“Müəmmalı bir qətlin üç versiyası”
Qəribədir, qadınsansa, demək, bütün günahlar səndə olacaq. Xəyanət edən də sənsən, cinayət törədən də, öldürən də, elə lap ölən də. Qısacası,
qadın olmaq çətindir…
Dövlət YUĞ teatrında Akutaqavanın
“Cəngəllikdə” əsərinin
motivləri əsasında
“Müəmmalı bir
qətlin üç versiyası” tamaşası
hazırlanır. Premyerası oktyabrın 14-nə təyin
edilmiş tamaşanın
quruluşçu rejissoru
“YUĞ” Dövlət Teatrının
baş rejissoru, Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə, quruluşçu
rəssamı Vüsal
Rəhim, musiqi tərtibatçısı Vüqar
Camalzadədir. Səhnə
əsərində YUĞ Teatrının
aktyorları Əməkdar
artist Gülzar Qurbanova
(Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni
Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov
(I Şahid) və Elşən Əsgərov
(II Şahid) çıxış
edirlər. Biz də qərara
aldıq ki, premyeradan öncə son məşqləri izləyib,
hadisələrdən hali
olaq. Tamaşa çox sadə
bir əhvalar üzərində qurulub –
Ər ödürülüb,
cinayətkar axtarılır.
İndi məhkəmə
qurulub və ölümün nə az, nə
çox üç fərqli versiyası var:
1. Kişini onun qadınına göz dikmiş quldur öldürüb;
2. Zorlanmış qadın ərinin ikrah dolu baxışlarına dözə bilməyib və qəzəbdən özü ərini qətlə yetirib;
3. Kişi olanlarda arvadını günahkar bilərək, intihar edib.
Ölünü tapan şahidlərin
dediyindən belə çıxır ki, kişi, əslində,
intihar edib. Məhkəmə zalında Quldur
(Oqtay Mehtiyev) olanları etiraf edir, qadına ilk görüşdən necə
tamah saldığını,
ərini necə aldadıb meşəyə
apardığını, sonra
qadını tovlayıb
ərinin yanına apararaq zorladığını
gah qəzəblə,
gah da şeytani
gülüşlə danışır.
Amma və lakin kişini
öldürdüyünü etiraf etmir. Cavab isə birdir – “mən qulduram, cinayətkar yox”.İkinci dindirilən qadındır.
O, aldadılıb, alçaldılıb,
namusu ləkələnib,
ərinin gözləri
qarşısında zorlanıb.
Fəqət ən pisi odur ki, əri
Qadına inanmır və hətta, onu günahlandırır.
Ərinin baxışlarında
gördüyü özünə
qarşı ikrah hissi qadının gözlərində qana dönür və o, çıxış yolunu
ərini öldürməkdə
görür…
Üçüncü versiyada sanki kişi
danışır, qadının
ona xəyanətindən,
olanlardan sonra arvadının onu öldürmə cəhdindən.
Bütün bunlara dözə bilməyən
kişi özünü öldürüb.
Bütün tamaşa bu “məhkəmə”nin üzərində qurulub və seyrçiyə sualın cavabını müstəqil şəkildə
tapmaq imkanı yaradılır. Artıq kim kimə
inanacaq, tamamən sərbəstdir. Müəllif kimi rejissor da bu sualı
seyrçinin öhdəsinə
buraxıb.
Tamaşa boyunca alaqaranlıqda incə musiqi sədaları, bəzən
neyin, bəzən skripkanın səslənməsi
hadisələrin dramaturji
axını ilə uyğunluq təşkil edir. Məşq zamanı diqqətimi
çəkən bir nüansı da qeyd edim. Rejissor qadının geyimində maraqlı rənglərdən istifadə
etmişdi: qırmızı,
qara və ağ.
Qırmızı ehtiras, qırmızı şəhvət, qırmızı
alov, qırmızı
şeytan rəngidir. Təzə gəlin
qırmızı geyinər.
Bəzən deyirlər qadının
ağlına gələn
şeytanın ağlına
gəlməz. Ehtiras alovlandıran
qadın cinayətə
səbəb olub.
Kulminasiyada qadın qırmızı
libasını soyunub qara əlbisədə qalır. Ehtiras bitdi, matəm,
qara günlər başladı, qaraya bürünən qadının
vücudu oğurlanıb,
namusu ləkələnib,
ruhu ölüb.
Sonda qadın əyninə ağ
libas geyinir. O, qadındır, namusludur və istəməyərək
bu rüsvayçılığın
qurbanı olub. Qadın sonucda anadır, analar mələk olur, mələklər isə
BƏYAZ…
Tamaşa boyunca qadın əlində səhnə boyunca uzun qırmızı
parçanı sürüyür. Sanki bu həm tökülən
qandır, həm alovlanan şəhvətdir
ki, cinayəti yaxınlaşdırır. Həm də UTANCDIR… Axı, insan eyib bir iş
görəndə qızarır…
Bir saata yaxın davam edən tamaşanın məşqi bitdikdən sonra fürsətdən istifadə edib rejissordan tamaşa haqqında fikirlərini soruşduq.
“Tamaşa R.Akutaqavanın “Cəngəllikdə” əsərinin
motivləri əsasında
hazırlanmış postmodern bir oyundur. Biz
R.Akutaqavanın ancaq fəlsəfəsinə sadiq
qalmışıq. Müəllif bu əsərdə çox maraqlı, gözlənilməz mövqedə
dayanır, “obsolyut” həqiqətin konkret reseptini vermir. Hadisə üç baxış bucağından təqdim olunur və seçimi tamaşacıya,
oxucuya buraxır.
Yəni,
hansı həqiqəti
doğru hesab edirsənsə, onu da seç. Biz də çalışmışıq
ki, bu prinsipə
sadiq qalaq. Hadisəyə hər baxış
bucağında bir həqiqət var. Kimsə
əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam
sübutu da mümkün deyil. Bir sözlə, bir hadisənin üç iştirakçısı varsa,
demək, hadisəyə
üç baxış
bucağı var və bu baxış
bucaqlarında mövcud
olacaq həqiqətlərin
mütləq həqiqət
olması mümkün
deyil. Sadəcə, tamaşaçı, yaxud oxucu öz
həqiqətini tapa bilər. Mütləq həqiqəti isə
tapa bilməyəcək.
Tamaşada müxtəlif üslubların
sintezindən istifadə
etmişik. Bu işimizdə
epik (B.Brext), modern və avanqard üslubları görə
bilərsiniz. Bütün
bunlar hamısı interaktivə nail olmaq, tamaşaçını hadisəyə
qoşmaq üçündür.
Belə bir görüntü var ki, hadisə baş verib, zorlanma faktı var, ancaq kim kimi öldürüb, məlum
deyil. Həyatda da belədir
– ölənmi günahkardır,
yoxsa öldürənmi,
yoxsa bunlara bais olan? Tamaşa bunun haqqındadır.
Aktyor oyununa gəldikdə, təbii ki, elə bir rejissor
olmaz ki, deyə, aktyordan tam istədiyimi almışam.
Lakin böyük cəhdlər var. Düzdür,
mən vücud dilinin daha çox
olacağı bir iş istəyirdim, amma bizim imkanlarımız
çox məhduddur. Hər halda, vücud dili üçün də böyük cəhd var. Sonrakı mərhələlərdə
bu daha çox
ola bilər.
Mənim
üçün bütün
başqa şərtləri
kənara qoysaq, vücud dilinin mükəmməl olmalı
olduğu bir tamaşa ərsəyə
gəlməlidir. Amma öncədən
də bilirəm ki, bunu üçün
xüsusi hazırlıq
və xüsusi mütəxəsisslər lazımdır”.
Bu üç versiyadan hansına daha çox inandığını
soruşduqda Mehriban Ələkbərzadənin cavabı
belə oldu: “Mən qadınam. Ona görə də, təbii ki, qadına inanacağam”.
P.S. Mənim seçimim bu tamaşada qadının dediklərinə
inanmaq oldu. Niyəsini belə izah edim. Əvvəldə quldur özü
etiraf etdi ki, mən qulduram,
cinayətkar yox.
Zənnimcə quldura inanan, aciz kişi özünü
öldürməyə də
cəsarət tapa bilməz. Sonda bir versiya qalır, o da qadın. Qadın daha güclüdür,
sonac qədər təslim olmaq istəmədi, müqavimət
göstərdi, ləkələndi,
hətta qulduru məhkəmə zalında
öldürməyə cəhd
etdi.
Ancaq ərinin ona kömək etməməsi bir
yana, eləcə acizanə durub baxması, sonra ona inanmaması, ikrah dolu baxışları gözünü
qan bürümüş
qadını onu xəyanətdə suçlayan ərini qətlə yetirməyə
sövq edib. Ancaq həm əsərin, həm də
tamaşanın müəllifinin dediyi kimi, mütləq həqiqət yoxdur. Ona görə də, təklif edirəm ki, seyrçilər mütləq gedib Kukla Teatrının
binasında Yuğ Teatrının “Müəmmalı
bir qətlin üç
versiyası” tamaşasını izləsinlər və özləri
cavab tapsınlar: “kimdir
müqəssir?” və əgər həqiqətən,
qadındırsa, “onu bağışlamaq
olarmı?”
Nigar Pirimova
Kaspi.- 2018.- 11 oktyabr.- S. 11.