Alim-yazıçının
ömür kitabından səhifələr
Onu Azərbaycan
müəllimlərinin fikir və düşüncə hamisi
də hesab edirlər
Qədim əsatirlərdə, miflərdə və
eləcə də, son zamanlar bir çox aydınların ifadələrində
insanın müxtəlif dövrlərdə başqa-başqa
adlarla, fərqli qiyafələrdə bir neçə dəfə
dünyaya gəldiyi fikrinə rast gəlinir. Onu
tanımasaydım, bənzərsiz bədii
yaradıcılığına, yüksək elmi fəaliyyətinə,
dərin fəlsəfi düşüncəsinə, parlaq zəkasına,
qəlb ovsunlayan söhbətlərinə yaxından bələd
olmasaydım, «bir insan bir neçə dəfə dünyaya gəlir»
fikrinə şübhə ilə yanaşardım. Amma indi məni
daha çox düşündürən budur: ictimai həyat,
xalq, millət, vətən uğurundakı mübarizələri,
zəngin elmi fəaliyyəti və təhsil quruculuğu,
geniş diapazona malik bədii yaradıcılığı,
kinoteatr və s. sahələrdə gördüyü işləri
bir insan ömrünə necə sığışdırmaq
olar? Hərdən düşünürəm, görəsən
o, bütün bu yüksək keyfiyyətlərə: elmə,
təcrübəyə, zəkaya necə yiyələnib?
Söhbət gecəsini gündüzünə qatan, 100-dən
artıq kitabın müəllifi, pedaqogika elmləri doktoru,
professor, filosof, yazıçı-dramaturq, kinossenarist, təhsil
qurucusu, proqram və dərsliklər müəllifi Ağarəhim
Rəhimovdan gedir. O, 1948-ci ildə Ucar rayonunun Boyat kəndində
dünyaya göz açıb. Sonralar qələmə
aldığı «Ulu kəndim» povestində doğulub
boya-başa çatdığı Boyat kəndini belə təsvir
edir:
"….qəribə idi bu kəndin adamları.
Başqa kəndə qız verməzdilər, onlardan da
almazdılar. Öz möhüblərini özlərində
axtarardılar, özlərində tapardılar. Ömürlərini
zəhmətə, əziyyətə sərf edən bu adamlar,
bütün günü məşəqqətlə
özünə qış azuqəsi yığan
qarışqalara, min bir çiçəkdən şirə
çəkən bal arılarına bənzəyirdilər. Qəribə
idi onların ömür yolu. Haqq, ədalət, insaf, mürvət
üzərində qurulmuşdu onların həyatı.
Gözlərinə baxanda ürəkləri oxunardı. Deyirlər,
gözün aydınlığı ürəklərin təmizliyindən,
qəlblərin saflığından, əqidənin
sağlamlığından yaranır. Burada kindən-küdurətdən,
acıqdan, nakəslikdən, paxıllıqdan,
qısqanclıqdan söz ola bilməzdi. Sözləri
bütöv idi, qəti idi. Nə qədər səxavətli,
nə qədər dərin, nə qədər alicənab, nə
qədər Allahını sevən idilər. İstəsən,
son tikələrini verərdilər. Özlərində olmasa
da, başqalarından alıb möhübünü düzərdilər.
Sənə "yox” deməzdilər. Biri çətinliyə
düşəndə, hamı onun başına
yığışar, dərdini xəbər alar, işini
düzəldərdilər. Heç kimi nagüman
qoymazdılar. Belə idi bu kənd!.. Belə idi bu kəndin
adamları”.
Deyirlər, yazarlar öz əsərlərində özlərini ifadə edirlər. A.Rəhimovun "Ulu kəndim” povestini oxuyarkən bu kəndin adamları arasında onun öz obrazını, halını, xasiyyətini asanlıqla görmək, müəyyənləşdirmək olur. Ağarəhim müəllim elinə-obasına bağlı olmaqla yanaşı, həm də bu obanın, qədim Boyat elinin zəhmətkeş, müdrik, səxavətli insanlarının ümumiləşmiş obrazına bənzəyir desək, mübaliğə etmiş olmarıq. O, halallıqla dolanan çoxuşaqlı bir ailənin ilk övladıdır. Erkən yaşlarında atasını itirən Ağarəhim, elə kiçik yaşlarından ailənin yükünü, qayğısını çəkməyə başlayıb. Bacı-qardaşlarını böyüdüb ərsəyə çatdırmaq, hər birinin ali təhsil alması üçün çalışmaq, özündən kiçiklərin qayğısını çəkmək, evləndirib ev-eşik, yurd-yuva sahibi etmək məsuliyyəti onun boynuna düşüb.
İbtidai təhsilini Boyat kəndində, orta təhsilini Qazyan kənd 1 saylı orta məktəbində alan Ağarəhim,
ali təhsilə Gəncə
Pedaqoji İnstitutunda sahib oldu. Ali təhsilini başa vurduqdan
sonra bir müddət öz kəndlərində müəllimlik
etdi. Xeyli təcrübə qazandı. Elmə,
axtarışlara böyük marağı olduğundan, qaynar
həyata - Bakıya üz tutdu. Hər addımda üzləşdiyi
çətinliklər onu qorxutmadı. Əksinə, keşməkeşli
həyat yolu onun üçün məsləyə
çevrildi. O, gecəsini gündüzə qatdı, alimlərdən,
müdriklərdən, eləcə də, həyatdan dərs
aldı. Tədricən, istəyinə nail oldu. Həyatın
ağır və zəhlətökən məngənəsində
sıxılan, dəmirçi zindanında döyülən,
kürədə mis kimi qızaran Ağarəhim, hər
cür çətinliyə dözdü, sınmadı, əyilmədi.
Hər yerdə və hər zaman başını dik tutdu. Mərd
böyüdü, mətin oldu.
Elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat
Pedaqogika İnstitutunda elmi
işçi kimi başlayan gənc Ağarəhimin imzası
çox keçmədi ki, respublika mətbuatında - "İbtidai məktəb və
məktəbəqədər tərbiyə”,
"Azərbaycan məktəbi”, "Elm və həyat”
jurnallarında, "Azərbaycan müəllimi”. "Azərbaycan
gəncləri”, "Kommunist” qəzetlərində
görünməyə başladı. Daha sonra bir-birinin
ardınca kitab və kitabçaları dərc olundu. Azərbaycan
müəllimlərinin fikir və düşüncə hamisinə
çevrildi. O, tez-tez SSRİ Pedaqoji Elmlər Akademiyasında
təşkil olan seminar və müşavirələrdə,
simpoziumlarda pedaqoji mühazirələrlə iştirak edər,
respublika məktəblərində pedaqoji eksperimentlər
keçirər, təlimin vəziyyətini öyrənər,
diaqnozlar qoyardı. "Azərbaycan uşaq
bağçalarında rus dilinin öyrədilməsi” və
"İbtidai siniflərdə ana dilinin tədrisi”
proqramlarının müəlliflərindən oldu. IV sinif
üçün "Azərbaycan dili”, pedaqoji təmayüllü
universitetlər üçün "Ana dili tədrisi
metodikası” adlı dərslikləri uzun illər istifadə
olunmaqda davam etdi. Gərgin və səmərəli elmi fəaliyyəti
nəticəsində o, SSRİ miqyasında görkəmli
alim-pedaqoq kimi şöhrətləndi. Namizədlik və
doktorluq şuralarına üzv seçildi. Neçə-neçə
namizədlik və doktorluq dissertasiyalarına elmi rəhbər,
məsləhətçi və opponent oldu. 50-ə yaxın
monoqrafiyası, dərs vəsaiti, proqram və metodik tövsiyələri
işıq üzü gördü. O, yenilikci, novator pedaqoqdur.
1992-ci ildə orijinal məzmunlu Bakı Ali Pedaqoji Qızlar
Seminariyasını təsis etdi. Daha sonra onun bazasında
Bakı Qızlar Universiteti fəaliyyətə başladı.
Müdriklərin belə bir deyimi var: "İnsanın adı onun məzmununu
ifadə edir”. Ağayanalıq, gözü, könlü toxluq, əyilməzlik, özünə
hörmət hissi, xeyirxahlıq onun həyat kredosudur. Bir
sözlə, o, əsl Allah adamı, əsl fəzilət, elm,
ürfan sahibidir. Adının məzmununu
əməli işləri ilə ifadə etməyi bacaran nadir
insanlardandır.
90-cı illərin
əvvəllərində elmi yaradıcılıqdan bədii
yaradıcılığa keçid edən Ağarəhim,
tükənməz istedadı ilə çoxlarını təəccübləndirməyi
bacardı. Əslinə qalsa, həmin dövrdə SSRİ
dağıldı. Həyatın bütün sahələri
qaynar qazana çevrildi. İnsanlar
yenilik axtarışına çıxdılar. Ölkədə
yeni sözə, yeni təfəkkür tərzinə ehtiyac var
idi. Üstəgəl, erməni azğınlığı,
qaçqın, köçkün problemi. Belə bir zamanda bədii
yaradıcılığa gələn Ağarəhim
böyük bir boşluğu doldurdu. Özünün də
dediyi kimi: "Yazmaq o zaman mümkündür ki, yazmamaq
mümkün deyil qənaəti ona hökm edir ki, vətənin,
xalqın problemlərindən, mənəviyyat və əxlaqın
fəlsəfəsindən yazsın. Milli şüuru, milli
düşüncəni hərəkətə gətirsin”.
Aqillərə görə, insanı insan eləyən
formalaşmış ağlı, düşüncəsi, məfkurəsi,
başqa sözlə, ruhudur. Onlara görə, ruhsuz insan
cansız varlığa, quru bir cəsədə dönür.
Ağarəhim təpədən dırnağadək ruh,
düşüncə, milli ruha sahib olan söz adamıdır.
Ağarəhim o yazarlardandır ki, milli ruhu, milli əxlaqı,
yüksək bəşəri dəyərlərlə məharətlə
sintez etməyi bacarır. Onun yaradıcılığına nəzər
salarkən, diqqəti daha çox cəlb edən Azərbaycan
dilinin saflığı, təmizliyi, Azərbaycan dilindən məqamında
və ustalıqla istifadə etmə bacarığı və ən
nəhayət, yüksək əxlaqi keyfiyyətlərə, mənəvi
dəyərlərə üstünlük verməsidir.
Ağarəhimin qəhrəmanları "yad planetlilər”,
qondarma obrazlar deyil, bizim hər gün küçədə,
bazarda, metroda, avtobusda rastlaşdığımız
insanlardır. Ağarəhim təkcə bədii sözün
gücündən istifadə etməklə kifayətlənmir.
O, obrazın daxili dünyasını, içini açmazdan
öncə onun zahiri aləmini, cizgilərini elə
ustalıqla təsvir edir ki, oxucu asanlıqla obrazın,
personajın daxili aləmini
görə bilir.
Ağarəhim hər şeydən öncə
sayılan, seçilən bir pedaqoq -yazıçıdır.
Həyatının başlıca qayəsi cəmiyyət,
dövlət, vətən və millət üçün
yeni, sağlam nəsil yetişdirməyə xidmətdir. Onun bədii
ədəbiyyata gəlişinin başlıca səbəbi də,
məhz bu amillə bağlıdır. O, lap əzəldən
bədii sözün qüdrətindən istifadə edərək
insanı tərbiyə etməyi bacarır. Onun qəhrəmanlarına
fikir versək, görərik ki, hər bir obraz cəmiyyət
üçün sağlam tərbiyə, yeni nəsil
yetişdirmək üçün bir impuls verir.
Yaxşısı yaxşı, pisi pis. Kimisi yüksək əxlaqi
keyfiyyətləri, kimisi də çürüklüyü,
rüşvətxorluğu, əliəyriliyi, insanlığa və
cəmiyyətə yaraşmayan hərəkətləri ilə. Obrazlarına münasibəti ilə
tanış olan oxucu, asanlıqla onun kimliyini müəyyənləşdirə
bilər. Ağarəhim mili-mənəvi dəyərlərimizə
xəyanət edənləri çox asanlıqla, «uf» demədən
ifşa edir. Yazıçı ədalətsizliyə
qarşı barışmaz mövqedə dayanandır.
Məhsuldarlığı ilə seçilən,
geniş və çoxsahəli
yaradıcılıq
diapazonuna malik yazıçı, Azərbaycan ədəbiyyatına,
dramaturgiyasına və kinosuna öz töhfəsini verə
bilib. Elə bir janr yoxdur ki, o, Ağarəhimin qələmində
öz uğurlu taleyini yaşamasın. Ağarəhim
bütün janrlarda ustalıqla yazmağı bacaran qələm
sahibidir. Onun uşaqlar, yeniyetmələr və gənclər
üçün yazdığı hekayələr, mövzusu,
rəngarəngliyi, lakonikliyi, dilinin şirinliyi ilə oxucunu
ovsunlayır. 150-dən çox bədii nümunənin cəmləşdiyi
"Uşaq hekayələri” əsərində nasir hekayələri
yaş qrupları üzrə sistemləşdirərək
verib.
Ağarəhimin bədii
yaradıcılığı çoxqatlıdır. Ədibin
əsərlərində bəzən tənqidi realizmlə
romantizm eyni kontekstdə, ideya-fikir və düşüncə
zənginliyi özünü açıq-aydın büruzə
verir. «Qoşa qanad»da İlham
Elvüsal, "Cinayət və
etiraf”da İqrar Kamilov,
"Mürdəşirlər adası”nda Həsənağa
Cığanski və s. kimi. Ağarəhimin əsərlərində, yeri gəldikcə,
fəlsəfi düşüncə və dini mülahizələrə
də geniş yer verilir. Bizə belə gəlir ki, bu iki məsələ
yazıçı-dramaturqun qələmə aldığı
əsərlərdə «İnsan və həyat», "İnsan
və cəmiyyət”, "Allah və insan” modellərinin
mahiyyətinə münasibətdən torəyir.
Ağarəhimə görə, insanın
içi, daxili dünyası kainat qədər geniş, dərin
və qaranlıq zülmətdir. Başqaları insanın
içini görə bilməz, yalnız o böyük
qüdrət sahibi və bir də
insan özü öz içinə mənəviyyatının
hüdudlarından boylana bilər. Ağarəhim
vicdanının səsini eşitməyi, ona qulaq
asmağı, özünə hesabat verməyi,
yaxşını, pisi zərrəbindən keçirib
görməyi bacaran və dürüst qiymətləndirən
ziyalıdır.
Maraqlıdır ki, "Allahla ünsiyyət”, "Ölüm və ölməzlik”, "Zəka simfoniyası” və "Qüdrətdən doğan
nur” fəlsəfi, digər bədii əsərlərini
oxuyanda, onu həm də mükəmməl bir dindar kimi
görürük. Əslində,
Ağarəhim nə dini kitab yazır, nə də din
xadimidir. Sadəcə olaraq, hər zaman Allahı
başının üstündə, ürəyində, qəlbində
görən əsl insan, fəzilət sahibidir. Elə ona
görə də, "Biz Allahın nurundan
yaranmışıq, onun bir zərrəsiyik” deməyə cəsarət
edir.
"Canavar balası” hekayəsi ilə ədəbi
aləmə qədəm qoyan yazıçı, qısa bir
zamanda bir-birinin ardınca "Qoşa qanad”, "İkili
dünyam”, "Ovlaq keçidi”, "Səfalət”,
"Girdab”, "Cinayət və etiraf”, "Təxribat”,
"Mürdəşirlər adası”, "Yaddaşda
yaşar xatirələr”, "Kabus”, "İmtina”,
"Qasırğa”, "Nişan üzüyü” və
"Qisas” romanlarını, onlarca povest, yüzlərcə
hekayə yazdı, ssenariləri əsasında neçə-neçə
filmlər çəkildi, "Əsgər anası”, "Pul
hərisləri”, "Məhəbbət və cinayət” pyesləri
uğurlu səhnə həyatı yaşadı. Onun, 20 cilddən
ibarət seçilmiş əsərləri çap edilərək
oxuculara təqdim olunub. 12 kitabı ingilis və rus dillərində
nəşr edilib.
Ağarəhim ədəbi tənqidin, ədəbiyyatşünasların
da diqqətini çəkən yazarlardandır. Bu günə
kimi onun həyat və
yaradıcılığı
haqqında 23 monoqrafiya yazılıb, 3 sənədli film
çəkilib. Müəllifin 10 əsəri İngiltərə
və İsveçdə ingilis, 4-ü rus və 1-i isə ərəb
dilinə tərcümə olunub.
Bütün bunlar yazıçı, filosof, pedaqoq Ağarəhim Rəhimovun keçdiyi şərəfli ömür yolunun olsa-olsa, yalnız bəzi səhifələridir. O, bu gün Bakı Qızlar Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə yanaşı, kifayət qədər məhsuldar elmi və bədii yaradıcılıqla da məşğuldur. Bu isə o deməkdir ki, ömrün zirvəsinə gedən yolu həm də ləyaqətin, müdrikliyin, şərəfin zirvəsinə çevirməyi bacaran alim-yazıçı, mənəvi dünyamızın zənginləşməsi üçün bu gün də lap elə gənclik illərində olduğu kimi, var qüvvəsi ilə çalışır. Doğmaları, əzizləri, həmkarları, həmyerliləri və xüsusən də, çoxsaylı yetirmələri isə çox haqlı olaraq, onun şərəfli ömür yolu, səmərəli ədəbi və elmi-pedaqoji fəaliyyətindən qürur duyurlar. Alim üçün, ədib üçün, ziyalı üçün bundan əziz, bundan şərəfli nə ola bilər?!
Elşən Qəni
Kaspi 2018.-16 oktyabr.- S.15.