Fotoqrafiya əlçatan sənətdir
Mirnaib Həsənoğlu:
“CD və DVD disklərdən, fləşkartlardan fərqli
olaraq, albomlarda saxlanılan fotoların məhv olduğunu
görmüsünüzmü?”
Fotoqraflar tarixi yaradanlardandır. Bu tarixi qorumaq, sahib çıxmaq və o sənəti gələcək nəslə çatdırmaq isə bizim borcumuzdur. Azərbaycan foto tarixini qoruyan və bu gün də fotoqrafları bir araya toplayan, böyük layihələr həyata keçirən, Azərbaycanı beynəlxalq arenada təmsil edən Azərbaycan Fotoqraflar Birliyinin 20 yaşı tamam olur. Biz də Birliyin sədri Mirnaib Həsənoğlu ilə görüşdük. Müsahibimizlə Sovet dövrünün fotoqrafiya sənətindən müasir dövrə qədər davam edən proseslərdən danışdıq.
- 1982-ci ildən
fotoqrafiya sənəti ilə məşğulsunuz. O gündən
bəri bu sənətdə nələr dəyişib?
- O gündən fotoqrafiya sənətində
çox şeylər dəyişib. Sovet dövründə bu
sənətə müəyyən yanaşmalar vardı. XX əsrin
sonunda fotoqrafların həyatının çox hissəsi
qaranlıq otaqda keçirdisə, indi fotoqrafların
günü monitor qarşısında keçir. Əvvəllər
fotoqraf deyəndə, insanlar başqa birinin
bacarmadığını bacara bilən şəxs
düşünürdü. Fotoqraflara sehrbaz kimi
baxırdılar.
- Bəs indi necə
baxırlar?
- Fotoqrafiyanın öz qolları var - məişət,
jurnalist, art, texniki fotoqrafiya. Bunların hamısının
özünün müəyyən çalarları var. Bəzən
elə zənn edirlər ki, fotoqrafiya yalnız məişət
üçün işlənilir və gündəlik toy,
nişan şəkilləri çəkmək
üçün istifadə edilir. Hərdən deyirlər ki,
şəkil çəkməyə nə var ki, düyməni
basırsan və foto hazırdır. Fotoqrafiya tarixin bir
yazı vasitəsidir. Sən istədiyin vaxt onu açıb oxuya,
çap olunmuş fotolara isə istədiyin vaxt baxa bilərsən.
Ancaq müasir dövrün bizə verdiyi vasitələr daimi
və qalıcı deyil. Hansısa informasiya vasitəsi, sayt
bağlananda ordakı yazılar itir, ancaq çap olunmuş
hansısa bir kitab, yaxud da şəkil daima yaşayır. Təəssüf
hissi ilə qeyd edirəm ki, Azərbaycanda fotoqrafiya incəsənətin
bir növü kimi tanınmır.
- Fotoqrafiyanın
incəsənətin çoxşaxəli qollarından biri
olmasına nə mane olur?
- Dünyanın bütün ölkələri
bu problemli dövrdən keçib. Avropada 50-ci illərdə
fotoqrafiyanı incəsənətin bir növü kimi
tanıtmaq üçün böyük təzyiqlərə məruz
qalıblar. Hazırda fotoqrafiya orada incəsənətin bir
qolu hesab edilir. O ki qaldı sualınıza, sadalaya bilərsinizmi,
hansı təhsil mərkəzlərimizdə, dövlət
qurumlarımızda fotoqrafiya şöbəsi var? Çox
arzulayırıq ki, ölkədə fotoqrafiya evi olsun. Foto və
kino sənədləri idarəsi mövcuddur ki, bu da
tomoqrafiyanın təbliği ilə məşğul deyil.
Hansı muzeyin qapısını döyüb, hansısa bir
fotoqrafın yaradıcılıq fotolarını istəsək,
təbii ki, tapa bilməyəcəyik. İncəsənət
Muzeyinin elə fondu varmı ki, sənət əsərləri
olan fotoları saxlayır?
- Noyabrın 20-də Azərbaycan Fotoqraflar
Birliyinin 20 yaşı tamam olur. Yəqin ki, bu birliyin 20 ildə
qət etdiyi yol heç də asan olmayıb.
- Elədir. Azərbaycanda Fotoqrafiya təşkilatının
yaranma tarixi 1998-ci ilə dayanmır. Bundan əvvəl də -
1898-ci ildə Aleksandr Muşon tərəfindən ilk dəfə
olaraq Bakı Fotoqraflar dərnəyi yaradılıb. O vaxt dərnək
ictimai birliklərə deyilirdi və dərnəyin 50 nəfər
üzvü var idi. 1923-cü ildə foto-kino işçilərinin
həmkarlar ittifaqı yaradıldı. Həmkarlar təşkilatı
insanların hüquqlarının qorunması, onların
işlə təmin olunması kimi məsələlərdə
böyük dəstəkçi rolunu oynayırdı. 70-ci ildə
"Xəzər” foto klubu yarandı və ətrafına fotoqraflardan
ibarət bir komanda cəlb etdi. Həmin illərdə bazar
günləri Azərinformun («Azərtac») forumları olurdu,
fotoqraflar yığışırdılar, yaradıcı
mühit var idi. Bu fotoklubun tərkibində azərbaycanlılar
azlıq təşkil edirdi. Bir də 1994-cü ildə bir yerə
toplaşdıq. Onun da ilhamvericisi məşhur kinooperator Rafael
Qəmbərov oldu. İlk toplaşmağımızın nəticəsi
1995-ci ildə Fransanın Nond
kinofestivalı nəzdində
Azərbaycan fotosərginin açılması ilə nəticələndi.
O dövrdə ilk addımı belə atdıq. Həmin illər
fotoqrafiya ilə bağlı kitabları tapmaq olmurdu və
yeganə məlumat mənbəyimiz
"Sovetski Foto Jurnal”-ı idi.
- Sovet foto
jurnalistikasının fərqliliyi nə idi?
- Sovet foto jurnalistikuasının
özünün qaydaları var idi. O qaydalar dünya
fotoqrafiyasına qarışa bilmirdi. Sovet dövründə
heç kimə icazə verilmirdi ki, hansısa problemi
qabartsın. Fotoqrafiya sənəti yaranandan təbliğat
maşınının qolu rolunu oynayıb. Belə ki,
plakatlarda, divarlarda əks olunan rəsmlər insanları
çağırışa səsləyirdi. Kapitalist və
sosialist dövründə də hər kəs fotoqrafiyadan təbliğat
maşını kimi istifadə edib. Foto jurnalistika sənətinin
özünün də qızıl və tənəzzül
dövrü olub ki, qızıl dövrü 20-ci ildən 50-ci
illərə qədər davam edir. Bu dövrlərdə
informasiya yalnız fotolarla verilirdi. İnformasiya
daşımağına görə çap mətbuatının
gücü var idi.
- Bəs tənəzzül
dövrü nə zamandan başladı və buna səbəb
nə oldu?
- Foto jurnalistikanın tənəzzülə
uğramasına səbəb televiziyanın yaranması oldu.
Çünki televiziyanın ötürdüyü operativliyi,
canlılığı foto jurnalistika verə bilmirdi.
Televiziyanın ötürdüyü informasiyada video material
gedir və hər şey real idi. Evdə oturub çay içərək
o xəbərləri izləyə bilirdik. Televiziya gəldikdən
sonra mətbuat öz operativliyini itirdi.
- AFB dəstəyini
kimdən alır?
- Biz dövlət dəstəyi almırıq.
AFB 1998-ci ildən bəri ictimai təşkilatdır. Burada
heç kim bizi məcbur etmir ki, bu işi sən görməlisən.
Bu işdə barmaqla sayılası insanlar axıra qədər
bizə dayaq olublar. Bu işlərlə məşğul olmaq
insanın vaxtını, zamanını alır, kənardan təşkilata
basqılar olduğu üçün çoxu imtina edib gedir.
Əgər sərgi olmalıdırsa, fotoların silinməsi
və zalın süpürülməsinə qədər
bütün əziyyəti biz çəkirik. Bu da
insanların çoxunun xoşuna gəlmir. İctimai təşkilatı
saxlamaq çətin məsələdir. Fanatik adamların
hesabına ayaq üstə qalırıq. Vaxtilə Rafael Qəmbərov
bu təşkilatın məsuliyyətini öz çiyinlərində
daşıyırdı. Bir il Şahin Hüseynov bu məsuliyyəti
öz üzərinə götürdü. Bunun
üçün kimsə öz iş yerini,
emalatxanasını verir, beləcə, fəaliyyətimizi
davam etdirirdik. Daha sonra Asiyat Fətullayev AFB-ni idarə etdi.
Müəyyən müddətdən sonra məsuliyyəti mən
öz çiyinlərimə götürdüm. Fotoqraflar
Birliyini təsis edəndə 4 nəfər idik - Rafael Qəmbərov,
Asim Talıb, mərhum Namiq Məmmədov və mən.
- Niyə ən
sonda siz rəhbər təyin edildiniz?
- Heç zaman təşkilatın sədri
olmağı arzulamamışam. Təşkilat yarananda mənim
sədr olmağımı istədilər. Bildirdim ki,
özümü sədr kimi görə bilmirəm. Daima təşkilatda
sədr müavini olmuşam. Harada olmağımdan
asılı olmayaraq, layihənin altından bu birliyin
imzasını qoyurdum. İstər AFB-də olum, istər
olmayım. Bu təşkilatı yaradanlardan biri də mənəm.
Bu təşkilata sədrlik edəndə mənim də
söykəndiyim insan olub.
- Kim olub o insan?
- Bu, fotoqraf Rauf Umudov olub. Daim AFB-nin
yükünün biri mənim çiynimdə olubsa, digəri
onun çiynində olub.
- 2002-2007-ci illərdə AFB Foto Festivalı
keçirərək böyük marağa səbəb
olmuşdu. Hazırda elə bir layihə gözlənilirmi?
- Hələ ki nəzərdə tutulmayıb.
Çünki maliyyəmiz yoxdur.
- Bu gün hər əlinə fotoaparat alan
özünü fotoqraf elan edir. "İnstagram” səhifələrinə
baxanda, hər kəs "fotoqraf”dır. Bu məsələ sizi
narahat etmirmi?
- Bu normaldır. Təkcə Azərbaycanda
deyil, bütün dünyada hazırda eyni proses gedir. Fotoqrafiya əlçatan sənətdir.
- Bəs siz
özünüz toy fotoqrafiyası ilə məşğul
olmusunuzmu?
- Əgər fotoqrafsansa, çörəyini bu
sənətdən qazanmalısan. Vaxt olub ki, mən vinetka, toy
şəkilləri də çəkmişəm. Ancaq
müasir toy fotoqraflığı mənə yaddır. Bu
günün toylarını çəkən fotoqraflarına
az qalırlar ki, tamadalığı və təşkilatçılığı
da yükləsinlər. Mən başqa dövrdən gəlmiş
biri olduğum üçün bu sahə mənim
üçün maraqsızdır. İnsanlar
istedadlıdır, pul qazanırlar. Burda nə var ki? Biz o vaxt toya gedəndə şəkli
plyonkaya çəkirdik. Orda həmin plyonkanı yuyurduq.
Əgər ağ-qara plyonka iki maddədə yuyulursa, rəngli
plyonka 5 maddədə yuyulur. Onun çapı 5 prosesdən
keçirdi. Saatyarımdan sonra məclisdə camaatın
fotolarını verirdim. Çox ağır iş idi. Hər
dövrün öz üsulu var.
- Əvvəllər böyük albomlar hazırlanır və bəzədilirdi. Belə ki, bizdən əvvəlki nəslin tələbəlik, əsgərlik, məktəb illəri üçün ayrı-ayrı albomları olurdu. Bizim dövrün gəncləri isə fləşkartlar, hard disklərdən istifadə edir.
- Sizin o fləşkartınız nə zamansa
xarab olacaq. Rəqəmsal texnologiya çıxanda kiçik
disklər var idi. İçərisində bir neçə
megabaytlıq şəkil saxlamaq olurdu. Daha sonra CD və DVD
disklər çıxdı. Həmin texnologiyalarla yazılan
materiallar cüzi bir problem yaranan zaman həyatınızın
və yaradıcılığınızın üzərindən
xətt çəkir. Ancaq o
albomların məhv olduğunu görmüsünüzmü?
Vaxt var idi, həmin dövrün gəncləri albomlarda
özünü ifadə edirdilər. İndi "Facebook”
insanların özünüifadə vasitəsidirsə, o
zamanlar da albomlar insanların özlərinin ifadə vasitəsi
idi. Hərbi xidmətdə əsgərlər albomlar düzəldirdilər
ki, təkcə albomun düzəldilməsinə əziyyət
çəkib pul xərcləyirdilər. Fotoların ətrafı
bəzədilir, altına sözlər, arxasında xatirələr
yazılırdı.
- Mirnaib bəy,
bu gün foto klublar varmı və onlar sizə hansı şəkildə
bağlıdırlar?
- Fotoqrafiyanın inkişafına dəstək
verən təşkilat yaranır. Bunlara "Art faktor”,
"Gilavar” foto klublarını misal göstərə bilərəm.
Bu çox sevindirici haldır. Həmin təşkilatlar
fotoqrafları bir yerə cəm edir və burda
yaradıcılıq prosesləri gedir. Bəziləri
düşünür ki, biz bu təşkilatların yaranmasına qısqanclıq edirik.
Ancaq məsələ belə deyil. Biz buna ancaq sevinə bilərik.
Mən bunu alqışlayıram. Bu o deməkdir ki, Azərbaycanda
foto sözünü deyən "ağ qarğa” mən deyiləm,
məndən başqaları da var.
- Sosial şəbəkələrin
çoxluğu fotosərgilərə olan marağı
azaldıb?
- Azərbaycanda hazırda fotosərgi təşkil
edəndə gələn olmur. On min fotoqrafdan sərgiyə
heç yüz nəfər gəlmir.
- Bəlkə PR
düzgün şəkildə qurulmur?
- Əgər sən fotoqrafsansa və eşidirsən
ki bir fotosərgi olacaq, niyə getmirsən? Bəlkə
görəcəksən ki, səndən gözəl çəkib,
bəlkə oradan nəsə öyrənəcəksən?
Bu, qlobal problemdir. Sərgi salonlarında keçirilən sərgilərə
insanlar gəlmir. Hər zaman sərgi salonlarını
açıq məkanda keçirməyin vacibliyini
vurğulayıram. Uzun müddətdir ki, deyir və təşkilatlara
da müraciət edirəm ki, açıq məkanlarda sərgi
təşkil edək. İçərişəhərdə
Polşa foto-festival keçirdik. Çox arzulayırdıq ki,
metroda sərgi olsun. Artıq bunlar da həyata keçməyə
başlayır. Gün ərzində metrodan minlərlə
insan istifadə edirlər, elə insanlar ki, onlar ömrü boyu
bir dəfə əsil fotoya yaxınlaşıb baxmayıblar.
Əgər o sərnişin səhər işə gedəndə
heç olmasa 3 fotoya baxacaqsa, bu onun qazancıdır. Bu
yaxınlarda Dənizkənarı Bulvarda oranın köhnə
şəkillərindən ibarət fotosərgi
açıldı. İnsanlar bulvarı gəzəndə
fotolara da baxdılar. Dünyanın bir çox hava
limanlarında fotosərgilər təşkil edilir. Hər kəs
hava limanında alış-veriş etmək istəmir ki.
Zamanını keçirmək üçün nə iləsə
məşğul olmalıdır. Mən bir çox hava
limanlarında 3-4 saat sərgiyə baxmışam. Bunun verdiyi
zövq tamamilə başqadır. Monitorda
baxdığımız foto, çap olunub divara vurulandan
tamamilə fərqlidir. Niyə evlərə rəsm əsərləri,
fotolar asırlar? Gələn insan divardakı rəsmə
baxır və zövq alır. Bunlar səni nəsə
düşündürməyə vadar edir. İnsanlar
planşetlərdə, monitorlarda yaşayır. İndi insanlar
sərgiyə getməli deyil, sərgilər insanın
ayağına gəlməlidir. Dövr bunu tələb edir.
- Sosial şəbəkələrdə
italyan fotoqrafın afrikalı uşağın quzğun tərəfindən
yeyilməsi və fotoqrafın heç bir müdaxilə etməməsi
və bunun da uşağın ölümü ilə nəticələnməsi
ilə bağlı hekayə paylaşılır. Fotoqraflarla
bağlı bu tip hekayələr çoxluq təşkil edir
və bu şəkillər müsabiqələrdə qalib
olur. Belə bir situasiya ilə rastlaşsaydınız, siz nə
edərdiniz?
- Bu sual artıq şablonlaşıb.
Bütün dünyada müzakirə mövzusuna çevrilir
ki, belə bir anda kömək edərdinmi, yoxsa sənət
xatirinə o uşaqların ölümünə göz
yumardın? Əslində italyan fotoqrafa foto çəkiləndən
sonra böyük basqı olub. Belə ki, o uşağın
öldüyü yerdən 5 km aralıda uşaqlar
üçün düşərgə var imiş, onu həmin
düşərgəyə verib xilas edə bilərmiş. Həmin
hadisədən sonra fotoqraf özünə qəsd edib.
Əslində fotojurnalistlər daha çox can xilas edir.
Çox uzağa getməyək, fotoqraf Elnur Babayevin
qaçqın şəhərciyində yaşayan uşaqlara
etdiyi köməkliklərin şahidi olmuşam.
Xəyalə Rəis
Kaspi 2016.- 6-8 oktyabr.- S.8.