Onlar artıq
bizim gücümüzü görüblər...
“Kaspi” qəzetinin
teatr əlavəsi A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə
müsahibəni təqdim edir.
-Əvvəla, festivallarda qazandığınız uğurlara görə təbrik edirik. İlk olaraq, sentyabrda baş tutmuş "Xəzərin sahili” festivalı ilə bağlı təəssüratlarınızı bölüşərdiniz.
-Kukla teatrı elə teatrlardandır ki, festivalla bağlı heç bir problemimiz olmur. Hazırda istənilən festivala müsabiqədən kənar dəvət olunuruq. Kollektivimizin zəhməti, əməyi ilə teatrımız o səviyyəyə çatıb ki, bizi dəvət edən insanlar tamaşalarımızı ya görüb, ya da haqqımızda eşidiblər. Qatılırıqsa, birinci, ikinci yerlərdən birini tuturuq, yaxud da varsa, "ən yaxşı rejissor”, "ən yaxşı aktyor” mükafatlarını qazanırıq. Müsabiqə olmasa belə, qatıldığımız festivallarda hörmətlə qarşılanırıq. Bunun üçün Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Sentyabr festivalına gəldikdə isə, bizim iki dəvətimiz var idi. Biri Tunisdən, digəri Həştərxandan. Biz Həştərxan festivalında iştirak etməyi seçdik. Həştərxanda hər hansı xalq nağılımızı rus dilində oynamaq lazım idi, biz də "Üç cəsur” tamaşası ilə bu vəzifənin öhdəsindən layiqincə gəldik. Tamaşamız xoş qarşılanmaqdan başqa, həm də təəccüb doğurdu. Hətta, məşhur teatrşünas A.Bartoşeviç dedi ki, təsəvvür edə bilməzdik, Azərbaycan teatrı rus dilində bu qədər səlis tamaşa oynaya bilər. Bu festivaldan kollektivimiz laureat və "Sodrusjestvo” diplomları ilə qayıtdı.
Bir faktı da
qeyd edim, Həştərxanda Heydər Əliyev adına məktəb
var. Tamaşamıza məktəbin şagirdləri də gəlmişdi.
Sonra rəhbərliklə belə
danışığımız oldu ki, növbəti dəfə
gələndə həmin məktəbin şagirdləri
üçün təmənnasız tamaşa göstərək.
-Bu festivalda rəqimləriniz
kimlər idi?
-Adından da məlum olduğu kimi, Xəzəryanı
ölkələr dəvət olunmuşdu. Bundan başqa qonaq
qismində Donbasdan və Donetskdən gəlmişdilər.
-Aldığınız
mükafatları qazanacağınıza əmin idiniz?
-Əslində, bu festivala biz
üçüncü dəfədir ki, qatılırıq,
heç vaxt da mükafatsız qayıtmamışıq. Onlar
artıq bizim gücümüzü görüblər. Birinci
dəfə "Qırmızı papaq”, növbəti dəfə
"Ağ və qara” tamaşası ilə festivalda iştirak
etmişik. Bu dəfə festivalın təşkilat komitəsinin
xahişi ilə Mirmehdi Seyidzadənin "Cırtdan” əsəri
əsasında Qurban Məsimovun quruluşunda hazırlanan
"Üç cəsur” nağıl-tamaşasını
göstərdik. Düzünü desəm, hansısa festivala
gedəndə mükafat haqqında
düşünmürük. Ancaq sənətimizi göstərməyə
gedirik və belə alınır ki, həmişə də
mükafatla qayıdırıq.
-Növbəti festival oktyabr ayında baş tutan S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları festivalı oldu.
-Bu festivala qatılmağımızın
maraqlı tarixçəsi var. Bir neçə il öncə
biz İvanovo şəhərində festivalda idik. Sergey
Obraztsovun nəvəsi də həmin festivala gəlmişdi.
Yeri gəlmişkən, festivala bir neçə ölkə ilə
yanaşı, Ermənistanın da teatrı
qatılmışdı. Tamaşamızdan sonra təxminən
on dəqiqəyə yaxın nə Obraztsovun nəvəsi, nə
də Ermənistandan gələn teatr kollektivi zalda yerlərindən
dura bilməmişdilər. Tamaşamıza heyran olmuşdular.
Məhz həmin gün Obraztsovun nəvəsi ilə söhbətimiz
zamanı qeyd etdi ki, bizim kollektivi S.Obraztsov adına kukla
teatrında görmək istəyir. Bilirsiniz ki, digər
festivallarda "Ağ və qara” tamaşasını Azərbaycan
dilində oynamışıq. Lakin onun xahişi bundan ibarət
oldu ki, tamaşa rus dilində oynanılsın. Çox
qısa müddətdə biz tamaşanı rus dilində
hazırlaya bildik. Bir nüansı da qeyd edim ki, bu teatrda
iştirakımız üçün yol xərcləri də
daxil olmaqla bütün xərcləri S.Obraztsov teatrı
öz üzərinə götürmüşdü. Yeri gəlmişkən,
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğluna dərin təşəkkürümüzü
bildiririk ki, bizi orada diqqətdən kənarda qoymadı.
-Bildiyim qədəri
ilə burada 7 ölkədən 17-dən artıq teatr
kollektivi qatılmışdı. Bu qədər
iştirakçılarla rəqabət aparmaq çətin
olmadı ki?
-Biz festivala qatılmağa qərar veririksə,
festivalın proqramında neçə teatrın olmasının
heç bir fərqi yoxdur. Biz ancaq seyrçilər
üçün oynayırıq. Tamaşamızı da
oynayanda kiminsə xoşuna gəlmək üçün yox,
özümüzə görə də heç bir
çatışmazlıq olmamalıdır. Çünki
gözə dəyə biləcək hər hansı qüsur
tamaşaya mənfi təsir edir.
-Bu səfərdən
hansı mükafatla qayıtdınız?
-Bu festivalda müsabiqə yox idi. Amma
mükafatsız da dönmədik. Tamaşamız festivalın
ən yaxşı səhnə işlərindən biri kimi
yüksək qiymətləndirildi. Festivalın simvolunu
aldıq, bundan başqa, özlərinin loqolarını hədiyyə
verdilər. Onu da qeyd edim ki, bu teatrla bizim Kukla Teatrı eyni
yaşdadır. Və orda videoçarxlara baxdıqda bizi bir qədər
həyəcan bürümüşdü ki,
yaşıdıq, bizə bu qədər dəyər verirlər,
gərək hər şey mükəmməl ola.
-Hər iki festival müddətində, yəqin ki, digər ölkələrin tamaşalarını izləmək imkanınız oldu.
-Əslində, hər iki festivalda boş
vaxtımız çox az idi. S.Obraztsov teatrına hər bir
kollektiv üç günlük dəvət olunmuşdu. Yəni
qonaqlara üç gün vaxt verilirdi – bir gün yerləşmək,
o biri gün tamaşa göstərmək, cəmi bir
günümüz də qalırdı ki, tamaşaya baxaq. Amma
imkan tapıb, tamaşalara da baxdıq. Əslində, festival,
ilk növbədə, yaradıcılıq mübadiləsidir.
-Qonaq ölkələrin
tamaşalarından hansılar sizi təsirləndirdi?
-Çox gözəl tamaşalar var idi.
Qazaxıstanın, Türkmənistanın, Mahaçqalanın
teatr kollektivlərinin tamaşalarını xüsusi
vurğulamaq istərdim. Obraztsovun özünün
tamaşaları da çox güclü tamaşalar idi. Hər
festivalda göstərilən on tamaşadan ikisi beyinə həkk
olunursa, yadda qalırsa, insanın özü üçün,
kollektiv üçün çox böyük bir şeydir.
-Xarici
seyrçilər tamaşalarımızı necə
qarşıladılar?
-Mənim üçün ən ağır məsələ,
teatrımızı hardasa tərifləməkdir. Lakin
olanı deyəcəm. Onların öz sözləri ilə
desəm, "şokda idilər”. Aktyorların
ustalıqları, kuklaların idarə olunması çox bəyənilmişdi.
-Mətbuatdan
öyrəndik ki, festival çərçivəsində dəyirmi
masa və ustad dərsləri keçirilib. Hər hansı
yeniliklər deyildimi həmin ustad dərslərində?
-İstənilən aktyorun, rejissorun
yaradıcılıq söhbətləri yaradıcı insan
üçün lazımdır. Fikrimcə,
yaradıcılıqda "nəyə lazımdır?”
sualı olmamalıdır. Hər teatr gücünü festivallarda
göstərir. Xırda bir məsləhət belə,
yararlı sayılırsa, tapıntı deməkdir. Əslində,
burada kukla teatrlarında kuklaların hazırlanma prosesi, onlarla
bağlı məsələlər müzakirə olunurdu.
-Bu festivallardan
hansı təcrübəni qazandınız?
-Təkcə bu festival deyil,
qatıldığımız bütün festivallardan nələrsə
öyrənmişik. On il bundan qabaq kukla teatrında
iki-üç mexanizm var idisə, artıq bu illər ərzində
bizim teatrda bütün mexanizmlərdə kuklalarımız
var. Hazırda teatrımızda 2 sm-dən 7 metrədək
ölçüdə kuklalarımız möcuddur.
Bütün bunlar festivallarda yığdığımız təcrübənin
nəticəsidir.
-Qarşıda
kuklasevərləri hansı yeni maraqlı tamaşalar,
festivallar gözləyir?
-Dəvətlər var, ancaq öz
repertuarımızla bağlı festivallarda iştirakı gələn
ilə saxlamışıq. İlin sonuna qədər təhvil
veriliməli bir neçə tamaşamız var.
Nigar Pirimova
Teatrşünas
Kaspi 2018.- 18 oktyabr.- S.12.