Üslubundan tanınan şair

70 yaşını tamamlayan Qəşəm İsabəylinin  uşaqlar üçün qələmə aldığı "Balaca, bapbalaca” ilk şeirlər kitabı 1982-ci ildə çap edilib. Kitabda toplanan şeirlər kiçik yaşlı oxucuların diqqətini cəlb etmişdir. Lakonik və dərin poetik məna kəsb edən, kitaba müsbət münasibət görkəmli şair Məmməd İsmayıldan gəlmişdir. Kiçik həcmli bu kitab Qəşəm İsabəylinin balaca uşaqlara ilk töhfəsi idi. Məmməd İsmayıl bu kitaba daxil edilmiş "Torağaylar” şeirini təhlil edərək yazır: "Mən Qəşəm İsabəylinin "Torağaylar” şeirində və başqa yazılarında uşaqların göyqurşağı – xəyal dünyasına bir daxili maraq hiss eləmişdim. İndi "Torağaylar”ı Qəşəmin uşaqlar üçün yazdığı ilk kitabın oxuyanda sevindim, necə deyərlər, o intuisiyamın düz çıxmasına inandım. Kitab "Balaca, bapbalaca” adlanır. Adı da, özü də "balaca” olan bu kitabda uşaqların "barmağını yalaya-yalaya” oxuyacağı çox şeirlərlə rastlaşdım. Məncə, poeziyada adilikdə qeyri-adilik axtarışı, gözlənilməzlikdə sehr də vacibdir. Sehrsiz poeziya adi fakt və informasiya yığınından başqa bir şey olmayacaq. Qəşəmin yaradıcılığında bax, belə bir sehr var. Oxucu bu sehrin təsiri altına düşüb, müəllifin "yalan” və "uydurmalarına” da, mübaliğə və həqiqətlərinə də eyni dərəcədə inanır”.

Şairin uşaq şeir yaradıcılığı Respublikamız müstəqillik illərinə qədəm qoyandan sonra daha bitkin şəkildə görünməyə başlamış və artıq bir çox tanınmış qələm sahiblərinin də marağına səbəb olmuşdur. Onun uşaqlar üçün yazdığı "Nənəm təkdi” adlı şeirlər kitabı mövzu-ideya istiqamətli yönümlü olmaqla yanaşı fərdi orijinal üslubu və bədii söz hörgüsü ilə seçilir, şeirlərində, obrazlı fikirlərində milli koloritlilik daha qabarıq şəkildə görünür. "Nənəm təkdi” kitabındakı uşaq şeirlərini təhlil edən yazıçı-publisist Əjdər Ol yazır: "Qəşəm İsabəylinin bu kitabını oxuyanda çox qəribsədim. Şirvanın ağacı – yulğun kolları, quşotu, yovşan olan şoran düzləri üçün burnumun ucu göynədi. Yayda, istinin cırhacırında "su” deyib, ilğımına qaçdığımız boz düzlər gözümün önünə gəldi. Günəşdən yanıb qaralmış, şaxtadan əlləri çat-çat olmuş, qarışqa kimi qaynaşan, işi-gücü başından aşan tanış üzləri andım”.

Qəşəm İsabəylinin mövzu-ideya istiqamətli zəngin şeir yaradıcılığındakı bədii təxəyyüldə bu prinsiplərlə bağlılıq hallarına kifayət qədər rast gəlmək olur. Canlı təbiətə olan heyranlıq, təbiət hadisələrinin inandırıcı təsvirinə aparan obrazlılıq, milli poetik koloritli meyllər, uşaqların kövrək düşüncə tərzini poetik fiqurlar cərgəsi ilə düzür. Bu kimi predmetlərə bədii təxəyyül tərzi ilə yanaşmalar onun şeir yaradıcılığının mövzu-ideya istiqaməti müstəvisində üstün cəhətlərini bir daha aydın göstərir. Üzdə görünən bu səpgili xarakterik xüsusiyyətləri bütövlükdə götürsək, onun uşaq şeirlərinə xas olan bitkin məziyyətlərdən biri kimi dəyərləndirmək olar.

Şair öz ideyalarını, bədiiliyə xidmət edən estetik fikirlərini, müasir həyata sərrast baxışlarını kiçik yaşlı oxuculara çatdırmaqla uşaq şeirlərindəki metaforik ifadələrə, söz və fikir yığcamlığına xüsusi yer verir və uşaqların yaş mərhələsindən asılı olmayaraq bundan yorulmur, əksinə, misraların məna dəyərini daha dərindən dərk etdirməyə çalışır və kövrək yaddaşlara tez hopdura bilir.

Q.İsabəylinin əsasən yuxarı sinif şagirdləri üçün qələmə aldığı "Ay külək” şeiri mövzu, üslub yeniliyinə və bədii poetik məziyyətlərinə görə bir sıra tanınmış yazıçıların və uşaq ədəbiyyatı tədqiqatçılarının diqqətini cəlb etmişdir. Bir sıra elmi monoqrafiyalarında öz təhlilini tapmışdır. Lakin yığcam və mənalı şeirinin mahiyyətinə az əhəmiyyət vermişdir. Dialoq şəklində qurulan, hər misrada küləyin xarakterik xüsusiyyətləri açılır. Həmin şeirə müraciət edək:

– Ay külək, nə əsirsən?!

    – Əsməsəm, olmaram mən.

– Olmağının xeyri var?!

    – Xeyri var ki, varam mən.

    – Qışda nə xeyrin var, hə?!

   – Qışda yağış-qaram mən.

                                          – Yazda bəs?!

               – Ağacları oyadan nübaram mən.

    – Yayda nəsən, ay dəli?!

          – Yaydamı... baharam mən?!

                                            – Payızda bəs?!

                                                       – Payızda

                    Aşıb-daşan varam mən;

                Bağça dolu xəzələm,

                     Budaq dolu baram mən.

Göründüyü kimi, Q.İsabəylinin bu şeiri uşaqla təbiət hadisəsi olan dəlisov küləyin arasında gedən təbii dialoq üzərində qurulmuşdur və şairin öz qarşısına qoyduğu əsas məqsəd isə təsvir etdiyi təbiət hadisəsinin – küləyin xarakterik xüsusiyyətlərini milli uşaq ədəbiyyatı nümunəsinin şirin anlam dili və harmonik vüsəti ilə diqqətə çatdırmaq istəyidir və istedadlı şair onu da nəzərə almışdır ki, dialoq şəklində bu üsulla yazılan poetik misralar uşaqların kövrək yaddaşlarına daha tez həkk olunur.

Q.İsabəyli təbiət hadisələrinin artıq müasir coğrafiya elminə məlum olan sirli məqamlarını dərindən bildiyinə və elmə məlum olan təbii hadisələrin düzgün poetik şərhini verdiyinə görə onları inandırıcı tərzdə, poetik obrazlı ifadələrlə öz oxucularına təqdim etmişdir.

Q.İsabəylinin yeni mövzu-ideya istiqamətli bədii sənətkarlıq xüsusiyyətləri, qələmə aldığı uşaq şeirlərinin maraqlı məzmunu kiçik yaşlı oxucuları dərindən düşündürür, bilgi dairəsini genişləndirir və təsvir olunan müxtəlif predmetlərin xassələrini öyrətməyə istiqamətləndirir. Onun dialoq şəklində yazılmış "Çinar” şeirində uzun ömürlü bu məğrur ağacın yaşam yolu sadalanır və sonda bu canlı varlığın babanın əlləri ilə yaşadığını və yaşının bir əsrə çatdığı nəticəsinə gəlinir:

– Neçə yaşın var, çinar?

  – Köklərimdən soruş, gəl.

                                         – Ay çinarın kökləri,

                                         – Siz bilərsiniz məgər?

                                         – Biz nə deyək, yaxşısı

                                            Tap beli, beldən soruş!

    Ay bel, sən nə deyirsən?

                                           Tap əli, əldən soruş.

                                            Tapdım əli... buy, bu ki,

                                            Babamın əlləriymiş;

                                            Çinarın başı üstə

                                            Bir əsrin illəriymiş.

 

Şairin bütün şeir yaradıcılığında uşaqları öz arxasınca aparan bəzən ciddi və bəzən də məzəli görünən motivlərə rast gəlmək mümkündür. Məsələn, Vətən və vətənpərvərlik mövzusu onun poetik misralarında nə qədər obrazlı səslənirsə də, uşaqların çöhrəsinə təbəssüm bəxş edən "Yalan”, "Küçüklər”, "Qarınqulu” və sair məzəli şeirləri orijinallığı ilə kiçik yaşlı oxucuların diqqətini cəlb edir.

Q.İsabəylinin təsvir etdiyi qəhrəmanları müxtəlif xarakterlidir, bir-birindən fərqli görünürlər. Məsələn, "Döyüşçü” şeirində özünü yersiz olaraq öyən, "zərbəsinə dözməz buğa” kimi ağlasığmaz pafoslu ifadələr işlədən: "O günü bir yumruğa, Həsəni sərdim yerə” deyən, lakin Həsəni görəndə gizlənməyə yer axtaran "qəhrəmanını”n xarakterik xüsusiyyətlərini aça bilmişdir. Şair qəhrəmanının bəlağətli söhbətini poetik dillə, axıcı misralarla davam etdirmişdir.

Q.İsabəylinin poetik uşaq şeir yaradıcılığına görkəmli bəstəkar O.Rəcəbov bir neçə mahnı bəstələmiş, "Çörək haqqında nəğmələr” kitabında nota salınaraq çap edilmişdir. "Sarıbuğda”, "Çörək”, "Anam çörək yapanda”, "Əriştə”, "Anam, nənəm, bir də mən”, "Ay nənəli”, "Nənə, mübarək olsun”, "Atlı Anar” və sair mahnılar efirlərdə səsləndirilmişdir.

Q.İsabəylinin şəxsiyyəti onun yaradıcılığından ayrılmazdır. O, üslubundan tanınan şairlərdəndir.

Şəfa Əhmədova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı                                                                         

 Kaspi  2018.- 20-22 oktyabr.- S.23.