Son nəfəsimə qədər filmlərə çəkilmək istəyirəm

  Həmsöhbətimiz Türkiyə kinosunun əfsanə qadını Türkan Şoraydır. "Qara qız”, "Sultan ləqəbləri” ilə çağırılan Türkan Şoray 1945-ci il iyun ayının 28-də dünyaya göz açıb. Atası Xalid Şoray Dövlət Dəmiryol İdarəsində məmur, anası Meliha Şoray isə evdar qadın olub. Bacısı Nazan Şoray aktrisadır. İki dəfə nişanlanıb ayrılan Türkan Şorayın ilk evliliyi 1962-ci ildə olub. Bu evlilik 1982-ci ildə başa çatıb. Aktrisanın ikinci evliliyi 1983-cü ildə aktyor Cihan Ünalla olub. 1987-ci ildə isə onların yolları ayrılıb. Türkan Şorayın bu evlilikdən bir qızı var. Aktrisa 1960-cı illərdə oynadığı filmlərlə tanınmağa başlamış, 1964-cü ildə çəkildiyi "Acı həyat” filmi ilə məşhurlaşmağa başlamışdır. Bu filmə görə Türkan Şoray Antalya film festivalında "Ən uğurlu qadın oyunçusu” mükafatına layiq görülüb.

  – Evinizin qapılarını üzümüzə açdığınıza görə təşəkkür edirəm. 

  – Mən təşəkkür edirəm. Sizi evimdə görməyə çox şadam.

  – Filmdəki Türkan Şorayı hər kəs tanıyır, həyatdakı Türkan Şoraydan bəhs etməyinizi istərdim.

  – Əslində, ölkəmdə mənim filmdən kənardakı həyatımı da çoxları bilir. Çox sadə həyatım var. Günlərim daha çox evdə keçir. Allahın mənə bəxş etdiyi qızım var. Onunla fəxr edirəm. Bu evdə onunla birlikdə yaşayırıq. O, ali məktəbdə təhsil alır, mən ssenarilərlə tanış oluram, belə bir həyat yaşayırıq.

  – Məşhur olana qədər çox çətin günlər keçirmisiniz, yoxsulluq görmüsünüz, pulsuz qaldığınız günlər olub. O günlərə qayıdaq bilərikmi?                                                                      

  – Kinoya gəlişim nağıllardakı kimi olub. Filmə çəkilməyi, aktrisa olmağı heç ağlıma da gətirməzdim. Amma bir gün təsadüfən film çəkilən bir yerdə oldum, orada məni görən rejissorlar film təklifi etmək üçün evimizə gəldilər. O vaxt atamla-anam ayrılmaq ərəfəsindəydi. Atam çərkəzdir, anamla Türkiyədə tanış olub, ailə qurublar. Onlar ayrılanda mənim on iki yaşım var idi.  Biz atasız böyüdüyümüz üçün çətin günlər yaşadıq. Nənə-babamın himayəsində böyüdüyüm üçün anamla çox az zaman keçirə bilirdim. O sıxıntılı günlərimizdə mənə film təklifi gəldi. Filmdə təklif olunan qonorar yüksək olduğuna və mənə filmdə oynamaq cəlbedici gəldiyinə görə anamı razı salmağa çalışdım, anam da film təklifini qəbul etməyimə icazə verdi. İlk dəfə filmə çəkiləndə 14 yaşım var idi.

 

  – O vaxtdan bəri sənətdəsiniz...                                                                                          – Şükür Allaha. Allah məni sənətimdən ayırmasın. Son nəfəsimə qədər filmlərə çəkilmək istəyirəm. Allah mənə o gücü, qüvvəti versin. Bilirsiniz ki, aktyorlar ölümsüz olur. Onlar dünyasını dəyişsələr də, çəkildikləri filmlər tarixdə qalır

  – Şöhrətə gedən yolda çox böyük çətinliklərlə qarşılaşdım, hətta xəyanətə belə uğradım, deyirsiniz.

 – Həyatda insanlar bir neçə dəfə xəyanətlə rastlaşırlar. Bu,  bir çox qadınların başına gəlir. Ən dəhşətlisi isə çox sevdiyin insanın sənə xəyanət etməsidir. Təəssüf ki, mən də bunu yaşadım.

  – Bir qadın olaraq kişilərin daha böyük güc sahibi olduğu ölkədə necə özünüzü qəbul etdirə bildiniz? 

  – Özümü qəbul elətdirmək, cəmiyyət arasında özümə bir yer etmək üçün mübarizə aparmışam. Mübarizə aparmadan həyatda heç nəyə nail olmaq olmaz.                                                

  – Ali təhsil almamısınız, filmlərdə rol alarkən zaman-zaman bu sarıdan probelm olmayıb ki?

  – Əslində, kino mənim ali təhsil ocağım oldu. Həyatı, yaşamağın mənasını, insanları tanımağı, dünyanı tanımağı – bütün bunları kinonun sayəsində öyrəndim. Rollarımı canlandırarkən o qəhrəmanların həyatına ortaq oluram, onların dərdini hiss edirəm, niyə bu insanlar o anları yaşayıblar, niyə başlarına bu hadisələr gəlib? Bunları düşündüyün zaman bəzi həqiqətlərin fərqinə varırsan. Yəni illər boyu müxtəlif qəhrəmanları canlandırmaq mənə çox şeylər qazandırıb.                                                            

  – Kinoya yeni gəldiyiniz dönəmlərdə intihar etməyi düşünmüsünüz. Bəlkə də, uğurlu ola bilməmək qorxusu vardı içinizdə.                                                                                         

  – Mən dörd filmimə rejissorluq etmişəm. Rejissorluq çətin bir sənətdir. O zamanlar filmlər çox çətin şəraitdə çəkilirdi. Bir gün o qədər bezdim ki, maşında yol gedərkən dedim ki, bu qapını açıb özümü yerə ataram və canımı qurtarar bu ağır işdən.                                                                                    

  – Kinoya çəkildiyiniz illərdən bəzi qadağalarınız olub...

  – Türkiyədə bir dönəm sosial həyatın tək əyləncəsi kino idi. Televiziya kanalları yox idi, insanlar kütləvi şəkildə kinoteatrlara gedirdilər, çoxlu filmlər çəkilirdi və tamaşaçı kinoda gördüyü qəhrəmanı özü kimi, övladı, qardaşı, sevgilisi kimi qəbul edir, filmdəki bəzi şeyləri həqiqət kimi anlayır, bundan narahatlıq keçirir. Tamaşaçı filmlərdə öpüşmə, açıq-saçıq geyimlərdən narahat olur, bunları görmək istəmirdi. Mən də bu əqidəyə hörmətlə yanaşıram. Çünki, mənim üçün hər şeydən öncə tamaşaçının verdiyi dəyər önəmlidir. Tamaşaçının nə hiss etdiyi çox önəmlidir, çünki mən tamaşaçı sevgisinə çox böyük dəyər verirəm, aramızdakı o bağlantını Allah heç zaman əksik etməsin. Türkiyədə çəkilən bəzi filmlərdə ssenariyə əsasən bu cür səhnələr çəkilirdi. Mən də bunun qarşısını almaq üçün bəzi qadağalar qoydum. Eyni zamanda bəyənmədiyim ssenariləri qəbul etmirdim.

  – Çoxlu filmlərdə rol almısınız. O zaman çəkilən filmlərin çoxu indi tənqid olunur. Sizin bu gün baxdığınız zaman kaş ki, bu filmdə oynamasaydım, dediyiniz filmləriniz olub?

  – 200-dən çox filmdə oynamışam. O dövrdə çəkilən filmlərdə qüsur görmürəm. Hamısı xoş niyyətlə çəkilən filmlərdir. Hər kəs gücünü, məharətini göstərirdi. Hamı gözəl, keyfiyyətli iş görmək üçün çalışırdı. O filmlərə, çox əmək sərf edilib, ona görə də onları tənqid edə bilmərəm.                                                                                              

  – Bir aktrisa kimi arzuladığınız mərtəbəyə ucala bildinizmi?

  – Kinoda mənim tutduğum mövqedən daha üstünü, daha alisi yoxdur. Həyatımı sevə-sevə kinoya həsr etdim. Bundan sonra dünyaya on dəfə də gəlsəm yenə kino aktrisası olaram. Allah çox nadir insana nəsib etdiyi həyatı mənə qismət etdi. Bu həyat Tanrının mənə bir lütfüdür. İnşallah belə də davam edər.

  – Həyatınızın rolunu oynadınızmı?

  – İçimdə çox istədiyim rolu oynamamağımın narahatlığı var. Hər zaman gözləmə mövqeyindəyəm. Daha gözəl, çox gözəl rollar gözləyirəm. Bu günə kimi oynadığım rolları çox bəyənirəm, amma daha çətin rollar istəyirəm.                                                                                

  – Kinoya olan sevginizə şəxsi həyatınızı qurban verdiniz. Bunun üçün peşmansınızmı?                     – Xeyr, çünki dəyər, şəxsi həyatımdan vaz keçməyə dəyər. Çünki qarşılığında mənəvi olaraq o qədər böyük bir mükafat aldım  ki... Xalqla bütünləşmək, sevgi, hörmət görmək, bu çox ali bir hissdir.

  – Xalqın sevgisindən söz düşmüşkən, şəhərdə rahat gəzə bilirsinizmi?                                        – Mən bundan heç narahatlıq duymuram. Əksinə, rahat gəzərsəm, narahat olaram, o qədər məmnunam ki... Küçəyə çıxıb insanlarla görüşmək, onlarla qucaqlaşmaq çox xoşuma gəlir. Adətən, qadınlarla daha çox görüşürəm, məni bağırlarına basırlar, onlar ağlayır, mən ağlayıram. Bu, çox gözəl bir hissdir. Kino aktyoru ilə tamaşaçı arasında bir pərdə var. Müğənnilər konsertlərdə tamaşaçılarla görüşə bilirlər, belə bir şansları var. Ancaq kinoda tamaşaçılar bizi pərdədən görürlər. Ancaq küçəyə çıxdığımız zaman onlarla görüşə bilirik. Ona görə də mən bir yerə getdiyim zaman tamaşaçılarla qarşılaşmağımdan heç narahat olmuram.                                                                                

  – Sizi eynəklə necə tanıyırlar?                                        

  – Bir dəfə çəkilişdə idim. Çəkiliş küçədə olacaqdı. Rejissor dedi ki, yaxşı örtün, səni tanımasınlar, çəkilişimizi rahat edək. Buna baxmayaraq, məni tanımışdılar. Yerişimdənmi, çiynimdənmi, qaşımın ucundanmı, bilmirəm. Bu hal da mənim çox xoşuma gəlmişdi.

 

 

 

 

 

    Yağmur adlı bir qızınız var. Türkan Şoray kimi məşhur bir insanın övladı olmaq ona çətinlik yaradırmı? 

  – O, xoşbəxtdir, mənimlə fəxr edir. Yağmurla bir gün maşında gedirdik, onda onun 7  yaşı vardı. Maşının pəncərəsi açıq idi, insanlar mənə salam verirdilər. Bu zaman Yağmur çox təəccüblənmişdi. Ana, bu insanlar səni hardan tanıyırlar, deyə soruşmuşdu.

  – Qızınızı qayğısız böyütmüsünüz. Sizcə, bu onun gələcəkdə sərbəst yaşamasına mane olmaz ki?      – Avropada təhsil alması onun sərbəst yaşamasına şərait yaratdı. Artıq həyatın çətinliklərinə alışdı. Atası və mən hər zaman onun arxasında mənəvi dəstəkçisiyik. Həyatda olduğumuz müddətdə biz hər zaman onun yanında olacağıq.

  Bildiyimə görə rəsm çəkməyi çox sevirsiniz və bu sizə rahatlıq gətirir?                                      – Uşaqlıqdan rəssamlıq istedadım var idi, zaman-zaman da rəsm çəkirəm. Rəsmlərimdən ibarət bir sərgi təşkil etməyi düşünürəm. 

  – Həyatda çox şeyə nail olmuş bir xanımsınız. Bundan sonra Allahdan nə istəyərdiniz?

 – Həyatda hər şey müvəqqətidir, mən bunu yaxşı dərk edirəm. Önəmli olan o anı yaşamaq, o xoşbəxtliyi yaşamaqdır. Sağlam olmaq, qızımın sağlam olmasını, onun çox gözəl günlərini görmək istəyirəm. Məsləyimdə daha gözəl filmlərdə rol almaq ən böyük istəyimdir.                                                                                            

    İllər öncə Azərbaycanda olan Türkan Şoray Azərbaycanla bağlı xatirələrini də dilə gətirdi.           – Azərbaycanda gördüyüm sevgini heç bir zaman unutmayacağam. O insanların isti baxışlarını, sevgilərini unutmaq mümkün deyil. Yenidən Azərbaycana getsəm əminəm ki, eyni böyük sevgi ilə qarşılanacağam. O açılan süfrələr, yeməklər... Aradan 20 il keçməsinə baxmayaraq o ləzzətli yeməklərin dadı hələ də damağımdan getməyib. Azərbaycanlılar qonaqpərvər insanlardır. Azərbaycan xalqına bütün ürəyimlə sevgilərimi göndərirəm. Sizləri çox sevirəm. Hamınızı ürəyinizdən öpürəm.                                                                             

 Söhbətləşdi: İntizar İsmayıl

 Kaspi  2018.- 13-15 oktyabr.-  S.19.