”Bolşevik” Qulamın nəğməkar
qızı
1924-cü il yanvarın 21-də bolşeviklərin lideri Lenin dünyasını dəyişdi. Həmin gün Azərbaycanın dilbər guşəsi Şəkidə yerlilərin "bolşevik Qulam” dedikləri Qulam kişinin evində bir qız dünyaya gəldi. Qızı dünyaya gətirən ana bir də baxdı ki, bayaqdan ətrafına toplaşan qohum-əqrəbadan başının üstündə bircə nəfər qalıb. Bəs, camaat hara yox olub? deyə soruşdu. Cavab verdilər ki, Lenin dünyasını dəyişib, hamı onunla vida mitinqinə gedib. Ana üzünü çevirib yanındakı körpəsinə – "Can bala, nə pis gündə dünyaya gəldin” dedi. O qız böyüdü, şöhrəti dünyaya yayıldı. O, dünyadan köçəndə nə bolşeviklər vardı, nə də onların ideyası, heç Lenini yada salan da yox idi, amma Azərbaycan musiqi tarixinə qızıl həriflərlə bir ad yazılmışdı: Şəfiqə Axundova.
Atası Qulam
Axundov dövrünün tanınmış adamı idi.
1917–1920-ci illərdə Şəkinin ilk bolşevik rəhbərlərindən
olub. Ona görə də hələ bu sözə
alışmamış şəkililər ona "bolşevik
Qulam” deyirdilər. Qulam kişi M.F.Axundovun nəslindən
imiş, uzaq qohum olublar. Anası Züleyxa evdar qadın olub,
evdə Şəfiqədən başqa daha beş övlad tərbiyə
edib böyüdüb. İsmət, Tahir, Nəriman, Rəfiqə
də hərəsi öz sahəsinin sənətkarları
olublar. Taleyi Şəfiqənin üzünə daha şirin təbəssümlə
gülümsəyib.
Anası onun musiqi duyumunu, incəsənətə
meylini görüb qonşulara – bu qızım,, deyəsən
artist olacaq, deyirmiş.
Atası isə qızının musiqi qabiliyyətini
hiss etdikcə onu daha çox sıxma-boğmaya
salırmış ki, birdən müğənni olar. O, istəyirdi
ki, qızı Şəfiqə həkim olsun,
istedadlıdır, deməli, ondan yaxşı həkim olar –
deyirdi. O dövrün bütün ziyalı ailələri kimi
Qulam kişigildə də piano varmış, amma
qızının onunla çox məşğul olduğunu
görən ata piano olan otağı açarla
bağlayırmış. Elə
düşünürmüş ki, Tanrının verdiyi
istedadın qarşısını bununla ala biləcək.
Bir dəfə marağının Şəfiqəni
konservatoriyaya çəkib apardığını eşidən
atası qarlı-şaxtalı o qış axşamı
qızını evə buraxmadı. Şəfiqənin
anasına da icazə verməyib ki, qızı evə
buraxsın, deyib qoy, ağlı başına gəlsin ki,
özünə yaxşı sənət seçsin. O gecə
Şəfiqənin böyrəkləri elə soyuqlayıb ki,
sonradan professor Cavadzadə cərrahiyyə yolu ilə bir
böyrəyini çıxartmalı olub, o birini xilas edə
bilib.
Zaman keçdikcə atası da
qızının musiqi sahəsində hədsiz
istedadını və inadkarlığını görüb
onunla razılaşmalı olur.
Şəfiqə 1943-cü ildə Asəf
Zeynallı adına musiqi məktəbinə qəbul edilir. Həm
də burda dahi Üzeyir bəy Hacıbəylidən dərs
alır. Şəfiqə xanım xatirələrində bu barədə
yazır: "ilk mahnım olan "Kolxoz
qızları"nı Üzeyir bəy dinlədi və bəzi
düzəlişlər etdi. İnanın ki, hər hansı əsərimi
bəyənəndə həmin gün sevincim yerə-göyə
sığmırdı. Üzeyir bəy sənətə qiymət
verən insan idi. O vaxt bir qrup açmışdı, bəstəkarlar
orada təhsil alırdılar. Hətta bizə
muğamların əsaslarını da öyrədirdi. Bizim əsərlərdə
milli ruh vardı. Bax, həmin o milli ruh insana dayaq olur. Onun kimi
adamlar yüz ildən bir doğulurlar. O, dahi idi. Çox
xeyirxah, gözəl insan və böyük şəxsiyyət,
həm də müəllim idi. Mən fəxr edirəm ki,
Üzeyir Hacıbəyov kimi bir insan mənə dəstək
olub. Şəxsən evində olmuşam, mənə hərtərəfli
yardım edib. Vaxtının az olmasına baxmayaraq, Üzeyir
Hacıbəyov məni və sənətimi bir dəfə də
olsun diqqətdən kənarda qoymurdu. Hətta ad günümə
teatrda heç kimin xatırlamadığı bir vaxtda
Üzeyir bəy bunu yadında saxladı və həmin gün
məni təbrik etdi. Çox xeyirxah insan və böyük
şəxsiyyət idi. 1944-cü ildə Tiflisdə Zaqafqaziya
musiqi baharı keçirilirdi. Bu çox tarixi hadisə idi. O
vaxt Ağabacı Rzayeva da ilk qadın bəstəkarlardan idi.
Üzeyir bəy ona da xüsusi diqqət yetirir, xətrini istəyirdi.
Ona həm də qayğıkeşlik göstərirdi.
Üzeyir bəy bir dəfə ona dedi ki, Şəfiqə ilə
geyinib gəlin, görüm Tiflisə hansı geyimdə gedəcəksiniz?
Biz də geyinib gəldik. Amma bizim geyimimiz onun xoşuna gəlmədi.
Üzeyir bəy dərhal köməkçisi Ramazan Xəlilovu
çağırdı. Dedi, Ramazan, bunları anbara apar,
yaxşı paltarlar seç ki, bəstəkara
oxşasınlar, axı Tiflisə gedəcəklər…
Başqa bir xatirə də danışım. Yadımdadır, Mirvarid Dilbazinin sözlərinə "Beşik başında" adlı mahnımı Üzeyir bəyə göstərdim. İlk mahnılarımdan idi. Üzeyir bəy mahnını sona qədər dinlədi və xoşuna gəldi. O vaxt onun dediyi sözlər hələ də qulağımdan getmir: "Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri hardan tapırsan?” Üzeyir bəy həmişə deyirdi ki, yazılan mahnılar kökə bağlanmalıdır. Yəni musiqidə də milli ruh hiss olunmalıdır. Mən Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov, Zeynəb Xanlarova kimi sənətkarlarla çalışmışam deyə, bugünkü gənclərə bir qədər qəbul eləyə bilmirəm. Səs insanın ürəyini titrətməlidir. İfaçının səsini bəyənməsəm, ona mahnı verə bilmərəm. Bir çoxunu bu adla yola salmışam. Heç zaman mahnı bəstələmək xatirinə çalışmamışam. Əgər bəstəm ifaçının səsində itib-batacaqsa, heç üzə çıxmasa yaxşıdır".
Sonralar Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq şöbəsini,
B.Zeydmanın sinfini bitirsə də orda da Üzeyir bəyin məsləhətlərindən
çox faydalanan gələcəyin böyük bəstəkarı
1972-ci ildə Şərqin ilk opera yazan qadın bəstəkarı
kimi tarixə imza atıb. Süleyman Rəhimovun eyni adlı
povesti əsasında, İsgəndər Coşqunun librettosunu
yazdığı "Gəlin qayası" operası
1974-cü ildə Opera və Balet teatrında uğurla
tamaşaya qoyulub.
Şərqin ilk opera yazan qadın bəstəkarı,
Üzeyir bəyin yetirməsi, fitri istedadlı Şəfiqə
Axundovanın şəxsi həyatı o qədər də
qibtə olunan deyil. Kimsə deyə bilər ki, dünyaca məşhur
insana necə talesiz demək olar? Olar, çünki bir
qadın üçün ən böyük xoşbəxtlik
ailə ilə bağlıdır. Karyerası nə qədər
yüksəklikdə olsa da, bir qadın əgər ana deyilsə,
demək xoşbəxt də deyil.
Şəfiqə xanım, əslində, ana olub,
amma xoşbəxt ana ola bilməyib. Görünür, tale
insanın xoşbəxtliyə gedən yollarını tam
açmır, birini açanda o birini bağlayır.
Ailə quranda tanınmış bəstəkar
deyildi, bütün həmyaşıdları olan qızlar kimi
o, da ailə qurmaq istədi, onu sevənlərdən birini seçib
evlənməyə razılıq verdi, amma illər
keçdikcə Şəfiqə anladı ki, yeganə
sevgilisi sənətidir, ondan qeyri kimsəyə bağlanıb
özünü, sevdiyi sənəti fəda vermək
iqtidarı yoxdur. Qərarını verib həyat
yoldaşından ayrıldı. O vaxt artıq bir övladı
da vardı, adını Taleh qoymuşdu. Ailə
qurmağını, onun dünyaya gəlməsini yalnız
taleyin işi saydığı üçün...
Taleh də anasının davamçısı oldu, musiqiyə bağlandı. Onun musiqiyə bağlanmağı anasına hədsiz bağlılığı ilə əlaqəli idi, yaxud əksinə, musiqiyə bağlılığı onu anasına bu qədər yaxın, həmdərd etmişdi – bunu Tanrı bilir, amma real olan o idi ki, ikisi bir tavanın altında baş-başa verib musiqilər yazır, elə bil, Səttar Bəhlulzadə demiş təbiətdən bu yolla "qisas alırdılar”. Amma bu birgəlik də uzun çəkmədi, Taleh gənc yaşlarında anadangəlmə əsəb xəstəliyinin ucbatından dünyasını dəyişdi.
Şəfiqə xanımın artıq kifayət
qədər yaşı vardı, yəni cavan deyildi.
Qadının faciəsi də burdan başlayır. İllər
keçib artıq, düzdür, bu illər ərzində
Şəfiqə Axundova çox nəsnələrə
çatıb, dünyaca şöhrəti var. 500
mahnının müəllifidir, operaları, kino, teatr musiqiləri.
Musiqi sahəsində bir bəstəkar nə edə bilərdisə,
edib. Ona xalq, dövlət nə edə bilərdisə o da
olunub, amma Şəfiqə xanımın övladı, ailəsi
yoxdur.
Yaş da bu yanlışı düzəltməyə
imkan vermir. "Həyat mənə ağır zərbə
vurdu. O, mənə tək övlad yox, həm də dərd
ortağı idi. Onsuz tək qalmışam. Bəzən gecəyarısı
yuxum qaçır, durub gözlərimi zilləyirəm
pianoya. Onun şirmayı dillərinə toxunmaq istəyirəm.
Amma hərdən ayaqlarım sözümə baxmır. Bax
onda uzun-uzun düşünürəm, saatlarla
çalışdığım günlər
düşür yadıma. Amma musiqi həyatımın mənasıdır.
Yaxşı ki, bu sənəti seçmişəm. Məni
yaşadan da budur”.
Şəfiqə Axundovaya bəstəkar kimi
daha çox uğur gətirən mahnısı "Nədən
oldu”nun maraqlı tarixçəsi var. Gəncə Dövlət
Dram teatrının 20-dən çox tamaşasının
musiqisini yazmışdı. 1958-ci il, dekabr ayının 28-i elə
Gəncə Dövlət Dram teatrında Bəxtiyar Vahabzadənin
"Vicdan" pyesinin premyerası olub. Tamaşaya musiqiləri
Şəfiqə Axundova yazmışdı. Qəhrəmanın
ifasında mahnı dillərə düşdü o zaman.
"Nədən oldu?" adlı həmin mahnının taleyi
tamaşanın taleyindən daha uğurlu oldu. Mahnı
yaşadı.
Mahnının ilk ifası Sara Qədimova
olmuşdu. Sonralar onu Rübabə Muradova, Zeynəb Xanlarova,
Əbülfət Vəliyev, Elmira Rəhimova, Şövkət
Ələkbərova, Gülyanaq Məmmədova, Yaqut
Abdullayeva, İbrahim Tatlıses, Müslüm Gurses, Zara və
başqaları bu mahnını sevə-sevə ifa etdi.
İbrahim Tatlısəs öz filminə saldı bu
mahnını. O vaxt mahnının bəstəkarını
bilmədiyi üçün filmdə göstərməmişdi,
amma Bakıya gələndə Şəfiqə Axundova ilə
görüşüb əllərini öpmüşdü və
bu görüşdən sonra həmin mahnı Türkiyədə
öz bəstəkarının imzası ilə ifa olunmağa
başladı.
Onun mahnıları bu gün də müxtəlif
ifaçılar tərəfindən oxunur və onlara uğur
gətirir. "Həyat, sən nə şirinsən",
"Çinar və mən", "Ötür illər",
"Sular qızı", Baloğlan Əşrəfovun
ifasında "Gözlərimin işığı sənsən",
Nazpəri Dostəliyevanın ifasında "Tapmayacaqsan məni",
müxtəlif müğənnilərin oxuduğu "Mehriban
olaq", "Hardasan sevgilim, gəl" və başqa
"Anaları təklənməyə qoymayın",
"Sevgi ölmür", "Gəl, ey səhər"
kimi mahnıların, romansların, Xor üçün silsilələrin,
BSO üçün suitaların, "Ev bizim, sirr bizim"
operettasının və "Gəlin qayası"
operasının müəllifidir.
Şəfiqə xanım 1998-ci ildə Xalq
artisti fəxri adına, 2004-cü ildə isə Şöhrət
ordeninə layiq görülüb.
2013-cü ilin iyul ayının 26-da Şəfiqə
xanım bu dünyadan köç etdi. Onunla vida mərasimi Rəşid
Behbudov adına Mahnı teatrında keçirildi, sənətkar
Fəxri Xiyabanda dəfn olundu.
Ramilə
Qurbanlı
Kaspi 2018.- 6-8 oktyabr.- S.14.