“Günayın miniatürləri”
“Alov qüllələri”ndə
Rəssamın
milli-mənəvi dəyərlər ruhlu əsərləri
Bakının simvolu olan kompleksdə ziyarətçilərin
ixtiyarına verilib
Ötən cümə "Fairmont Baku-Flame
Towers”-də Azərbaycan və Türkiyənin
tanınmış rəssamı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Günay Mehdizadənin fərqli
formatda sərgisi keçirildi. "Günayın miniatürləri”
adlanan sərginin açılış mərasimində biz də
iştirak etdik. Otelin ikinci mərtəbəsinin
divarlarını rəssamın milli-mənəvi dəyərlərə
xidmət edən əsərləri öz bəzəyirdi. Bu əsərlər
istiliyi, səmimiliyi və rəngli boyaları ilə göz
oxşayırdı. Sərgi xüsusən əcnəbi turistlərin
diqqətini cəlb etmişdi. Onlar Günay xanımın əl
işlərini izləyərək Azərbaycan
xanımının milli koloritini, mənəvi dəyərini
məhz bu tablolar vasitəsilə öyrənmiş olurdular.
Soyuq, boz divarlara bu əsərlər bir növ istilik,
canlılıq qatmışdı.
Sərgidə təqdim olunan əsərlərdə
xanımlarımızın milli bayramımız olan Novruza
hazırlıq prosesi əks olunur. Novruz bayramında
xanımların xonça bəzəməsi və süfrədə
yer alan milli təamlarımız
nümayiş olunur. Günay xanımın əsərlərində
Azərbaycan xanımları milli geyimdə, üzəri
xüsusi ornamentlərlə işlənmiş əlbisələrlə
əks olunub. Bu xanımlar milli bayramlarımızda
kamança ifa edir, öz ağırlığını və
sanbalını həmin əsər vasitəsilə
tamaşaçıya çatdırırlar. Digər bir əsərdə Azərbaycan xanımları bayramda
milli rəqslərimizi nümayiş etdirir. Başqa bir taploda
nehrə çalxalayan nənələrimizi görmüş
oluruq. Bu, bir mədəniyyət, bir tarixdir və bunların məhz
sərgi şəklində nümayiş etdirilməsi təqdirəlayiq
hal kimi qiymətləndirilməlidir.
Sərgidə rəssamın 15 miniatür
üslublu tablosu yer alır. Bundan başqa, üzərində
müxtəlif tarixi işləmələrin əks
olunduğu boşqablar da müəllifin əl işləri
sırasındadır.
"Günayın miniatürləri” sərgisinin müəllifi G.Mehdizadə bizimlə söhbətində sərgisinin keçirilməsi təklifinin onun üçün bir sürpriz olduğunu qeyd etdi: "Belə bir təklif alanda çox məmnuniyyətlə qəbul etdim. "Alov qüllələri” Azərbaycanın bir simvoludur, bura xarici qonaqlarımızın sevərək təşrif buyurduğu maraqlı bir məkandır. Mənim üçün böyük bir şərəfdir ki, məhz belə bir yerdə miniatür əsərlərim sərgilənir. Azərbaycanımızın milli-mənəvi dəyərlərinin gələn qonaqlarımıza təqdim olunması üçün məhz bu vasitədən istifadə olunması həqiqətən sevindirici haldır. Əsərlərimi izləyən yerli və xarici qonaqlar onlar haqqında gözəl fikirlər səsləndirirlər. Əlbəttə ki, bu məni çox sevindirir. Nümayiş olunan miniatürlərdə Azərbaycan xanımlarının timsalında milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını əyani şəkildə göstərməyə çalışmışam. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, onun milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərd yaddaşı, etnos yaddaşı, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Çalışdım ki, bütün bunları özündə ehtiva edən əsərlərimi sərgidə nümayiş etdirim. Çünki Azərbaycan xanımı bir zəriflik, gözəllik simvoludur. Mən bu miniatürlərdə həm xanımlarımızın zərifliyini, həm də milli adət-ənənələrimizi nümayiş etdirməyə çalışmışam. Aldığım rəylərə və fikirlərə görə, öz istəyimə haradasa nail olmuşam. Mənə bu sərgini nümayiş etdirməkdə yardımçı olan hər kəsə minnətdarlığımı bildirirəm. "Alov qüllələri”ndə əsərlərimin davamlı olaraq sərgilənməsi məni sevindirməklə bərabər, həm də qürurlandırır”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev sərginin qonaqları arasında idi. O da Günay xanımın sərgidəki əsərlərini yüksək qiymətləndirdi. Sərgidə, həmçinin xarici qonaqlar, diplomatik nümayəndələr də vardı. Onlardan Xorvatiya və Avstriya səfirləri, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Əməkdar artist Suğra Bağırzadə və digər tanınmış insanlar bu sərgidə iştirak edirdi.
İrfan Çiftçi bizimlə söhbətində
bildirdi ki, bu sərgi təzadların və ziddiyyətlərin
görüşməsidir: "İlk olaraq qeyd edim ki, Günay
xanımın bu sərgidə yer alan miniatür əsərləri,
millilikdən və ənənələrdən postmodern
dünyaya bir meydan oxuyub. İkincisi isə, Bakının ən
modern binasının modern kafesində bu əsərlərin
yer alması günümüzdə dünyanın
yaşadığı bir ziddiyyətdir. Günay Mehdizadənin
bu janrdakı əsərləri Novruz mədəniyyətinin rəngarəngliyini,
təndir, nənə, nehrələr, ev və ailə, milli
çalğı alətləri və sair - əslində
bütün türk dünyasının əsas dəyərlərini
Azərbaycan motivləri ilə izah edir. Onun əsərləri
fərqli ölkələrdəki sərgilərdə özəlliyi
ilə dünyaya açıldı və bu da böyük
diqqət çəkdi. Çünki ortada universal əsərlər
var. Mövzular gerçək tərzi ilə orijinaldır. Bu əsəslərdə
miniatürdən gələn rəng, xətlər, xalq rəsmi
texnikası, həqiqi tərz müşahidə olunur. Əməkdar
incəsənət xadimi Ziyadxan Əliyev Günay
xanımın əsərlərini "Miniatürün gənçliyi”
deyə izah etmişdi. Mən isə bu əsərləri dövrümüzün
"Miniatür sayağı rəsmləri” kimi görürəm.
Yəni rəssamın özünməxusus bir tərzi var.
Tamaşaçılar üçün belə bir məkanda
tarixə və milli dəyərlərə səyahət etməyin
özü bir yaradıcılıq olacaq... Düşünərək
və zövq alaraq istirahət etmək istəyənlər bu
sərgini qaçırmasınlar”.
Ümumilikdə sərgiyə qatılan hər
kəs bu tip sərgilərin müntəzəm şəkildə
keçirilməsini yüksək qiymətləndirdi. Bildirildi
ki, oteldə daha çox əcnəbi vətəndaşlar
olur və məhz burada Azərbaycanın milli-mənəvi dəyərlərini,
o cümlədən tariximizi, mətbəximizi təbliğ
etmək olduqca faydalıdır. Bu xoş amal uğrunda
atdığı addıma görə, qonaqlar rəsm əsərlərinin
dili ilə danışan və istəklərini bu vasitələrlə
izah edən, həyata keçirən Günay Mehdizadəyə
uğurlar dilədilər.
Sərgidə iştirak edən Səabil rayon
İcra Hakimiyyəti başçısının müavini
Xalidə Nuru dedi ki, Günay Mehdizadənin sərgidə
nümayiş olunan əsərləri ona xüsusi zövq
verir: "Azərbaycan qadınının belə gözəl
və keyfiyyətli şəkildə təsviri mənə
xüsusi zövq yaşatdı. Bu gün izlədiyimiz bu əsərlərdə
Azərbaycan koloritləri, mentalitetini açıq-aydın
hiss edə bilirik. Burada Azərbaycan xanımının necə
zərif olması, gözəllikləri, incəlikləri ustalıqla
Günay xanım tərəfindən əks olunub. Günay
xanımın işlərini görəndə, artıq müəllifini
tanıyıram. Azərbaycanı layiqincə təmsil edən
rəssamımızın fırçasına bələdəm.
Ona bu sərgisində də uğurlar arzu edirəm”.
YARAT Müasir İncəsənət Məkanının
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Hökümə Kərimova Günay xanıma uğurlar
arzuladı və onun işlərinin hər zaman
seçildiyini qeyd etdi. Bildirdi ki, istedadlı rəssam YARAT
İncəsənət Məkanının ən yaxın
dostlarındandır.
Sərginin sonunda otelin idarə heyətinin
üzvləri rəssama xoş sözlərini
çatdırdılar. Bildirdilər ki, Günay xanımın əsərləri
otelin divarlarını rənglərə boyadı və oteli
daha da gözoxşayan etdi. Onlar rəssamın istifadə
etdiyi boyaların gözəlliyindən bəhs edərək,
bu əsərlərin möhtəşəm əl işləri
olduğunu qeyd etdilər. Bu əsərləri otelin
müştərilərinin də bəyənəcəyinə
əminlik vurğulandı.
Qeyd edək ki, otelin divarlarında əks olunan əsərlər
iki aydan bir mütəmadi olaraq dəyişdiriləcək.
Əsərlərin satışı da həyata keçirilir.
Rəssam yaradıcılıq dövrü ərzində
öz üslubunu dörd dəfə dəyişdiyi
üçün hər dəfə fərqli üslublarda olan əsərləri
nümayiş olunacaq.
Xəyalə Rəis
Kaspi 2018.- 16 oktyabr.- S.12.