“Teymurilər Muzeyi” və ya tarixə pəncərə
Tədqiqatçılar Özbəkistandakı
tarixi tikililərin naxış və bəzəklərinin təravətini
itirməməsinin sirrini hələ də çözə
bilməyiblər
Daşkənd muzeylər şəhəridir. Bu muzeyləri
ziyarət etmədən ölkənin keçdiyi uzun tarixi
yol, zəngin mədəniyyəti və incəsənəti
haqqında məlumat əldə etmək çətindir.
"Özbəkistan tarixi muzeyi”, "Repressiya qurbanları
muzeyi”, "Sənət muzeyi”, "Təbiət muzeyi”,
"İncəsənət muzeyi”, "Dəmiryolu muzeyi”,
"Geologiya muzeyi”, "Astronomiya muzeyi” və s. memarlıq
üslubu və eksponatlarının zənginliyi ilə fərqlənən
muzeylərə səfər edən, həmçinin incəsənəti
qiymətləndirən turistlər vaxtın nə zaman gəlib
keçdiyindən xəbər tutmurlar. Bu
baxımdan Daşkənd Mərkəzi Asiyanın ən
maraqlı yeri hesab olunur.
Ümumilikdə isə özündə
27 dövləti birləşdirən güclü, mərkəzləşmiş
imperiyanın yaradıcısı Əmir Teymurun hakimiyyəti
illərində bütün ölkə üzrə tikilən
Ak-Saray sarayı, Qur Əmir mavzoleyi, Bibi-xanım məscidi,
Xoca Əhməd Yasəvi mavzoleyi, Şahzində mavzoleyi və
s. unikal arxitektura tikililəri sırasında muzeylər də
mühüm yer tutur. Düzdür, Daşkənd muzeylərinin
tarixi 1966-cı il zəlzələsindən
sonrakı illəri əhatə edir, amma eksponatlarının
tarixi çox-çox qədim və nadirdir.
Orta, Cənubi və Qərbi
Asiyanın, həmçinin Qafqazın və Rusiyanın
tarixində mühüm rol oynayan Teymurilər
imperiyasının yaradıcısı Əmir Teymuru Özbəkistanda
milli qəhrəman kimi dəyərləndirilər. Odur ki, ölkənin təkcə tarixinə deyil, bu
gününə də aid olan bütün nəsnələrdə
görkəmli sərkərdənin adı yer alıb. Bu
gün təkcə özbəklər deyil, həmçinin
dünyanın tədqiqatçı alimləri də
"Əmir Teymur", "Teymurləng", "Sultan
Teymur", "Topal Teymur" adı ilə tarixdə qalan sərkərdə
haqqında indi də bilmədiklərimiz çox şeylər
var” - deyirlər.
Tarixin güzgüsü
"Dövlət Tarixi Teymurilər Muzeyi” isə muzeylər
sırasında mühüm yer tutur. Böyük sərkərdənin
adını daşıyan küçədə yerləşən
muzey tarixin güzgüsü, Özbəkistan sakinləri
üçün tarixə pəncərə hesab olunur. "Teymurilər Muzeyi” Daşkəndin düz mərkəzində
yerləşir.
Şərq arxitekturası ənənəsinə
uyğun olaraq tikilən muzeyin gümbəz formasında olan
tavanı qızılı işləmələrlə bəzədilib. Göy rəngi sevən
böyük sərkərdənin "Mən göylərin rəngini
öz ölkəmə gətirmək istəyirəm” sözləri
nəinki təkcə paytaxtın memarlıq üslubunda, həmçinin
ölkənin ayrı-ayrı tarixi şəhərlərində
yer alan arxitekturada əksini tapıb. "Teymurilər Muzeyi”nin həm xarici fasadı, həm
də daxili interyerini əsasən göy rəng təşkil
edir.
Orta Asiyanın tarixinə,
Əmir Teymurun və Teymurilərin hakimiyyəti dövrünə
həsr olunan muzey Özbəkistanın nadir elmi obyektləri
siyahısındadır. Muzey 1996-cı ildə
Əmir Teymurun anadan olmasının 660 illiyi münasibəti
ilə ölkənin mərhum prezidenti İslam Kərimovun təşəbbüsü
ilə açılıb. 2006-cı ildə
muzeyin 10 illiyinə həsr olunan «Teymurilər Dövlət
Tarixi Muzeyinin 10 ili» adlı ekspozisiya açılıb. 2007-2011-ci illərdə isə «Özbəkistanda və
xaricdə Teymurilər epoxası abidələrinin öyrənilməsi»
adlı fundamental tədqiqat layihələri həyata
keçirilib. Əmir Teymurun və Teymurilərin
hakimiyyəti dövrünə aid olan materiallar,
görüşlərin şəkilləri və əlyazmalar
araşdırılıb və bəzisi yazışmalardan
sonra muzeyə gətirilib.
Muzeyin binası klassik
şərq üslubundadır. Üç
mərtəbədən ibarət olan bina bütünlüklə
Teymurilərin tarixinə həsr olunub. Muzeyin
interyeri mərmər sütunlar, divar naxışları,
şərq miniatürləri, 20 kiloqramdan çox işlənən
qızıl zərvərəqlərlə bəzədilib.
Divarları özündə Əmir Teymurun həyatını
və ölkənin qədim tarixindən tutmuş,
müasirliyinə qədər əks etdirən
naxışlarla bəzədilib. Divar rəsmlərinin
üzərində 4 rəssam işləyib və hər
gün görülən işlər barədə ölkənin
o zamankı prezidenti İslam Kərimova məlumat verilib.
Muzeyin
girişindəki 2 ton 700 kq ağırlığı, 106
şamdanı, 8,5 metr hündürlüyü olan büllur
çilçıraq da öz unikallığı ilə diqqət
çəkir. Muzeyin eksponatları «Özbəkistan əlyazmalarının
mədəniyyət və tarixi», «Xaricdə irsimiz», «Əmir
Teymurun həyatından epizodlar», «Əmir Teymur və Teymurilər
- rəssamların gözü ilə», «Əmir Teymur və
Teymurilər epoxası alim və yazıçıların
gözü ilə» tematikasına uyğun sərgilənib.
Muzey eksponatları Teymurilərin 488 il davam edən hakimiyyətini əks etdirmə
baxımından qiymətli mənbələrdir. Divarda hakimiyyəti idarə edən Teymurilərin ad
və soyadları, həmçinin "Əmir Teymur
dövrünün xəritəsi” də yer alıb.
Muzeydə
Əmir Teymur və Teymurilər hakimiyyətinin epoxasına həsr
olunan 5 mindən çox eksponat saxlanılır ki, bunların
sırasına əlyazmalar, Əmir Teymur və Teymurilər
epoxasına aid arxeoloji, etnoqrafik, numizmatik materiallar daxildir.
Ekspozisiyalarda üzərində böyük sərkərdənin
gerbi həkk olunan gümüş və qızıl pullar,
keramik və qızıl əşyalar, silahlar, o dövr
döyüşçülərinin hərbi geyimləri,
musiqi alətləri, əmirlərin xələtləri, Mirzə
Uluqbəyin astronomik alətləri və Teymurilər
epoxasına aid digər dəyərli əşyalar
nümayiş olunur. Teymurilər epoxasına aid
naxışlar və rənglər, üzərindən 600 ildən
çox vaxt keçməsinə baxmayaraq özünün əvvəlki
görkəmini qoruyub saxlayıb.
Muzeyin eksponatları
böyük tarixi əhəmiyyətə malikdir və
sübut edir ki, Əmir Teymur təkcə dövlət xadimi
olmayıb, həmçinin elm, incəsənət, mədəniyyət,
sənətkarlıq, mənəviyyatın himayədarı
olub. Məhz onun dövründə ölkənin
sənətkarlığı, mədəniyyət və incəsənəti
inkişaf edib. Teymur özündən sonra
çoxlu sayda əzəmətli memarlıq tikililəri
saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin
xəzinələrinə daxildir. Teymurun
tikililəri onun bədii zövqünü nümayiş
etdirib. Onların yaradılmasında
Teymurun şəxsən özünün fəal iştirakı
olub.
Muzey fondunun direktoru Nərgiz
Holovanın sözlərinə görə, muzey hər gün
arxeoloji tapıntılarla zənginləşir.
Ekspozisiyaların əsas ideyası Əmir Teymur və
Teymurilər epoxasının ruhunun
böyüklüyünü ziyarətçilərə
çatdırmaqdır. Bələdçi deyir ki, Teymurilər
dövründə təkcə bədii sənətkarlıq
inkişaf etməyib, həmçinin kitab işi, kalliqrafiya,
miniatür incəsənəti məktəbi,
xalçaçılıq sənəti ən yüksək
inkişaf həddinə çatıb. Müxtəlif
ölkələrdə yığılan kitablardan ibarət zəngin
kitabxana da Əmir Teymurun ədəbiyyata olan sevgisinin göstəricisidir.
Muzeydə Ak-Saray
sarayının, Bibixanım muzeyinin, Səmərqənd və
Buxara şəhərlərinin də maketi nümayiş
olunur. 24 ilə tikilən və Əmir
Teymurun yay iqamətgahı sayılan Ak-Sarayın möhtəşəm
görüntüsü ziyarətçiləri ayaq
saxlamağa məcbur edir. 70 metr
hündürlüyü olan saraydan bu günə 36 metr
hündürlükdə tikili qorunub saxlanıb. Muzeydə Teymurilər dövlətinin gücünə
şahidlik edən digər arxitektura abidələri də
nümayiş olunur. Muzeyin birinci mərtəbəsində
qorunan əsas eksponatlardan biri Quranın surətidir.
Muzeyi Nizaməddin
Şaminin «Zəfərnamə», Əlişir Nəvainin «Xəmsə»sinin
miniatürlərindən ibarət nümunələrin surətləri
bəzəyir. Eksponatlar sırasında, həmçinin
Buxara, Səmərqənd, Heratdan gətirilən qızıl
və gümüş sikkələr, əl işləri,
keramik qablar və s. nadir əşyaları görmək
mümkündür.
Bir milyondan çox turist
"Teymurilər Muzeyi”ni hər gün turistlər,
qonaqlar, tələbələr, məktəblilər, ölkənin
bütün bölgələrindən gələn insanlar
ziyarət edir.
Gün ərzində muzeyə 200-400, il ərzində
bir milyondan çox insan gəlir. O cümlədən, muzeyin
ziyarətçiləri arasında dövlət
başçıları, parlament nümayəndələri,
beynəlxalq təşkilatların təmsilçiləri, elm
və mədəniyyət xadimləri var.
Muzeyin otaqlarından
biri qonaqların hədiyyələrindən ibarətdir.
Muzeyin eksponatları Fransada, ABŞ-da, Almaniyada,
Avstriyada nümayiş olunub. Muzey Özbəkistanın
elmi mərkəzi kimi çıxış edir. Onun nəzdində təşkil olunan müxtəlif
elmi qruplar ayrı-ayrı kitabların nəşri ilə məşğul
olurlar. Məsələn, «Əmir Teymur dünya tarixində»,
«Hivə – minlərlə günbəzlər şəhəri»,
«Buxara – Şərq mirvarisi», «Şahrisabz – min illiyinin irsi» və
s. nəşrlər bu sıradandır.
İspan səfiri Ruy Gonzaler Klavixo səyahətnaməsində
Əmir Teymurun hakimiyyət illərini araşdıraraq
maraqlı məqamları üzə çıxarıb. Səfirin
"Səmərqəndə Əmir Teymur sorağıyla səyahət”
kitabının surətinə də muzeydə rast gəlmək
mümkündür.
Bələdçinin dediyinə
görə, dünyanın ayrı-ayrı ölkələrinin
tədqiqatçıları Özbəkistandakı muzey,
mavzoley, mədrəsə, məscid və s. tikililərin
divarlarını, fasadlarını və günbəzlərini
bəzəyən naxış və bəzəklərin, rənglərin
əsrlərdən bəri görkəmini itirməməsinin
sirrini hələ də çözə bilməyiblər.
Fakt odur ki, ölkə boyu sıralanan tikililər hər il daha çox ziyarətçi cəlb etməklə
ölkəni turizm üçün açıq qapıya
çevirir.
Təranə Məhərrəmova,
Daşkənd
Kaspi.- 2018.- 10
oktyabr.- S. 9.