Nəciblik nümunəsi
Görkəmli
şərqşünas alim Aida İmanquliyeva haqqında onu
yaxından tanıyanlar, iş
yoldaşları həmişə böyük məhəbbət,
dərin hörmət və yoxluğundan kədər hissi ilə
danışırlar. "Aida İmanquliyeva bir
mütəfəkkir alim kimi düşüncə sistemi və
təfəkkür tərzi ilə Qərbin və Şərqin
mərkəzində yerləşən bir Azərbaycan
modelidir. Onun həyat və
yaradıcılığı milli ziyalı qadınlar içərisində
bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri
ilə seçilirdi”- deyə həmkarları bildirirlər.
Dünya şərqşünaslığı
tarixində xüsusi yeri olan Aida İmanquliyevanı
çağdaş ərəb ədəbiyyatının tədqiqində
yeni bir səhifə, yeni bir yol açan alim kimi dəyərləndirirlər.
Onun haqqında cild-cild
kitablar yazılıb, xatirəsinə sanballı verilişlər
həsr olunub. Müasirlərinin, onunla
ünsiyyətdə olanların haqqında söylədiklərindən
gözümüzün önündə Azərbaycan
qadınlarına xas olan ən nəcib keyfiyyətləri təcəssüm
etdirən bir qadın obrazı canlanır. Azərbaycanda ərəb ədəbiyyatı üzrə
ilk elmlər doktoru və ilk professor qadın olan Aida
İmanquliyevanın doğum günündə vaxtilə onunla
birgə çalışan həmkarları və ərəbşünaslıq
elmində açdığı yola böyük maraq göstərən
tədqiqatçılarla söhbətləşdik.
Ərəb ədəbiyyatının
öyrənilməsində yeni səhifə
Aida
İmanquliyevanın Şərqşünaslıq
İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb
filologiyası şöbəsinin hazırkı müdiri
professor Vilayət Cəfərov Aida xanımla bərabər
işlədiyini söyləyir: "Ərəb filologiyası
şöbəsi Aida xanımın rəhbərliyi altında
1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə
çox böyük uğurlar qazanıb. Aida
İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini
özündə birləşdirib. O, müasir ərəb
ədəbiyyatının öyrənilməsində yeni səhifə
açıb”. V.Cəfərov deyir ki, Ərəb
filologiyası şöbəsi Aida xanımın xatirəsini
yad etmək üçün son illərdə də bir
çox əsərlər çap etdirib. Həmin əsərlərdən
bəziləri sırf şərqşünas alimin
parlaq xatirəsinə həsr edilib: "Azərbaycan şərqşünaslığında
yeni dövrün ərəb ədəbiyyatı
araşdırıcısı və ərəb dili üzrə
ilk elmlər doktoru olan Ŕida őŕnım
İmanquliyeva müasir ərəb ədəbiyyatının
öyrənilməsində yeni səhifə açaraq məktəbin
əsasını qoydu. Onun fundamental tədqiqatları
Azərbaycan və dünya şərqşünaslığını
zənginləşdirib. İlk qadın
şərqşünasın tədqiqat işləri və tərcümələri
Azərbaycan ədəbiyyatının sərvətidir. AMEA Şərqşünaslıq İnstitutunun
direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin
inkişaf etdirilməsi üçün çox böyük
işlər görüb. Aida xanım
aramızda olmasa da, onun təsis və rəhbərlik etdiyi
Ərəb filologiyası şöbəsi, o cümlədən
Şərqşünaslıq İnstitutunun əməkdaşları
bu müddət ərzində onu heç zaman unutmayıb, onun
xatirəsini həmişə yad edirlər”.
Missiyasını ləyaqətlə
yerinə yetirdi
Aida
İmanquliyevanın bir insan kimi ürəyində silinməz
iz qoyduğunu deyən AMEA Şərqşünaslıq
İnstitutunun Ərəb filologiyası şöbəsinin
aparıcı elmi işçisi Laura Orucova belə
insanların nadir hallarda doğulduğunu söyləyir:
"Onu Tanrı yaratmışdı, sanki vaxtsız da öz
yanına apardı. Ancaq Aida xanım bu qısa
vaxtda öz missiyasını ləyaqətlə yerinə
yetirdi. O, özü də çox yaşamaq istəmirdi.
"Mən istəyirəm insanların
yaddaşında həmişə cavan və gözəl
qalım, istəmirəm ki, məni qoca görsünlər” -
deyirdi. O, qocalmaq istəmirdi. Biz ona bu fikri
ilə bağlı etiraz edəndə də yenə eyni
sözləri deyirdi. Bəlkə də buna görə
57 yaşında dünyadan köçdü...” L.Orucova
özünə yaxın rəfiqə hesab etdiyi Aida
İmanquliyeva ilə ilk tanışlığını
xatırlayır: "Aida xanım universitetin Şərqşünaslıq
fakültəsinin Ərəb şöbəsində məndən
yuxarı kursda oxuyurdu. O, beşinci kursda oxuyanda mən birinci
kursa daxil olmuşdum. Mən onun gözəlliyinə
heyran olmuşdum. Bir dəfə bufetdə
onu gördüm və gözəlliyinə tamaşa edə-edə
qaldım. O, Azərbaycanın ən gözəl
xanımlarından idi. Mən Azərbaycan
xanımlarını necə təsəvvür edirdimsə, bu
gözəlliyi onda gördüm: boy-buxun, incəlik, mədəniyyət.
O, qadına aid bütün gözəl xüsusiyyətləri
özündə təcəssüm etdirirdi. Mən onunla tanış olmağı çox istəyirdim.
Ancaq ona yaxınlaşmağa utanırdım.
Tale elə gətirdi ki, mən aspirant kimi Şərqşünaslıq
İnstitutuna gələndə Aida xanım da Moskvada
aspiranturanı bitirib qayıtmışdı. Yenidən onunla burada qarşılaşdım. Ona yaxınlaşdım, salamlaşdım. Aida xanım sanki məni illərlə bundan əvvəl
tanıyırmış kimi görüşdü. O,
heç kəsdən küsülü qalmazdı. Həddən artıq ziyalı idi. Çünki əsl ziyalı ailəsində
böyümüşdü. Mən sonradan onun valideynləri
ilə də tanış oldum. Onu yaxından tanıdıqca müdrikliyinə heyran
olurdum. Aida xanım gənc olmasına
baxmayaraq, çox müdrik idi. Ona görə
də çox xüsusiyyətləri ondan
götürürdüm. Mən bir az
ərköyün böyümüşdüm. Onu
tanıyandan sonra davranışıma diqqət yetirməyə
başladım. Mən ona oxşamaq istəyirdim”.
L.Orucova
xatırlayır ki, Aida İmanquliyeva Şərqşünaslıq
İnstitutunun direktoru seçiləndən sonra da
işçilərə qarşı alicənablığı
ilə seçilib: "O, hamı ilə çox yaxın
münasibət qurmağı bacarırdı. Heç
kəsə səsini qaldırmaz, kimləsə kobud
danışmağa özünə icazə verməzdi. Onun özünəxas xüsusiyyətlərinə
vurulmamaq mümkün deyildi. Bəzən
kiməsə əsəbiləşəndə belə, həmin
adama fikirlərini çox sakit və mədəni tərzdə
çatdırırdı. Aida xanım hər
kəslə öz səviyyəsində
danışmağı bacarırdı. O, heç kəsi
alçaltmırdı, onun mədəniyyəti hamı
üçün nümunə idi”. L.Orucova həmkarının
şərqşünaslıq elminə böyük töhfələr
verdiyini deyir: "Aida xanım ərəb məhcər
adlı bir cərəyan yaratdı. O, bu sahədə
böyük araşdırmalar apardı, diqqəti bu cərəyana
yönəltdi. Ondan sonra çoxlu aspirant və
dissertantlar bu mövzu ilə işlədi. Həmçinin ona qədər ərəb alimləri
də bu istiqamətdə məşğul
olmamışdılar. Bu, onlar
üçün də yenilik idi. Ona
görə də Aida xanım bu gün ərəb məhcər
ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli,
ən sanballı tədqiqatçısı kimi
tanınır. Bunu nəinki Azərbaycan və
əski sovet ərəbşünasları, hətta Avropa
şərqşünasları, ərəblərin özləri
belə, etiraf edirlər.
Aida xanım çox şeylə maraqlanırdı. Sovet
İttifaqı dağılandan sonra Aida xanım dini məsələlərə
də yaxınlaşmışdı. O, Quranın tərcüməsi
ilə məşğul olurdu. Bəzi surələri
şərh edirdi, məqalələri dini jurnallarda tez-tez
çap olunurdu”. Aida İmanquliyeva
dünyadan köçəndən sonra yaxınları,
doğmaları ilə bərabər, həmkarları da onun
itkisindən doğan acını yaşayıblar. "Mən
onun simasında sanki böyük bacımı, məsləhətçimi
və yaxın rəfiqəmi itirdim”- deyir Laura xanım:
"Ondan sonra düz bir il özümə gələ bilmədim.
Hər səhər yuxudan qalxanda «Aida yoxdur» deyə
inanmırdım. Bu, mənimçün
böyük itki idi. Çünki o, sevilməli
insan idi, ona hamı hörmət bəsləyirdi, O, bu hörməti
öz davranışı, yüksək insanlıq xüsusiyyətləri
ilə qazanmışdı».
"Aida
İmanquliyevanın gərgin zəhmət, zəngin fakt və
ərəbcə mötəbər mənbələrə
söykənməklə yazdığı məqalələri oxuyanda
araşdırıcının nə qədər yüksək
erudisiyaya, hadisə və əhvalatlara nə qədər həssaslıqla
yanaşma səriştəsinə, cümlələrinin səlis,
su kimi axarlı olmasına heyran qalmayan olmaz”- deyən AMEA
Şərqşünaslıq İnstitutunun Nəşriyyat və elmi informasiya
təminatı şöbəsinin müdiri, filologiya üzrə
fəlsəfə doktoru, dosent Ruhəngiz
Cümşüdlü bütün bunların Aida
xanımın Azərbaycan və rus dillərini və ədəbiyyatşünaslığın
nəzəri məsələlərini, ərəb dilinin incəliklərini
kamil bilən bir mütəxəssis olmasından
qaynaqlandığını bildirir: "Aida xanımın əsas
yaradıcılığı ərəb məhcər ədəbiyyatının
üç məşhur nümayəndəsinin (Mixail Nuaymə,
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani) həyat yolu
və ədəbi-bədii irsləri ilə bağlı olub. Yazdığı bu məqalələrdə Aida
xanımın ərəb məhcər ədəbiyyatının
Şimali Amerikada yaranmış qoluna məxsus fikirləri
öz əksini tapıb”. R.Cümşüdlünün
sözlərinə görə, həmin ərəfədə
ərəb məhcər ədəbiyyatının Cənubi
Amerikada yaranmış digər bir qolu da mövcud olub ki,
keçmiş sovet ərəbşünaslığında bu
qolun araşdırılması, ümumiyyətlə, diqqətdən
kənarda qalıb. Bu sahədə də Aida xanım
öz müasirlərini qabaqlayıb: "Məhz buna görə
də Aida xanımın "Cənubi Amerikaya mühacirət
etmiş ərəb ədib və şairlərinin fəaliyyəti
haqqında” adlı məqaləsini ərəb məhcər ədəbiyyatının
Braziliyada yaranmış qolunun tədqiqində ilk qaranquş
hesab etmək olar”.
R.Cümşüdlü qeyd edir ki, Aida xanıma qədər
nəinki ərəb məhcər ədəbiyyatı, habelə
Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq
olunmamışdı. U.Bleyk, R.Emerson, U.Uitmen kimi görkəmli şairlərin
həm bədii yaradıcılıq metodları, həm də
ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə
olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim
olunub: "Lakin onun rolu bu ədəbi proseslər haqqında
heç də sadəcə informasiya verməkdən ibarət
deyildi. Aida xanım Qərb ədəbiyyatı
tarixçisi də deyildi. Lakin onun tədqiqatı
empirik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual
dərinliklərə endiyindən, burada ədəbi-bədii
məsələlər fəlsəfi məzmun kəsb edirdi
ki, nəticədə Şərqdə və Qərbdə gedən
ədəbi proseslərin ümumi tendensiyaları
tapılıb üzə çıxarılırdı. Onun baxış spektri o dərəcədə zəngin
idi ki, təkcə ərəb ədəbiyyatı ilə məhdudlaşa
bilməzdi. Buraya istər-istəməz
müxtəlif coğrafi məkanlara aid olsalar da, eyni
ideyanın və eyni xətti-hərəkətin nümayəndələri
və bayraqdarları olan fərqli şəxsiyyətlər
daxil edilməli idi. Məhz buna görə
də Aida xanımın baxış bucağında ərəb
ədəbiyyatı ilə bərabər, Amerika, Avropa və
rus ədəbiyyatını da görmək
mümkündür”.
Aida
xanımın öz qısa ömrünün
yarısını Azərbaycan elminin inkişafına, Azərbaycan
şərqşünaslığının təşkilinə
həsr etdiyini deyən R.Cümşüdlü: "Bu alimi
tanıyanlar, onun tələbələri Aida xanımı dərin
biliyinə, mənəvi zənginliyinə görə sevirdilər.
Tələbələri onun davranışına və rəftarına,
mühazirələrinə heyran idi”, - deyə qeyd edir:
"Onun hər bir hərəkətində nəciblik duyulurdu.
Ulu Tanrı ondan heç nəyi əsirgəməmişdi:
gözəllik, ağıl, nəcabət. Aida
xanım İmanquliyevanı səciyyələndirən əsas
cizgilər, insani keyfiyyətlər özünə
qarşı tələbkarlıq, ailəsinə tükənməz
sevgi hissi idi”.
R.Cümşüdlü
2010-cu ildə "Füzulinin ərəbcə poetik irsi”
adlı tədqiqat işi ilə Aida
İmanquliyevanın xatirəsinə həsr olunmuş
"Ərəb filologiyası sahəsində gənc alimlərin
ən yaxşı elmi-tədqiqat əsəri” müsabiqəsinin
qalibi olub. Alim Aida İmanquliyevanın xatirəsinə minnətdarlığını
bu kəlmələrlə dilə gətirib: "Ruhunuz
şad olsun, Aida xanım! Siz bizə zəngin elmi irs və işıqlı yol bəxş
etmisiniz. Biz gənc alimlər sizin elmi tövsiyələrinizə
əməl edir, o işıqlı yolda irəliyə doğru
addımlayırıq”.
10 oktyabr Aida
İmanquliyevanın dünyaya göz açdığı
gündür. Bu işıqlı insanın gələcək
nəsillər üçün yadigar qoyduğu elmi əsərləri,
həmkarlarının, əzizlərinin, onu tanıyanların
yaddaşında unudulmaz xatirələri hörmətlə
anlılır...
Təranə Məhərrəmova
Kaspi.- 2018.- 10 oktyabr.- S. 7.