnəkləridir. Amma hər
zaman deyilən gerçək də bu: nəsr
üçün yalnız ideya-məzmun deyil, bədii sirayətedicilik
də əsas şərtdir. Bu sirayətediciliyi ehtiva edən
"Arvanada dəfn” hekayəsi kimi...
ELNARƏ
AKİMOVA
Kaspi 2018.- 6-8 oktyabr.- S.16-17.