NURƏNGİZ GÜNÜN AĞ QANADLARI

Oçerk

Dünyada gözəl qadın az deyil. Xüsusən qadın gözəldirsə və intellektə malikdirsə, onda bu, çox nadir uzlaşmadır. Bir qadının gözəl və ağıllı, üstəlik istedadlı olması isə sözün əsl mənasında təbiətin unikal hadisəsidir.

Mən bu oçerkimdə bax belə bir unikal insandan bəhs etmək istəyirəm. Xüsusilə ona görə ki, rus dilli oxucular təəssüf ki, onun yaradıcılığına demək olar ki, bələd deyillər.

Bu günlərdə Azərbaycanın ədəbi ictimaiyyəti mərhum şairə, nasir, ssenarist Nurəngiz Günün (Quliyeva) 80 illik yubileyini qeyd edir. Bu münasibətlə ədəbi-bədii jurnallarda, qəzet və saytlarda onun şeirlərindən seçmələr çap edilir, Yazıçılar Birliyində şairənin xatirəsinə həsr olunan yaradıcılıq gecəsi keçirilib, televiziya kanallarında bu tarixə həsr edilən filmlər nümayiş olunub.

Özünə Gün (gün, günəş) ədəbi təxəllüsünü götürən, çoxsaylı oxucularının yaddaşında yaradıcı azadlıq və müstəqillik rəmzi kimi qalan Nurəngiz xanım kimdir?

Nurəngiz xanım 1938-ci ilin 21 sentyabrında Bakıda ziyalı ailəsində doğulub. Ailəsinin tarixçəsi Stalin repressiyasının amansız epoxasına xas olan digər nümunələr kimi faciəlidir. Nurəngiz Gün - Qulubəyovlar ailəsindəndir (sovet dövründə bu "narahat” soyadı neytral "Quliyeva” ya dəyişməyə məcbur olmuşdu). Şairənin, dövrünün məşhur həkimi, taun xəstəliyi ilə mübarizə aparan, xəstələri təmənnasız müalicə edən, Hüseyn Cavidin və Nəriman Nərimanovun dostu olan babası 1917-ci ildə bolşeviklər tərəfindən öldürülüb.

1937-ci ildə isə ailəsini əslən təbrizli olduqları üçün İrana sürgün edirlər. Təkcə ailənin kiçik qızı olan Nurəngiz Günün anası Bakıda qalır. Çünki o, artıq nişanlı idi. Nurəngiz xanımın dayısı - Ağa Səlim Hacızadə 1946-cı ildə Bakıya qayıdır. Lakin talehsizlik ailədən əl çəkmir. O repressiya olunaraq Sibirə sürgün edilir və orada həyatını itirir. Nurəngiz Günün digər dayısı - İranda məşhur rəssam olan, əsərləri ABŞ-da, Avropada sərgilənən Ağa Kərim Hacızadə bütün həyatı boyu vahid Azərbaycan ideyası uğrunda mübarizə aparmış, əqidəsinə görə dəfələrlə şahın zindanına salınmışdır. O, ömrü boyu Cənubi Azərbaycanla Şimal arasındakı sərhədlərin yıxılacağı günün ümidi ilə yaşamış, ancaq həmin işıqlı günü görmək ona qismət olmamışdır. Sərhədlərin açılmasına bir-neçə gün qalmış vəfat etmişdir. Bütün bu yaşananlar, ailə dramı sonralar Nurəngiz Günün yaradıcılığında təbii ki, öz əksini tapacaqdı.

Nurəngiz xanım Mirzə Ağa Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir. Onun ilk iş yeri demək olar ki, 15 il ard arda çalışdığı Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsi olmuşdur. Qısa müddət ərzində onu bütün Azərbaycan tanıdı - dinləyicilər əvvəlcə onun səsini, sonra özünü sevdilər.

İri badamı gözləri, incə burnu, topa parlaq qara saçları olan bu xanım, gənc azərbaycanlı qızlar üçün həqiqi bir dəb ikonasına çevrilmişdi. 

Nurəngiz Gün diktorlardan Roza Tağıyeva, Natəvan Hacıyeva, Ofelya Sənani, Rafiq Hüseynov ilə birlikdə Azərbaycan Televiziyasının siması idi. Üstəlik o, təqdim olunan mətnləri mexaniki səsləndirən adi diktor deyildi. O, ”Səadət” qadın proqramından tutmuş "Klassik irsimizdən” kimi bədii-ədəbi layihələrə qədər müxtəlif səviyyəli və məzmunlu onlarla proqramın müəllifi və aparıcısı idi. Təəssüf ki, subyektiv səbəblər üzündən Nurəngiz xanım televiziyadan uzaqlaşmağa məcbur olur.

1979-cu ildən etibarən o, bitirdiyi doğma təhsil ocağında səhnə danışığı müəllimi kimi çalışmağa başlayır. Ancaq Nurəngiz Gün institutda çox az işləyir, kafedra müdiri ilə fikirləri düz gəlmədiyindən 1984-cü ildə oranı tərk edir. Xoşbəxtlikdən həmin dövrdə o, artıq istedadlı ədəbiyyatçı kimi tanınırdı. 80-ci illərin əvvəllərində onu o zamanın bəlkə də ən nüfuzlu təşkilatı olan SSRİ Yazıçılar İttifaqına qəbul edirlər. Daxilən azad, düşüncələrində müstəqil olan bu istedadlı qadın bütünlüklə özünə doğma olan poeziya dünyasına köklənmişdi. Bu dünya onun pənahgahı, sığınacağı, dualarının evi, bütün həyatının mənasına çevrilmişdi. Elə buna görə də onun bir çox məhrəm şeirlərinin duaya bənzəməsi təsadüfü deyil.

Maraqlıdır ki, Nurəngiz Gün ədəbiyyata nəsrlə gəlib. 1981-ci ildə "Ulduz” jurnalının 4-cü sayında onun «Tanrı - bəşər övladıdır» povesti çap olunur. Daha çox poemaya oxşayan bu povestin ana xəttini bir neçə cümləylə nəql etmək çox çətindir.

Tanrını  - əsərin qəhrəmanını - onun atası uşaqlıqda bu adla çağırıb,  əslində isə qızın adı Məryəmdir. Hədər yerə demirlər ki, insanın adında onun həyat kodu proqramlaşdırılıb. Belə ki, Tanrı adlandırılan, adının mənası müqəddəslik rəmzi olan Məryəm adlı qız özünün ən xoşbəxt anları hesab etdiyi  uşaqlıq xatirələri ilə yaşayır. Artıq böyüyən və öz balaca qızı ilə kəndə - bir zamanlar bibisinin yaşadığı evə gələn Məryəm anlayır ki, uşaqlıq lövhələrindən heç bir iz qalmamışdır.  Bu yetmirmiş kimi, üstəlik bibisinin evində şər və haqsızlıqla qarşılaşır. Məryəm təbiəti etibari ilə mübariz deyil. O, çox kövrək və zərifdir, öz romantik dünyasında yaşayır. Ancaq lazım gələrsə insanların amansızlığına qarşı çıxa bilər, bəşər övladı olan Qınıq adlı kiçik qulluqçu qızı həyata qaytarmaq üçün güclü ola bilir.

Bu povest, Nurəngiz Günün oxumaq nəsibim olan digər nəsr əsərlərində, məsələn "Qırmızı gecə” povestində də olduğu kimi, sanki nəsirlə deyil, nəzmlə yazılmışdır. Bu əsərlər ahəngli, təsirli, yuxu ilə gerçəyin, keçmişlə bu günün, romantik xəyallarla xatirələrin qarışdığı poetik şeirlərə bənzəyir.  Bu povest və hekayələrdə heç də həmişə fərəhli işlərdən söhbət açılmasa da, onlar sehrli nağıllara bənzəyir. Nurəngiz Günün Qınıq adlı "zoluşka” haqqında yazdığı povest eynən sehrli nağılların sonluğunda olduğu kimi bitir - göydən üç alma düşür…

Nurəngiz Günün povest və hekayələri, hələ  gənc yaşlarında qələmə alınmasına baxmayaraq, Azərbaycan dilinin zənginliyi ilə heyran edir. Xüsusilə "Tanrı bəşər övladıdır” povesti yalnız müəyyən bir reqionun əhalisinə xas olan dialektlərlə, arxaizmlərlə diqqət çəkir. Əsərdə hər personaj öz dilində danışır. Danışığından, hətta dialektindən həmin personajın  xarakterini anlamaq mümkündür.

Uğurlu başlanğıca baxmayaraq, Nurəngiz Gün nəsrdə öz təcrübəsini davam etdirməyib və ona əsl məşhurluq və çoxsaylı oxucu sevgisi qazandıran poeziya ümmanına tamamilə qərq olub.

Qəfəsdə bülbül…

…Nurəngiz Gün poeziyaya XX əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəlində gəlmiş olsa da,  əslində onun yaradıcılığı mahiyyəti etibariylə sovet «altmışıncılarının” böyük humanizm ənənələrinin daşıyıcısı kimi üzə çıxırdı. O, bir çox şeirlərində poeziyasının əsas məğzi olan insanlığa sanki himn tərənnüm edir.

İnsandır düşüncəm də,

nəfəsim də.

İnsandır nəğməm də,

titrəyən səsim də…

İnsanlarsız nə dəniz, nə sahil,

nə qaya?

İnsanlarsız nəyə lazımsan,

dünya?

Bu sətirlər Oljas Süleymanovun «Torpaq, insana təzim et!» adlı məşhur poeması ilə səsləşir. 

Nurəngiz Gün öz şeirlərində günəşə, işığa əbədi himn oxuyur. Təsadüfi deyil ki,  onun «Gün» təxəllüsü də elə işıqlı həyatın başlanğıcının ifadəsidir.

Kölgə sözü yaddır mənə.

Heç kəsin kölgəsində

yorulub qalmamışam.

Kölgəsində itmərəm heç kəsin.

…1980-ci il. Şairə gündəlik həyatın buxovlarından, şəhərin səddlərindən və keşməkeşlərindən xilas olmağa çalışır. Axı o nə vaxtsa meşədə ağac olub və günlərin birində təbiətin ağuşuna qayıdacaqdır («Bir zaman ağac idim»). Nurəngiz xanım qəfəs bülbülü alır ki, onu azad etsin və quşu bu sözlərlə açıb buraxır:

Uç, uç!

Geniş ormanlar yaxşıdır.

Baxma ki, pələngi, aslanı var.

Uç, uç!

Ormanlar bir yaşıl nağılın yağışıdır...

Pulum çatdı

               bu biricik qəfəs azadlığına.

Və əgər,

İşdi-şayəd,

           pulum daha çox olarsa,

onda açıb buraxacam

dünyadakı

bütün

        haqsız

               qəfəs düçarlarını!

Ümumiyyətlə Nurəngiz Gün şeirlərində ağaclarla, meşəylə, quşlarla və heyvanlarla sənli mənlidir, azad küləyə, çağlayan okeana qaynayıb-qarışmışdır. O, gecənin nəhayətsiz və boş qaranlığı ilə danışır, gələn günü salamlayır, həyat verən Günəşə dua edir. Şairənin «Qaçıram» adlı şeiri isə, əsil azad insan kredosunu, şərəf kodeksini ifadə edir.

Boş haylardan

haraylardan,

təmtəraqlı

otaqlardan, -

saraylardan qaçıram!

Yersiz gülüşlərdən,

saxta, yaltaq öpüşlərdən

qazanc güdən,

söz üyüdən

görüşlərdən qaçıram!

Əli baltalı qollardan

dolam-dolaşıq yollardan,

boş küylərdən,

kələklərdən qaçıram!

 Şairə insan qərəzinə, ədalətsizliyə yer olmayan, səmimi hisslərin hökm sürdüyü öz dünyasında xoşbəxtdir. Diqqət edilməli olan bir məqam da ondan ibarətdir ki, bütün bu və digər şeirlər, 80-ci illərin əvvəllərində, daha doğrusu, bir çox ədəbiyyatçıların partiya və hakimiyyətin tapşırıq və sifarişiylə yazdığı sovet dövründə çap olunan «Ağ qanadlar» adlı şeirlər kitabında yer alıb. Nurəngiz Gün həmişə məhz qəlbinin, ruhunun hökmü ilə yaradıb. O, həyatda da poeziyasında olduğu kimi idi - təmtəraqlı sözlərdən, təriflərdən qaçırdı, saxtakarlığa və qeyri-səmimiliyə nifrət edirdi. Şairə özünün bütün asan olmayan həyatı boyu özü olmaq haqqını qazanmışdı…Əlbəttə, Nurəngizin əksər şeirlərinin lirik qəhrəmanı - o, özü, onun fikir və yaşantıları, qorxu və həyəcanları, həyatdan köçən valideynlərinin həsrəti, onu bu gözəl dünyaya bəxş edən anasına minnətdarlığı, böyüməkdə olan qızıdır. Eyni zamanda, Nurəngiz Günün poeziyasında vətəndaş lirikasının nümunələri, yüksək vətənpərvərlik hissini tərənnüm edən şeirlər, doğma vətənə və torpağa məhəbbət nümunələri yetərincədir. O, öz nəslinin istedadlı şairləri kimi Ezop dilində də danışmağı bacarır. Bu mənada «Döngəli dalan» şeirini qeyd etməliyik. Şeirdə, ona hücum edən hörümçəklərin, həşəratların və digər bu kimi ikrah doğuran obrazların arxasında əslində real insan surətləri dayanır. O, yaltaqlığa, simasız cahillər xoruna qarşı çıxır, onlara gülür, əl-ələ verib bu zorakılığa və pisliyə qalib gəlməyi bacaracaq vicdanlı, ləyaqətli, vətənini sevən ərləri köməyə çağırır.   

80-ci illərin ortalarında və sonlarında Nurəngiz Günün poeziyasında daha çox tənqidi notlar eşidilir. Hədər yerə deyil ki, o, «Mən gülürəm» adlı şeirini böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirəsinə ithaf etmişdir. Bu o zamanlar idi ki, dünənki kütbeyinlər, cahillər ön plana çıxaraq meydanları və stadionları doldurmuşdular, hakimiyyətin zirvəsinə qalxmışdılar - bir sözlə köpüklər ictimai həyatın səthinə yüksəlmişdilər.  Nurəngiz Gün də öz şeirlərində bu nizamsızlığa etiraz edir, bu ağılsız xora qoşulmamaq üçün xilas olmağa çalışır, özünü evinin sakitliyində ağ vərəqlər arasında gizlədir. Bunun özü də özünəməxsus bir etiraz formasıdır. Şairə həmin dövrün reallıqlarıyla barışmır, sovetlərin sonunun gəldiyi xəbərini imperiya dağılmazdan çox  illər əvvəl şeirlərində sanki xəbər verir.

 

«Pələng yuxusu», «Ehtiyat», «Açıq söhbət», «Öz aramızda qalsın» və xüsusən «Qəfəs respublikaları» kimi şeirlərində, o, hansısa qüvvəni (yəqin ki, «böyük qardaşı») bütün qəfəslərdəki quş və heyvanları qəfəslərdən açıb azadlığa buraxmağa çağırır. Bu şeir 1986-cı ildə, hələ Qorbaçov «yenidənqurma»sının ilk küləklərinin əsdiyi vaxtlarda yazılsa da, bir neçə il keçəndən sonra - ölkədə senzuranın bir qədər zəiflədiyi zamanlarda işıq üzü görə bilmişdir.

Xocalı simfoniyası

90-cı illərdə Nurəngiz xanımın yaradıcılığında amansız düşmənin təhqir və talan etdiyi torpaqlarımızın motivləri qabarıq şəkildə səslənirdi. Xalqının başına gələnlərdən hədsiz sarsılan Nurəngiz Gün özünün şedevrini - "Xocalı simfoniyası" poemasını yaradır. O, hələ sovet dövründə, özünə xas olan romantik, lirik-dramatiik ruhda hərbi-vətənpərvərlik mövzulu şeirlər yazırdı. Belə ki, 1981-ci ildə Nurəngiz Günün "Salamat ol, Ağca yol" adlı poeması çap olunmuşdur. Böyük Vətən müharibəsinin özü ilə gətirdiyi faciə, 40 il oğlunun müharibədən qayıtmasını gözləyən ananın obrazında göstərilir. Poema 20-ci əsrin 80-ci illərində meydana çıxsa da, təəssüf ki, üstündən 10 və ya 20 il keçməsinə baxmayaraq, aktuallığını itirmir. Əsər bu gün də aktualdır. Çünki Azərbaycanda yüzlərlə, minlərlə ana Qarabağ müharibəsindən dönməyən övladlarının yolunu gözləyir. Nurəngiz Günün poemasının lirik qəhrəmanı kimi, kədər və ümidlə,  gözləyir…

 «Xocalı simfoniyası» poeması – Xocalı soyqırımı mövzusunda yazılan ilk bədii əsərdir və əgər belə demək mümkündürsə şairənin ürəyinin qanı ilə yazılıb. O, gah xristian allahına müraciət edir, gah da çox sevdiyi Məryəm anaya belə bir dəhşətli cinayətin törədilməsinə necə yol verdiklərini sual edir:

 

Ah! Boğulur, cocuqlar,

Yorulur torpağın altında

                         Cocuqlar!

Əlləri, qolları yorulur…

Heç bir şey anlamır, Cocuqlar!

Cocuqlar top-top oynamaq istəyir,

torpağın altında.

Cocuqlar bir təhər ovunar

havasız…  nəşəsiz...

torpağın altında…

O! Məryəm!...

Ancaq ki, ana məməsi istəyir körpələr torpağın altında!

Heç bir şey anlamır İnqalar!..

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

Nurəngiz Günün Xocalı soyqırımının qurbanlarına anım fəryadı insanı qəlbinin dərinliklərinə qədər sarsıdır, oxucunu uzun müddət tərk etmir, mənəvi iztirab keçirməyə vadar edir. Əsil sənət əsərlərinin yazılmasının məqsədi də elə budur.

Bu poema demək olar ki, ölkənin bütün əsas telekanalları tərəfindən ekranlaşdırılıb. 2011-ci ildə isə «Xocalı simfoniyası» Azərbaycan televiziyasında sənədli-publisistik film kimi yeni həyat qazanıb…

Apar məni, apar, apar…

XXI əsrdə onun yaradıcılığında yeni motivlər  görünməyə başlayır - bunlar, hər şeydən əvvəl qardaş Türkiyə, Şimali Kipr mövzusu, hədsiz sevdiyi Nazim Hikmətə həsr etdiyi poemadır. Nurəngiz xanımın poetik dili mürəkkəbləşir, dərin obrazlılıq ortaya çıxır, şairənin özünün yaratdığı neoloqizmlər diqqət çəkir. Nurəngiz Günün yaradıcılığının bu xüsusiyyəti və ümumilikdə bütün yaradıcılığı dərin təhlilə və tədqiqə möhtacdır. Yeri gəlmişkən, sevindirici haldır ki, onun ədəbi irsi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda xüsusi dissertasiyaların mövzusuna çevrilmişdir.

Türkiyədə Nurəngiz Günün yaradıcılığı populyar və sayqın olmuşdur.  O, 1992-cü ildə TÜRKSOY-un Ankarada keçirilən ilk qurultayında Azərbaycanın ilk və yeganə təmsilçisi kimi iştirak etmişdir. Azərbaycanda və Türkiyədə «Kuzey Kıbrıs rüzgarları» poeması yayınlandıqdan sonra isə Şimalı Kipr Respublikasının Prezidenti Rauf Denktaş tərəfindən hörmətlə qəbul edilmişdir. Onun şeirləri Türkiyənin nüfuzlu jurnallarında çap olunmuş, çox sayda  qəzetlərdə dərc edilmiş, Türkiyə televiziyasının ekranlarından səsləndirilmişdir. 2014-cü ildə Nurəngiz Gün Türkiyənin ən nüfuzlu mükafatlarından birinə – «Türk ədəbiyyatına xidmətlərinə görə» mükafatına layiq görülmüşdür.

Nurəngiz Günün dili – çoxobrazlıdır, alliterasiyalı, ahənglidir. Onun sətirlərini rus dilinə çevirmək bir o qədər asan deyil. Tərcümədə bəlkə də oxucuya yalnız mənanı çatdırmaq olar, ancaq onun şeirlərinin musiqisini çatdırmaq demək olar ki, mümkünsüzdür. Məsələn, bu sətirləri necə çevirəsən? 

Ən çox qısqandığım

Anlayıb, anlatdığım şey:

Bir ulu eşq!

Bir həzin səsli ney,

bir də

Quzeylərin dərdindən

xəbərsiz

Güney.

Gün, ey!...                                   

Nurəngiz Günün yaradıcılığı haqqında çox yazılıb və deyilib. Onun haqqında Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi məşhur şairlər, Vaqif Yusifli kimi görkəmli tənqidçilər, İsa Həbibbəyli, Teymur Kərimov, Nizami Cəfərov, kimi böyük alimlər yazıblar. Onlar şairəyə Azərbaycan poeziyasına gətirdiyi mövzu və obraz zənginliyinə, bəyaz şeirin ən  yaxşı ənənələrini, böyük Rəsul Rzanın ənənəsini qoruyub inkişaf etdirdiyinə görə, heç bir zaman kimsənin qarşısında əyilmədiyinə, ən sərt dönəmlərdə belə,  axına qarşı gedərək, yüksək Şair adını ləkələmədən yaşadığına görə minnətdarlıq ediblər. Yeri gəlmişkən mən, Nurəngiz Günün poeziyasını dünya ədəbiyyatına bəyaz şeirin öncül nümayəndələri kimi daxil olmuş Marina Svetayeva, Bella Axmadulina kimi böyük Rus şairələri ilə müqayisə edərdim.

Nurəngiz Günün özünəməxsus manifestinə çevrilən "Yol gedirəm”şeiri  onun poeziyasının pərəstişkarları arasında bəlkə də məşhur və sevilən şeirlərindən biridir.

 

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı...

Yol gedirəm, yorulanadək.

 

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdir... varım-yoxum

Yol gedirəm, saplağından qırılanadək.

 

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası,

Başımda məğlub eşqim

Yol gedirəm, sinəm qaralanadək.

 

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

 

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm və titrəyişim...

Yol gedirəm, yol olanadək.

 

Bax belə, Nurəngiz Gün başını dik tutaraq, qürurla öz yolunu getdi, poeziyanın üfüqlərində parlaq ulduz kimi əbədiyyətə qovuşdu. Prezidentin fərdi təqaüdçüsü, çoxsaylı beynəlxalq mükafat və diplomların laureatı olsa da, hansısa xüsusi titulların sahibi olmadı. Təəssüf ki, buna ömrü vəfa etmədi... Xalq şairi adını almağa sayılı günlər qalmış gözünü əbədi yumdu... Lakin xalqın sevimlisi olmaq titulunu sağlığında qazana bildi. Nurəngiz Gün  Azərbaycan poeziyasına onun  layiqli və parlaq nümayəndələrindən biri kimi daxil oldu. Əminəm ki, Nurəngiz Gün poeziyasının anlamı, onun poetik söz xəzinəsinə bəxş etdiyi töhfələrin dəyəri getdikcə daha çox dərk ediləcək və o, Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşayacaqdır. 

Elmira Axundova

Azərbaycanın Xalq yazıçısı

Kaspi  2018.- 13-15 oktyabr.- S.15-16.