YUĞ Teatrın həmişə
var olsun!
"Taleyində olan həyatında olmaya bilər..."
Hacı Mir Həsən ağa Səyyah
Bu gün Azərbaycan teatrının
böyük simalarından biri, YUĞ Teatrının
yaradıcısı rejissor Vaqif İbrahimoğlunun doğum
günüdür. Kaspi qəzetinin teatr əlavəsinin
bütün əməkdaşları adından müəllimlərin
müəllimi Vaqif İbrahimoğlunun xatirəsini ehtiramla yad
edir və ustad sənətkarımıza tanrıdan rəhmət
diləyirik. Vaqif müəllimin tələbəsi olmuş
Türkiyə vətəndaşı rejissor Rasim
Aşının ustadı ilə bağlı bir xatirəsini
paylaşmaq istərdik.
Vaqif İbrahimoğlu mənim həm taleyimdə,
həm də həyatımda var, hər zaman da var olacaq!
1998-ci ilin dekabrında Bakıda təhsil
aldığım dönəmdə üzləşdiyim
problemlərdən dolayı Türkiyəyə
qayıtmağa qərar verdim. Elə qərar verdiyim gündəcə
müəllimlərimdən birinin tövsiyəsilə Yuğ
teatrının "Modus vivendi” tamaşasını izləməyə
getdim. Tamaşa məni o qədər təsirləndirmişdi
ki, seyrçilər zaldan çıxdıqları halda mən
oturduğum yerdəcə fikrə getmişdim.
Dünyasını dəyimiş doğmalarımla, əzizlərimlə
söhbətə dalmışdım. Heyrət içində
idim, Azərbaycan teatrında daha öncə belə bir
tamaşa izləməmişdim. Dörd gündən sonra
Türkiyəyə qayıdacaqdım, təyyarə biletimi də
almışdım.
Tamaşanın təsirindən oturduğum yerdən
hələ də qalxmamışdım. Teatrın
aktyorlarından biri yaxınlaşıb mənə
tamaşanın bitdiyini və gedə biləcəyimi dedi. Mənsə
heyrətlər içində tamaşanın yaradıcı
heyəti ilə tanış olmaq və söhbət etmək
istədiyimi bildirdim. Məni Vaqif müəllimin
otağına apardılar. Otaqda qələbəlik vardı.
Vaqif müəllim bir kənarda əyləşməyimə
işarə elədi. Hamı gedəndən sonra mənə
ilk sualı belə oldu: "Türkmüsən,
kürdmüsən?”. Mən də "Bir fərqi varmı?”-
deyə suala sualla cavab verincə - "Sənin
üçün yoxdursa, mənim üçün heç
yoxdur” – deyə söhbətinə davam elədi.
"Tamaşada ilgini çəkən nə oldu?” – sualına
"Ölmüş nənəmi yadıma saldı, tamaşa
boyu sanki onunla söhbət eləmişəm kimi hiss etdim” –
deyə cavab verdim. Vaqif müəllim təəccübləndi
və ətrafındakılara "Aha, bizim daha bir
yuğçumuz peyda oldu. Bizi duya bilən biri öz
ayaqları ilə gəlib bizi tapdı”- deyib məni
qucaqladı. Bundan sonra nə zaman istəsəm, Yuğ
teatrına gələ biləcəyimi bildirdi, saatlarla Yuğ
teatrının poetikasından, fəlsəfəsindən
söhbət açdı. O gecə metronun sonuncu
qatarının gəlişinəcən Azərbaycan və
Türkiyə teatr düşüncəsinin özəlliyindən,
fərqlərindən doyunca danışdıq.
Ertəsi gün ilk işim təyyarə biletimi geri qaytarmaq və Azərbaycanda təhsilə davam etmək odu. Vaqif müəllim mənim uşaq teatrı sahəsində peşəkar təhsil almaq və araşdırmalar aparmaq istədiyimi bildiyindən Yuğ teatrında mənə uşaq teatrı araşdırmaları üçün şərait yaratdı. Beş il bu sahədə bir sıra işlər gördük, ciddi araşdırmalar apardıq.
O gün, bu gündür, Vaqif İbrahimoğlu
mənim həm həyatıma, həm də taleyimə
qızıl hərflərlə yazıldı. Nə
yaxşı ki, yazıldı… Vaqif müəllim teatr
yaradıcılığımda hər zaman mənə yol
göstərdi, məsləhətlər verdi, yaradıcı
mesenantlıq elədi. Dünyasını dəyişdikdən
sonra belə ruhu ilə həmişə mənə doğru
yol göstərməkdədir. Cismi bu dünyadan getsə də,
ruhu ile hikmətini tələbələrindən əsirgəmir.
Ruhun şad olsun, Vaqif müəllim.
Allah səndən razı olsun. YUĞ Teatrın həmişə var olsun!
Rasim Aşın
Kaspi 2018.- 18 oktyabr.- S.11.