Transestetik vəziyyət üçün rekviyem

 "Şəbi-Hicran" kitabının müzakirəsi

Ülvü Babasoy

Arkaspi.az "Müzakirə” adlı layihəyə start verir. Layihə müddətində ədəbiyyatşünasların yeni çıxan əsərlər barədə məqalələri dərc olunacaq. Layihənin məqsədi yeni nəşr edilən kitabları oxucuların diqqətinə çatdırmaqdır. Müzakirə olunacaq kitab yazıçı Əlabbasın "Şəbi-hicran” hekayə və povest kitabıdır. Ədəbiyyatşünaslar kitabdakı 4 hekayə –"Gəlin”, "Qul, "Ovçu”, "Arvanada dəfn” hekayələrini təhlil edəcəklər. Bu layihədən ədəbi tənqidçi Ülvi Babasoyun "Transestetik vəziyyət üçün rekviyem” məqaləsini təqdim edirik:

  Yüksək texnologiyalar dövründə istənilən bir orqanizm, sistem, şəbəkə bütün neqativ elementləri ilə çevrilmə hadisəsi yaşaya bilər. İnsan bədəni sadə, müdafiəsiz elementlərin tərkibinə çevrilərsə, virus öz aktivliyini artırır. Fiziki və pataloji xəstəliklərdən doğan fraktal, rəqəmsal vəziyyət mənəvi ekologiyanı da pozur. Çünki kompüterlər, elektron maşınlar bir abstraktlaşdırma prosesinə, virtual maşınlar və ruhsuz bədənlərə rəvac verir.  Viruslar forma və məzmuna eyni anda təsir göstərir. Klassik tibb bədəni bir forma kimi deyil, formul olaraq hazırlayan epidomoloji patologiyaya qarşı artıq heç bir şey edə bilmir. Xərçəng xəstəliyi genetik quruluşu yaxşı işləməyən orqanizmlərdə öz əksini tapır. Kompleks şəkildə bir xəstəlikdir xərçəng. Mediatik populizm, yalan vədlər və məişət qayğıları ilə formalaşan aqressiv və depressiv cəmiyyətin hiperreal vəziyyətidir bu. Əlabbasın əsərlərində məkan psixologiyası həmin aqressiv və depressiv cəmiyyətin üzvü olan təhkiyəçinin  pessimist ovqatlı nitqində əks olunur.

 Əlabbasın hekayələrində interpsixologiya mənəvi tarazlığı pozulmuş, patoloji səviyyədə nevroza çevrilən xarakterlərin yaradılmasına şərait yaradır. "Arvanada dəfn”, "Qul”, "Gəlin” və "Ovçu” hekayələrində təsvir olunan məkanlar eyni forma və məzmunu bölüşür. "Ovçu” hekayəsində həbsxana, qəsəbə həyatının monotonluğu, şəhərdəki korrupsiya, insan alveri və həyatı, yaşamaq haqqı əlindən alınan Əfrayılla Sənubərin əldən çıxan, puç olmuş gəncliyi dərin psixologizmə əsaslanan səhnələrlə zəngindir. Əfrayıl 50 yaşında nə geri qayıda bilir, nə də ki, gələcəyə ümidlidir. Eləcə baş girələyir. Ona vəd olunan pullar haqqında düşünmək də, ev-eşik almaq xülyası da təsəllidir. Hər şeyini itirmiş bir insanın ovunmaq, unutmaq və unudulmaq istəyidir. Əfrayıl özünü, sevdiyi qadını və çərlədib öldürdüyü atasını unutmaq üçün hər yola əl atır. Pulla başqasının yerinə həbs yatmaq, insan öldürmək Əfrayıl üçün özündən və reallıqdan qaçışın mutantlaşmış formasıdır. Əsərin açıq, publisistik məzmunda nəql edilən hissələri isə estetik simmetriyanı pozur. Ancaq hekayənin sonlarına doğru müəllif bu metoddan üz döndərir. Təsvir və təhkiyə çıxılmaz vəziyyətdə qalan, arzu illüziyalarında can verən Əfrayılın mənəvi orqanizmində xərçəngin yarandığını göstərən səhnələrə yönəlir. Təsvirin bütövlüyü mətnin semantik əhatə dairəsini genişləndirir: Qanunun, dürüstlüyün və demokratiyanın yerini anarxiya alarsa, fərdlər kütləvi bir deqradasiyanın kəskin simptomları qarşısında tab gətirə bilməz. Əlabbas "Ovçu” hekayəsində belə dəqiq və həqiqət duyğusu ağır və cəsarətli olan vəziyyəti sənətə, bədii sözə çevirə bilir.

 "Gəlin” hekayəsində əri Veys həbsdə, qayınatası Fəzl xəstə yatağında olan gəlinin həyatında baş verən mənəvi dəyişiklik təsvir edilir. Veys qumara qurşanandan sonra evindən xəbəri olmur. Ailəsini və hətta özünü  unudur. Daha sonra həbsə düşür. Fəzl kişi isə bir müddət sonra vərəm xəstəliyinə yoluxur. Həmçinin nəvələri də Fəzllə birlikdə vərəm olur. Gəlin üçün tək əlac özgə yollara əl atmaqdır. Nəhayətdə Fəzl utancından başıaşağı və dişini dişinə sıxıb xəstə yatağında ömür çürüdür. Başını dik qaldıra bilmir. Əlabbas gəlinin düşdüyü vəziyyəti  çaparaq bir üslubda nəql edir. Gəlinin pis yola düşməsi üçün ciddi səbəb var. Övladını xəstəliyin məngəsənəsidnən xilas etmək istəyi. Ancaq səbəbə  qədər olan səhnələr bütöv təsvir, dialoq və təhkiyəyə əsaslanmır. Daha çox xarakteristika, məlumat səciyyəlidir. Gəlinin özü üçün təsəllilər uydurduğu səhnələr isə güclü psixoloji detallarla bütöv, tam məna estetikası ilə yaradılır. Səhnənin şok effekti həqiqətin eybəcər bayağılığıdır. "Gəlin” hekayəsində də qaranlıq, ümidsiz və ruhsuz bir toplumun məkanı, həyat mərtəbəsi mövcuddur.

 "Qul” hekayəsinin qəhrəmanı Tahir də ovçu Əfrayıl kimi "gözlə görünən tanrının” – pulun qurbanıdır. Daha doğrusu, dürüstlük və təmiz vicdan ona baha başa gəlir. Rüşvət və al-verin olduğu bir təhsil mühitində işləyən Tahir müəllim şər-böhtan, şantaj, hədə-qorxu ilə işdən uzaqlaşdırılır. Əlabbas demək istəyir ki, Tahir müəllim kimi ziyalıların yerini əqidəsiz işbazlar tutur. Cəmiyyət ziyasız, işıqsız adamlarla dolub-daşır. Tahiri ən iyrənc yollarla təhdid edirlər. Onu ailəsi, arvadı ilə qorxudurlar. Artıq işsiz qalan Tahir qul bazarına üz tutur. Hər gün bir ümidlə qul bazarına gələn insanların ümumi vəziyyəti şeiriyyətli, duyğulu bir üslubda təsvir edilir. Onları bu günə salanlar isə villalarda, göydələnlərdə kef çəkirlər. Həqiqət duyğusu yenə işə düşür. "Qul” hekayəsi ictimai gerçəkliyi göstərir. Sosial yöndən təhlilə rəvac verir. Janr, struktur və forma baxımından isə  yeni deyil.

 Tahir qul kimi işləməyə getdiyi evin xanımı Gülşənlə qarşılaşır. O Gülşən ki, hələ illər əvvəl onu ilk dəfə görəndə "əgər ərdədirsə, ərdən boşatdırıb, nişanlıdırsa, nişanını qaytartdırıb alacaq, amma alacaq, mütləq alacaq bu qızı”, demişdi. Gülşənin Tahiri qul görkəmində görməsi onun üçün ölümə bərabər olur. Ancaq ehtiyac Tahiri məcbur edir ki, Gülşəndən pul alsın. Ərindən xəbərsiz Tahirə pul verən Gülşən də əlacsızdır. Ömrü hədər olub. Tahir arvadı vəfat edəndən sonra həyatını uşaqlarına həsr edir. Onlar üçün qul bazarına belə gedir. Artıq dövran Gülşənin çopur əri kimilərin dövranıdır. "Qul” hekayəsində Tahir-Gülşən, "Ovçu” əsərində Əfrayıl-Sənubər xətti ümidsizlik bucağında kəsişir. Yazıçının daxili ovqatı, pessimist əhvalı da mətnlərə təsir edir. Əlabbas biblioqrafik cizgiləri mətnə yükləməyi bacarır. Ancaq bəzi məqamlarda təhkiyəçinin hadisə və obrazlar haqqında bədbincəsinə verdiyi məlumat və şərhlər yerinə düşmür. Əsərin dinamikası, temperamenti zəifləyir. Elə məqamlar da var ki, müəllif unikal poetik passajlar yaradır. "Ogünkü görüş onun üçün bütün zamanların iki ən bənzərsiz ətrinə: uzaqdan gələn təzə bişmiş təndir çörəyinin, bir də quraqlıqdan sonra azca yağış üzü görən torpağın iyinə hələ yad nəfəsi dəyməyən ləblərin də ləzzətini qatdı”.

  "Arvanada dəfn” hekayəsində ilkinliyə, təbiiliyə qayıtmaq arzusunun proyeksiyası mövcuddur. Hekayədə yığcam və dinamik hadisələr, təbii və dolğun xarakterlər "emprik təhkiyəçi” tərəfindən nəql edilir. Əlabbasın ən uğurlu mətnlərindən biridir. "Arvanada dəfn” hekayəsinin estetik kəşfi budur: Artıq gözəllik duyğusu, təbii, xətərsiz ünsiyyət və emosional münasibətlərdən doğmur. "Tarixi inkişaf” adlanan yadlaşma, cılızlaşma və ilkin kimlikdən uzaqlaşma prosesindən əmələ gəlir. Həyatın yenilənən idilliyası hər şeyi və hər kəsi özünə tabe edir. Artıq sənətin və həyatın kollektiv və utopik məzmunda arzuladığı reallıq öz yerini əlacsız, ekzistensial eqoizm davasına verib. İndi forma məzmunu əvəz edə bilir. Arvanada bir-iki şil-şikəst, əldən düşmüş qocadan başqa kişi qalmayıb. Dəfn zamanı ölünü qadınlar yuyub-kəfənləməlidir.

 Soy-kökə bağlılıq, valideyn-övlad münasibətlərindəki məhrəmliyin pozulması "ürəyim qalxır” söhbətində gizlənib. Yüksək texnologiya, "Iphone” dövrünün insanlarını qınamaq mümkündürmü? Zaman sürətlidir. Məişət qayğıları həyatın ən zəruri amal və əməlidir. Mühit və şərait hər kəsin başını qatıb. Karyera, pul, şəhərdə olmaq arzusu və  yaşamaq qovğası. Bütün bu işlərin arasında ilkinliyə, gözəlliyə çağıran modern dövrün arxaik məzmunlu, kövrək bir eşq dastanı da var. Xan və Gülgəzin eşq hekayəti. Övladları olmayan Xan Gülgəzə deyir: "Səndən savayı bir şey dilədim ki, o da verməsin”. Tanrıya və sevgiliyə məhrəm və nadir müraciətlərdən biridir.

 Beləliklə, hekayələrin dördündə də yaşamaq üçün əlverişsiz mühitin varlığı hökm sürür. Ancaq müəllifin, sənətin arzusu nizam, gözəllik və harmoniya axtarışıdır. Sənətin estetik bayağılıq kanonlarına salındığı bir dövrdə gözəllik duyğusuna zəruri ehtiyac duyuruq. Əlabbasın "Arvanada dəfn” hekayəsi transestetik vəziyyətə iddiasız, təmkinli etirazdır. Ancaq Əlabbasın hekayələrində var olan dolğun məzmun estetikası fərqli, yeni bədii strukturla əvəz edilmir. Və bu vəziyyət müasir Azərbaycan nəsrində ən ciddi problemlərdən biridir.

 

Kaspi 2018.- 13-15 oktyabr.-  S.11.