Türkiyə
kino aləminə ayaq açan aktyorlarımız
“Savaşçı”
serialında rol alan Kənan M.M: “Hazırda aid olduğum yerdə
deyiləm, layiq olduğum yerdəyəm”
Türkiyə kino dünyasının
"Yeşilçam” filmlərini izləyərək
böyüyən nəsilik. Hansı ki, o filmlərin
aktyorlarına pərəstiş edir, onlar kimi görünməyə
can atırdıq. Daha sonra Türkiyənin serial və kino aləmində
sürətli inkişaf gözümüzü
qamaşdırdı və oradakı türk aktyorlarını
daha da sevməyə və onların əsl ulduz olduğuna
özümüzü inandırmağa başladıq. Öz
yerli filmlərimiz çəkildikcə isə, biz niyə
onlar kimi çəkə bilmirik - deyə, suallar
yağdırdıq.
Hardasa 15-20 il əvvəl Türkiyə kino və
serial aləmində əməkdar artistimiz Məlahət
Abbasova iştirak edəndə ona qibtə edir və onunla
qürur duyurduq. Hesab edirdik ki, hansı aktyor bu aləmə
düşürsə, onun üçün bütün
qapılar taybatay açılır. Bizim üçün o
zamanlar bu, əlçatmaz bir arzu idi və bir növ qeyri-adi gəlirdi.
İndi isə qonşu ölkələrin kino və serial aləmində
özünü təsdiqləmiş, sözünü
demiş aktyorlarımız yer alırlar. Türkiyədə
yayımlanan sevimli seriallarımızda yerli
aktyorlarımızı görmək isə bizi sevindirir. Hər
zaman da ekspertlər müsahibələrində qeyd edirlər
ki, aktyorlarımız heç də türk aktyorlarından zəif
deyil, əksinə, bəzən daha istedadlıdırlar. El
arasındakı "oğlanlar var, şərait yoxdur”
misalındakı kimi. Deməli, onların özlərini realizə
etmələri üçün özümüzdə keyfiyyətli
ssenari və filmə pul yatıran sponsorlarımız yoxdur.
Bu, məsələnin başqa bir tərəfidir.
Ümumiyyətlə isə, son zamanlar aktyor və
aktrisalarımız Türkiyənin yerli film və
seriallarında rol alması ilə medianın gündəmini zəbt
edib. Kimisi bunu yüksək qiymətləndirir, kimisi də
"aktyorlarımız filmə çəkilmək
üçün türk rejissorlarına özləri
xahiş-minnət edir” deyərək məsələyə
dırnaqarası baxır. İstənilən halda Avropada, ərəb
ölkələrində yayımlanan türk seriallarında azərbaycanlı
aktyorların rol alması bizi ancaq sevindirə və
aktyorlarımızın simasının tanınmasında ən
böyük vasitə ol bilər.
Son zamanlar diqqətimizi çəkən
Türkiyə serial və reklam, eyni zamanda kino aləmində
rol alan aktyorlarımızla mövzu ilə bağlı
söhbət etdik. Onlara qonşu ölkənin film sektorundan
edilən təkliflərin kim tərəfindən gəldiyini
və bu obrazlarda məsuliyyətlərinin nə qədər
böyük olduğunu soruşduq.
Axır vaxtlar bir ayağı Türkiyədə
olan aparıcı, aktrisa Aysel Nazim Türkiyənin "Bonne
Vie” jurnalına müsahibə verib. Aparıcı ilə bərabər
bu jurnalda türk şou-biznesinin məşhur simaları da yer
alıb. Aysel Nazim ötən həftə Türkiyə-Azərbaycan
aktyorlarının birgə layihəsi olan "Milyonluq kuş”
filminin təqdimatında iştirak edib. "Kaspi”yə
açıqlama verən aktrisa türklərlə eyni layihədə
yer almağı sevindirici hal kimi qiymətləndirdi:
"Türkiyədə ilk layihəm Barış
Kömürcüoğlunun klipində çəkilməyim
oldu. Bu, Barış Kömürcüoğlu ilə dicey Kanun
Yıldırımın layihəsi idi. Azərbaycan
mahnısı üzərində işləmişdilər. Hər
kəsin sevdiyi bir mahnıdır, yeni aranjemanda təqdim edilməsi
tamaşaçıların marağına səbəb oldu.
Klip çəkilişləri Almaniyada baş tutdu, Türkiyənin
"Kral TV”, "Power” musiqi kanallarında nümayiş olundu.
Həmin klip "Youtube”da çox izlənildi. Türkiyədə
olanda mənə belə bir təklif etdilər və bu da
çox uğurlu alındı. Daha sonra qardaş ölkədən
reklam və film təklifləri aldım. Sonuncu dəfə
"Milyonluq kuş” layihəsində çəkildim. Bu
günə qədər Türkiyədə iştirak etdiyim
heç bir layihədə sınaq çəkilişlərində
iştirak etməmişəm. Onlar mənim işlərimə
baxıb və sonra dəvət ediblər. Aktyorluq təhsilimi
Türkiyədə aldığıma görə, orada filmlərə
çəkilmək şanslarım daha çox olub”.
Son zamanlar media və sosial şəbəkələrdə
gündəm mövzusuna çevrilən Türkiyənin
"Fox” televiziyasında yayımlanan "Savaşçı”
serialında rol alan tanınmış rejissor Kənan M.M-in Azərbaycan
hərbiçisi obrazı oldu. Rejissorla bərabər, aktyor
Elvin Əhmədov da həmin layihədə yer alıb.
Rejissor bizimlə söhbətində təklifin qarşı tərəfdən
gəldiyini bildirdi: "Onlar serialın bəzi
kadrlarını Azərbaycanda çəkmək istəyirdilər
və yerli aktyorlardan mənim üzərimdə dayandılar.
Ancaq Azərbaycanda çəkilişlər baş
tutmadığı üçün həmin kadrlar Türkiyədə
çəkildi. İlk bölümdən sonra Bəxtiyar
obrazının xəttini böyütdülər. Türkiyə
serialına dəvət aldıqda heç bir sınaq çəkilişlərində
iştirak etməmişəm. Onlar mənim filmlərimi izləmişdilər
və sınaq çəkməyə ehtiyac olmadı.
Türklərin layihəsində iştirak etmək bir aktyor
kimi mənə sərf etdi. Çünki onlar aktyorlara
rahatlıq vəd edirlər. Bizdə aktyor meydançaya gəlir,
özü ilə paltar gətirir və gətirdiyi paltarı
geyinməyə yeri olmur. Orada isə belə bir problem yoxdur.
Özünü sənətçi kimi hiss edirsən”.
Rejissor qeyd edir ki, onlar serialda 1 il öncə Azərbaycan
bayrağını qollarına vurmuşdular, bizdən
danışmışdılar: "Mən də əlimdə
Türkiyə bayrağını tutub şəkil çəkdirdim.
Paylaşıb "bu da bizim bayrağımızdır” şərhini
yazdım. Həmin foto Türkiyədə sosial şəbəkədə
geniş yayıldı. Onlar da girib, profilimə baxıblar.
Görüblər ki, aktyor, rejissoram. İki ay mənə
yazıblar, görməmişəm. Sonra dostumuz vasitəsilə
əlaqə qurdular. Bir bölümdə çəkiləcəkdim.
Sonra aktyorluğumu bəyəndilər, davam etməyimi istədilər.
Dostumuz, aktyor Elvin Əhmədovu da bizimlə çəkilməsi
üçün çəkiliş komandasına təklif
etdim. Bəyəndilər. Hələ ki rolumuz davam edəcək”.
Aktyor Türkiyədə sənətçilərə verilən yüksək qiymətdən də bəhs etdi: "Burada 1 adam 5 adamın işini görürsə, Türkiyədə 5 adam 1 adamın işini görür. Bir günün yemək pulu... Deməyə utanıram. Türkiyədə məni Kənan M.M kimi yox, azərbaycanlı Kənan Mahmudov kimi tanıyırlar. Hazırda aid olduğum yerdə deyiləm, layiq olduğum yerdəyəm”.
Türkiyədə yaşayan azərbaycanlı
aktrisa, yazar, "P.S. Zaten boyun da küçüktü...”,
"Ve bir americano...” kitablarının müəllifi Gülay
Hüseynova "Yeni gəlin” serialında maraqlı obraz
canlandırıb. Onun canlandırdığı psixoterapevt
obrazı diqqət çəkib. Aktrisa mətbuata
açıqlamasında bildirib ki, 57-ci bölümdən
etibarən bioenerji mütəxəssisi və fizioterapevt Oksana
xarakteri ilə "Yeni gəlin” serialının aktyor heyətinə
daxil olub.
Məlumat üçün bildirək ki,
adıçəkilən layihə Türkiyənin ən
reytinqli kanalı "Show tv"də nümayiş olunur.
Baş rolları Cessika May və Tolqa Mendi ifa edir. Həmyerlimiz
bundan əvvəl "Kalbimin Sultanı” adlı böyük
büdcəli serialda rol almışdı: "Aktrisalıq
komanda işidir, yazarlıqsa fərdi bacarıq. Uğurlu bir
film və ya serial ərsəyə gətirmək üçün
o komandada gərək heç olmasa 80% bacarıqlı insanlar
olsun ki, uzun illər yadda qalsın. Yazarlıqda isə belə
deyil. Çünki yazar layihənin bir parçası deyil,
birbaşa yaradıcısıdır. Ürəkdən
çalışdım, nəticəsini də gördüm.
Artıq 3 ilə yaxındır ki, İstanbulda
yaşayıram. Türkiyəyə çatan kimi çəkilmək
istəmirdim, düzü. Bir az mühitə alışmaq,
Türkiyədəki film sektorunu incələmək və ən
əsası, kino təhsilimə fokuslanmaq istəyirdim. Gəldiyim
gündən peşəkarlardan kino dərsləri almağa
başladım. Paralel olaraq da 2 kitabım nəşr edildi və
Türkiyənin dörd bir yanında onlarla imza günlərim
keçirildi. "Kalbimin Sultanı"na gəlincə...
Aktrisa olaraq, bir ildə 3 yadda qalmayan layihədə
görünməkdənsə, üç ildə 1 layihədə
görünüb "voov" dedirtməyi üstün
tuturam. "Kalbimin Sultanı" da məhz o cür layihələrdən
olduğu üçün sevə-sevə qəbul etdim. Təklif
serialın rejissorundan gəlmişdi. Türk-Rus ortaq
yapımı olan beynəlxalq bir layihə olduğu
üçün aktyor seçiminə Rusiya və Türkiyə
tərəfi birlikdə qərar verirdi. 80 milyondan çox əhalisi
olan böyük bir ölkədə, təbii olaraq önə
çıxmaq çətindir. Üstəlik, hər il daha
gözəl, daha yaraşıqlı, ən əsası, daha
istedadlı minlərlə gənc aktyor və aktrisalar məzun
olur. Rəqabətin bu qədər professional və
güclü olduğu bir sahədə diqqət çəkə
bilmək üçün dayanmadan öz üzərində
çalışmalı, inkişaf etməli, yeni dillər
öyrənməli, xüsusi bacarıqlarını sürətlə
artırmalısan”.
Xəyalə Rəis
Kaspi 2018.- 17 oktyabr.- S.12.