Böyüklüyün qədrini
bilənlərin qurduğu ev
Hüseyn Cavidin
ev-muzeyinin ekspozisiyası xeyli zənginləşmişdir
İnsanlar, bir qayda olaraq doğulduğu ölkələr, yaşadığı şəhərlərlə tanınırlar. Amma az da olsa, bəzən ölkələr, şəhərlər, kəndlər insanlarla tanınır, məşhurlaşırlar. Naxçıvan kimi. Şəhərin yaşı beş min ildən çox olsa da, onu daha çox yetişdirdiyi, böyütdüyü insanlarla tanıyırlar - Əcəmi Əbubəkir oğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Heydər Əliyev kimilərlə.
Adları çəkilən şəxsiyyətlərin hər biri qədim Naxçıvana şöhrət gətirmiş, onu şərəfləndirmişlər. Bunların hər biri haqqında cild-cild kitablar yazılıb, yazılır, yazılacaq. Amma biz onlardan biri - Hüseyn Cavid haqqında danışacağıq.
9 iyun 1984-cü il. Naxçıvanın ədəbi-mədəni həyatında yeni bir səhifə yazılır. Yarım əsrə yaxın bir müddətdə Azərbaycan tarixindən silib atmağa çalışdıqları bir şəxsiyyətin, XX əsr Azərbaycan ədəbiyyatının dahilərindən biri, Stalin repressiyasının qurbanlarından olan Hüseyn Cavid əfəndinin ev-muzeyi açılır.
Muzeyin açılışı təntənə
ilə qeyd olunur. Azərbaycanın xalq
yazıçısı, Sosialist Əməyi Qəhrəmanı
Mirzə İbrahimov, xalq yazıçısı Hüseyn
Abbaszadə, görkəmli ədəbiyyatşünas tənqidçi
Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, xalq artisti Vera
Şirye, əməkdar artistlər Hamlet Xanızadə, Ramiz Məlikov,
Əminə Yusifqızı və Hicran Mehbalıyeva, həmçinin
qonşu respublikalardan gəlmiş qonaqlar - Özbəkistan
SSR-in xalq yazıçısı Səid Əhməd,
Ukraynanın xalq aristi Anna Nikolaya, Litvdan gəlmiş
yazıçı Pronas Raşşyus, Gürcüstandan Roman
Miminoşvili və başqaları iştirak edirlər.
Keçən əsrin 80-ci illərini Azərbaycanın XX əsr
intibah dövrü adlandırsaq, səhv etmərik.
Çünki bu onillik, sözün həqiqi mənasında
XX əsrin qanlı-qadalı ilk onilliklərindən
çırpınıb çıxmaq, özünü
toplamaq və irəliyə doğru sıçrayış
dövrü olmuşdu. "İnqilab” adlandırılan, əslində
dünyanın alt-üst olduğu əsrin ilk iki onilliyi,
kollektivləşmə və islahatlar adı ilə keçən
sonrakı iki qanlı onillik, bundan sonra gələn, repressiya və
müharibələrlə tarixin qan yaddaşına çevrilən
30-40-cı illər və nəhayət, bəşəriyyətin
özünə gəlməsi üçün keçən
üç onillik.
XX əsrin əvvəllərindən başlayaraq xalqımızın yaşadığı faciə, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra başa çatdı. Bundan sonrakı dövr bir çox islahatların aparılması ilə yanaşı, həm də hafizə bərpası mərhələsi kimi də yadda qaldı. Məhz həmin dövrdə Cəlil Məmmədquluzadə, Fürudin bəy Köçərli, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Ruhulla Axundov, Ülvi Rəcəb, Tağı Şahbazi, Hüseyn Cavid və onlarla başqa ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri yeni sovet nəslinin pozulmuş, silinmiş hafizəsinə yazılmağa başladı. Əsərlər nəşr edildi, səhnəyə qoyuldu, ekranlaşdırıldı, heykəlləşdi...
Azərbaycan xalqı, XX əsr nəhənglərini, o cümlədən Hüseyn Cavidi özü üçün kəşf etməyə başladı. 1956-cı ildə, ölümündən sonra hüquqi bəraət alan Hüseyn Cavid həqiqi, mənəvi bəraətini Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə - 1980-ci ildə aldı. Onun birbaşa tapşırığı əsasında, 1980-ci ilin axırları və 1981-ci ilin əvvəllərində, H.Cavidin 1919-cu ilədək fasilələrlə yaşadığı Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsində, Bazar çayının kənarındakı evdə təmir işləri aparılaraq, ədibin ev-muzeyinin təşkili işinə başlanıldı. 1981-ci ilin iyul ayının 21-də isə Heydər Əliyevin Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında imzaladığı sərəncam, Hüseyn Cavidin ev-muzeyinin təşkil olunması üçün əsas oldu. Beləliklə, bu sərəncamla Azərbaycanın ədəbi-mədəni, fikir tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq - Hüseyn Cavidin ev-muzeyi əlavə olundu. Hüseyn Cavid ev-muzeyi xalqa, müasir və gələcək nəsillərə bu şəxsiyyəti tanıdacaqdı, Azərbaycanın keçmişini, bu gününü və gələcəyini tanıdacaqdı.
Ev-muzey mədəniyyət abidələri
arasında xüsusi yeri və rolu olan bir ocaqdır. Ev-muzey aid
olduğu şəxsin həyat aynasıdır, bura gələnlər
onun doğulub boya-başa çatdığı hər
qarışda təkcə onun yox, ana-atasının, baba-nənəsinin,
qohum-əqrəbalarının da nəfəsini duyur, səsini
eşidirlər. "Bax, o, burada doğulmuşdur, burada ilk
addımlarını atmış, bu qabda yemək yemiş,
paltarlarını bu dolabda saxlamış, bu pəncərədən
həyatın reallıqlarına baxmışdır. Bax, bu
masa, bu qələm, bu mürəkkəbqabı gecələr
sübhədək onun iztirablarını kağıza
köçürmüş, bu lampa onun qələminin gəzdiyi
kağızın üzərinə işıq
salmışdır”.
Bu xəyalları daha da genişləndirmək,
çoxaltmaq olar. Amma hər şeydən əvvəl,
ev-muzey, adını daşıdığı şəxsin
hansı xalqa, hansı mədəniyyətə, hansı
ölkəyə məxsus olduğunu əks etdirir. Hər bir
işin başlanğıcı ən çətin dövr
sayılır. Bu baxımdan Cavid əfəndinin ev-muzeyinin təşkili
işi də istisna deyildi, bəlkə də digər muzeylərin
açılmasından da çətin idi. Bu çətinliyi
Stalin repressiyası illərini yaşamayanların təsəvvür
etməsi çox çətindir. Repressiya təkcə
insanı məhv etməklə kifayətlənmir, bununla
doymurdu, onun yaxınlarını, dostlarını,
tanışlarını, evini, əşyalarını,
adı ilə bağlı olan hər şeyi əjdaha kimi
udur, yer üzündən silir, yox edirdi. Cavid əfəndi
üçün də bu, istisna deyildi. Amma onun bu məsələdə
"bəxti” gətirmişdi. Cavid əfəndi özü
olmaqdan çıxmış, çox gizli və təhlükəli
də olsa, başqalarının - sevənlərinin hafizələrində,
həyatında yaşamağa başlamışdı. Bu
baxımdan, ev-muzeyin təşkili çətin də olsa,
mümkün görünürdü.
Muzey ekspozisiyasının mövzu-tematik
planı Azərbaycan Elmlər Akademiyası İncəsənət
İnstitutunun əməkdaşı, teatrşünas Tamilla Təhmasibə
həvalə olunmuşdu, bədii tərtibatı isə Azərbaycan
SSR Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət
göstərən «Muzeylərin və sərgilərin bədii
tərtibatı və layihələşdirilməsi»
emalatxanası tərəfindən icra olunurdu.
Muzeyin yaradılması ərəfəsində şairin qızı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Turan Cavidin çox böyük köməyi oldu. O, həm muzey otaqlarının qurulması
və tərtibatında dəyərli məsləhətlər
vermiş, həm də Cavidin əsərlərinin ilk nəşrlərini,
bunlardan əlavə də 100-ə yaxın foto-şəkillər,
sənədlər və xatirə əşyalarını
muzeyə hədiyyə etdi.
Cavidlə əlaqələr müxtəlif sənədlər,
fotoşəkillər, qəzet və jurnal materialları,
kitablar, xatirələrin əldə edilməsində, onun
yaxın dostu olmuş görkəmli ədəbiyyatşünas
alim Əziz Şərifin xüsusi rolunu qeyd etmək yerinə
düşər. Onun, 1983-cü ildə ev-muzeyə təqdim
etdiyi hədiyyə, özünün, 1977-ci ildə
çapdan çıxmış və üzərində
avtoqrafı olan «Keçmiş günlərdən»
kitabından və bir məktubdan ibarət idi. Məktubda
deyilirdi: «... Məndə qalan bircə bu dəftərdir ki,
vaxtilə mən Cavidin atama yazdığı məktubların
surətini oraya köçürmüşəm. Bu dəftər
mənim üçün nə qədər qiymətli olsa da,
onu unudulmaz dostum və böyük qardaşımın
ev-muzeyinə göndərməyi mümkün bildim».
Vaxtı ilə Cavidin qonşusu və tələbəsi
olmuş professor Əli Sultanlının bacısı Bətulə
xanımın muzeyə hədiyyə etdiyi, üzərində
müəllifin avtoqrafı olan 1924-cü ildə nəşr
olunmuş «İblis» əsəri ev-muzey üçün
çox qiymətli idi.
Həmin ərəfədə akademik Məmmədcəfər
Cəfərova, professorlar Abbas Zamanova, Yaşar Qarayevə,
görkəmli jurnalist, tədqiqatçı Qulam Məmmədliyə,
SSRİ xalq artisti, professor Mehdi Məmmədova,
Cavidşünas Zahid Əkbərova, Azərbaycan Dövlət
Dram Teatrının baş rejissoru Ələsgər Şərifova,
Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə,
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm”
Kinostudiyasına və hətta Gürcüstan, Türkmənistan
və Özbəkistan dövlət arxivlərinə müraciət
olundu və muzey ekspozisiyası qurulduğu vaxt, Cavidlə
bağlı müəyyən qədər sənəd,
fotoşəkil, qəzet və jurnal materialları, kitablar əldə
olundu ki, bunlar hamısı muzey ekspozisiyasında öz layiqli
yerini tutdu.
Ev-muzeylərin fərqli bir xüsusiyyəti vardır. Bu abidələr daim yeni eksponatlarla zənginləşirlər. Hüseyn Cavid əfəndinin muzeyinin həyatı da belə davam edir. Fəaliyyətə başladığı 1981-ci ildən bu günədək muzeyin fonduna 9300-dən artıq eksponat toplanmışdır. Bunların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, sənədlər, xatirə əşyaları, təsviri sənət və heykəltəraşlıq nümunələri, əsərlərinin ilk nəşrləri, üzərində qardaşı qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə etdiyi 1934-cü ildə nəşr olunmuş «Səyavuş» əsəri, Turan Cavid tərəfindən hədiyyə olunmuş «Knyaz» əsərinin əlyazması, atasının pensnesi (gözlüyü), yazı dəsti, Ərtoğrul Cavidin hərbi xidmət illərində, 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya - anası Müşkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktub və Turan Cavidə məxsus xatirə əşyaları da vardır. Cavid əfəndinin həmyerliləri, qohumları, dostları, yoldaşları, onun məruz qaldığı ədalətsizliyi aradan qaldırmağa cəhd göstərirmiş çalışır, ev-muzeyə əllərindən gələn köməyi göstərirdilər. 2000-ci ildə ev-muzeydə əsaslı təmir və bərpa işləri aparılmış, muzeyin binası əvvəlki görkəminə qaytarılmış, maddi-texniki bazası gücləndirilmişdir.
Böyüklüyün qədrini böyük təfəkkür sahibləri anlayar. Cavid ev-muzeyinin bir hissəsi adlandırdığımız Cavid məqbərəsi Heydər Əliyevin əsəridir. Heydər Əliyev 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçildikdən təxminən bir ay sonra Cavid əfəndinin anadan olmasının 110 illiyi münasibəti ilə onun məzarı üstündə xalqa söz verdi: "Mən sizə söz verirəm, Cavid əfəndini Sibir meşələrindən alıb buraya, vətəni Naxçıvana gətirdiyim kimi, onun məzarı üstündə ona layiq bir məqbərə tikdirəcəyəm. Cavid əfəndi buna layiqdir”.
Söz verdi və təqribən bir ildən sonra Hüseyn Cavid məqbərəsinin inşasına başlandı. Məqbərənin açılışını 1996-cı ilin 29 oktyabrında Heydər Əliyev özü həyata keçirdi.
Hüseyn Cavid irsinə diqqət və
qayğı bu gün də davam edir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci
ildə ədibin 125, 2012-ci ildə 130, 2017-ci ildə isə
135 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar
imzalayıb. Qeyd olunmuş yubileylərlə əlaqədar tədbirlər
planlarında simpoziumların, elmi-nəzəri konfransların
keçirilməsi, Naxçıvan Dövlət Musiqili Dram
Teatrında "Səyavuş", "Şeyx Sənan"
və "İblis" əsərlərinin tamaşaya
hazırlanması, "Naxçıvan" jurnalının
bir nömrəsinin yubileyə həsr olunması, Cavid
ensiklopediyasının nəşrə hazırlanması və
digər tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuş və keçirilmişdir.
Hüseyn Cavidin ev-muzeyi və xatirə
kompleksində də bu yubileylərin keçirilməsi ilə
əlaqədar tədbirlər planları tərtib
edilmişdir ki, bura "Hüseyn Cavid-125", "Hüseyn
Cavid-130" və "Hüseyn Cavid-135" adlı sərgilərin
hazırlanıb mədəni-maarif müəssisələrində
nümayiş etdirilməsi, muzey ekspozisiyasında
açıq dərslərin keçirilməsi,
Naxçıvan şəhər ümumtəhsil məktəblərinin
iştirakı ilə "Hüseyn Cavid şeirlərinin ən
yaxşı ifaçısı" mövzusunda şeir
müsabiqəsinin, elmi-nəzəri konfransların və Cavid
poeziya günlərinin keçirilməsi nəzərdə
tutulmuş və yüksək səviyyədə icra
olunmuşdur. Bu gün 9300-dən artıq eksponatla zənginləşən
ev muzeyinin ekspozisiyasında dəyişiklər edilmiş,
muzey ekspozisiyası xeyli zənginləşmişdir.
Bəhruz Axundov
Hüseyn Cavidin
ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan
Muxtar Respublikasının əməkdar mədəniyyət
işçisi
Kaspi 2018.- 17 oktyabr.- S.15.