Cümhuriyyətə gedən
yolda mətbuatın rolu
Bu dövr mətbuatının
tarixini sistemli şəkildə öyrənmək, dəqiqləşdirmək
çox vacibdir
Gənc tədqiqatçı Samir
Xalıqoğlu (Mirzəyev) yazır: "Jurnalistika tariximizdə
Birinci Dünya müharibəsi illərinin mətbuatı
xüsusi çəkiyə malikdir. Çünki bu zaman kəsiyi
Azərbaycan milli hərəkatında mühüm dövrlərindən
birini təşkil edir və milli müstəqilliyə, Azərbaycan
Xalq Cümhuriyyətinə aparan yol, məhz bu illərdən
keçir. Cümhuriyyətimizin elmi konsepsiyası əsasən,
sözügedən dövrdə meydana gəlmişdir”.
Mətbuat səhifələrində siyasi
maarifçiliklə başlanan bu mübarizə birinci Rusiya
inqilabı dövründə açıq müstəviyə
keçdi. Eyni zamanda Azərbaycanın öndə gedən
aydınları, fikir adamları milli oyanış və ictimai
fəallıq baxımından Krım, Volqaboyu tatarları ilə
ittifaqa girərək, güclü blok yaratmağa nail oldular.
Tezliklə, siyasi partiyaya çevrilən bu bloku, tatarlar tərəfindən
İ.Qaspıralı, Azərbaycan türkləri tərəfindən
isə Ə.Topçubaşov təmsil edirdi.
Odur ki, Azərbaycan milli ruhlu mətbuatının
tarixi, xalqımızın azadlıq, müstəqillik hərəkatı
tarixi ilə qırılmaz sürətdə
bağlıdır. Bu hərəkatın yaranması,
inkişaf yolu, xüsusiyyətləri milli ruhlu mətbuatımızın
da inkişaf yolunu müəyyən etmiş, ona təkan
vermişdir. Müxtəlif dövrlərdə intibah və tənəzzül
halları keçirən Azərbaycan mətbuatı, Azərbaycan
xalqının və Azərbaycan mədəniyyətinin məruz
qaldığı bütün siyasi, ictimai, ideoloji təbəddülatları
bilavasitə öz üzərində hiss etmişdir.
20-ci yüzilliyin ikinci on illiyində Azərbaycanda
ədəbi-bədii düşüncənin daha uğurlu
axtarışlar aparmasınd, milli ictimai şüuru tənzimləyən
mətbuat, güclü təsir göstərir, ədəbi
prosesin cəmiyyət həyatına müdaxiləsinə
meydan açırdı. Bu zaman mətbuatın ictimai fikir
institutuna çevrilməsi, azad söz, haqq-ədalət
uğrunda mübarizə yolunda əvəzsiz vasitə rolunu
oynaması, onun, cəmiyyətdə nüfuzunun artmasına, dəyərinin
yüksəldilməsinə səbəb oldu və Azərbaycanda
mükəmməl mətbuat sisteminin yaranması prosesi
başladı. Doğrudur, bu çox çətin oldu.
Çətinliklərlə inkişaf yolu keçən Azərbaycan
milli hərəkatı ana dilli mətbuatın nəşri
uğrunda mübarizədən başlamış söz, mətbuat,
şəxsiyyət azadlığı, sosial demokratiya, milli ərazi
muxtariyyəti və nəhayət, müstəqil dövlətçilik
səviyyəsinə qədər yüksələn bir
inkişaf mərhələsi keçdi.
Tədqiqatçı alim Xəqani Məmmədov
"Azərbaycan milli hərəkatı (1875-1918-ci illər)”
adlı monoqrafiyasında yazır: "Azərbaycan milli hərəkatının
1875-1918-ci illəri əhatə edən dövrü
başlıca olaraq 3 mərhələni əhatə edir:
1.Milli hərəkatın oyanış
dövrü (1875-1905)
2.Milli hərəkatın yüksəliş
dövrü (1905-1914)
3.Milli hərəkatın təkamül
dövrü (1914-1918)
Sözsüz ki, bu mərhələlər
şərti səciyyə daşıyır və "Azərbaycan
milli hərəkatı ötən əsrin son rübündən
başlayan bir prosesdir. Amma bu da danılmaz faktdır ki, hər
üç dövrdə milli hərəkatın yüksəlişində
və istiqlal məfkurəsinin təbliğində mətbuat
çox böyük rol oynayıb. Və heç də təsadüfü
deyil ki, 1917-1920-ci illər Azərbaycan mətbuatında
"milli-azadlıq hərəkatı dövrü” kimi səciyyələndirilir.
Dövrü materiallarla tanış olarkən bəlli
olur ki, ictimai-siyasi hadisələrlə zəngin olan bu
dövrdə milli mətbuat yeni inkişaf mərhələsinə
qədəm qoyur və müxtəlif siyasi partiyaların, cəmiyyətlərin
mətbu orqanları açıq fəaliyyətə
başlayır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti jurnalistikasının inkişafı, dövlətçilik
ənənələrinin möhkəmlənməsi, ölkənin
ictimai, siyasi, mədəni, iqtisadi inkişafını təmin
etmək üçün mətbuatın fəaliyyəti ilə
bağlı bir çox demokratik islahatlar aparmış,
mühüm işlər görmüşdür.
Mətbuatla bağlı qanunvericilik aktları:
sərəncamlar, qərarlar, hüquqi aktlar
hazırlanmışdır. Məhz ilk dəfə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatı
Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli sərəncamı
ilə senzuradan azad oldu. Azərbaycan oxucusu azad sözün,
azad mətbuatın nəfəsini duydu. Cəmiyyətdə mətbuatın
yerini və rolunu gözəl dərk edən Cümhuriyyət
liderləri, Azərbaycan mətbuatının inkişafı
üçün hüquqi bazanın yaradılması istiqamətində
mühüm addımlar atdı. Bunların arasında
özünün siyasi-hüquqi və sosial mədəni əhəmiyyətinə
görə, xüsusi diqqət çəkən "Mətbuat
haqqında nizamnamə”dir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən
1919-cu ilin 30 oktyabrında qəbul olunan "Mətbuat
Haqqında Nizamnamə” milli demokratik mətbuatımıza dair
ilk rəsmi hüquqi sənəd olmaqla yanaşı, həm də
kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
ilk qanunverici akt oldu. Avropa ölkələrinin hüquqi
standartlarına uyğun olan bu Nizamnamə informasiya məkanının
yad təsirlərdən qorunmasına, ölkədə normal
KİV sisteminin yaradılmasına, onun formalaşmasına yol açdı.
Ölkədə mətbuatın azad və sərbəst
fəaliyyəti üçün şəraitin yaranması,
Azərbaycan mətbuatının keyfiyyətcə yeni
inkişaf mərhələsinə keçməsinə, cəmiyyətdə
fikir plüralizminin formalaşmasına və mətbuatın
böyük bir hissəsinin demokratik xarakter
daşımasına səbəb oldu.
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri M.Ə.Rəsulzadə yazırdı:
"Yüz illik əsarət dərsi ilə iki illik
hürriyyət qovğası bizi özümüzə
tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi
olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı,
çağdaş bir xalq olduğumuzu göstərən
istiqlal bayrağı vardır. Yazıqlar olsun ki,
...canımız və malımız qorxusundan bu istiqlal
bayrağımızı bir bezə dəyişdik”.
1918-ci il mayın 28-də Azərbaycanın
öz müstəqilliyini qazanmasında, milli oyanış,
milli özünüdərk proseslərinin aparıcı vasitələrindən
biri olan milli mətbuatın çox böyük rolu
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün
xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də
onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində
mətbuatın böyük xidmətləri vardır. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan
çıxış edən "Azərbaycan” qəzetinin
Ceyhun və Üzeyir Hacıbəylilər tərəfindən
nəşr edilməsi, ictimai-siyasi proseslərin milli mədəniyyətin
inkişafı ilə nə qədər bağlı
olduğunun ən bariz nümunəsidir. Əslində,
Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti
Həsən bəy Zərdabi ideyalarının,
"Əkinçi” prinsiplərinin həyata keçirilməsinin
yeni və mühüm mərhələsi idi. Çox təəssüf
ki, bu mərhələnin ömrü az oldu.
Müxalif ideya-siyasi istiqamətə malik olan bu
mətbuatın arasında daha çox oxucu auditoriyasına
malik olan, Azərbaycan Xalq Cümhuriyyətinin
ideyalarını təbliğ edən milli mətbuat olub.
Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün jurnalistikası 1918-1920-ci illər
üçün səciyyəvi olan bütün xüsusiyyətləri,
demək olar ki, özündə əks etdirib. Ona görə
də, haqqında qeyd olunan dövrün mətbuatının,
tarixinin əhatəli öyrənilməsi, ən kiçik
detallarına qədər təhlil olunması
üçün ilk növbədə bu dövrün
ayrı-ayrı jurnalistlərinin, mətbu orqanlarının fəaliyyəti
müstəqil şəkildə tədqiqata cəlb edilməli
və öyrənilməlidir.
Bu dövrün mətbuat aləmində
formalaşmış tanınmış insanların əksəriyyəti
həm də dövrün siyasi xadimləri idi: M.Ə.Rəsulzadə,
M.B.Məmmədzadə, Ə.M. Topçubaşov,
X.İbrahim, H.Ağayev, C.Hacıbəyli, Ü.Hacıbəyli,
F.Ağazadə və başqalarının müstəqillik,
dövlətçilik tariximizə dair onlarla publisistik, ədəbi-tənqidi
məqalələri, elmi-nəzəri fikirləri mühüm
əhəmiyyət kəsb edir. Onların bu əsərlərində
dövrün tarixinə milli mənafe baxımından
yanaşılmış və düzgün konsepsiya müəyyənləşmişdir.
Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni
fikir tarixində mühüm rol oynayan, görkəmli nümayəndələrindən
biri M.Ə.Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin
qələbə çalmasında
mətbuatın oynadığı rolu məqalələrində,
çıxışlarında dönə-dönə qeyd
edirdi. 1903-cü ildən Azərbaycan Xalq Cümhuriyyətinin
süqutuna qədər olan dövrdə, ədib, daha çox
ədəbi-tənqidi və siyasi-publisistik məqalələrə
üstünlük verib. Belə məqalələrin əksəriyyəti
ölkəmizdə milli mətbuatın fəaliyyətinə,
azad və müstəqil mətbuatın nəyə qadir
olmasına və s. məsələlərə həsr edilib.
"Mətbuat azadlığı insan
azadlığının əsas sütunudur” söyləyən
ədib, xalqın azadlığı üçün mətbuatın
azadlığını ən böyük qüvvə hesab
edirdi. Ədəbiyyatın, mətbuatın
inkişafını "milli qüvvə” adlandıran
M.Ə.Rəsulzadə "Azərbaycan istiqlal məfkurəsinin
yayılması və təbliğində Cümhuriyyət
dövründə çap olunan milli mətbuatın fəaliyyətini
xüsusi qiymətləndirirdi.
Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixi ilə milli mətbuatının tarixini bir-birinə sıx bağlayan tellər var. Çünki Azərbaycan mətbuatı öz inkişafında mədəni maarifçilikdən milli-mədəni dirçəlişə, milli oyanışdan milli azadlıq hərəkatına doğru zəngin bir yol keçmişdir. Bu mənada Azərbaycan demokratik dövlətinin qurulmasında mətbuatın xidmətləri böyükdür və bu dövr mətbuatının tarixini düzgün, ətraflı, sistemli şəkildə öyrənmək, aparılan tədqiqatları araşdırmaq, dəqiqləşdirmək çox vacibdir. Məhz bu yolla Azərbaycan xalqının ictimai, siyasi, mədəni inkişafının hansı mərhələlərdən keçdiyini və bu hadisələrdə mətbuatın rolunu aydınlaşdırmaqla, bu gün müstəqil dövlətimizin qorunmasına, yaşamasına dəstək olmaq, dünənin müsbət təcrübəsindən bəhrələnmək çox vacib amillərdəndir.
Professor Şirməmməd Hüseynov qeyd edir:
"Bu bir həqiqətdir ki, müstəqil Azərbaycan
Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan
da yaranmazdı”. "Mətbuat və jurnalistika tariximizin
qızıl dövrü” adlandırılan bu dövr,
xalqın ictimai, siyasi, mədəni, iqtisadi, ədəbi,
azadlığı tarixində çox mühüm işlər
görən, milli arzuların, istəklərin ifadəçisi
olan nüfuzlu ziyalıları öz ətrafında sıx
birləşdirə bilmiş və nəticədə
Cümhuriyyətə gedən yolda qələbə əldə
edilmişdir. Bu qələbəni daima yaşatmaq naminə bu
gün də ziyalılarımız müstəqil və azad
dövlətimizə hər sahədə dəstək
olmalıdırlar.
Qərənfil
Dünyamin qızı
Əməkdar
jurnalist
Kaspi 2018.- 18 oktyabr.- S.15.