“Heç vaxt müəllimin uşağı döyməyinin əleyhinə olmamışam”

Aqil Abbas: İndiyə kimi dənizə getməmişəm, atam qadağa qoyub

Deyirlər, xoşbəxt o insandır ki, hər səhər evdən işə, axşam isə işdən evə tələsir. İşləri hər zaman çox olub. Amma bir vaxtlar işdən evə - ailəsi, övladlarının yanına tələsən deputat, yazıçı Aqil Abbas, indi daha çox nəvələrini görmək üçün addımlarını yeyinlədir.

"Mənim nəvəm” rubrikamızın qonağı Əməkdar jurnalist Aqil Abbasdır. Tanınmış yazıçı, publisist İradə Tuncayla ailəli olan müsahibimiz iki oğul (Tuncay və Toğrul) atası və 4 qız babasıdır. Evində qonaq olduğumuz Aqil Abbas övladları ilə bağlı danışarkən deyir ki, hər zaman qız övladının həsrətini çəkib. O qədər xiffət edib ki, Tanrı ona mükafat olaraq 4 qız nəvəsi göndərib.

- Aqil müəllim, övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə etmisiniz? Dədə-baba üsulu ilə, yoxsa sizin öz metodlarınız olub?

- Mənim heç bir üsulum olmayıb. Öz valideynlərimdən necə görmüşəmsə, övladlarımı da o cür tərbiyə etmişəm. Ancaq bəzi səhvlərim də olub. Övladlarımı bir az ərköyün böyütmüşəm. Oğlanlarımın istəklərinə qarşı çıxmamışam.

- Valideyn olmaq daha məsuliyyətlidir, yoxsa baba olmaq?

- Baba olmaq o qədər də çətin missiya deyil. Ancaq atanın missiyası çox məsuliyyətlidir. Baba olmağa nə var ki? Nəvələrinlə gəzirsən, onlara bir az zaman ayırırsan, bir az da qayğı göstərirsən, vəssalam. Ancaq övladın təhsili, problemləri, onların necə böyüməsi - bütün bunlara valideyn cavabdehdir.

- "Övladdan da şirindir nəvə” - deyirlər. Bəs sizin üçün nəvə daha şirindir, yoxsa övlad?

- Mən onların heç birinə fərq qoymuram. Övladla nəvəni, yəni balanın balasını fərqləndirmək düz deyil. Hər ikisi mənimdir, canımın bir parçasıdır. Mən necə onları seçə bilərəm?

- Bir baba olaraq nəvələrinizə zaman ayıra bilirsinizmi?

- Əlbəttə. Mənim öz missiyam var. Tez-tez nəvələrimi şəhərə aparıram, onlarla asudə zaman keçirirəm. Məni görəndə qucağıma qaçırlar, "gedək kuku alaq” deyirlər. Gündə ən azı 1-2 saat onlara zaman ayırıram. Onlarla keçən hər bir anım mənim üçün dəyərlidir.

- İki oğul atası olaraq qız övladının həsrətini çəkmisinizmi?

- Hər zaman arzu etmişəm ki, kaş, bir qızım olaydı. Düzdür, Allahın işinə qarışmaq olmaz, amma indi valideynlərə qızlar oğlanlardan daha çox can yandırır. Bunu həyat yoldaşım İradə xanımda daha yaxşı görürəm. O, valideynlərindən ötrü canını verər. İstərdim elə bir qız övladım olsun. Amma qismət deyilmiş.

- Dualarınız qəbul olunub ki, 4 qız nəvəniz dünyaya gəlib.

- Əlbəttə, onlar Allahın şirin payıdır.

- İki ali savadlı oğul böyütmüsünüz. Onların təhsilində sizin payınız nə qədərdir?

- Onların şəxsiyyət kimi formalaşmasında İradə ilə mənim də rolum olub. Ancaq övladlarım babalarından da çox şey öyrəniblər. Biz uşaqların babası Məmməd Arazla bir yerdə yaşamışıq. Babaları onların tərbiyəsi ilə çox məşğul olub. Övladlarım yetkinlik yaşlarında məni az görüblər.

 - Səbəb nə olub?

- Çünki həmin ərəfələr mən Ağdamda, Füzulidə, Tərtərdə döyüş bölgələrində idim. Cəbhə bölgəsində döyüşən əsgərlərimizə silah-sursat, ərzaq daşıyırdım. Həmin ərəfələrdə onların da formalaşmağının əsl zamanı idi. Uşaqların yanına gələndə də ancaq bir-iki gün qalıb yenidən cəbhə bölgəsinə gedirdim. Səngərdə əsgərlərlə birlikdə olduğuma görə övladlarıma zaman ayıra bilmirdim. O zaman oğlanlarımın tərbiyəsi ilə Məmməd Araz və İradə xanım məşğul olurdu. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra geri qayıtdım və onların təlim-tərbiyəsi ilə məşğul oldum. Onların bütün dərsləri ilə anası maraqlanıb.

- Hansı oğlunuzun xasiyyəti sizə daha çox oxşayır?

- Tuncay babası kimi çox sakitdir. Elə də çox adamayovuşan deyil, həddindən artıq sərtdir. Onda hərbçi xarakteri var. Tuncayla bir saat söhbət etsək, işindən bir cümlə belə nəsə danışmaz. Buna görə də mən ondan işi ilə bağlı heç nə soruşmuram. Ancaq Toğrul deyib-gülən və zarafatcıldır.

 

- Həyat yoldaşınız İradə xanım ləqəb olaraq Tuncayın adını götürüb. Bu, Toğrulun qısqanclığına səbəb olmayıbmı?

- İradə xanım Tuncayın adından ləqəb olaraq istifadə etdikdə, o, xaricdə idi. Ankarada Polis Akademiyasında əsgər həyatı yaşayırdı. Qürbətdə olmağı bir ana olaraq ona təsir etmişdi. Toğrul niyə qısqansın ki? Qardaş qardaşı qısqanarmı?

- Vətənə, torpağa, el-obaya çox bağlı olduğunuzu bilirik. Bəs o Ağdam həsrətini, nisgilini övladlarınızda formalaşdıra bildinizmi?

- Övladlarım Ağdamın pis günlərində orda olublar. Nə vaxt cəbhə bölgəsinə gedirdimsə, Tuncayı da aparırdım. Deyirdim get dərslərini oxu, inad edib mənimlə gəlirdi. Mən hər zaman onu əsgərlərin yanına, səngərə aparırdım. Bir gün Ağcabədidə çörək yeyirdik. Baxdım ki, Tuncay  yanımızda yoxdur. Maşına tərəf getdim və gördüm ki, heç maşın da yoxdur. Tuncaya uşaq yaşından maşın sürməyi öyrətmişdim deyə, bildim ki, maşınla harasa gedib. O zaman mobil telefon da yox idi. Polisə müraciət etdik, bildirdilər ki, sizin maşınınız Ağdam istiqamətinə getdi. Həmin dəqiqə bildim ki, oğlum cəbhə bölgəsinə gedib. Tuncay gedib mağazadan əsgərlərə lazım olan ləvazimatları alıb, hər zaman getdiyimiz posta aparıbmış. O zaman Tuncay hələ 8-ci sinifdə oxuyurdu.

Tətil günlərində hər kəs istirahətə gedəndə, mən yoldaşımla övladımı götürüb Ağdama gedirdim.

- Deyirlər, ilk övlad və ilk nəvə hər zaman istəkli olur. Bəs siz necə, ilk nəvənizi daha çoxmu istəyirsiniz?

- Nəvələrimin hamısını sevirəm. Heç birinin arasında fərq qoymuram. Olmaz axı mən sizə deyim ki, kimisə daha artıq sevirəm.

 - Amma hər babanın da könlünə yaxın olan bir nəvəsi var...

- Təbii ki, ilk nəvəmi də çox istəyirəm. Eyni zamanda, əkiz nəvələrim də mənim üçün istəkli və dəyərlidir. Əkizlərin biri gimnastik hərəkətlər edir, çox aktiv və hiperaktiv uşaqdır, qıvraqdır. Onu atası elə yetişdirib. Düzdür, mən hərdən atasına etiraz etsəm də, o nəvəmin qıvraqlığı, cəldliyi məni sevindirir. O nəvəmi də çox istəyirəm.

- Nəvələrinizin gələcəyini necə görmək istəyərsiniz? Hansı peşənin sahibi olaraq görməyi arzu edirsiniz?

- Taleyi Allah yazır. Gərək sənin də ağlın olsun ki, istiqamətini müəyyənləşdirəsən. Mən çox istəyərəm ki, nəvələrim həkim olsun. Həkimlikdən və müəllimlikdən müqəddəs sənət yoxdur. Biri insanı fiziki cəhətdən sağaldır, digəri isə əqli cəhətdən. Həkim təcili yardımdır, müəllim isə hospital. Nəvələrim oxuyurlar, dil öyrənirlər, dərslərinə önəm verirlər. Dil bilgisi də çox önəmlidir. Mən rus dilində yaxşı danışa bilmirəm, ancaq oğlanlarım da, nəvələrim də rus dilini çox yaxşı bilirlər. Birdən oğlanlarımla şəhərdə rus dilində danışanda, xahiş edirlər ki, mən rus dilində danışmayım.

O ki qaldı sualınıza, adətən biz uşaqları məcbur edirik ki, məhz valideynlərin istədiyi sənətin dalınca getsinlər. Oğlum hüquq fakültəsini oxudu, ancaq həmin sənəti ürəkdən istəmirdi, çünki həddən artıq ürəyiyumşaq idi. Deyirdi ki, mən insanları həbs edə bilmərəm. O insanın anasının, bacısının gözü qarşısında necə cəza verə bilərəm? Başlayırdı həmin insanın faciəsini içində yaşamağa. Gərəkdir ki, insanın peşəsi ilə xarakteri yaxın olsun. O, sistemdən ayrıldı. Fövqəladə Hallar Nazirliyində işlədi. Seçimini özü etdi, ona heç bir müdaxilə etmədim.

- Sizi mülayim, səmimi insan kimi tanıyırıq.

- Heç zaman kimin üçünsə kin saxlamamış, heç kimə nifrət etməmişəm. Kim mənə qarşı düşmənçilik edibsə, onu hər zaman Allaha tapşırmışam.

- Bu xüsusiyyətinizə görə heç peşmançılıq hissi keçirirsinizmi?

- Mənim atam da belə idi. 45 ildə nə onun üzünün güldüyünü, nə də bir toyda oynadığını görmüşəm. Evimizə şərab buraxmırdı. Şərab içənlərə nifrət edirdi. Amma həddən artıq da ürəyiyumşaq idi. Bizim qonşuda iki-üç kasıb ailə var idi. Evə gələndə birinci onların payını verib, sonra evə gəlirdi. Təsərrüfat rəhbəri işləyirdi. Hamını dolandırmağa çalışırdı. Deyilənə görə, babam da elə olub. Düzdür, mən babamı görməmişəm. Nənəm bəy qızı olub. Paşa bəyin qızı idi. Çox varlı-dövlətli olublar. 1967-ci ildə dünyasını dəyişib. Nökəri və qulluqçusu var idi. Məhərrəmlikdə 40 gün ehsan verirdi. Mən ədəbiyyata onun hesabına gəlmişəm. O qədər hədislər, bayatılar, rəvayətlər bilirdi ki... Babam Kərbəladan kitablar gətirmişdi. Kəndin mollasına verirdi ki, oxusun, kəndin camaatı qulaq assın. Bütün kənd nənəmə "bibi” deyirdi, biz də atamın anasına "bibi” deyirdik. Hətta bibim rəhmətə gedəndə nəyi vardısa, atam onun qulluqçusu və nökəri arasında böldü. Dedi ki, bu insanlar ömür boyu anam üçün işləyib. Baxmayaraq ki bibimin nəvələri, oğlu var idi, ancaq atam onun var-dövlətini onun qayğısına qalan nökər və qulluqçu arasında böldü.

- Bəs sizin özünüz necə övlad olmusunuz?

- Mən bir dəfə də olsun nə anamın, nə də atamın sözündən çıxmamışam. 31 yaşıma qədər içki içməmişəm. Atam içkiyə giley edirdi, ancaq siqaretə heç bir söz demirdi. Deyirdi ki, içki elə bir şeydir ki, onu içəndən sonra ağıl başdan çıxır, insan gedir küçədə yatır, kiməsə zərər verir. Ancaq siqaret çəkəndə özündən başqa kiməsə zərər vermirsən. Mən də siqareti 35 yaşımda çəkmişəm. Ağdam hadisələri başlayan ərəfədə. Atam siqaret çəkdiyimi öyrənəndə, dedi ki, çəkirsənsə, "Mallbro” çək, onun ziyanı azdır. Atam mənə deyərdi ki, dənizə getmə, qadağa qoymuşdu. 65 yaşım var, hələ də dənizə getmirəm. Bu gün də dənizi sevmirəm.

Atam "oğluma nəsihətlər” adlı kitab yazmışdı. Ancaq o kitab Ağdamda yandı. Nəsihətlərinin içərisində bir sözü həmişə mənə təsir edirdi. Deyirdi ki, pis övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, kəsməzsən, səni eybəcər göstərər. Çalışırdım ki, o altıncı barmaq olmayım.

Biz uşaq olanda anam bizi döyürdü. Ancaq atam heç vaxt bizi döyməyib. Attestat alanda həvəslə onu gətirib atama göstərdim, attestatıma baxdı və məni təbrik etmədi. Çünki orda bir dördüm var idi.

- Övladlarınızı tərbiyə edərkən onlara şiddət tətbiq etmisinizmi?

- Övlad döyməyi sevmirəm, döymək tərbiyə üsulu deyil. Yaponlar uşaqlarda özgüvən yaratmaq üçün onları hər zaman tərifləyirlər. Əgər uşaq nəyisə sındırırsa, deyirlər ki, sənin kimi bunu heç kəs sındıra bilməzdi. Deyirlər ki, olmazları, təlim-tərbiyəni onsuz da uşaq məktəbdə öyrənəcək. Uşağı hər şeydən əvvəl şəxsiyyət olaraq yetişdirmək lazımdır. Şiddətə qarşı olsam da, müəllimin uşağı döyməyinə razıyam. Müəllim uşağı niyə vurur? Yəqin ki, uşaq dərs zamanı dəcəllik edib, dərsə mane olub, nəsə nalayiq hərəkət edib ki, müəllim də ona bir şapalaq çəkib. Müəllim uşağı sevdiyindən vurur. O da bir insandır. Necə olur, atası döyə bilər, dərsini oxumayıb, nadinclik edir, müəllim onu döyə bilməz? Türklər deyir ki, müəllimin vurduğu yerdən gül bitər. Müəllimin uşaq döyməyinin heç vaxt əleyhinə olmamışam.

Xəyalə Rəis

Kaspi.-2018.-12 oktyabr.-S.11.