Akademik Milli Dram
Teatrının növbəti uğuru – “Sinif yoldaşları”
Akademik Milli Dram Teatrında uğurla premyerası keçirilən "Sinif yoldaşları” tamaşası teatrsevərlərin böyük rəğbətini qazanıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsəri melodram janrındadır.
Məşhur rus yazıçı-dramaturqu Yuri
Polyakovun eyniadlı pyesi əsasında ərsəyə gələn
tamaşanın müəllifi, quruluşçu rejissoru və
rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru
Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı
xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Səhnə əsərində Xalq artistləri Ramiz Novruz (Fyodor Stroçkov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna), Əməkdar artistlər Sənubər İsgəndərli (Svetlana Poqojeva), Şəlalə Şahvələdqızı (Anna Falikova), Rövşən Kərimduxt (Mixail Tyablov), Füzuli Hüseynov (Viktor Çermetov), aktyorlar Mətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytånant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər. "Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.
Tamaşa haqqında fikirləri təqdim edirik.
Pyesin müəllifi Yuri Polyakov: "Mən
çox şadam ki, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında Azər Paşa Nemətovun bədii rəhbərliyi
və quruluşçu rejissorluğu ilə mənim "Sinif
yoldaşları” əsərim əsasında hazırlanan
tamaşanın premyerası baş tutdu. Teatrın bədii rəhbər-direktoru
Azər Paşa Nemətova və Azərbaycan Dillər
Universitetinin rektoru Kamal Abdullaya tamaşanın taleyində
iştirak etdiklərinə, qonaqpərvərliklərinə
görə dərin təşəkkürümü bildirirəm.
Azər Paşa Nemətov və onun tələbəsi Anar
Sadıqovun mükəmməl rejissor işini, o cümlədən
pyesin mətninə qayğıkeş münasibətlərini
və müəllif fikrinin dəqiq ifadə edilməsini qeyd
etmək istəyirəm. Aktyorların
çıxışı məni çox sevindirdi. Mən,
demək olar, bu pyes əsasında hazırlanan bütün
tamaşaları görmüşəm. Akademik Milli Dram
Teatrının tamaşası ən yaxşılarından
idi. Tamaşaya uzunmüddətli və uğurlu səhnə həyatını
arzu edirəm”.
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli: "Yuri Polyakovun "Sinif yoldaşları" pyesi aktual mövzusu, iti süjet xətti, kəskin konflikti, koloritli xarakterləri ilə elə ilk dəqiqədən "qarmaqlarını" tamaşaçının yaxasına ilişdirib diqqətini özünə çəkir. Ədəbi materialın məhz bu keyfiyyətlərindən istifadə edərək Azər Paşa Nemətov insan və cəmiyyət haqqında yüksək dramatizmə və dinamikaya malik çevik bir tamaşa təqdim edir. İlk baxışda adi görünən səhnə tərtibatı, qayğısız, hətta məqsədsiz görünən aktyor oyunu, iddiasız musiqi müşayiəti sanki tamaşaçını personajlarla birlikdə şən bir məclisə, bayrama hazırlayır. Əslində isə, səhnə fırtınadan qabaqkı sükutu xatırladır. Tamaşaçı bunu fəhmlə hiss edir, başa düşür, bir azdan nələrinsə baş verəcəyini həyəcanla gözləyir. Əsas hadisə isə adi, gündəlik bekara söhbətlərin fonunda yavaş-yavaş sürət yığır: köhnə "odnoklasniki" - sinif yoldaşları iyirmi ildən sonra Əfqan müharibəsi əlili İvan Kostromitinin 40 yaşını qeyd etməyə yığışırlar. Səhnəyə bir-bir gələn bu insanlar özləri ilə öz talelərini də gətirirlər. Əyyaş şair, varlı ər sorağında qocalan gözəllik "kraliçası", vətənsiz qalmış jurnalist, dini alverə çevirmiş içki düşkünü ruhani ata, yeni iqtisadi münasibətlərin qurbanı olan zavallı müəllimə, bir də mer olmaq həvəsinə düşmüş oliqarx Viktor Çermetov. Bu adamlar yenidən iyirmi ilin o tayında qalmış məktəb illərinə qayıtmaq, keçmiş xoşbəxt zamanı, bir növ, birgə yaşamaq, xatırlamaq istəyindədirlər. Ancaq hadisələrin gedişi göstərir ki, bu xam xəyaldır, həyatın çətin və sərt üzü onları tamam dəyişib, müqəddəs gənclik idealları çoxdan unudulub, indi müqəddəs olan bir şey varsa, o da PULdur. Ayrıldıqları iyirmi ildə onların hər biri insan üçün çox vacib olan nəyisə itiriblər. Tamaşa bax elə bu "itki" üzərində qurulub. Azər Paşa Nemətov dramaturqla bir yerdə təsdiq edir ki, həyatın necə alınmasından, taleyin necə gətirməsindən asılı olmayaraq, gənclik ideallarını qorumaq, yaşatmaq gərəkdir, bir az da açıq desək, adam olmaq lazımdır.
Tamaşanın aktyor ansamblını xüsusi
qeyd etmək istəyirəm. Rejissor rolları zərgər dəqiqliyi
ilə bölüb, çoxdan tanıdığımız
aktyorların bizə məlum olmayan gizli imkanlarını
üzə çıxarıb. Hər kəs öz rolunu əla
oynayır. Hətta bu tamaşada kimin daha yaxşı
oynadığını demək də çətindir. Odur
ki, bütün heyətin adını çəkməli
olacam: Sənubər İsgəndərli, Şəlalə
Şahvələdqızı, Rövşən Kərimduxt,
Ramiz Novruz, Cəfər Namiq Kamal, Fizuli Hüseynov, Mətləb
Abdullayev, Səidə Quliyeva, İlahə Həsənova,
Vüsal Mustafayev, sözsüz rolların
ifaçıları Ziya Ağa (plastika!), Vüsal Məmmədov,
Mehman Fətullayev. Bununla belə çoxdan səhnədə
görmədiyimiz və ya az-az gördüyümüz
füsunkar Sənubər İsgəndərlini, xarizmatik Fizuli
Hüseynovu, qrotesk rollarda daha yaxşı görünən
Rövşən Kərimduxtu və tam yeni ampluada parlaq oyun
göstərən Ramiz Novruzu izləməkdən böyük
zövq aldım.
"Sinif yoldaşları"nı həm bədii
cəhətdən, həm də ictimai cəhətdən
çox aktual bir tamaşa kimi qəbul edirəm. Bu tamaşa
Akademik Milli Dram Teatrının, quruluşçu rejissor kimi
şəxsən Azər Paşa Nemətovun və rejissor Anar
Sadıqovun növbəti uğuru, yaradıcılıq qələbəsidir.
Hər tamaşadan sonra zalı titrədən
tamaşaçı alqışları mənim fikrimi təsdiq
edir”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarov: "Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan "Sinif yoldaşları” tamaşası, fikrimcə, son illərdə Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş ən uğurlu tamaşalardan biridir. Tamaşanın başlıca uğuru ondadır ki, müəlliflər əsərin ideyasının – müasir insanda, cəmiyyətdə baş verən mənəvi aşınma problemini qabartmaq ideyasının dəqiq səhnə həllini tapıblar. Bu mənada, rejissor yozumu, demək olar ki, bütün parametrləri ilə özünü doğruldur. Tamaşanın səhnəqrafiyası, plastik həlli, aktyor oyunu, musiqisi ideya ətrafında bir vəhdət təşkil edir. Hadisələrin daim yüksələn xətlə dinamik inkişafı, süjetin peripetiyalarla zənginliyi və aktyor heyətinin adekvat oyunu tamaşaçıları hər zaman maraq dairəsində saxlayır. Bu baxımdan, ansambl oyunu tamaşanın ən uğurlu cəhətlərindən biridir. Lakin eyni zamanda, mən aktyorlardan Füzuli Hüseynov (Viktor Çermetov), Sənubər İsgəndərli (Svetlana Poqojeva), Rövşən Kərimduxt (Mixail Tyablov) və İlahə Həsənovanın (Olqa) oyununu xüsusu qeyd etmək istərdim. Onlar canlandırdıqları obrazların daxili aləminə daha dərindən varır, qəhrəmanlarının süjet boyu inkişaf xəttini daim izləyir və dəqiq cizgilərlə xarakterlərini yaradırlar.
Sonuncu fikrim tamaşanın janr təyini ilə
bağlıdır. Düşünürəm ki, səhnə
əsərinin janrının melodram kimi təyini mübahisə
doğurur. Çünki əsərdə melodramatik
üçbucaq yoxdur, daha doğrusu, üçüncü tərəf
– (tamaşa boyu bir sözü belə olmayan, iflic həyatı
yaşayan İvan Kostromitin - aktyor Mətləb Abdullayev) -
passiv və assosiativdir. Bu səbəbdən, tamaşanın
janrı melodram deyil, psixoloji dram adlandırılsa idi, daha dəqiq
olardı”.
Jurnalist Ramilə Qurbanlı: "Əvvəlcə
ürəyimcə olan məqamlardan danışım.
Zalın dolu olması, xüsusən, ölkədə mədəniyyətin
vəziyyətinə cavabdeh şəxslərin tamaşanı
sona qədər izləmələri ürəyimi
açdı. Müəllifin – Yuri Polyakovun
tamaşaçılar arasında olması da təqdirəlayiqdir,
çünki xüsusi canlanma verdi prosesə.
Tamaşaçılarımız da beş il əvvəlkinə
nisbətdə xeyli irəli gediblər, telefon, "votsap”
yazışmalarının səsi gəlmirdi, hamı
tamaşanı izləyirdi.
Başlanğıcda düzünü deyim ki, Sənubər
İsgəndərovanın gözəlliyinə tamaşa
edirdim və tamaşa haqqında "bunun bu günlə nə
əlaqəsi var? Niyə məhz rus müəllifi, məhz bu
əsər?” və sair bu kimi suallar dolaşırdı
başımda, sonra necə hadisələrin içinə
varmışamsa, bir də gördüm birinci hissə başa
çatdı. Sonda bilmişəm ki, tamaşa, əslində,
qısa deyil. İkinci hissə birincidən də ritmli oldu və
tamaşaçı darıxmadı, ən əsas amil indiki
vaxtda budur. Bütün o hadisələr, insanlar arasında
münasibətlərdən tutmuş, şəxsiyyət
aşılanmalarına qədər ətrafımızda, bəlkə
də, özümüzdə baş verənlərdir.
Tanış hadisələr, ağrılardır.
Xalq artisti Ramiz Novruz (Fyodor Stroçkov) fərqli obrazda çıxdı qarşımıza, yəni əvvəlki obrazlarını təkrarlamadan, yeni ampluada. Nəzərə alsaq ki, Xalq artistləri yalnız baş rolları, həm də şıx geyimli "bəyzadələr” oynamağa daha həvəslidir, Ramiz Novruzun sənət baxımından bu seçimi çox maraqlı və təqdirəlayiqdir.
Şəlalə Şahvələdqızı (Anna Falikova) gözəl obraz yaratdı. Sənubər İsgəndərli (Svetlana Poqojeva) riskli aktirasaymış. Bunu anlatdı bu obrazı ilə. Maşallah, həmişəki kimi formada və oynadığı obraza, özünə sadiq.
Füzuli Hüseynov (Viktor Çermetov) nə qədər bacardı nifrət qazandı. Onun prototipini döymək istəyən adamlar yaxşı ki, aktyora qarşı yönəlmədilər.
Sağ olsun yaradıcı qrup, Azər Paşa Nemətova xüsusi təşəkkür ki, zövqümüzü yenilədi, zövqümüzü oxşadı”.
Yazıçı-tərcüməçi
Günel Eminli: "Sevdiyim yazıçı Yuri Polyakovun
"Süddə çəpiş” romanını
oxumuşdum. "Sinif yoldaşları” tamaşasından sonra
onu bir dramaturq kimi də kəşf etdim. Məşhur rus
filmində deyilən "həyat 40 yaşında
başlayır” kəlməsi burda "40 yaş
yaşadıqlarının haqq-hesabını
çürütmək vaxtıdır” devizi ilə əvəzlənir.
Tamaşada ziddiyyətli insan münasibətləri, müharibənin
fəsadları, təbəqələşmə, insanların
bu və ya digər təzyiqlər və basqılar altında
əzilməsi qabardılıb. Rejissor işi, aktyorların məharətli
ifası, səhnə dekorasiyaları, musiqi tərtibatı
zövqlə işlənib. Belə tamaşalar teatrsevərlər
üçün əsl bayramdır”.
Əsərin tərcüməçisi, yazıçı Etimad Başkeçid: "Müəllifin hər yola baş vurub, orijinallığa meyl etməsi, oxucunu və tamaşaçını heyrətə salmağa çalışması, ucuz epotaj, adi montaj əməliyyatını yüksək sənət əsəri kimi təqdim etməsi – müasir ədəbi prosesin ən səciyyəvi tərəflərindən biri də budur. Nəticə etibarilə böyük bir epiqonçu ordusu yetişib ki, əsərləri heç bir bədii informasiya yükü daşımır. Bu, bizdə də belədir, Rusiyada da. Yuri Polyakov tamamilə fərqli sənətkardır. Onun haqqında çox yazılır və danışılır, amma mənə elə gəlir ki, o, populyarlaşmaq və gözə girmək texnologiyalarının heç birindən istifadə eləmir, belə deyək, bunu "bacarmır”. Polyakov tamamilə başqa estetikanın adamıdır – onun əsərlərini hansısa "izm”ə sığışdırmaq, hansısa trend və ya meynstrim kateqoriyaları ilə təsnifləndirmək mümkün deyil. Bunu "mümkün” eləyən ədəbiyyatşünaslar və tənqidçilər var, amma bu, onların öz yaradıcılığıdır.
Bütün bunlar bir tərəfə, tərcüməçi üçün vacib olan tərcümə etdiyi əsərin nə dərəcədə istedadla yazılıb-yazılmamasıdır. Ona görə ki, düzdür, tərcüməçi qonorarla işləyir, amma hər halda, ürəyindən keçir ki, yaxşı əsər tərcümə eləsin.
Yuri Polyakov müasir rus ədəbiyyatının
ən yaxşı yazıçılarındandır və
"Sinif yoldaşları” pyesi onun ən yaxşı əsərlərindəndir.
Əsəri uğurla səhnələşdirdiyinə görə
Akademik Milli Dram Teatrının kolletivini səmimi-qəlbdən
təbrik edirəm. Bu uğurda mənim də payım
olduğuna görə isə qürurluyam”.
Hazırladı: Cavid Zeynallı
Kaspi 2018.- 18 oktyabr.- S.10-11.