SƏFALƏTİN ACISI
Bu ilki payız keçənlərə
oxşamırdı. Aramsız yağan yağışlar,
soyuq küləklər kövrək ağacları
sındırmış, əksər evləri, anbarları su
basmışdı. Damlardan otaqlara süzülən
yağış damcılarını taslar, vedrələr qismən
də olsa bir araya yığmağa
çalışırdı. Yorğan-döşək,
xalça-palaz suyun içində şişib
ağırlaşmışdı. Allahın qəzəbinə
tuş gəldiklərini güman edən qoca qarılar elə
hey zikr edir, dua oxuyurdular. Darısqal, əyri-yürü
dalanlardan keçib getmək müşkülə
çevrilmişdi. Köhnə məhəllələr,
daxmalar gölməçəyə dönmüşdü. Kif
qoxusu, suda üzən ölü siçovullar, itlərin
aramsız zingiltisi ətrafda miskin bir mənzərə
yaradırdı. Borulardan axan köpüklü sulardan torpaqda
çuxurlar əmələ gəlirdi. Dünyanın dərd
sərindən uzaq uşaqlar isə, heç nə
olmamış kimi bu sularda hoppanır, gülüşürdülər.
Boz buludlardan düşən kölgə şəhərə
hüznlü bir görkəm verirdi. Əksər ailələrdə
yoxsulluq, işsizlik yaşanırdı. Bir qarın
çörəkdən ötrü səhər-axşam
vurnuxan adamları həyat küsdürmüş, müti
etmişdi. Kasıbın dərdi azmış kimi
yağış da bir yandan hisi-pası ortalığa
atmışdı. Axşamdan hazırlıq görən analar
məktəbə gedəcək övladının
ayaqqabısını, üst-başının
yırtığını yamayır, dolanışıqdan
gileylənir, elə hey deyinirdilər. Yoxsulların
acığına qapını döyən külək
qazı, işığı zəiflədir, evləri, ürəkləri
belə soyudurdu. Bu səssizlikdə Tanrıya şikayət edən
qadınların fəryadını, bir də tənha
qocanın hayqırtısını eşitmək olurdu…
Döngənin sonundakı alabəzək
daxma-evdən çox toyuq hininə oxşayırdı.
Qapısı taxtadan, cəftəsi dəmirdən olan üfunətli
otaqda divara söykənmiş üç ayaqlı stul və
dəyirmi stol vardı. Stolun üstündəki bulaşıq
boşqablar, qaşıqlar, qulpu sınıq fincan yuyunub, təmizlənməyin
həsrətin çəkirdilər. Məftildən sallanan tək
yüzlük lampa otağın çirkini canına
hopdurmuşdu. Dəlmə-deşikdən süzülən
hava axını lampanı tərpətdikcə divarda oynayan dəli
qız surəti gedib-gəlirdi. Üfunət, nəmişlik
qoxusu bir-birinə qarışıb boğucu bir hal yaratmışdı. Daxmanın əks
tərəfində başı diyircəkli pas atmış dəmir
çarpayıda yaşı çox olmayan bir kişi adyala
bürünüb zarıyırdı. İliyə işləyən
soyuq, yağış xatirələrin ağuşunda onu
alıb uzaqlara aparmışdı...
***
İri pəncəli, üst-başı nimdaş bir kişi çirkli ayaqlarını sularda şapıldadaraq gedirdi. Ayaqyalın gəzən bu adamın enli qara şalvarı ətəkdən süzülmüş, palçığa bulaşmışdı. Köhnəlmiş, bir az da dar olan pencəyin biləyini tez-tez dartışdırır, qabağa çıxmış gözlərini ətrafa baxmaqla oynadırdı. O, sağa-sola salam vermiş kimi başını tərpədir, özüylə danışırdı. Görkəmindən ağlı yerində olmadığı bilinirdi. Üzbəsurət aramla onu müşahidə edirdim. Gəlib yanımdan keçdi. Macəra axtarışında olan mən, səmtimi dəyişib, kişinin arxasınca düşdüm. O, ayaqyalın olduğundan daha yüngül və sərbəst yeriyirdi. Ona çatmağa çalışırdım. Bir xeyli yol getdik. Bilirdim ki, axır yorulub dayanacaq. Yolun sağ tərəfindəki şirniyyat dükanından gələn qoxunu ac canavar kimi içinə çəkib uladı. Duruxdu, ətrafa baxdı, onun bu əcaib hayqırtısını eşidən oldumu? Nə edəcəyini kəsdirə bilmədi. Başını qaşıyıb, havanı dişnədi. Qərarsız, bir az da əsəsbi dükana girdi, mən də dalınca götürüldüm.
Qəfil dediyi sözdən diksinib dayandım.
Ətrafa baxıb "dalımca heç kim düşməsin,
eşidirsiz heç kim”, deyərək dükanı bir an
içində fırlanıb çıxdı. Düzü
yorulmuş, həm də qorxmuşdum. Nə qədər
maraqlı gəlsə də, düşündüm ki yəqin
sözü mənə eşitdirir. Onu qarabaqara izləməkdən
vaz keçib, vitrindəki şirniyatlara baxmağa
başladım. İki-üç dəqiqə keçməmiş
geri qayıtdı. Qoğallar olan tərəfə gedib ikisini
götürdü, kassaya pul ödəmədən bayıra
çıxdı. Satıcı qız dayan deyə, hay–küy
salmaq istədikdə qoymayıb, "narahat olma, pulunu mən
verəcəm”, onu tanıyıram deyə, ruhi xəstə
olduğunu açıqladım. Qızla yenicə söhbətə
başlamışdım ki, bir də gördüm qaçaraq
içəri girib ətrafa baxır. Sonra, satıcı
qıza yaxınlaşıb xırıltılı səslə
dedi: "Bunların pulunu vermədim axı qızım, bilirsən
mən haram tikə yemirəm, yemərəm də!” deyib,
başını bulamağa başladı”. Söhbətə
müdaxilə edib, "pulunu vermişəm əmi, narahat
olmayın”, desəm də o, məni eşitmirmiş kimi qəpikləri
vitrinin qarşısındakı stola atıb dükandan
uzaqlaşdı…
Dolanbanc, palçıqlı yollarla nimdaş
geyimli, ayaqyalın bir kişi gedirdi. Səfalətin
acısında qoynunda gizlətdiyi bükülünün
qoxusunu bərəlmiş gözlərinin
işığında isidirdi...
Təranə
Fazilqızı
Kaspi 2018.- 13-15 oktyabr.- S.23.