Beynəlxalq film festivalları
bizə nə verir?
Kinoşünaslar deyir ki, bu cür tədbirlər
nəinki rejissorlar, kino sahəsində çalışan gənclər,
eyni zamanda dövlətimiz üçün
də çox əhəmiyyətlidir
Kino həm də
tarixdir, bir ölkənin təbliğində
ən ideal vasitədir. Kinonu inkişaf
etdirmək üçünsə
festivalların rolu danılmazdır. Bu sıradan 4-9 oktyabr tarixlərində "DokuBaku”
adlanan beynəlxalq sənədli film festivalı
keçirildi. Oktyabrın 19-dan 21-dək isə Animalfilm I Beynəlxalq Animasiya Filmləri Festivalı keçiriləcək. Ondan sonra
- 14-17 noyabr tarixlərində
"START” Beynəlxalq Qısa
Filmlər Festivalı
9 yaşını qeyd
edəcək. Göründüyü kimi, paytaxtımızın
kino həyatı hadisələrlə zəngindir.
"Kimdənsə
dəvət gözləməyə
ehtiyac yoxdur”
Kino tədqiqatçısı, Əməkdar
incəsənət xadimi
Aydın Kazımzadə
kinonu bir insanın ömrünə
bənzədir: "İnsanın
qapanması, özü-özü
ilə yaşaması
heç də yaxşı hal deyil. Belə ki, ətrafımıza
baxmalı, kənara çıxmalı, bizdən
uzaqda nələrin, hansı proseslərin baş verdiyini görməliyik ki, inkişaf edə bilək. Kino sahəsində də belədir. Kinematoqrafiyamızın 120 yaşı var. O, bütün bu situasiyalardan şərəflə
çıxıb. Sovet dövründə
müxtəlif film festivalları
keçirilirdi. Həmin festivallarda
Azərbaycan kinosu iştirak edirdi. O dövrlər mükafata layiq görülmək, nələrsə əldə
etmək çox çətin idi. Bu çətin dövrlərdə
belə Azərbaycan filmləri beynəlxalq
film festivallarından əlidolu
dönürdü. Düzdür,
o dövrlər qısqanclıqlar
da az
olmayıb. Bu gün isə Azərbaycan kinosu öz müstəqil dövrünü yaşayır.
Biz artıq sovet
kinosunun tərkib hissəsi yox, dünya kinosunun tərkib hissəsiyik.
Bu gün çəkilən
filmlər beynəlxalq
kino festivallarında nümayiş olunur və mükafatlar qazanır. Artıq bizim gənclər
bilir ki, dünyada hansı yeniliklər var, hansı mövzular aktualdır. Rejissorlarımız, aktyorlarımız beynəlxalq
festivallara gedir, orda dünya kino sahəsində baş verən ən son yeniliklərdən
xəbərdar olurlar.
Hər bir ölkənin kino sahəsi müxtəlif istiqamətlər
üzrə inkişaf
edib və beynəlxalq festivalların
iştirakçıları onların hamısından
xəbər tuturlar.
Aktyorlar üçün o qədər
yeniliklər var ki, onları öyrənmək, gətirib
öz kinomuza tətbiq etmək çox vacib məsələdir. Bu gün texnika kino sahəsində o qədər inkişaf edib ki, artıq
50-ci illərin primitiv
texnikasından istifadə
etmirik. Bu günün gəncləri
həmin o texnikalardan da xəbərdardırlar.
Bizim kino ustalarının beynəlxalq
festivallarda iştirakı
təqdirəlayiqdir və
bu festivallar onlar üçün
"master klass” hesab olunur. Bu gün
bizim özümüzdə
də beynəlxalq festivallar keçirilir.
Bunu alqışlayıram”.
Kinoşünas qeyd etdi ki,
bu gün yerli və beynəlxalq
festivalların təşkilatçıları
gənclərdən ibarətdir:
"Noyabrda keçiriləcək
Beynəlxalq "START” film festivalının
təşkilatçısı Feruz Şamiyev tələbəm olub. Bu gün həmin
kinoşünas artıq
beynəlxalq festivala rəhbərlik edir. Festivalda iştirak etmək
və festival keçirmək
üçün kimdənsə
dəvət gözləməyə
ehtiyac yoxdur. Gənclər özləri nələrsə
etməlidir. Dünyanın hər yerindən Azərbaycana böyük maraq var. Azərbaycanı görmək üçün
bu festivallar ən ideal vasitədir”.
"Festival
funksional olmalıdır”
Rejissor Namiq Ağayev festivalı bayrama bənzədir: "Festival təkcə
film deyil, ünsiyyət,
dostluq, əlaqə deməkdir. Əslində bu, ənənə
halını almalıdır.
Burada eyni vaxtda filmin
marketinqi prosesi də baş verir. Festivalda durub çıxış
etməyi, 3-4 filmi nümayiş etdirməyi doğru hesab etmirəm. Festival funksional olmalıdır.
Mən bu gün festivalların
çoxunda iştirak
etmirəm. Ancaq bu festivalların keçirilməsini
yüksək qiymətləndirirəm.
Gənclərin bu festivalları
keçirməsi isə
ikiqat sevindiricidir.
Ancaq bu yaxınlarda teatr festivalı olacağını bilirəm,
buna da yüksək
səviyyədə hazırlaşırıq.
Mən özüm indi kino-teatr mərkəzi yaradıram. Ancaq beynəlxalq
festival istənilən halda
təqdirəlayiqdir. Əsas odur
ki, ölkəmizi layiqincə təbliğ edə bilək”.
"Festival
kinonun inkişafında
bir vasitədir”
Kinoşünas Aygün Aslanlı festivalın, sadəcə
təqdim olunan filmləri izləməklə
yekunlaşmadığını qeyd edir. Bildirir ki, məhz beynəlxalq
festivallar əsil təbliğat vasitəsidir:
"Müasir dövrdür,
internet əsridir. İstədiyimiz filmi istədiyimiz zaman izləmə imkanımız var. Ancaq
festival ünsiyyət deməkdir.
Məhsulun daha geniş
auditoriyaya təqdim olunması, satışı
funksiyasını yerinə
yetirir. Festival kinonun inkişafında bir vasitədir. Kino isə vizual
sənətdir, baxılmaq
üçün çəkilir.
Nə qədər çox baxılarsa, bir o qədər çox yayılar. Məhz beynəlxalq festivallar
filmlərə bu imkanı yaradır. Bu baxımdan kinematoqrafiyanın,
kino sənətinin inkişafında festivalın
ciddi rolu var. Festivallar nəinki rejissorlar, kino sahəsində çalışan
gənclər, eyni zamanda dövlətimiz üçün də əhəmiyyətlidir”.
Aygün xanım qeyd edir ki, festival film nümayişi ilə bərabər, həm də bir kino
bazarıdır: "Festivala
prodüserlər, ssenaristlər,
rejissorlar dəvət
olunur. Onlar bir-birilərinin filmi ilə tanış
olmaq imkanı qazanırlar. Təsəvvür edin ki, xaricə çıxmaq imkanları məhdud olan azərbaycanlı bir rejissorun filmi beynəlxalq festivallar nəticəsində
xaricdə nümayiş
olunur. Rejissor bu vəsilə
ilə işini fərqli insanlara və auditoriyaya tanıtmaq imkanı qazanır. Eləcə
də bizdə keçirilən festivallara
dəvət olunan rejissorlar gəlib birbaşa yerində yeni filmlərlə tanış olurlar. Azərbaycan kinosunda bu cür
tədbirlər necə
rol oynaya bilər məsələsinə
gəldikdə isə,
ölkəmizdə yerli
festivallar davamlı olaraq keçirilsəydi, bunun böyük təsiri ola
bilərdi. Yerli beynəlxalq festivallar başlayanda, yeni-yeni tələbələr filmlər
çəkməyə həvəslənmişdilər.
Daha sonra Mədəniyyət Nazirliyinin "Bu meydan, bu ekran” ənənəvi
gənclər müsabiqəsi
başladı. Bu da gənclərə daha yaxşı işlər görməyə
şərait yaratdı”.
Festivalın dövlət əhəmiyyətini
vurğulayan kinoşünas
Ermənistanda "Qızıl
ərik” adlı festivalın keçirildiyini
və buraya dünyanın ən məşhur sənət adamlarının dəvət
olunduğunu qeyd edir. Həmin məşhur
insanlar isə festivala gedəndə təkcə oturub filmlərə baxmırlar,
həm də ölkə ilə tanış olub, rəsmi təbliğatın təsiri
altına düşürlər.
Və sonradan ermənilər dünyada özlərinə
yeni tərəfdaş
qazandıqlarını deyirlər.
"Bu
problem bizdə xüsusilə
qabarıqdır”
Gənc
rejissor Kamal Yaşar bildirir ki, bütün beynəlxalq statuslu festivallar önəmlidir:
"Ancaq beynəlxalq
festivalın məhz bizdə və bizim təşkilatçılığımızla
keçirilməsi ikiqat
nailiyyətdir. Birinci halda
bizim sənətçilər
harasa öz filmlərini göndərə
bilirsə, ikinci halda artıq dünyanın müxtəlif
ölkələrindən olan
sənətçilərin diqqəti bizə yönəlir. Bu, dünya
mədəni mühitində
və eyni zamanda yerli sənət
mühitində çox
yaxşı nəticələr
verir, bir proses yaradır. Ən bəsit formada yanaşsaq, bizim ölkənin adı, statusu, ünvanı, mühiti bəlli olur. Digər tərəfdən də sənət mübadiləsi yaranır,
yerli bazar daha da canlanır,
mütəşəkkilləşir.
Bir şeyi də qeyd edim ki,
bu festivalların təşkili olduqca çətin və məsuliyyətli bir prosesdir. İllər
öncə bu yükün altına girməyə cəhd edən və 2018-ci ildə yenidən öz statusunu bərpa edən "START”
beynəlxalq film festivalı
da, artıq ikincisi keçirilən
"DocuBaku” beynəlxalq
sənədli filmlər
festivalı da bu cür nümunələrdəndir.
Qeyd edim ki, ölkəmizdə
təşkil olunan nəinki beynəlxalq festivalın, hətta kiçikmiqyaslı yerli festivalların da xüsusi rolu var. Məsələn, artıq
bir neçə ildir keçirilən
"Booktrailer” festivalının
özü belə müəyyən anlamda yerli mədəni mühitə təsirlər
edir və bu, açıq-aydın
hiss olunur. Bunun fonunda
beynəlxalq festivalların
bizim tərəfimizdən
təşkili isə hər mənada olduqca səmərəlidir.
"DocuBaku” festivalı
haqqında bir şeyi qeyd edim ki, bu
festival həm yerli, həm də dünya bazarında, obrazlı desək, bədiidən bir köynək aşağı
statusda olan sənədli filmə meydan açır, canlanma yaradır. Bu problem bizdə xüsusilə
qabarıqdır. Çünki
sənədli film ənənəsi
bizdə bir az zəifdir,
kövrəkdir və
bu baxımdan "DocuBaku”nun önəmi böyükdür. Bu işdə zəhməti olan bütün təşkilatçılara şəxsən
öz adımdan böyük təşəkkür
edirəm. Eyni zamanda
festivallar haqqında sənətə dəstək
və sevgi naminə adicə danışmaqla olsa belə, bir maraq yaratmağı, təşviq etməyi özümə mənəvi
öhdəlik kimi qəbul edirəm”.
Xəyalə Rəis
Kaspi.- 2018.- 11 oktyabr.- S. 14.