“Bu gün
tamaşaçının ardınca qaçmağa məcburuq”
Xəzər Gəncəli
: “Mingəçevir teatrı intibah dövrünü
yaşayır”
Uzun illərdən bəri ailəmizin çox
yaxın dostu olan şair, dramaturq Novruz Gəncəlini
yaxşı xatırlayıram. O Novruz Gəncəli ki, taleyin
qismətindənmi, ya da elə özünün tale
yükündənmi, ömrünün çox hissəsini Gəncədə
keçirib. Bu illər ərzində hər dəfə ailəmizin
qonağı olaraq mərhum atam, respublikanın xalq artisti Məhəmməd
Burcəliyevlə birgə teatr sənəti ilə
bağlı maraqlı söhbətlərinin şahidi olurdum.
Sonradan rejissor Hilal Həsənovun Gəncə Dövlət
Dram Teatrının səhnəsində, onun qələmə
aldığı "Səadət yağış deyil”
pyesinin hazırlanması ilə səhnə təcəssümünü
böyük maraqla izlədim. Qismətimə nəsib oldu ki, mən
də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində təhsil almalı
oldum. Universitet illərində isə qarşıma yeni bir imza
çıxdı - Xəzər Gəncəli. Araşdırmalarım
nəticəsində bildim ki, Xəzər Gəncəli
şair, dramaturq Novruz Gəncəlinin oğludur. Bir necə dəfə
onunla bu illər ərzində görüşmək cəhdlərim
boşa çıxdı. Sonralar isə eşitdim ki, Xəzər
Gəncəli artıq respublikamızdan kənarda -
İstanbulun Mərmərə Universitetində teatr aktyoru və
rejissorluğu ixtisası üzrə dərs deyir. Beləcə,
bu görüş bizim üçün on iki illik bir fasilədən
sonra telekanalların birində çəkiliş zamanı
reallaşdı. Çəkiliş pavilyonunda qarşımda
dayanan şəxsin Xəzər Gəncəli olduğunu
bildikdə, sevincimin həddi-hüdudu yox idi. Çünki bu
görüşü illərdir ki, gözləyirdim. Elə
burada da xəbər tutdum ki, o, artıq vətənə
dönüb və Mədəniyyət Nazirliyinin göndərişi
ilə Mingəçevir Dövlət Dram Teatrına baş
rejissor təyin olunub. Bu təyinatdan sonra dəfələrlə
Mingəçevir Dövlət Dram Teatrının
qonağı olub, Xəzər Gəncəlinin
hazırladığı tamaşalara böyük maraqla
baxdım. Beləliklə, həmsöhbətimiz Mingəçevir
Dövlət Dram Teatrının baş rejissoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Xəzər Gəncəlidir.
- Uzun illərdir rejissor kimi fəaliyyət
göstərirsiniz. Bu illər ərzində bir rejissor olaraq, Xəzər
Gəncəli özünü tapa bildimi?
- Bu sənət
elədir ki, istər-istəməz ömrünün
axırına kimi axtarışda olursan. Bu axtarış
sonsuzluğa gedir, tamamlanması mümkün deyil. Ona görə
də, "özünü tapmaq” söhbəti çətin
məsələdir. Əgər sənət yolundasansa,
axtarışdasansa özünü tapa bilməzsən.
Axtarırsan, maneələrə, çətinliklərə
rast gəlirsən, daş-kəsəkli yollar keçirsən,
yaxşı işin də olur, bərbad işin də. Bir
çox tamaşalara quruluş vermişəm. Ancaq bu o demək
deyil ki, hamısı yüksək səviyyədə qurulan
tamaşalardır. Əlbəttə, bu tamaşaların hər
birində axtarışda olmuşam. Ancaq hələ də
özümü tapmamışam. Mənə belə gəlir
ki, bu sözü heç kəs deyə bilməz. Bu
baxımdan, axtarışdayam və ömrümün sonunadək
də yəqin ki, axtarışda olacağam.
- Bu gün dövrümüz
texnika, internet əsridir. Canlı olan teatr bu günün tələbləri
qarşısında acizdir. Bunlara rəğmən,
tamaşaçı duyumunu özündə saxlamaqla,
teatrlarımız repertuar siyasətini necə təşkil etməlidir?
- Bu bir
reallıqdır və bilirsiniz ki, tamaşaçını
heç cürə teatra qaytara bilmirik. Sözsüz, otuz il
bundan qabaqkı tamaşaçı axını yoxdur. Bunun da
səbəbini hamımız çox yaxşı bilirik. Təəssüf
ki, bu gün televiziyalarda bayağı, yüngül formada
tamaşalar göstərilir. Tamaşaçı tələbatı,
nədənsə, bu səpgili verilişlərədir. Ancaq
vaxt və dövr olub ki, teatrlarımıza axın olub. Təbii
ki, burada həm də televiziyaların böyük rolu var.
Çünki evimdə artıq 300-400 kanala baxmaq imkanım var
və teatr mənim evimə gəlib. Bütün bunların
çox böyük təsiri var. Bu gün
tamaşaçının ardınca qaçmağa məcburuq.
Müxtəlif yollarla tamaşaçını
teatrlarımız üçün bərpa etməliyik.
Dövr və zaman, tələbat dəyişib. Məgər
bu gün bizim pis tamaşalarımız var? Çox gözəl
tamaşalarımız var. Bütün teatrlarımızda
rejissorlarımız böyük maraqla yeni quruluşlar verirlər.
Azərpaşa Nemətov, Bəhram Osmanov, İradə Gözəlova,
Vaqif Şərifov və digər rejissorlarımız fədakarlıqla
çalışırlar. Ancaq zala baxırsan, boşdur.
- Mingəçevir
Dövlət Dram Teatrında vəziyyət necədir? Teatrda
çalışdığınız müddətdə hansı
tamaşaları hazırlayıbsınız?
- Mingəçevir Dövlət Dram
Teatrında çox maraqlı ab-hava mövcuddur. Burada
yaradıcılıq atmosferi çox güclüdür. Deyə
bilərəm ki, teatrımız artıq öz keçmiş
ənənələrini bərpa edir. Əvvəllər
regionda teatrımızın adı çox az-az çəkilirdi.
Ancaq indi şükürlər olsun ki, Mingəçevir
teatrı intibah dövrünü yaşayır. Bunu, mənim
rejissorluq fəaliyyətimlə əlaqələndirmək də
olar, olmaz da. Üç il müddətində on bir tamaşa
hazırlayıb təhvil vermişəm. Bu teatrda ilk
tamaşam türk yazarı Cahid
Atayın "Pusquda” tamaşası olub. Daha sonra Sevinc Elsevərin Xocalı
soyqırımına həsr olunan "Ürəyində arzu
tut” pyesinin motivləri əsasında eyni adlı
tamaşasını təhvil verdim. Bu tamaşa da çox maraqla
qarşılandı. 20 yanvar faciəsinə həsr olunan
Ağəddin Babayevin yazdığı "Ağla qərəqnfil,
ağlı” adlı ədəbi-bədii kompozisiyanı
hazırladıq. Bu tamaşanı yanvarın 20-də
tamaşaçılara təqdim etdik. Daha sonra Qoqolun
"Müfəttiş” əsəri dövlət sifarişi
ilə oldu. Pyesin tamaşası böyük rəğbətlə
qarşılandı. Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi”
əsəri üzərində çalışdıq. Bu
tamaşa da maraqla qarşılandı. Xüsusi olaraq qeyd etmək
istəyirəm ki, bu pyesə Dövlət Dram Teatrları
içərisində ilk dəfə olaraq Mingəçevir teatrının
yaradıcı kollektivi müraciət edib. Sonra klassik
dramaturgiyaya müraciətimiz oldu. Mirzə Fətəli
Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyasına müraciət etdik. Sözsüz ki, repertuar zənginliyi
və tamaşaçı duyumu bizim üçün əsas
şərtdir. Ötən ay Abdulla Şaiqin "Bir saat xəlifəlik”
pyesinin tamaşasını hazırlayıb teatrsevərlərin
ixtiyarına vermişik. Hal-hazırda yenə də Abdulla
Şaiqin "Qaraca qız” pyesi üzərində
yaradıcılıq işi aparıram.
- Region
teatrında gənc kadr potensialının çatışmazlığı
faktı danılmazdır. Mingəçevir teatrında da
sözsüz ki, bu problem qaçılmazdır. Problemin həlli
üçün hansı addımlar atılır?
- Sözsüz ki, bu gün region teatrlarında yeni kadr potensialının çatışmazlığı böyük problemdir. Bu problem bizi çox narahat edir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrə çox ehtiyacımız var. Ancaq tələbələr təhsil aldıqdan sonra Mingəçevir teatrına üz tutmurlar. Bu, çox dərin məsələdir. Əvvəllər tələbələr bölgə teatrlarına təyinat alırdılar. Biz həvəslə gedib işləyirdik. Əvvəllər Mədəniyyət və İncəsənət Universiteti ildə aktyor ixtisası üzrə iyirmiyə yaxın kadr yetişdirirdi. Kadrlar da məcburi olaraq təyinatla gedirdilər respublikamızda fəaliyyət göstərən bütün teatrlara. Bu təyinatla da gənc kadrlar bütün təminatlarla təmin olunurdular. Bu gün təəssüf olsun ki, məcburi təyinat məsələsi ləğv olunub. Mədəniyyət və İncəsənət Universiteti yenə də həmin kadr potensialını kifayət qədər yetişdirir. Ancaq regionlara gəlmirlər. İndi özümüz teatrın nəzdində studiyalar açmağa, kadrlar yetişdirməyə məcburuq. Mingəçevir Dövlət Dram Teatrında "İnam” Teatr Studiyası fəaliyyət göstərir. Bu teatr studiyasına istedadlı səhnə ustası, xalq artisti Ella Yaqubova rəhbərlik edir. Biz gənc, perspektivli kadrları oraya dəvət edib, ən istedadlılarını seçib yetişdiririk. Bu istiqamətdə xalq artisti Ella Yaqubovanın xidmətləri böyükdür. Yalnız bu yolla kadr problemini qismən də olsa həll edə bilirik. Başqa cür mümkün deyil. Əsasən gənc aktrisalar sarıdan qıtlığımız var. Aktrisalarımız barmaqla sayılacaq qədərdir və bizi maraqlandıran odur ki, onlardan sonra səhnəyə kimlər gələcək. Sözsüz ki, bütün region teatrları və o cümlədən də Mingəçevir teatrı üçün hər zaman ali təhsilli kadr potensialına böyük ehtiyac var.
- Gənc kadrların region
teatrlarına gəlmək istəməməklərinin səbəbini
nədə görürsünüz?
- Gənc kadrların paytaxt teatrlarına üz tutmalarının
bir səbəbi var. Burada təbii ki, daha tez
tanınmaq və sözün həqiqi mənasında daha
yaxşı pul qazanmaq imkanı əsas amildir. Ancaq bir sual
yaranır: bu ixtisasa yiyələnən hər kəs paytaxt
teatrlarında çalışa bilirmi? Əsla yox. Hər kəs
də paytaxt teatrlarının səhnəsini görə
bilmir. Bəs nə edirlər? Sadəcə olaraq, el şənliklərində
klounluq və ya müəyyən əyləncəli
proqramlarda iştirak etməklə, gündəlik maddi tələbatlarını
ödəməyə çalışırlar. Bununla da əsl
sənət qalır kənarda. Sadəcə bu, vəssalam.
- Mingəçevir
tamaşaçıları teatra gəlirmi?
- Əlbəttə ki, gəlirlər.
Baxırlar, hətta sonda aktyorlarımızla
görüşüb fikirlərini də bölüşənlər
olur. Bu gün canlı ünsiyyət vasitəsi olan teatra maraq
böyükdür. Yetər ki, tamaşaçını
maraqlandırıb, onu düşündürən əsərlər
hazırlayasan. Bizim də
çalışdığımız budur.
Tamaşaçı teatra mütləq gəlməlidir.
Tamaşaçısını itirən teatr heç zaman
yaradıcılıq yolu keçə bilməz.
Tamaşaçının teatra ehtiyacı var. Gərək
yaxşı iş göstərəsən ki,
tamaşaçı gəlsin. "Tamaşaçı teatra gəlmir”
deyən teatrların özünü günahlandırıram,
tamaşaçını yox. Gərək ortalığa bir
iş qoyasan ki, o tamaşa da tamaşaçıları cəlb
etsin. Bu da biz rejissorların üzərinə
düşür.
- Bu gün hansı səpgidə
daha çox tamaşaların hazırlanmasına ehtiyac var ki,
tamaşaçını teatra cəlb etmək mümkün
olsun?
- Ümumiyyətlə mən bir rejissor olaraq psixoloji pyeslərə müraciət etməyi daha çox sevirəm. Daxilimdə də buna daha çox ehtiyac duyuram. Bununla yanaşı, pyeslərdə daha çox obrazların sayının az olmasını istəyirəm. Səbəbdə budur ki, personajları çox olan psixoloji pyeslərə tamaşaçılar çətin baxır. Ancaq az personajlı pyeslər maraqla izlənilir. Bilirsiniz, psixoloji pyeslər, insan taleyi ilə bağlı olan əsərlər hər zaman baxılır. Sonda bir məqama xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. Teatr müqəddəs sənət ocağıdır. Bəzən orada çalışan insanları sənətinin fədaisi, cəfakeşi adlandırırıq. Əslində, doğrudan da, bu, belədir. Az əmək haqqı ilə ömürlərini teatra həsr edən insanlar, sözün əsl mənasında sənətin fədailəridir. Bəzən paytaxtda fəaliyyət göstərən teatrların yaradıcı heyətini dövrü mətbuatda daha çox işıqlandırır, onların yaradıcılıqlarına daha çox üstünlük veririk. Region teatrlarında çalışan, Azərbaycan teatrı üçün canını fəda edən insanlar isə bir qədər kölgədə qalır. Təəssüf ki, bu da bir həqiqət və reallıqdır. Bu günlərdə 50 illik yubileyinə hazırlaşdığımız Mingəçevir Dövlət Dram Teatrında da bu kimi sənət fədailəri az deyil. Ömürlərini sənətə qurban edən bu insanlar əsl fədai və cəfakeşlərdir.
Anar Burcəliyev
teatrşünas
Kaspi .-2018.- 9 oktyabr.- S.15.