Müasir şeirimiz dünya
şeiri ilə ayaqlaşırmı?
Yüksək ədəbi mükafatlar əlimizə
gəlib çatmayanda həm ədəbiyyatçılar, həm
də daha çox oxucular arasında
"biz dünya şairləri kimi yaza bilmirik” fikri səslənir.
Müasir şeirimizin dünya şeiri ilə ayaqlaşa bilməməsi
fikirləri də az deyil. Ancaq poeziya adamlarının özləri,
tənqidçilər "çağdaş şeirimiz
dünya şeiri ilə birgə yürüyür” fikrində
israrlıdırlar.
Tərcümə və piar problemi
Çağdaş dünya poeziyasında yeni
forma və qəliblərin olduğunu deyən «Ulduz»
jurnalının baş redaktoru Qulu Ağsəsin fikrincə,
biz onların bir qismindən istifadə etsək də, bir
qismindən ümumiyyətlə, istifadə etmirik. Amma bəzi
şeir növləri var ki, onlar artıq dünya şeirindən
geridə qalıb: «Biz təbii ki, inteqrasiya baxımından
istər dünya ədəbiyyatına, istərsə də
Avropa ədəbiyyatına, sovetlər dövründə isə
rus ədəbiyyatına sonradan gəlib
çıxmışıq. Tutaq ki, sovet dövründə və
ondan qabaq Rusiyada hansısa cərəyanlar, təmayüllər
yaranırdı və sonra onun əks-sədası gəlib
çıxırdı. Rus ədəbiyyatındakı təmayüllərin
də bəzən Avropadan sızıb gəlməsi başqa
mövzudur. Biz adətən bu prosesə bir az gec qoşuluruq.
Bunun da təbii ki, çox sadə bir izahı var. Azərbaycan
uzun illər müstəqil olmayıb. Bu baxımdan bizim bu kənar
təmayüllərdən, çeşidli cərəyanlardan
o qədər xəbərimiz olmayıb”. Q.Ağsəs məsələdə
dil faktorunu da mühüm amil hesab edir. Belə ki, dünyada
ispandilli, ingilisdilli ədəbiyyat daha çox oxunur və
populyardır. Bu ədəbiyyatlar ümumiyyətlə,
dünya oxucularının və ədəbiyyatla məşğul
olan adamların böyük faizini təşkil edir: "Bizdə
isə həmişə ingilis dili və ya ispan dili ilə
bağlı problemlər olub. Yəni bizə əsərlər
daha çox rus dilindən gəlib çatırdı. Biz ədəbiyyatda
gedən prosesləri daha çox tərcümə əsasında
izləyə bilmişik. Rus dilində olan əsərlər də
yalnız sovet ideologiyasının süzgəcindən
keçənlər olub. Müəyyən müəlliflər
və əsərlər olub ki, sovet ideologiyası onların
rus dilinə tərcüməsinə mane olub. Ya da o əsərləri
yalnız özləri üçün tərcümə edib,
digər respublikalara sızmasına imkan verməyiblər. Son
vaxtlar artıq birbaşa tərcümələr, birbaşa
ünsiyyət forması yavaş-yavaş ayaq
açmaqdadır. Biz artıq ingilisdilli, ispandilli ədəbiyyatla
orijinaldan tanış ola bilirik. Bu cür nümunələrin
orijinaldan tərcüməsini məsələn, «Ulduz»
jurnalında çap edirik.
Əsas odur ki, Azərbaycan poeziya nümunələri
bu söz okeanına yavaş-yavaş çıxmağa cəhd
edir». Baş redaktor inanır ki, bizim ədəbiyyatçılar
başqa ölkələrin ədəbiyyatına müxtəlif
dillərlə çıxa biləcəklər. Bununla belə,
Azərbaycan şeirinin dünyaya çıxmasında problemlərdən
biri də tərcümə məsələsidir: "Gərək
Avropa ölkələrində və yaxud Amerikada Azərbaycanı
sevən, ədəbiyyatımızla maraqlanan, həm öz
dilini, həm Azərbaycan dilini yüksək səviyyədə
bilən, həm də Azərbaycanı sevən elə mütəxəssislər
olsun ki, bizim çıxışımıza
yardımçı olsunlar. Yoxsa özümüz yazıb,
özümüz tərcümə edəndə o qədər
də effektiv olmur. Qarşı tərəfin bizdən
hansı ədəbiyyat istədiyini dəqiqliklə bilə
bilmərik. Mənim qənaətimə görə, o
çıxış nöqtələrini qarşı tərəfdə
axtarmalıyıq. Yəni Azərbaycan tərəfi öz tərcüməçilərini
yetişdirməklə bərabər, həm də Avropa
ölkələrində Azərbaycan dilini bilən, ədəbiyyatımızdan
nümunələri tərcümə etməyə can atan və
bunun heç də ona pulsuz başa gəlmədiyini anlayan
insanlar tapmalı və onlarla əlaqələr
yaratmalıdır». Bu yaxınlarda şeirlərinin
Belçikanın ədəbi saytında tərcümə
edilərək yer aldığını deyən Q.Ağsəs
deyir ki, həmin tərcümələr yazıçı-tərcüməçi
Kamran Nəzirliyə məxsusdur: "Mən çox istərdim
ki, şeirləri qarşı tərəf özü tərcümə
etsin. Məncə, biz dünyaya çıxırıqsa
şeirlərimiz dünya ölkələrinin tərcüməçiləri
tərəfindən tərcümə etməlidirlər. Bu,
çox böyük zəhmət tələb edən
işdir. Biz əgər Almaniyada çap oluruqsa, bu, müsbət
haldır. Ancaq bizim şeirləri alman dilinə orada
yaşayan türk tərcümə edir. Və yaxud
Böyük Britaniyada çap olunuruqsa, orada yaşayan
hansısa türk və ya rus tərcüməçi rus, daha
sonra ingilis dilinə çevirir. Əgər həmin şeirləri
onların n öz insanı tərcümə etsə, bundan
sonra dünyanın o şeirlərə reaksiyasını
gözləmək lazımdır. Əgər indi desək ki,
dünya bizi bəyənmir və ya biz dünyadan yaxşı
yazırıq – bu fikirlər yanlışdır. Müqayisə
o zaman düzgün olar ki, bizi də peşəkar səviyyədə
tərcümə etsinlər və portallarda yerləşdirsinlər.
Avropadakı ədəbi portallar bizim yazdıqlarımızla
tirajlasın. Orda portallar nüfuza görədir.
Təəssüf ki, biz yuxarı liqaya daxil ola
bilmirik. Çünki onlar yalnız dünyanın qəbul
etdiyi insanların yazdıqlarını yerləşdirirlər.
Biz isə həmin imzalar arasında deyilik. Bu, ilk növbədə
tərcümə, piar problemi ilə bağlıdır».
Q.Ağsəs Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatından
heç də geri qalmadığını
düşünür. O mənada ki, Azərbaycan poeziyası həm
tarixən, həm də bu gün kifayət qədər ciddi
çəkiyə malikdir: "Bizim poeziya insan hisslərinin ən
mübhəm nöqtələrinə belə sirayət etməyi
bacarır. Azərbaycan poeziyasının dərinliyi, bizim
sözlə davranma mədəniyyətimiz və ədəbi
alətlərlə işləmək məharətimiz
dünya poeziyasının heç bir nümunəsindən
geri qalmır. Təəssüf ki, biz sadəcə, dünyaya
çıxmağın yollarının həllini hələ
də tapa bilmirik. Bunun üçün həddindən
artıq çox iş görmək lazımdır”. Q.Ağsəsin
fikrincə, "Azərbaycanın
dostları” kimi bir klub yaranmalıdır ki, onun üzvləri
həm dili mükəmməl şəkildə bilsinlər, həm
də özləri də şair olsunlar. Belə ki, kənardan
hər hansı Azərbaycan dilini bilən və sevən
adamı tapmaqla məsələ həll olunmur: "Tərcümə
edənin özü də yaradıcı insan olmalıdır.
Bizim tərcümə olunmağımız böyük əhəmiyyət
kəsb edir. Məsələn, Rəsul Həmzətovun
şeirləri Azərbaycan dilinə o qədər gözəl
tərcümə olunub ki, biz onu öz şeirimiz kimi qəbul
edirik. Hələ sovetlər vaxtında rus poeziyasından
çoxlu şairlər dilimizə tərcümə olunub. Bəs
bizim şeirimizi Rusiyada hansı rus şairi öz dillərinə
tərcümə edib? Elə nümunələr çəkmək
çox çətindir. Və yaxud dünya ədəbiyyatından
Şekspirin poemalarını Azərbaycan şairləri olduqca
gözəl tərcümə ediblər. Ancaq biz deyə bilmərik
ki, bizim «Leyli və Məcnun» ingilis dilində belə gözəl
tərcümə olunub. Belə nümunələr yoxdur.
Şekspirin bütün yaradıcılığı dilimizə
tərcümə olunub. Ancaq Nizaminin poemaları o şəkildə
dünya dillərinə tərcümə olunubmu? Təəssüf
ki, yox. Füzuli dünyada az tanınan Azərbaycan
şairidir. Və ya Mirzə Ələkbər Sabirin bir beyti tərcümə
olunubmu? Yox! Ona görə problemin kökü tərcümədədir.
İnanmaq istəyirəm ki, Azərbaycan ədəbiyyatı
nə vaxtsa dünyada layiqli yerini tutacaq».
Bizim öz yanaşmamız
Yazar Səxavət Sahil hesab edir ki, müasir Azərbaycan
şeirində bir neçə aparıcı xətt var:
"Lakin Müasir Azərbaycan şeirinin zəngin hesab etmək
məncə, düzgün deyil. Mövcud olan bir neçə
aparıcı xətt müasir şeirimzin arealını
müəyyən edir. Deyərdim, hətta məhdudlaşdırır.
60-70-ci illər poeziyasının nümayəndəsi olan
Ramiz Rövşən bu gün də müasir şerimizin sahəsini
"zəbt” etməklə məşğuldur. Hətta bu
gün ədəbiyyata gəlmiş gənc nəsil də onu
təqlid etməklə təzə nəsə
yazdığını düşünür. Belə
olduğu halda bu təqlid müasir şeir adlana bilərmi?”
S.Sahil hesab edir ki, müasir şeirimizdə digər xətt Həmid
Herisçi, Səlim Babullaoğlu və Xanəmirin xəttidir:
"Bunlar da Əli Kərim kimi öz dövrünün
ziddiyyətli qəbul olunan şairləridir. Zənnimcə,
bu şairlərin şeirləri müasir dünya şeiri ilə
ayaqlaşır. Çünki onlar axına qarşı gedərək,
müasir ədəbi tendensiyalara uyğun olaraq öz şeirlərini
yaza biliblər. Müasir dünya şeiri də postmodernist və
ya hansısa yeni "izmdən” çox, yeni düşüncə,
yeni yanaşma və heç bir ədəbi məktəbə,
ədəbi axına qoşulmayan, öz yolunu yaradan şairlərin
əsərləridir”. Yazarın fikrincə, müasir şeir
hər şeydən əvvəl müasir düşüncə,
müasir yanaşmadır: "Kimsə düşünürsə
ki, bu gün Avropada yazılan şeir etalondur, ona uyğun
yazmaq lazımdır, bu, düzgün deyil. Və ya Amerikada
yazılan şeir etalondur, ona uyğun yazmaq lazımdır, bu
da düzgün deyil. Avropanın da, Amerikanın da öz
müasir düşüncəsi, öz müasir
yanaşması var. Bizim də müasir şeir məhz belə
olmalıdır. Müasir dünya şeiri anlayışı
isə konkret nəsə demək deyil”.
Azərbaycan şeri dövründən geri qalmır
"Şeir bir az, daha doğrusu, kifayət qədər
milli hisslərə bağlı hadisədir”- deyən yazar
Aqşin Yeniseyin fikrincə, şeirin bədii
gücünü müqayisədə üzə
çıxarmaq qüsurlu qiymətləndirmə olardı.
Digər tərəfdən, şeir dil hadisəsidir.
Yazıldığı dilin ruhunu, musiqisini, rəngini
özündə daşıyır. Bu da yenə müqayisəni
əngəlləyir: "Ümumi götürdükdə, bu
gün Azərbaycan şeri yalnız bəzi şairlərimizdə
dilimizin müxtəlif qatlarına xitab edir. Buna baxmayaraq,
oxuduğum qədəriylə günümüzün Azərbaycan
şeri heç də öz dövründən geri qalmır.
Məsələn, çağdaş türk poeziyasında məna
artıq öz əhəmiyyətini itirib, şeir dil
oyunları üzərində qurulur, hətta
çağdaş türk şairi bilərəkdən
anlaşılmaq istəmir. Bizdə bu hadisə hələ
baş verməyib, bizim şair mənanın nazı ilə
çox oynayır, dili mənaya qurban verir. Mən bunu
şerimizin çatışmazlığı kimi
görürəm. Yəqin ki, bu mərhələnin də
şairi olacaq, hələ yol gəlir”.
Dünya poeziyası ilə bərabər
Tənqidçi Əsəd Cahangirin fikrincə,
müasir Azərbaycan şeirinin vahid siması yoxdur. O mənada
ki, "bu, Azərbaycan və ya dünya şeiri ilə
ayaqlaşır” demək mümkün deyil: "Həm Azərbaycan
şeirinin, həm də dünya şeirinin qabaqcıl və
bir qədər arxada gələn nümayəndələri
var. Məsələn, müasir Azərbaycan şeirinin ən
fəal nümayəndələrindən birini Həmid
Herisçi hesab edirəm. İstər müasir türk, istər
rus, istərsə də Avropa şeirindən heç bir cəhətdən
geri qalmayan, əksinə, onlardan öndə gedən bir
poeziyanın yaradıcısıdır. Onun şeirlərindəki
qeyri-adi metaforik tapıntılar, rassionalla irossionalın, realla
qeyri-realın vahid nöqtədə birləşməsi, bir tərəfdən
romantik duyğusallıq, bir tərəfdən gerçəklik
və hətta siyasi gerçəkliyin dövrlə
boğuşması, ümumiyyətlə götürəndə
damlada dəryanı və ya dəryanı damlada göstərmək
bacarığı onu müasir türk poeziyasının
maraqlı örnəklərindən birinə çevirir.
Əminəm ki, əgər Həmid Herisçinin təkcə
şeirləri yox, bütün
yaradıcılığını öyrənsəydilər
və Nobel komissiyasının üzvləri ədalətli
olsaydı o, bu mükafata layiq görülməyə haqq edərdi”.
Tənqidçi bizim poeziyamızın təkcə bir nəfərlə
məhdudlaşmadığını da deyir. Belə ki,
keçən əsrin ikinci və birinci yarısında da
poeziyamızın ən yaxşı nümunələri
dünya poeziyasının ən gözəl nümunələri
ilə uyğunlaşırdı: "Məsələn,
Sabirin poeziyası təkcə Azərbaycan yox, dünya satirik
şeirinin əlçatmaz zirvələrindən biridir.
Hüseyn Cavid poeziyası romantik şeirin ən əlçatmaz
zirvələrindən biridir. O cümlədən, sovet
dövründə Səməd Vurğunun poeziyası
ümumittifaq və dünya miqyasında
sayılıb-seçilən poeziya nümunələrindən
olub. 1954-cü ildə SSRİ Yazıçılar
İttifaqının Qurultayında poeziya haqqında məruzə
etmək missiyası məhz Səməd Vurğuna
tapşırılıb. Rəsul Rzanın poeziyası
dünyanın ən müxtəlif dillərinə
çevrilib.
Modern şeirin Nazim Hikmət, Mayokovski, Uolt
Uitmen və digər nümayəndələri ilə adı
yanaşı hallanıb. 20-ci əsrin ikinci yarısından
sonra Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif
Bayatlının yaradıcılığı Azərbaycan
poeziyasının dünya poeziyası ilə bərabər
addımlamaq bacarığını nümayiş etdirib”.
Ə.Cahangirin fikrincə, bugünkü poeziyamızda mərhum
Adil Seyidin poeziyası modern şeirin qabaqcıl nümunəsi
kimi təkcə Azərbaycan deyil, əslində dünya
poeziyasına məxsus hadisədir: "Bir müddət əvvəl
Elçin İsgəndərlinin dərc olunan beşcildliyinin
şeirlər və poemalardan ibarət ikicildliyini oxuyub yaxşı
mənada təəccüb etdim. Azərbaycan şairinin
dünya poeziyasının nümayəndəsi olmaq
nöqteyi-nəzərindən iddiasını yox, həm də
gerçək imkanlarını əks etdirirdi. Bu şeirlərdə
həm Azərbaycançılıq, həm
türkçülük, həm planetarlıq və
qloballıq var. Bütün bunlar onu göstərir ki, Azərbaycan
poeziyası özünün ən qabaqcıl nümayəndələrinin
timsalında dünya poeziyası ilə bərabər
yürüyür. Əminəm ki, bundan sonra poeziyaya gələn
gənclər də bu estafeti qabaqcıl şairlərimizdən
alaraq daha da irəliyə doğru aparacaqlar. Mən öz
poeziyamızın nə bu günündən, nə
keçmişindən, nə də gələcəyindən
o qədər də bədgüman deyiləm. Çünki Azərbaycan
xalqı poeziya nöqteyi-nəzərindən həmişə
zəngin olub”.
Təranə Məhərrəmova
Kaspi 2018.- 13-15 oktyabr.- S.10.