"Əhalinin
keyfiyyətli enerji təminatı: görülmüş
işlər, real vəziyyət və perspektivlər”
Qaranlıqdan
aydınlığa aparan işıq...
Qaranlıq olmasaydı, işığın qədrin kim bilərdi? Hamımız o qədər də fərqində olmadığımız bu işığın qədrini məhz 2018-ci il iyulun 3-də bütün Azərbaycanı zülmətə qərq edən Mingəçevir İES-də baş verən enerji qəzasından sonra daha yaxşı bildik, həm də bütün əziyyət və ağırlığını hiss edərək... Məhz 2 gün ərzində elektrik enerjisi təminatında yaranan fasilələr, əhalinin tıxaclarda, metro tunellərində, dayanacaqlarda qalmasına, əlavə təşviş, həyəcan və narahatlıq keçirməsinə səbəb oldu. Qəza zamanı ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandı.
"Azərenerji” rəhbərliyinin məsuliyyətsizliyi, ölkə rəhbəri başda olmaqla, bütün hökuməti ayağa qaldırdı. Enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə, qəzanın başvermə səbəbləri ciddi araşdırıldı, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq, Prezidentə təqdim edildi. Hazırlanmış rəydə qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmamağı, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən hadisəyə adekvat reaksiya verə bilməməyi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunurdu. Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olduqdan sonra işdə yol verdiyi nöqsanlara görə, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etdi.
Prezident sentyabrın 4-də imzaladığı digər sərəncamla Baba Rzayevi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin etdi. O Baba Rzayev ki, "Azərenerji” prezidentliyinə elektrik mühəndisliyindən uzun bir yol qət edərək gəlib. B.Rzayev 2015-2018-ci illərdə "Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq, respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olub. 2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, "Azərişıq” ASC-nin bütün xidmətləri "ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.
Elektrik
verilişində "komendant saatı”
Ötən əsrin axırlarında paytaxt Bakının enerji təchizatında yaranan problemlər əksəriyyətin yaddaşında olar. Əsl komendant saatı kimi-saat 00:00-da işıqlar söndürülürdü, ta ki sübh açılana qədər. Bununla, müəyyən mənada enerjiyə qənaət edilirdi . Nəhayət, 1999-cu il noyabrın 8-də "Bakıelektrikşəbəkə” İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında” sərəncam imzalandı. Səhmdar cəmiyyətin idarəetməyə verilməsi yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək, paytaxtın elektrik təchizatında əsaslı dönüş yaratmaq zərurətindən irəli gəlirdi. Elə bu məqsədlə ölkə başçısının 2000-ci il 14 iyun tarixli sərəncamına uyğun olaraq keçirilən açıq müsabiqənin qalibi olmuş Türkiyənin "Barmek Holdinq A.S.” şirkəti 2002-ci ilin yanvarından fəaliyyətə başladı. "Barmek Holdinq A.S.” şirkəti ilə "Bakıelektrikşəbəkə” ASC-nin 25 il müddətinə idarə olunmasına dair müqavilə bağlandı. Bağlanmış müqaviləyə əsasən, yeni yaradılmış "Barmek Azərbaycan” MMC Bakı Şəhər Elektrik Şəbəkəsinə müasir texnologiyaların gətirilməsini, onun balansında olan 150-yə qədər yüksək gərginlikli yarımstansiyanın və xətlərin modernləşdirilməsini, qəza vəziyyətində olan 1600-dək iki transformatorlu 10 kilovoltluq yarımstansiyanın, uzunluğu 8 min kilometrdən artıq olan orta və alçaq gərginlikli kabel və hava xətlərinin yeniləşdirilməsini, texniki itkilərin azaldılmasını təmin etməli idi. Bundan başqa, "Barmek” istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsinə və eləcə də elektrik enerjisi haqqının yığımının artırılmasına, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da nail olmalı idi. Amma "Barmek Azərbaycan” MMC Bakı şəhərinin və ətraf qəsəbələrin sakinlərinin və müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində ciddi qüsurlara yol verdi. Fəaliyyəti dövründə orta və alçaq gərginlikli şəbəkələrin pis vəziyyətdə olması nəticəsində, abonentlər keyfiyyətli elektrik enerjisi ilə təmin edilmirdi. Axşam maksimum yüklənmə saatlarında Bakı şəhərinin əksər əhalisi, xüsusilə şəhərətrafında yaşayan əhali keyfiyyətsiz elektrik enerjisi (200 V-dən aşağı) alırdı. Şirkət texniki itkiləri azaltmaq üçün də öhdəlikləri yerinə yetirmədi. "Barmek Azərbaycan” MMC-nin baxımsızlıq və nəzarətsizliyi üzündən Bakı şəhərinin mərkəzi hissəsində güc zəifliyi əmələ gəlmişdi, yeni yaşayış yerlərində isə ümumiyyətlə, şəbəkə yaradılmamışdı. Şirkətin az sayda quraşdırdığı Hindistan və Çin istehsalı olan sayğaclara isə müdaxilə asan olduğundan, tez-tez mənfi hallar baş verirdi. Əhali abonentləri üzrə yığımlar 26 faiz təşkil edirdi.
Bütün bu səbəblərə görə, "Barmek Azərbaycan” şirkətinin idarəçiliyi 2006-cı ilin avqust ayından dayandırıldı.
Ölkə başçısının 10 avqust 2006-cı il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpası Bakı şəhərində elektrik təchizatında yaranmış böhranın aradan qaldırılmasında müsbət nəticələr əldə edilməsi üçün görülmüş tədbirlərdən birincisi olmaqla, elektrik paylayıcı sahələr üzrə islahatlara start verildi. Bu qərarın vaxtında qəbul edilməsi bu gün öz müsbət nəticələrini əyani surətdə göstərməkdədir. Prezident İlham Əliyev ümumən energetiklərin qarşısında duran vəzifələri də vurğulayaraq deyib: "Vəzifələr aydındır: əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etmək, energetika sistemini - həm istehsal edən sistemi, həm də paylayıcı sistemi müasirləşdirməkdir ki, Azərbaycanda ən müasir standartlara cavab verən energetika sistemi yaransın”.
"Azərişıq”ın
missiyası – "Bölgələr də paytaxt kimi
işıqlı olsun”
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən, "Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirildi və "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. İ.Əliyevin "İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu işin yeni yaradılan "Azərişıq” ASC respublikanın 57 rayon və şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı satış idarəsi yaradıb. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb regional enerji təchizatı və satışı idarələridir. "Azərişıq” ASC-nin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairədir.
Hazırda respublikanın bütün RETSİ-lərindəki elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, bütün qəsəbə və kəndlərin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə və böyük sürətlə davam etdirilir.
"Azərişıq” yaradılarkən üzərinə çox böyük vəzifələr qoyulub. Bu vəzifələr şərəfli olmaqla, çox böyük məsuliyyət tələb edir. Prezident İlham Əliyev 2015-ci ildə bu məsələyə toxunaraq deyib: "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulub ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil”.
Yaradıldığı qısa müddət ərzində, "Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiya inşa edib: Bakı şəhərində "Buzovna-2”, Şəki rayonunda "Göynük” və Gədəbəy rayonunda "Gədəbəy”. Bundan başqa, 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olunub, 3 ədəd transformator yenisi ilə əvəz edilib və 400 km-yə yaxın EVX təmir olunub. Ümumilikdə, 25 km kabel xətti, 70 km hava xətti çəkilib. ASC tərəfindən 22 ədəd 35 kV-luq yeni yarımstansiya inşa edilib. Bunlardan 4-ü Bakı şəhərində, 3-ü Bakıətrafı qəsəbələrdə, 1-i Gəncə şəhərində, 2-si Xaçmaz rayonunda, 3-ü Quba rayonunda, 2-si Şabran rayonunda, 3-ü Daşkəsən rayonunda, həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində bir yarımstansiya inşa edilib. Rayonlarda 17 ədəd müasir standartlara cavab verən rayon enerji təchizatı və satış idarələrinin ofisləri tikilib, 35 kV-luq 400-dək yarımstansiya təmir olunub.
Bundan başqa, regionlarda 1450 ədəd müasir tipli yeni TM və KTM tikilərək quraşdırılıb, 6500-ə yaxın transformator yarımstansiyalarında təmir işləri aparılıb, 24 000 km-yə yaxın elektrik verilişi xətləri təmir edilib, 15 000-dən çox yeni dayaqlar qurulub, 750 km kabel xətti, 2400 km hava xətti çəkilib. 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 2450 km-yə yaxın ÖİN (SİP) kabeli, 552 km kabel, 2000 km hava xətti çəkilib, 110 000-dən artıq dayaq və uçot sisteminin təkmilləşdirilməsi məqsədilə 200 000-ə qədər yeni sayğac komplekti quraşdırılıb.
Gülşən
Raufqızı
Yazı "Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçündür
Kaspi.- 2018.- 11 oktyabr.- S. 7.